Məhkəmə qərarları › İş №2-1(118)-2366/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2366/2023

09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2366/2023 09.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim komissiyasına qarşı xx.xx.2023-cü il tarixli, 1186 “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh küçəsi, 70 ünvanda yerləşən məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 1186 “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi vəzifəsinin Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2010cu il tarixədək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində kursant kimi təhsil almışdır. 2010-cu ildən 2023-cü ilə kimi 922, 006, 180, N və N saylı hərbi hissələrdə zabit kimi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi müddətdə ildə 2 dəfə dispanser müayinələrindən keçmiş və hərbi xidmətə yararlı sayılmışdır. 2022-ci ilin oktyabr ayında cərrahi əməliyyatdan öncəki müayinə zamanı iddiaçıda “insanın immun çatışmazlığı virusu” aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixdə İİV-222-703 kodu ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində daimi qeydiyyata götürülmüşdür. 11 fevral 2023-cü il tarixdə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirimiş və iddiaçıya “insanın immun çatışmazlığı virusu ilə yoluxma” diaqnozu qoyularaq “sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və həmin xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi "ümumi xəstəlikdir” kimi göstərilmişdir. Komissiyanın bu qərarını ədalətsiz sayır. Belə ki, iddiaçıda aşkar olunan xəstəliyin (insanın immun çatışmazlığı virusu) səbəb əlaqəsi dəyişdirilərək “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməlidir. Belə ki, Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamədə yazılıb: Maddə 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun onun hərbi xidmətə (hərbi toplanışa) çağrılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; İddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli, 1186 “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçı 2006-ci ildə hərbi xidmətə çağrılmış, xəstəlik isə iddiaçıda 2022-ci ilin oktyabr ayında, yəni xidmət etdiyi dövrdə aşkar edilmişdir. 2006-ci ildə iddiaçı hərbi xidmətə daxil olarkən hərbi həkim komissiyasında hərtərəfli müayinədən keçmiş və adı çəkilən xəstəliyin əlamətləri onda aşkar olunmamışdır. Həmçinin qeyd edildiyi kimi bu vaxta qədər hər il iki dəfə dispanser müayinələrindən keçmiş və iddiaçıda bu xəstəliyin əlamətləri aşkar edilməmişdir. Deməli, bu xəstəlik iddiaçıda hərbi xidmət dövrü qazanılmışdır. xx.xx.2023-cü il tarixli, 1186 “Xəstəlik haqqında şəhadətnamə"də göstərilən insanın immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə iddiaçı 2023-cü ilin 23 fevral tarixində cavabdehə ərizə ilə müraciət etsə də, müraciətinə xx.xx.2023-cü il tarixli 384 nömrəli məktubla imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilən dəlillərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, xəstəlik ilk dəfə İddiaçı 2022-ci ilin oktyabr ayında cərrahi əməliyyatdan öncəki müayinə zamanı aşkar edilmişdir. xx.xx.2022-ci il tarixdə İİV-22-703 kodu ilə Respublika QİÇS-lə Mübarizə Mərkəzində daimi qeydiyyata götürülmüşdür. N saylı hərbi hissənin komandirinin 29,01.2023-cü il tarixli 180 nömrəli göndərişi ilə hərbi xidmətə yararlıhğmm təyini üçün hərbi həkim komissiyasına göndərilmişdir. xx.xx.2022-xx.xx.2023-cü il tarixədək MN MHP-nın hərbi-həkim komissiyasının müayinəsində olmuşdur. MN BKH-da hematoloq, baş inleksionist və onkoloq tərəfindən konsultasiya olunmuşdur, xx.xx.2013-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş “İnsanın immun çatışmazlığı virusu ilə yoluxma. İrsi hemoqlobinopatiya, Heteroziqot beta talassemiya geninin daşıyıcısı” diaqnozu ilə olan xəstəliyin “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” “Xəstəliklər cədvəli”nin 5 “b” maddəsinin 111 qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” sayılmış və yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2. bəndinin e) yarımbəndinə əsasən "ümumi xəstəlikdir” kimi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qoran ilo təsdiq edilmiş “Hərbi-həkim eskpertizası haqqında Əsasnamənin” 1.8. bəndinə əsasən, “şəbadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin lizərinə düşür. Hər bir həkim-mütəxəssis hərbihəkim ekspertizası ilə əlaqədar verdiyi rəyin əsaslılığına və obyektivliyinə görə məsuliyyət daşıyır”. İddiaçı aid tibbi sənədlər MN MHHK-nın həkim mütəxəssisi-terapevti tərəfindən araşdırılmış və İddiaçı yoluxmanın olduğu təsdiq edilmişdir, yoluxmanın hərbi xidmətlə səbəb əlaqəsinin düzgün təyin edildiyi müəyyən edilmiş, İddiaçı yoluxma olduğu nəzərə alınmış və xx.xx.2013-cü ildə MN Mərkəzi Hərbi Poliklinikanın hərbi-həkim komissiyasının tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan: - 1186 nömrəli xx.xx.2023-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı Müşfiq oğluna “insan immun çatışmazlığı virusu ilə yoluxma, hər iki gözün miopiyası, M75D nəticəsində itiliyinin 0,6-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, öd kisəsinin kiçik ölçülü polipi, çoxsaylı kariyes” diaqnozu qoyulmuş, “insan immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəbli əlaqəsi kimi “ümumi xəstəlikdir», digər diaqnozların səbəbli əlaqəsi kimi isə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir; həkim mütəxəssisin qərarına əsasən o, “sülh dövründə hərbi xidmətə yarasız, müharibə dövründə məhdud yararlı” hesab edilmişdir. - -İddiaçı məxsus şəxsi vəsiqədən görünür ki, o, xx.xx.2022-ci il tarixli əmrlə hərbi hissədə batareya komandiri təyin edilmişdir. - Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki,mərkəzə İİV-ə müayinə üçün daxil olmuş İddiaçı Müşfiq oğlunun qan nümunəsi İFA və İmmunoblot üsulları ilə müayinə olunmuş və nəticəsi müsbət (pozitiv) olmuşdur. - ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə görə hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, 6 Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Həmin bənddə nəzərdə tutulmuşdur ki, «Ümumi xəstəlikdir» qərarı aşağıdakı hallarda çıxarılır: -əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; -əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; -əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Yuxarıda qeyd olunan Əsasnamənin 7.2-ci bəndində həmçinin nəzərdə tutulmuşdur ki, «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır» qərarına aşağıdakılar aiddir: -əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; -əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; -əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; -əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. Göstərilən normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Məhkəmə araşdırması zamanı iddiaçının göstərilən xəstəliyə hərbi xidmətdən əvvəl yoluxmasına dair hər hansı sübut təqdim edilməmişdir. Onun bu xəstəliklə aktiv döyüş əməliyyatlarına göndərilməsi ağlabatan deyildir. Məhkəmə hesab edir ki, İddiaçı “insan immun çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinə hərbi xidmət dövründə yoluxması aşkardır. Cavabdehin həmin xəstəliyi “ümumi xəstəlikdir” kimi qiymətləndirilməsi əsassız hesab edilərək xəstəliyin səbəb əlaqəsi dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 1186 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immum çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində xx.xx.2023-cü il tarixli 1186 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də “insanın immum çatışmazlığı virusu ilə yoluxma” xəstəliyinin səbəb əlaqəsinin dəyişdirilərək “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikaı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə (Sumqayıt Məhkəmə Kompleksi) verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar