Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2394/2022 15.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Term” kompaniyasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ““Term” kompaniyasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 433 kvadrat metr olan iaşə obyekti və ünvan 1 ilə Bakı küçəsinin kəsişməsi ünvanında yerləşən ümumi sahəsi 3891.9 kvadrat metr olan qeyri-yaşayış obyekti üzərində “Term” kompaniyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “Term” kompaniyası cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Term” kompaniyasına məxsus Sumqayıt şəhəri, 44-cü məhəllə ümumi sahəsi 433 kv.m və 3891,9 kv.m olan qeyri-yaşayış obyektləri üzərində “Term” kompaniyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, ““Term” kompaniyasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 433 kvadrat metr olan iaşə obyekti və ünvan 1 ilə Bakı küçəsinin kəsişməsi ünvanında yerləşən ümumi sahəsi 3891.9 kvadrat metr olan qeyri-yaşayış obyekti üzərində “Term” kompaniyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi, 37 ünvanında yerləşən sahəsi 4.6489 kvadrat metr olan torpaq sahəsi və üzərindəki sahəsi 8389,7 kvadrat metr olan əmlak kompleksi kimi müəssisə “TERM" Kompaniyasının xüsusi mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsində əhaliyə xidmət obyektinin genişləndirilməklə yeni tikililərin inşası qərarına gəlinmiş və ilkin olaraq sahəsi 443 kvadrat metr olan "Ailəvi istirahət mərkəzi" iaşə obyektinin, daha sonra isə Sumqayıt şəhəri 44-cü məhəllə ərazisində fəaliyyət göstərən mövcud əhaliyə xidmət obyektinin razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq müasir memarlıq üslubunda genişləndirilməsinə və tikintisinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07 oktyabr 2016-cı il tarixli, 277 saylı sərəncamı əsasında ümumi sahəsi 1546.1 kvadrat metr və 567,96 kvadrat metr olan "Mətanət" şadlıq evi iaşə obyekti layihələndirilmiş əlavə tikililərin inşası həyata keçirilmişdir. Bu tikililər həyata keçirilərkən sahəsi 443 kvadrat metr olan "Ailəvi istirahət mərkəzi" iaşə obyektinin Texniki baxış-rəyi və tikilinin eskiz layihəsi 2013cü ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanaraq təsdiqlənmiş, sahəsi 443 kvadrat metr olan "Ailəvi istirahət mərkəzi" iaşə obyektinin inşası başa çatdıqdan sonra "Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının" 19 iyun 2013-cü il tarixli Aktı əsasında tikili istismara qəbul olunmuşdur. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 07 oktyabr 2016-cı il tarixli, 277 saylı sərəncamı əsasında tikilmiş ümumi tikintialtı sahəsi 2146.88 kvadrat metr olan "Mətanət" şadlıq evi iaşə obyektinin layihələndirilmiş əlavə tikililərinin inşası ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən 15 avqust 2017-ci il tarixli 09 saylı "Obyektin titkintisinə İcazə" və eyni tarixli 12 saylı "Tikintiyə icazə barədə Xüsusi Nişan" hazırlanaraq onlara təqdim olunmuşdur. Sözügedən tikilinin inşası başa çatdırıldıqdan sonra isə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının imzası ilə tikintialtı sahəsi 2146.8 kvadrat metr, ümumi sahəsi isə 3891.9 kvadrat metr olan tikilinin istismara qəbul edilməsinə dair 05 oktyabr 2017-ci il tarixli, 34 saylı "Tikinti obyektinin istismarına İcazə" sənədi də verilmişdir. Həmin sənədlər əsasında tərəflərindən sözügedən qeyri-yaşayış obyektlərinin "TERM" Kompaniyasının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilsə də, cavabdeh müraciətlərinin icrasından imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən müraciətlərinə verilmiş 22 iyun 2022-ci il tarixli, **********65 saylı cavab məktubunda "Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının" 19 iyul 2013-cü il tarixli Aktının qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman tikilinin sahəsinin sənəddə göstərildiyi kimi 443 deyil, 377.6 kvadrat metr olduğu, habelə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının imzası ilə verilmiş tikintialtı sahəsi 2146.8 kvadrat metr, ümumi sahəsi isə 3891.9 kvadrat metr olan tikilinin istismara qəbul edilməsinə dair 05 oktyabr 2017-ci il tarixli, 34 saylı "Tikinti obyektinin istismarına İcazə" sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli 491 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun tərtib edilmədiyi, təqdim edilmiş istismara icazə sənədində obyektin ümumi sahəsinin 3891.9 kvadrat metr, razılaşdırılmış eskiz layihəsi üzrə 3832.7 kvadrat metr göstərildiyi halda, tikilinin faktiki sahəsinin 3736.6 kvadrat olduğu kimi bəhanələr əsas gətirilərək ərizənin icrasından imtina olunduğu bildirilmişdir. "TERM" Kompaniyası qeyd edilən qeyri-yaşayış obyektləri üzərində Kompaniyanın mülkiyyyət hüququnun dövlət qeydiyyatının aparılmasından cavabdehin imtinasını tamamilə əsassız və qərəzli sayır. Belə ki, cavabdeh sahəsi 443 kvadrat metr olan "Ailəvi istirahət mərkəzi" iaşə obyektinin istismara qəbul edilməsi ilə bağlı "Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının" 19 iyul 2013-cü il tarixli Aktının Azərbaycan Respublikası Nazirlər Kabinetinin sentyabr 2014-cü il tarixli 302 nömrəli Qərarı əsasında müəyyən olunmuş formaya uyğun tərtib edilmədiyini bildirsə də, cavabın özündən də göründüyü kimi sözügedən istismara qəbul aktı tərtib edilərək təsdiqləndıyi tarixdə cavabdehin hüququnun qeydiyyatından imtina üçün əsaslandığı istismara qəbul aktının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli Qərarı əsasında müəyyən olunmuş forması hələ mövcud deyildi. Eyni zamanda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 17 iyun 2011-ci il tarixli.71 säyh “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi üzrə komissiyanın tərkibində dəyişikliklər və əlavə edilməsi barədə" Sərəncamına əsasən adı çəkilən komissiyanın sədri olaraq Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi şəhərin Baş memarı H.Həsənov təyin edilmişdir. Bu hal həmin aktın komissiya sədri olaraq şəhər icra hakimiyyəti başçısı tərəfindən təsdiqlənmədiyinə dair cavabdehin dəlillərini inkar edir. Sözügedən istismara qəbul aktı müvafiq dövlət komissiyasının üzvləri tərəfindən tərtib edilərək imzalanmışdır və həmin aktda yol verildiyi iddia edilən hər hansı uyğunsuzluq belə, hesab edirlər ki, hüququn qeydiyatından imtina üçün əsas sayıla bilməz. Həmçinin, cavabdehin hüququn qeydiyyatından imtina üçün daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman tikilinin sahəsinin sənəddə göstərildiyi kimi 443 kvadrat metr deyil, 377.6 kvadrat metr olduğuna istinad etməsi də əsassızdır. Belə ki, tərəflərindən "tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının" 17 iyun 2011-ci il tarixli Aktına əsalanaraq tikilinin qeydiyyatının aparılması xahiş edilsə də, həmin aktda göstərilmiş ölçülər tikilinin real faktiki ölçülərindən az deyilsə qeydiyyat faktiki ölçülər əsasında da aparıla bilər və bu hər hansı qanun normasının pozuntusu sayıla bilməz. Tikilinin faktiki ölçüləri sənəd üzrə ölçülərdən azdırsa, cavabdeh həmin tikilinin qeydiyyatını faktiki ölçülərlə apara bilər və onlar da bu ölçüləri qəbul edərdilər. Bununla bağlı qeyd olunmalıdır ki, qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlərin yerinə yetirildiyi hallarda, qeydiyyata alınması tələb olunmayan sahəyə istinad edərək hüquqmüəyyənedici sənədlərdə nəzərdə tutulmuş sahənin qeydiyyatından ümumiyyətlə imtina olunması yolverilməzdir. Bu baxımdan cavabdeh tərəfindən təqdim olunmuş hüquqmüəyyənedici sənədlərlə nəzərdə tutulmuş sahə üzərində hüququn qeydiyyata alınmasınından imtina etməkdə haqlı sayıla bilməz. Bu mülahizələr cavabdehin hüququn qeydiyyatından imtina üçün əsas gətirdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının imzası ilə verilmiş tikintialtı sahəsi 2146,8 kvadrat metr, ümumi sahəsi isə 3891.9 kvadrat metr olan tikilinin istismara qəbul edilməsinə dair 05 oktyabr 2017-ci il tarixli. 34 saylı "Tikinti obyektinin istismarına İcazə" sənədinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2016-cı il tarixli 491 nömrəli Qərarı ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmədiyinə, təqdim edilmiş istismara icazə sənədində obyektin ümumi sahəsinin 3891,9 kvadrat metr, razılaşdırılmış eskiz layihəsi üzrə 3832,7 kvadrat metr göstərildiyi halda, tikilinin faktiki sahəsinin 3736.6 kvadrat olduğuna dair gətirdiyi bəhanə kimi dəlillərinə də şamil etmək olar. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə etmişdir. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Rey estri" publik hüquqi şəxsin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini bilavasitə tənzimləyən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Hazırkı, iddia tələbi üzrə cavabdeh təşkilatın tutduğu mövqe onun tərəfindən "İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş mütənasiblik prinsipinə, yəni inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmamasına dəlalət edir. Belə ki, "İnzibati icraat" haqqında Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə eldiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göründüyü kimi, bütün bu sadalananlar "TERM" Kompaniyasının müraciəti əsasında qeyd edilən qeyri-yaşayış obyektləri üzərində mülkiyyyət hüququnun dövlət qeydiyyatının aparılmasından cavabdehin imtina etməsi əsaslarının səhv olduğu anlaşılır. Hesab edirlər ki, cavabdehin hər hansı qanuni əsasa söykənmədən yuxarıda sadalanan tikililər üzərində kompaniyanın mülkiyyyət hüququnun dövlət qeydiyyatının aparılmasından imtinası üçün cavab məktubunda bildirdikləri bəhanədən başqa bir şey deyildir. Bu səbəbdən cavabdeh tərəfindən pozulmuş hüquqlarının müdafiəsi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hesab edirlər ki, sözügedən qeyri-yaşayış obyektlərinin "TERM" Kompaniyasının mülkiyyəti kimi dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmənzilli yaşayış binası üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı çoxmərtəbəli yaşayış binasına dair təqdim edilmiş istismara icazə sənədinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyi, yəni sözügedən sənəddə obyektə verilmiş kodun qeyd edilmədiyi, çoxmənzilli yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədin ərizəyə əlavə olunmadığı, çoxmərtəbəli yaşayış binasının faktiki sahəsinin (1750 kv.m) istismara icazə sənədində qeyd edilmiş sahədən (2740.8 kv.m) fərqli olduğu aşkar edilmişdir. Şəhərsalma və Tikinti Məcəlləsinin 102-ci maddəsinə əsasən obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır. Obyektin şəhərsalma və tikintiyə dair normativ sənədləri ilə müəyyən edilmiş tələblərə uyğunluğunun əlavə olaraq yoxlanılması üçün tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə çəkilən xərclər uyğunluğun təsbit edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən ödənilir. Eləcə də, adıçəkilən Məcəllənin 103-cü və “Tikinti obyektlərinin istismarına icazənin formaları”nın təsdiq edilməsi haqqında 11 sentyabr 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 302 nömrəli qərarına əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 1) tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 2) tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 3) tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 4) tikinti obyektinin istismar təyinatı; 5) tikinti obyektinin əsas texniki göstəriciləri; 6) Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi. Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri- yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” MA seriyalı, ******* saylı, 01 iyun 2011-ci il tarixli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində mülkiyyət hüququ və 4,6489 ha torpaq sahəsi üzərində isə icarə hüququ “Term” kompaniyasının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı, xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, 4,6489 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində X1 adına qeydiyyata alınmışdır. - Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 277 saylı, 07 oktyabr 2016-cı il tarixli “Mövcud torpaq sahəsində fəaliyyət göstərən əhaliyə xidmət obyektinin genişləndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” sərəncamından görünür ki, X1 istifadəsində olan Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində fəaliyyət göstərən mövcud əhaliyə xidmət obyektinin razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq müasir memarlıq üslubunda genişləndirilməsinə və tikintisinə icazə verilmişdir. - Tikinti-Quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının 19 iyun 2013-cü il tarixli N65 saylı aktından qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində, Bakı küçəsi, 37 ünvanında “Term” kompaniyası tərəfindən inşası başa çatmış 1 ədəd 1 mərtəbəli ailəvi istirahət mərkəzinin tikintisi tikinti norma və qaydalarına tam riayət olunmuşdur və istismara yararlı hesab edilsin. - 34 saylı, 05 oktyabr 2017-ci il tarixli Tikinti obyektinin istismarına icazədən görünür ki, 05 oktyabr 2017-ci ildən Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi, 37 ünvanında yerləşən sahəsi 3891,9 kv.m olan tikinti obyektinin istismarına icazə verilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin “Term” kompaniyasına ünvanladığı 22 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçının tikinti obyektləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. - Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən “Term” kompaniyasına məxsus ailəvi istirahət mərkəzinin eskiz layihəsindən görünür ki, həmin tikilinin eskiz layihəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Term” kompaniyasının mülkiyyətində olan Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi ünvanında yerləşən torpaq sahəsi üzərində tikilmiş iddia ərisəzində mübahisə predmeti olan tikililərdən biri olan “Ailəvi istirahət mərkəzi”nin ümumi sahəsi 377,6 kv.m-dir. Keçmiş Mətanət şadlıq evinin yerində yenidən rekonstruksiya edilən və bir hissəsi yenidən inşa edilən 2 mərtəbəli “Bazar store” alış-veriş mərkəzinin yarımzirzəmisi ilə birlikdə ümumi sahəsi 3736,6 kv.m-dir. Ailəvi istirahət mərkəzinin eskiz layihədəki ölçüsü faktiki ölçü ilə üst-üstə düşür. Yəni eskiz layihədəki ümumi sahə 377,6 kv.m.dir. Faktiki ümumi sahədə 377.6 kv.m. dir. “Bazar” store alış-veriş mərkəzinin eksiz layihədə yarımzirzəmi ilə birlikdə ümumi sahəsi 3832,7 kv-m.dir. Fərq ona görə yaranmışdır ki, “Bazar store”-nin 2-ci mərtəbəsinin faktiki sahəsi eskiz layihədə olan sahədən 202,8 kv.m. azdır. Yarımzirzəminin faktiki ümumi sahəsi isə eskiz layihədə göstərilən sahədən 110,3 kv.m. artıqdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materialları ilə müəyyən olunur ki, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən ünvan 3 və 3891,9 kv.m obyektləri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 22 iyun 2022-ci il tarixli bildirişi ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi aşağıdakılar göstərilmişdir: 1) İaşə obyektinə (Ailəvi istirahət mərkəzi) dair tikintiyə icazə sənədinin əlavə edilmədiyi; 2) “Tikinti-quraşdırma işləri başa çatmış obyektin istismara qəbul edilməsi haqqında” qəbul komissiyasının 19 iyun 2013-cü il tarixli 65 saylı aktının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı əsasında müəyyən olunmuş formaya uyğun tərtib olunmadığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmədiyi; 3) Yenidənqurma işlərinin aparıldığı və faktiki ölçülərinin ərizəyə əlavə edilmiş sənədlərə uyğun olmadığı müəyyən edildiyi; 4) “Ailəvi istirahət mərkəzi”nin eskiz layihəsində göstərilən tikilinin 78,7 kv.m hissəsi “Term” kompnaiyası adına olan əmlak kompleksi kimi müəssisənin tərkib hissəsi olan “K” tikilisi kimi qeydiyyata alındığı; 5) “Term” kompaniyasının icarəsinə verilmiş 3,0489 ha torpaq sahəsi üzərində qeydiyyata alınmış tikililərin mövcud olduğu, buna görə də qeydiyyata alınması nəzərdə tutulan tikililərin yerləşdiyi torpaq sahəsinin ümumi torpaq sahəsindən ayrıldıqdan və həmin hissəyə dair dövlət reyestrindən çıxarış alındıqdan sonra tikililərə birlikdə ayrıca vahid daşınmaz əmlak şəklində qeydiyyata alınacağı; Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, «X3 S.C.» və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, «mülkiyyət» və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. Qeyd olunanların əyani təsdiqi üçün X2rşı 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi». Həmin işdə Avropa İnsan Hüquqları Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözü gedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Göründüyü kimi Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında özbaşına tikilinin dövlət orqanları tərəfindən tikinti aparılarkən qarşısının alınmaması və uzun müddət həmin tikilinin mövcudluğuna susması, tikilinin sökülməsi ilə bağlı hər hansı tədbir görməməsi, tikiliyə tikinti aparmış şəxsin hüququnun mülkiyyət hüququna bərabər kimi qiymətləndirmişdir. Hazırki iş üzrə inşa edilən tikili nəinki özbaşına tikili deyildir, torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmaqla, aidiyyatı qurumlar tərəfindən də tikintinin layihələndirilməsinə və binanın istismarına icazə verilmişdir. Cavabdehin yenidənqurma işlərinin aparıldığı və faktiki ölçülərinin ərizəyə əlavə edilmiş sənədlərə uyğun olmamasına dair dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan dəlili məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi ilə təkzib olunur. Belə ki, həmin mütəxəssis rəyində qeyd olunmuşdur ki, ailəvi istirahət mərkəzinin eskiz layihədəki ölçüsü faktiki ölçü ilə üst-üstə düşür. Yəni eskiz layihədəki ümumi sahə 377,6 kv.mdir. Faktiki ümumi sahədə 377.6 kv.m. dir. “Bazar” store alış-veriş mərkəzinin eskiz layihədə yarızirzəmi ilə birlikdə ümumi sahəsi 3832,7 kv-m.dir. Fərq ona görə yaranmışdır ki, “Bazar store”-un 2-ci mərtəbəsinin faktiki sahəsi eskiz layihədə olan sahədən 202,8 kv.m. azdır. Yarımzirzəminin faktiki ümumi sahəsi isə eskiz layihədə göstərilən sahədən 110,3 kv.m. artıqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “Term” kompaniyasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 433 kvadrat metr olan iaşə obyekti və ünvan 1 ilə Bakı küçəsinin kəsişməsi ünvanında yerləşən ümumi sahəsi 3891.9 kvadrat metr olan qeyri-yaşayış obyekti üzərində “Term” kompaniyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. “Term” kompaniyasına məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 433 kvadrat metr olan iaşə obyekti və ünvan 1 ilə Bakı küçəsinin kəsişməsi ünvanında yerləşən ümumi sahəsi 3891.9 kvadrat metr olan qeyri-yaşayış obyekti üzərində “Term” kompaniyasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2394/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2394/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver