Məhkəmə qərarları › İş №2-1(118)-2380/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2380/2023

03.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2380/2023 03.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 mart 2021-ci il tarixli **********665700 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 mart 2021-ci il tarixli, **********665700 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsini üzrlü hesab edərək həmin müdətin bərpa olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində 22983,75 (iyirmi iki min doqquz yüz səksən üç manat, yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti üzrə valyuta mübadiləsi həyata keçirilmişdir. Bu günə qədər heç vaxt sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış, fərdi sahibkar kimi qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçməmişdir. Valyuta mübadiləsi əməliyyatı aparılmış pul vəsaitinin mənbəyi ailəsinə məxsus olan ehtiyat pul vəsaitindən ibarət olmuş, həmin məbləğ də 2005-2007-ci illərdən etibarən yığılmışdır. Nəticə etibarilə o, sahibkarlıq fəaliyyətindən irəli gəlməyən məqsədlərlə valyuta mübadiləsi həyata keçirmişdir. Ölkədən çıxışına həbs qoyulduqdan sonra ona bəlli olmuşdur ki, vergi orqanında məcburi olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçirilməklə, ona ********** saylı VÖEN verilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 04 mart 2021-ci il tarixli, **********665700 nömrəli qərardan görünür ki, ona 3217,73 manat məbləğində vergi borcu hesablanmışdır. Həmçinin xx.xx.2021-ci il tarixli vergi borcunun ödənilməsinə dair **********1 saylı bildirişdən görünür ki, dövlət büdcəsinə vergilər üzrə 3217,73 (üç min iki yüz on yeddi, manat iyirmi üç qəpik) manat, faizlər üzrə 974,97 (doqquz yüz yetmiş dörd manat, doxsan yeddi qəpik) manat olmaqla ümumilikdə 4192,70 (dörd min yüz doxsan iki manat, yetmiş qəpik) manat məbləğində borcu vardır.İddiaçı fiziki şəxs qismində yuxanda qeyd olunan məbləğdə valyuta alışı həyata keçirmişdir. Bu səbəbdən də, cavabdeh inzibati orqan tərəfindən ondan gəlir vergisinin tutulması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayənfdəsi iddianı qəbul etməyərək izah etdi ki, baş idarədə vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlamasına əsasən 3.217,73 manat vergi məbləği hesablanmışdır.Belə ki, vergi ödəyicisinin xarici valyutanın konvertasiyası nəticəsində qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi 22983,75 manat gəlir məbləğinin sənədlərinin araşdırılmasına zərurət yaranmışdır. Yxarıda qeyd olunanlara əsasən xx.xx.2020-ci il tarixli **********885300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi iddiaçı tərəfindən uyğunsuzluq məktubuna əsaslı münasibət bildirilmədiyindən və müvafiq dövr üzrə bəyannamə təqdim edilmədiyindən 2019-cu ilin gəlir vergisi bəyannaməsi üzrə analoji qaydada 3.217,73 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli **********841400 nömrəli analoji hesablama barədə qərar göndərilmişdir.İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə cari bəyannamə təqdim edilərək hesablanmış vergi məbləğini azaltmış, vergi orqanı tərəfindən yenidən kameral vergi yoxlamasına əsasən hesablanmış vergi məbləği bərpa edilərək vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********665700 nömrəli elektron kameral hesablama barədə qərar göndərilmişdir. İş materiallarına əlavə edilmiş : -Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********665700 saylı qərardan görünür ki, İddiaçı 3217,73 manat veri hesablanmışdır. x.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İddiaçı borcun 5 gün müddətinə dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. -xx.xx.2021-ci iltarixli qərardan görünür ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanamış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, 2 saylı ƏVBİ tərəfindən qəbuledilmiş xx.xx.2021-ci il tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə **********665700 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. -xx.xx.2020-ci il tarixli məktubdan görüür ki,İddiaçı kameral vergi yoxlaması üçün zəruri olan sənədlər tələb edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia müddəti bərpa edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, fiziki şəxs İddiaçı barəsində konvertasiya olunmuş vəsaitin hansı dövrlərin gəlirinə aid olması məqsədilə vergi orqanı tərəfindən yoxlama təyin edilmiş və yoxlamanın nəticəsi olaraq 04 mart 2021-ci il tarixli, **********665700 nömrəli “Vergilərin hesablanması haqqında” qərar tərtib edilməklə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. - vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (67.1.1) - vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (67.1.2.) - vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (67.1.3) - vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; (67.1.4) - vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (67.1.5) - vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (67.1.6) - vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (67.1.7) - vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (67.1.8) - vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (67.1.9) Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: - eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (67.2.1) - eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (67.2.2) - fəaliyyət göstərilən ərazi. (67.2.3) Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur. Satışdankənar gəlirlər - digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəkilində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri. Sadalanan normaların təhlilindən aydın olur ki, vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən (səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda və s.) mümkün olmadıqda, vergi orqanı ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri, xərcləri, idxal-ixrac əməliyyatları, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti, vergi ödəyicisi tərəfindən istehsal olunmuş və ya təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlardan və s.) istifadə etməklə, eləcə də analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablamaq hüququ vardır. Həmin maddənin məzmunundan həm də o nəticə əldə olunur ki, vergilərin hesablanması zamanı istifadə edilən əlaqəli məlumatlar yalnız rəsmi məlumatlar olmalıdır. Nəzərə alınmaldır ki, iddiaçı tərəfindən valyuta mübadiləsi əməliyyatı 2019-cu ildə aparılıb və 2016-ci ilin sonlarından hal-hazıradək Azərbaycan manatın ABŞ dollarına münasibətdə məzənnə üzrə kəskin fərqi müəyyən edilməyib. Belə ki, Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məlumatına əsasən 2015-ci il fevralın 21-nə qədər 1 manat 0,78 dollar təşkil etsə də, həmin gün Mərkəzi Bankın qərarı ilə manat devalvasiya edilmiş və 34% ucuzlaşdırıldıqdan sonra 1 dollar 1,05 manata bərabər olmuşdur. X4 Heyəti 21 dekabr 2015-ci il tarixdə manatın “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etmiş və bundan sonra 1 ABŞ dolları 1,55 manata, 2016-cı ilin dekabr ayından bu günə kimi isə rəsmi məzənnə ilə 1 ABŞ dolları 1.700 manata bərabər olmuşdur. Göründüyü kimi 2019-cu ildə Azərbaycan manatının ABŞ dolları qarşısında dayanaqlığı təmin edilmişdir. Yəni Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnə nisbətində kəskin fərq olmadığına görə həmin vəsaitin konvertasiyası nəticəsində onun göstəriləın məbləğdə gəlirin əldə edilməsindən söhbət gedə bilməz. Bundan başqa o da nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia tələbinə aiddir və İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi hazırki iddia tələbi üzrə cavabdeh olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi İddiaçı tərəfindən 2019-cu ildə aparılmış valyuta mübadiləsi əməliyyatı nəticəsində gəlir əldə etməsi ilə bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 04 mart 2021-ci il tarixli, **********665700 nömrəli qərarı qanunsuz olduğundan ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 70.3-cü maddəsainə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş 04 mart 2021-ci il tarixli, **********665700 nömrəli “Vergilərin sosial sığorta və işsizlik sığortası haqqının hesablanması barədə” qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar