Məhkəmə qərarları › İş №2-1(118)-2387/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2387/2022

06.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2387/2022 06.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “həyat yoldaşı X1 yaşadıqları ünvan 2-yə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia qaldıraraq “həyat yoldaşı X1 yaşadıqları ünvan 2-yə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 11-ci mikrorayonda yerləşən 4 otaqlı, ev 22, mənzil 20-ni atası Rəhimov İbrahim Maxuddin oğlu Sumqayıt Sintezkauçik zavodundan 10/48 saylı orderlə 14 mart 1983-cü ildə almışdır. Həmin evdə atası Rəhimov İbrahim, anası Rəhimova Nərgiz, bacıları Rəhimova Şəlalə, Rəhimova Aygün və qeydiyyatda olmuşdur. Atası 2000-ci ildə, anası isə 2013-cü ildə dünyalarını dəyişmişlər. Bacıları ailə həyatı quraraq başqa yerə köçmüşlər, özlərinə məxsus mənzillərdə yaşayırlar. İddiaçı xx.xx.2016-cı ildə X4 ilə rəsmi nigaha girərək ailə həyatı qurmuşdur. Həyat yoldaşı 2016-cı ildə yaşadığı evə köçmüş, orada yaşayırlar, birgə nigahlarından xx.xx.2017-ci il təvəllüdlü İbrahim və xx.xx.2022-ci il təvəllüdlü Rəhim dünyaya gəlmişlər. Həyat yoldaşı X1 2016-cı ildə Kürdəmir rayonundan köçərək onunla birgə Sumqayıt şəhərində yaşamasına baxmayaraq onu bu günə kimi daimi yaşadığı ünvana qeydiyyata saldıra bilmir. Dəfələrlə müraciət etsələr də məsələni qanuna müvafiq həll etmək mümkün olmamışdır. Bu isə uşaqların böyüdülməsi və sair ilə əlaqədar bir sıra çətinliklər və süni problemlər yaradır, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun tələblərini pozur. İddiaçı xx.xx.2022-ci ildə Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat Məsələləri Bölməsinə ərizə ilə müraciət edərək həyat yoldaşını X2 yaşadıqları Sumqayıt şəhəri, 11-ci mik-on, ev 22, mənzil 20-yə qeydiyyata alınmasını xahiş etmişdir. Sumqayıt şəhər Polis İdarəsi xx.xx.2022-ci il tarixli məktubu ilə ərizədə göstərilən məsələ ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçı, həyat yoldaşı X1 yaşadıqları ünvan 2-yə qeydiyyata alınmasını istəyir. İlkin olaraq olaraq məhkəmə qeyd edir ki, iddiaçı digər şəxsin mənzilə qeydiyyata alınmasını istədiyi və bu hüquq qeydiyyata düşmək istəyənə aid olduğu üçün, iddiaçının belə bir iddia ilə məhkəməyə müraciət edməsi üçün subyektiv hüququ yoxdur. Belə bir tələblə iddiaçının arvadı inzibati orqana və məhkəməyə müraciət edə bilərdi. Qeydiyyatla bağlı isə mənzilin mülkiyyətçisinin razılığı tələb edilir. Hər bir halda yaşayış yeri üzrə qeydiyyata düşmək hüququ qeydiyyata düşəcək olan şəxsə aid hüquqdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzil 14 may 1983-ci il tarixli, 10/48 saylı order əsasında iddiaçının mərhum atası Rəhimov İbrahim Maxuddin oğlunun adına verilmişdir. Göründüyü kimi iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ qeydə alınmamış, həmin mənzili özəlləşdirmək imkanları olsada, hazırda mənzil onun mülkiyyətində deyildir. İddiaçıya izah edilsin ki, mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən sonra arvadı tərəfindən iddiaçının razılıq ərizəsi əsasında mənzilə qeydiyyata alınmaqla bağlı təkrar inzibati orqana müraciət edə bilər. Bundan əlavə iddiaçının arvadının mənzil üzərində istifadə hüququnun tanınması ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitəsindən istifadə etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar