Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-237/2021 18.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan), Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, Bakı şəhəri, H.Cavid prospekti 522 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 3 ilə görə ödənilməli olan müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DSMF-nin Abşeron rayon şöbəsinə qarşı iddiaçıya müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 3 ilə görə ödənilməli olan müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra cavabdeh prosessual hüquq varisi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı ilə əvəz edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-1987-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmər keçmişdir. 1992-1993-cü illərdə Azərbaycanın bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Onun müharibə veteranı adı və vəsiqəsini almaq hüququ həmin vaxtdan yaransa da, təqdim etdiyi 032415 saylı vəsiqədən də göründüyü kimi faktiki olaraq həmin hüququ xx.xx.2018-ci il tarixdə əldə etmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən müharibə veteranlarına Azərbaycan Respublikasının Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən olunmuşdur. İddiaçı hərbi əməliyyatlarda 1992-1993-cü illərdə N saylı hərbi hissənin komandanlığı altında gedən döyüşlərdə iştirak edib ərazini, döyüş yüksəkliklərini (Buzluq, Gülüstan, Maqadiz və Ağdərə) düşmənlərdən alınmasında iştirak etmişdir. Komandir rota baş leytenant Koroğlu Rəhimov olmuşdur. Qanunvericilikilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ 2005-ci ildən yaranmışdır. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərarın çıxrılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 2018-ci il oktyabr ayının 27-də veteran vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin müvafiq şöbəsi vətəndaşa veteran statusunu aldığı vaxtdan, yəni 2018-ci ilin oktyabrın 27-dən etibarən ona sosial müavinət təyin etmiş, əvvəlki illər üzrə müavinət ödəməkdən isə imtina etmişdir. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Qanunvericilik müharibə veteranları üçün aylıq müavinətlərin ödənilməsini buna görə nə vaxt müraciət edilməsindən asılı olmayaraq birmənalı şəkildə Qanunun qüvvəyə mindiyi gündən sonra həmin müavinəti almaq hüququnun yarandığı günlə şərtləndirmişdir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. İş materiallarında olan : - DSMF-nin Abşeron rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********1 saylı imtina məktubundan görünür ki,veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranlarına şamil edilən sosial müavinətin hesablanaraq ödənilməsi qanunvericiliyin tələblərinə zidd olduğuna görə cavabdeheh tərəfindən imtina verilir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli N 032413 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsilik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. xx xxxxxx 2006-cı il tarixdən qüvvəyə minmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı müharibə veteranı adı 1992-1993-cü illərdə döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi 2018-ci ilin oktyabr ayında rəsmiləşdirilmişdir və bu hal iddiaçının deyil, müvafiq dövlət qurumlarının səhvi üzündən baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya müraciət etməzdən əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddələrinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçıya müharibə beteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 3 ilə görə ödənilməli olan müavinətin ödənilməsi cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialına üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2018-ci il tarixdən əvvəlki 3 ilə görə ödənilməli olan müavinətin ödənilməsi öhdəliyi cavabdeh DSMF-nin 1 saylı Regional Ərazi filialına üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-237/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-237/2021
18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver