Məhkəmə qərarları › İş №2-1(118)-2388/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2388/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2388/2025 12.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “iddiaçının Gədəbəy rayonunda mənzil uçotunun Abşeron rayonuna köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı “iddiaçının Gədəbəy rayonunda mənzil uçotunun Abşeron rayonuna köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsi şəhid ailəsidir, əvvəlki qeydiyyatı Gədəbəy rayonunda olduğu üçün həmin rayonun İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna götürülmüşdür. 2024-cü ilin iyul ayından pasport qeydiyyatını ünvan 1 ünvanına dəyişdiyi üçün mənzil uçotunun da Abşeron rayonuna köçürülməsi xahişi ilə Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmiş, Abşeron rayonunda 5 il daimi pasport qeydiyyatı olmadığı əsas gətirilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdlər. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət şəhid ailəsi kimi mənzil uçotunun Gədəbəy rayonundan Cavabdehnə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şəhid ailəsi kimi mənzil uçotuna götürülməsi üçün Cavabdehnə müraciət etdiyini, lakin cavabdeh tərəfindən müraciətinin təmin olunmasından imtina edildiyini bildirir, cavabdehin imtinasının əsassız və qanunsuz olduğunu qeyd edərək məhkəmədən mənzil uçotunun Gədəbəy Rayon İcra Hakimiyyətindən Cavabdehnə köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda qeyd edəcəyimiz əsaslara görə hesab edirik ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçının müraciəti tərəfimizdən təmin olunmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə aiddir: cavabdeh orqanın iddiaçıya ünvanladığı 21 avqust 2024-cü il tarixli məktubu; Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2021-ci il tarixli, 26 saylı sərəncamı; Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı və digər sənədlər.

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olsa da, əsassız iddia olduğundan təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1950-ci il təvəllüdlü olmaqla, yaşayış yeri üzrə Cavabdehnə müraciət edərək, mənzil sahəsinə ehtiyacı olan qismində növbəyə götürülməsini xahiş etmişdir. Cavabdeh orqan isə özünün məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasının əsası kimi iddiaçının son beş il ərzində Abşeron rayonunda yaşamamasını və daimi pasport qeydiyyatında olmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycam Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə görə sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Məcəllənin 48.3-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qaydalar nəzərdə tutulmayıbsa, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sosial kirayə müqaviləsi əsasında yaşayış sahələri verilmir. Məcəllənin 51.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Məcəllənin 51.5-ci maddəsinə görə uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Qeyd olunan normaların tələbindən görünür ki, qanunvericilikdə nəzərdə tutulan tələblər konkret olaraq göstərilmişdir. Vətəndaşın mənzil növbəsində uçota alınması məhz onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına müraciəti əsasında həmin orqan tərəfindən həyata keçirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür; şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2) 30 gündən artıq Azərbaycan Respublikasında yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə — onun qeydiyyata alınması haqqında vəsiqə; 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində — xüsusi nümunəli vəsiqə. 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar; 5) Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qanun normalarının tələblərindən göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində qeydiyyata alınmasının əsası kimi həqiqətən də həmin şəxsin 5 il müddətində həmin ərazidə qeydiyyatda olması birbaşa nəzərdə tutulmuşdur. Eyni zamanda yuxarıdakı normaların təfsirindən görünür ki, Mənzil Məcəlləsində yuxarıda adıçəkilən qaydalarda nəzərdə tutulmuş hər hansı istisna müəyyən edilməmiş, 5 illik şərtin tətbiqi göstərilməmiş, müraciət etmək üçün tək şərtin şəxsin yaşadığı yer üzrə müraciəti ilə əlaqədar olmuşdur ki, iddiaçı da həmin şərtin tələblərinə uyğun olaraq yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına müraciət etmişdir. İddiaçı Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı olan Cavabdehnə müraciət etmişdir. Cavabdeh orqan imtinasında iddiaçının 5 il ərzində Abşeron rayonu ərazisində pasport qeydiyyatında olmamasını göstərmişdir. İnzibati iş materiallarında olan Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısının 26 saylı, xx.xx.2021-ci il tarixli Sərəncamına əsasən İddiaçı imtiyazlı şəxs kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Məhkəmə qeyd edir ki, hazırda iddiaçı iyul 2024-cü il tarixdən ünvan 5 qeydiyyata alınması faktına istinad edərək, Gədəbəy rayonunda qeydə alınmış mənzil uçotunun dəyişdirilərək Abşeron rayonu üzrə mənzil uçotuna alınmasını tələb edir. Mənzil Məcəlləsinin yaşayış sahəsinə uçota alınma ilə bağlı hazırkı qərarın 13-cü bəndində qeyd olunan normaların qarşılıqlı təhlilindən görünür ki, mənzil uçotuna alınmanın əsas prinsipi şəxsin məhz daimi yaşadığı yer üzrə aparılmalı olmasıdır. Belə ki, Məcəllənin 51.3-cü maddəsində aydın şəkildə qeyd edilir ki, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmasını həyata keçirən orqan)tərəfindən həyata keçirilir. Bu, o deməkdir ki, vətəndaş yalnız daimi yaşayış yeri üzrə uçota durmaq hüququna malikdir. Bu qaydanın məqsədi şəxsin real olaraq harada yaşadığını və dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinə ehtiyacı olan əhali üzrə bölgüsünü düzgün planlaşdırmaqdır. Məhz bu səbəbdən, şəxsin yaşadığı ərazidə yaşayış sahəsinə ehtiyacı olduğu təsbit edildikdə, yerli icra hakimiyyəti orqanı tərəfindən bu məsələlər tənzimlənir. Məhkəmə işin hallarına münasibətdə bildirir ki, iddiaçının daimi yaşadığı ünvan Gədəbəy rayonu olmuş, 2021-ci il tarixdə həmin rayonda yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İyul 2024-cü il tarixdən iddiaçının ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınması isə tam formal xarakter daşıyır və yeganə məqsədi yaşayış yeri üzrə uçotun Abşeron rayonuna dəyişdirilməsidir. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Qeyd olunan normadan göründüyü kimi qanunvericilikdə vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina olunması üçün konkret əsaslar müəyyən edilmişdir. Məhkəmə tədqiqatı zamanı iddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmasından imtina olunması üçün Mənzil Məcəlləsinin 53-cü maddəsində qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Qaydaların 2-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar — mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər.Hərbi qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsi mənzilistismar hissələri vasitəsilə həyata keçirilir. Qaydaların 4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Respublikanın rəhbər orqanlarının qərarı ilə başqa yerə işə keçirilən işçilər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotuna həmin yaşayış məntəqəsində yaşamaq müddətindən asılı olmayaraq, hər bir ayrı halda rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə götürülə bilərlər. Qaydaların 5-ci bəndinə görə aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyac olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr — əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. Vətəndaşlar SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə nəzərdə tutulan başqa əsaslara görə də mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan sayıla bilərlər. Qaydaların 6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Azərbaycan SSR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə icazə verilir ki, əgər mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar həmin yaşayış məntəqəsinin müəssisələrində, idarələrində, təşkilatlarında azı üç il, Bakı şəhərində isə azı beş il işləyir, lakin başqa yaşayış məntəqələrində yaşayır və pasport qeydiyyatındadırlarsa, onları istisna qaydasında, müəssisə, idarə, təşkilat müdiriyyətinin və müvafiq həmkarlar ittifaqı respublika komitəsinin birgə xahişi ilə yaşayış yerindən kənarda uçota götürsünlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsində şəxsin yaşayış yeri və olduğu yer anlayışları verilmişdir. Belə ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Yuxarıda qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçının iyul 2024-cü il tarixdən iddiaçının ünvan 5 ünvanına qeydiyyata alınması, onun daimi olaraq həmin ünvanda yaşaması anlamına gəlmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia növünə görə məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddialar üzrə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “iddiaçının Gədəbəy rayonunda mənzil uçotunun Abşeron rayonuna köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair tələbi təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı “iddiaçının Gədəbəy rayonunda mənzil uçotunun Abşeron rayonuna köçürülməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair tələbi təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar