Məhkəmə qərarları › İş №2-1(118)-238/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-238/2025

19.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-238/2025 19.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (əlilliyin təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ona xəstəliyinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xəstəliyinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X5 könüllü olaraq iştirak etmiş, 16 oktyabr 2020-ci il tarixdə Ağdərə rayonu istiqamətində gedən döyüşlər zamanı partlayış travması almışdır. Xəstəliyi ilə əlaqədar 23 oktyabr 2020-ci il tarixdə Silahlı Qüvvələrin Baş X10 bölməsinə stasionar müalicəyə qəbul olunmuş və ona 11 dekabr 2020-ci il tarixdə “Boyunun sol yarısının kor qəlpə yaralanması və sol budun yuxarı 1/3-nin yumşaq toxumalarının kor qəlpə yaralanması” diaqnozu qoyulmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisinin 23 fevral 2022-ci il tarixli, 190 nömrəli göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbihəkim komissiyası tərəfindən verilmiş 02 mart 2022-ci il tarixli, 2774 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”də qoyulan diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Boyun və sol bud nahiyyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Sol çənəaltı nahiyyənin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə)” kimi qeyd edilmiş, həmçinin göstərilmişdir ki, “...xx.xx.2022-ci il tarixdə Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunub, “Posttravmatik stress pozuntusu F43.1" diaqnozu təyin olunmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi tərəfindən hərbi həkim komissiyasına göndərilmişdir.” 07 sentyabr 2022-ci il tarixdə Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş və “Postkommosion sindrom F07.2; Posttravmatik stress pozuntusu F43.1” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında F43.1 diaqnozu posttravmatik stress pozuntusu olmaqla stresslə əlaqədar və somatoform pozuntulara aid edilmişdir. Qeyd olunan halları nəzərə alaraq, iddiaçı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbindən əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə-tibbi ekspertizası təyin edilmiş və tərtib edilmiş xx.xx.2023-cü il tarixli T 637/2023 saylı ekspert rəyi təqdim edilmişdir. Vətəndaşın sağlamlıq vəziyyətinin təyininə dair məhkəmə-tibbi ekspertizasının ekspert rəyində İddiaçı “uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” xəstələyindən əziyyət çəkdiyi diaqnozu təyin edilmiş və xəstəliyinin reabilitasiya olunan xəstəlik olmadığı, kəskinləşdikcə əlavə müalicənin tələb olunacağını bildirilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 12 mart 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1” XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu depressiv daxil olmalarla sol üçlü sinirin mandibulyaris şaxəsinin posttravmatik neyropatiyasının semsor pozulmalarla olan qalıq əlamətləri sol budun bayır dəri sinirinin posttravmatik neyroatiyasının hissi pozulmalarla şəklində olan qalıq əlamətləri Sol bud nahiyəsinin və boynun sol yarısının yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili–cərrahi işlənməsindən sonrakı vəziyyət sol bud sümüyünün sümükdaxili yad cismi \metal qəlpə\ Sol yanaq nahiyəsinin sol çənəaltı nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı vəziyyət yumşaq toxumaların yad cisimləri metal qəlpə\ çeynəmə funksiyasının pozulması ilə əsaslarla baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Bakı şəhər 2 nömrəli X3 xx.xx.2023-cü il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və diaqnozun mətni: uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla; mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə İddiaçı əyani müayinədə olmuş və xx.xx.1993-cü il təvəllüdlü X6 əlillik vəziyyəti tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 05 aprel 2023-cü il tarixli, 3-17-4/3-3-2042/2023 nömrəli qərar qəbul edilmişdir. Daha sonra İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 2774 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Boyun və sol bud nahiyəsinin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə). Sol çənəaltı nahiyənin kor qəlpə yaralanmasından (xx.xx.2020) sonrakı bərkimiş dəri çapığı, yumşaq toxumaların yad cismi (metal qəlpə), "diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Vertebrogen lumbalgiva remissiva mərhələsində. Sol gözün qarışıq astiomatizmi Hm 0,50D və M 0,50D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiva ilə 1.0 olmaqla, sağ gözün görmə itiliyi 1.0 olmaqla.’’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixli 1254 nömrəli tibbi rəyində diaqnozu “Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4218/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnozu "Posttravmatik stress pozuntusu" kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 4465/22 nömrəli xəstəlik tarixindən çıxarışda diaqnozu "Uzun sürən mülayim dərəcəli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla" kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixli 8608 nömrəli Tibbi rəyində diaqnozu "Postkommosion sindrom. Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 PHŞ xx.xx.2022xx.xx.2022-ci il tarixli 6622/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnozu “Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası PHŞ xx.xx.2022- xx.xx.2022-ci il tarixli 8788/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnozu "Uzun sürən posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla.” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı İddiaçı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, yuxunun və yaddaş pozulmasından şikayətlənmişdir. Ünsiyyət əsnasında suallara sakit, adekvat cavab vermiş, hadisələri təfsilatı ilə danışmış, emosional labillik və astenik-qıcıqlı əlamətlər qeyd olunmuşdur. Bələdliyi bütün növlər üzrə saxlanılmış, maraq dairəsi təhsilinə və şəxsiyyətinə bağlı olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, distimiya əlamətləri” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bu qeyd olunanlar nəzərə alınaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İşdə olan Məhkəmə Psixiatrik Ekspertizası Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən xx.xx.2025-ci il tarixli qiymətləndirmənin nəticəsi olaraq iddiaçıda “İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma (kontuziya) və qəlpə yaralarından sonra yaranmış uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodlar F07.2 və F43.1 müəyyən edildiyi qeyd edilmişdir.  İş materiallarına iddiaçıya aid Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ, MEDLAB, BONADEA Hospital, Medistyle Hospital tərəfindən verilmiş xəstəlik kağızları, epikrizlər, tibbi rəy, laborator müayinələr əlavə edilmişdir. Cavabdehin 22 sentyabr 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2023cü il tarixində vətəndaşın iştirakı ilə məhkəmə qərardadı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində iddiaçının sağlamlıq vəziyyətinə müvafiq tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1” XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35- Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər... Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu depressiv daxil olmalarla Sol üçlü sinirin mandibulyaris şaxəsinin posttravmatik neyropatiyasının semsor pozulmalarla olan qalıq əlamətləri sol budun bayır dəri sinirinin posttravmatik neyroatiyasının hissi pozulmalarla şəklində olan qalıq əlamətləri Sol bud nahiyəsinin və boynun sol yarısının yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili–cərrahi işlənməsindən sonrakı vəziyyət sol bud sümüyünün sümükdaxili yad cismi \metal qəlpə\ Sol yanaq nahiyəsinin sol çənəaltı nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı vəziyyət yumşaq toxumaların yad cisimləri metal qəlpə\ çeynəmə funksiyasının pozulması ilə əsaslarla baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina edilmişdir. Ekspertiza komissiyası məhkəmə qərardadında göstərilən sualları İddiaçı hazırda “uzunsürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” xəstəliyindən əziyyət çəkdiyi, onun düçar olduğu xəstəliyin müalicə ilə reabilitasiya olunan xəstəlik olmadığı və xəstəliyin kəskinləşməsi halında şəxsin əlavə müalicəyə cəlb edilə biləcəyi qeyd edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırılmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İşdən göründüyü kimi cavabdeh tərəfindən elektron sistem vasitəsilə verilmiş məlumatda əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Şamaxı rayonu olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3.1. Şəxsinorqanizminin funksiyalarının pozulması faizi, səbəbivə müddəti müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir.Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir.Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum)təsdiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası 2.1-ci bənd: Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2-ci bənd: Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3-cü bənd: Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4-cü bənd: TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1.2-ci bənd: Göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda əlilliyin səbəbi Agentlik tərəfindən dəyişdirilir. 3.4-cü bənd: Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.3-cü bənd: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 2.1-ci bənd: Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd: Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd: Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarları Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti: 7.6. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular 7.6.2 baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular-F06 üzvi mənşəli şəxsiyyət pozuntusu-F07.0 postensefalit sindromu-F07.1 postkontuzion sindrom-F07.2 Qiymətləndirmə: 7.6.2.1. əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-ci maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 33.1-ci maddə: Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddə: Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddə: Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

6. Məhkəmənin mövqeyi

İş materiallarından göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon Şöbə rəisinin xx.xx.2022-ci il tarixli 190 nömrəli göndərişi əsasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və barəsində xx.xx.2022-ci il tarixdə “Psixi Sağlamlıq Mərkəzi” tərəfindən müayinə olunaraq “posttravmatik stress pozuntusu” (F43.1) diaqnozu müəyyən edilmiş, xx.xx.2022-ci il tarixdə keçirilən müayinə nəticəsində isə “postkomission sindrom” (F07.2) və “posttravmatik stress pozuntusu” (F43.1) diaqnozları qoyulmuşdur. İddiaçı barəsində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Respublika Neyrocərrahiyyə Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “Ambulator kitabça”dan çıxarışa əsasən İddiaçı aldığı xəsarətin “keçirilmiş döyüş tapşırıqlarından sonrakı qalıq əlamətlər”, boyun nahiyəsinin yumşaq toxumalarının çoxsaylı metal qəlpələri, alın-mərkəz bölgədə kəskin dalğalı paroksizmlər diaqnozlu xəstəlik olduğu qeyd edilmişdir. Məhkəmə icraatı gedişində iddiaçının sağlamlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə məhkəmənin qəbul etdiyi qərardad əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X8” X9 ekspertləri tərəfindən keçirilmiş ekspertiza nəticəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli T637/2023 nömrəli rəy ilə İddiaçı “uzun sürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” xəstələyindən əziyyət çəkdiyi diaqnozu təyin edilmiş və xəstəliyinin reabilitasiya olunan xəstəlik olmadığı, kəskinləşdikcə əlavə müalicənin tələb olunacağını bildirilmişdir. Məhkəmənin qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad əsasında İddiaçı barəsində cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” PHŞ-nin nümayəndələrinin iştirakı ilə təkrar məhkəmə tibbi-ekspertizası keçirilməsi qərara alınmış və keçirilmiş ekspertiza nəticəsində xx.xx.2024-cü il tarixli T65/2024 saylı ekspert rəyi tərtib edilmişdir. Ekspert rəyində qeyd olunmuşdur ki, “uzunsürən posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” diaqnozu İddiaçı ilə keçirilmiş əyani müayinə zamanı müəyyən edilməmiş, beləliklə xx.xx.2023-cü il tarixli, T637/2023 nömrəli ekspert rəyi ilə qeyd edilmiş halların öz təsdiqini tapmadığı bildirilmişdir. Məhkəmə icraatı gedişində yaranmış zərurətlə əlaqədar olaraq, xx.xx.2024-cü il İddiaçı barəsində əlavə məhkəmə-tibbi ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertizası və X8” X9 xx.xx.2024-cü il tarixli, T387/2024 nömrəli ekspert rəyi ilə İddiaçı psixi vəziyyətinin “mülayim dərəcədə ifadə olunan nevrasteniya, distimiya əlamətləri ilə” kimi müəyyən edilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlərin və davranış pozuntularının mövcud olmadığı qeyd edilmişdir. Əlavə olaraq, məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı barəsində qəbul edilmiş qərardad əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin ekspertləri tərəfindən məhkəmə-psixiatrik ekspertizası həyata keçirilmişdir. Keçirilmiş ekspertiza nəticəsində xx.xx.2025-ci il tarixdə 140 saylı ekspert rəyi tərtib edilmiş və rəyin yekun hissəsində “İddiaçı hal-hazırda “İİ Qarabağ müharibəsi zamanı aldığı barotravma (kontuziya) və qəlpə yaralarından sonra yaranmış uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozu müəyyən edilmiş və qeyd edilən diaqnozun “Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı”nın 10-cı baxışında F07.2 və F43.1 kodlarına uyğun gəldiyi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsə əlillik təyin edilməsi şəxsin sağlamlıq vəziyyətində mövcud olan faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun gəlinmiş nəticəyə dair aktın qəbul edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edilmiş məhkəmə-psixiatrik ekspertizasının keçirilməsi və nəticəsi İddiaçı barəsində onun sağlamlıq vəziyyətinə uyğun əlilliyin təyin edilməsi üçün sözügedən aktın hüquqi əsasını təşkil edir. Göründüyü üzrə əlilliyin təyin olunması iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin mövcudluğu onun barəsində tərtib edilmiş müvafiq tibbi sənədlər (əyani müayinənin nəticələri, müalicə və s. aid), habelə məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi, həkim-psixiatr rəyləri əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Yəni, qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəf iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçıda mövcud xəstəliklərin qanunvericilikdə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi üçün ona əlillik statusunun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı “xəstəliyinə uyğun olaraq əlillik dərəcəsinin təyin edilməsi” öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetdə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar