Məhkəmə qərarları › İş №2-1(118)-24/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-24/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-24/2021 01.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, xxxxnın nümayəndəsi Vəkil (Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili, Bakı şəhəri, Azadlıq prospekti 32) və X3 (xxxx MMC-də direktor müavini işləyən, Sumqayıt şəhəri, 8-ci mikr-n, ev 16/3 mənzil 3-də yaşayan), Cavabdehin nümayəndəsi X2 (2 saylı Ərazi Vergilər Baş İdarəsində Hüquq şöbəsinin müdiri işləyən, Bakı şəhəri, 9-cu mikr-n, H.Babaşov küçəsi ev 19 D-də yaşayan) iştirakı ilə, xxxx MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxx 2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi, xx xxxx 2019-cu il tarixli **********442100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarın ləğv edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ xxxx cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx xxxx 2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” və xx xxxx 2019-cu il tarixli **********442100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarların ləğv edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xxxx MMC xx.xx.2008-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınaraq qanunvericiliyə uyğun olaraq fəaliyyət göstərir. Müəssisə 2014cü ildən tikinti materiallarının idxalı və topdansatışı ilə məşğuldur. Yoxlanılan dövr ərzində yalnız tikinti materiallarını xaricdən idxal etmiş və Azərbaycan Respublikası ərazisində topdan satışını həyata keçirmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarına əsasən müəssisədə yoxlama aparılmışdır. Yoxlama xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2019-cu il tarixdə başa çatmışdır. xx.xx.2019-cu il tarixdə yoxlamanın nəticələrinə görə akt tərtib edilmiş və surəti xx.xx.2019-cu il tarixdə tanış olmaq üçün müəsisəyə təqdim edilmişdir. Aktla tanış olduqdan sonra xx.xx.2019-cu il tarixli məktubla vergi orqanına səyyar vergi yoxlaması aktına etiraz təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə aktın müzakirə olunması üçün müəssisənin rəhbərliyi vergi orqanına dəvət edimişdir. Müzakirə zamanı müəssisənin nümayəndələri aktın tərtib olunması üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişlər. Lakin vergi orqanının əməkdaşları həmin sənədləri təqdim etməmişlər. Beləliklə, vergi orqanı tərəfindən xx.xx.2018-cu il tarixdə qanunsuz qərar qəbul edilmişdir. Yoxlama müddəti ərzində bir neçə dəfə yoxlamanın dayandırılması barədə qərarlar qəbul edilsə də, həmin qərarlar barədə xxxxya hər hansı məlumat verilməmişdir. Bundan başqa yoxlamanın əsasən ekspert rəyinin alınması ilə bağlı olduğu qeyd edilsə də, ekspert rəyindən istifadə edilməmişdir. Bundan başqa xxxx vergi orqanının xx.xx.2018-ci il tarixli tələbnaməsinə cavab olaraq sənədlərin ünvan 2 ünvanında olmasını bildirmişdir. Lakin vergi orqanı aktda yalnız baza sənədlərinin və YGBlərin müəssisə tərəfindən təqdim edildiyini qeyd etmişdir. Sənədlərin təqdim olunmaması ilə bağlı vergi orqanı heç bir irad bildirməmiş və yeni tələbnamə göndərməmişdir. xx.xx.2019-cu il tarixdə operativ vergi nəzarəti tədbirinin həyata keçirilməsi haqqında qərar və sənələrin götürülməsi haqqında tələbnamə müəssisəyə təqdim edilmişdir. Həmin gün də sənədlərin və nümunə kimi əşyaların götürülməsi barədə qərar təqdim edilərək qanunsuz olaraq sənədlər və elektron avadanlıqlar məcburi şəkildə götürülmüşdür. Aktda mənfəət vergisinin hesablanması Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 55 saylı qərarını əsas gətirərək 20 % rentabellik götürülmüşdür. Lakin bu hesablamanın tətbiqinin zəruri edən hallar aktda qeyd edilməmiş və əsassız olaraq mənfəət vergisi şişirdilmişdir. Operativ vergi yoxlamasından sonda hər bir anbar üzrə ayrıca akt və həmin günə qalıqda olan malların siyahısı çıxarılmış, lakin yoxlamanın nəticələrinə dair akt tərtib edilməmişdir. Vergi orqanı müəssisənin balansında olmayan kompüterin yaddaşnda aşkar edilmiş fayla əsaslanaraq vergi borcu hesablamışdlr. Halbuki, müəssisənin kassa sənədləri, alqı-satqı müqavilələri, yük gömrük bəyannamələri, mədaxil və məxaric orderlərinin hamısının mövcud olduğu halda “xxxx”dan söhbət gedə bilməz. Müəssisədə dəfələrlə xronometraj qaydasında yoxlamalar keçirilmiş və nəğd əməliyyatların aparılması aşkar edilməmişdir. Məhkəmə iclasında xxxxnın nümayəndələri Vəkil və X11 iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etmədi və izah etdi ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********159963 saylı qərarına əsasən xxxx müəsisədə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrləri əhatə etməklə növbəti səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair saibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xxxxnın nümayəndəsi tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Lazımi sənədlərin təqdim edilməsi ilə bağlı xxxxya xx.xx.2018-ci il tarixdə tələbnamə verilmişdir. xxxx xx.xx.2018-ci il tarixli məktubla vergi orqanına müraciət edərək tələbnamədə göstərilən sənədlərin yoxlamaya təqdim edilməsi üçün tam hazır olduğunu və sənədlərin müəssisənin faktiki fəaliyyət göstərdiyi ünvan 2 ünvanında olduğunu bildirmişdir. xxxx tərəfindən yoxlamaya yalnız baza sənədləri və YGB-lər təqdim edilmişdir. Qalan sənədlər, o cümlədən bazada olmayan ilkin mühasibat sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərclərin təsdiqedici sənədləri, qaimələr, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər, forma 2-lər (aktlar), müqavilələr (əmək müqavilələri, iş xidmət müqavilələri və s., nəzarət kitabı,nəqliyyat və digər xərc sənədləri yoxlamaya təqdim edilməmişdir. Vergi ödəyicisi həmin sənədlərdən hər hansının olub-olmaması barədə vergi ödəyicisi tərəfindən yazılı və yaxud elektron qaydada müraciət olunmaqla heç bir münasibət bildirilməmişdir. Vergilər nazirliyi tərəfindən müəssisəyə məxsus obyektlərdə keçirilən operativ vergi nəzarət tədbirləri ilə əlaqədar xx.xx.2019-cu il tarixli “Operativ vergi nəzarəti tədbirinin keçirilməsi haqqında”, “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara və “Sənədlərin təqdim olunması haqqında” tələbnamə çıxarılaraq vergi ödəyicisinə təqdim olunmuşdur. Tələbnamədə göstərilən, o cümlədən elektron daşıyıcılarda olan xxxxya məxsus bütün sənədlər götürülərək xx.xx.2019-cu il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol tərtib olunmuşdur. Götürülmüş sənədlərin xx.xx.2019-cu il tarixdə müəssisəyə qaytarılması təmin olunmuşdur. Sənədlər qaytarılarkən müəssisənin direktoru X13 götürülmüş sənədlərin xxxx müəssisəyə məxsus olduğunu tərtib olunmuş xx.xx.2019-cu il tarixli akta imza edərək təsdiqləmişdir. Götürülmüş sənədlərdə yoxlama dövrünə aid olan vergilərin hesablanması üçün əsaslı faktlar aşkar edilmişdir. Vergilərin hesablanması həmin sənədlər əsasında həyata keçirilmişdir. Yoxlama müddəti ərzində xxxxnın 2016 və 2017-ci illər üzrə mənfəət vergisi müvafiq olaraq 88551.15 manat və 211784.88 manat, cəmi 300336,03 manat və 50 % miqdarında, yəni 150168,02 manat maliyyə sanksiyası; ödəmə mənbəyində tutulan vergi üzrə əlavə 42806,67 manat məbləğində vergi, həmin məbləğin 50 % miqdarında maliyyə sanksiyası - 21403,34 manat hesablanmışdır. Bundan başqa xxxx tərəfindən 563754,80 manat ƏDV-nin azaldılması və 31877,81 manat ƏDV-nin artıq hesablanması müəyyən edilmişdir. Bununla bağlı azaldılmış məbləğin 50 % həcmində, yəni 281877,40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Azərbaycan Respublikası Vergilər Nazirliyi Səyyar vergi yoxlaması idarəsində şöbə rəisi vəzifəsində işləyən X12 ifadəsində bildirdi ki, xxxx MMC-də səyyar vergi yoxlamasının aparılmasında iştirak etmişdir. xx.xx.2018-ci il tarixdə müəsissədə səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın aparılması ona və digər müfəttişə həvalə edilmişdir. xx.xx.2019-cu il tarixdə aparılan operativ vergi nəzarəti həyata keçirilərək müəssisənin bütün sənədlətr, kompüterləri və elektron faylları götürülmüşdür. Araşdırma nəticəsində kağız qaimələr üzrə satış aparıldığı, qara mühasibatlığın aparıldığı aşkar edilmişdir. 2016-2018-ci illərdə xxxxnın ƏDV-dən kənarlaşmaları ortaya çıxmışdır. Dövriyyədə 3 milyon manata yaxın fərq müəyyən edilmişdir. Təqdim edilən sənədlər arasında İrandan olan sürücülərə edilən ödənişlərlə bağlı elan edilməyən bəyannamələr aşkar edilmişdir. Şahid həmçinin izah etdi ki, xx.xx.2019-cu il tarixdə sənədlərin götürülməsində iştirak etməmişdir, Vergilər Nazirliyinin başqa əməkdaşları baxış keçirilərək xx.xx.2019-cu il tarixdə onlara 169 qB-lıq fayl şəklində təqdim olunmuşdur. Sənədlərin müəssisəyə məxsus olduğu müəssisənin direkoru tərəfinfdən təsdiq edildiyindən həmin sənədlərdən mənbəyi olan məlumatlar kimi istifadə edilmişdir. Səyyar vergi yoxlaması barədə aktda göstərilən cədvəl elektron daşıyıcılarda olan sənədlər əsasında tərtib olunmuşdur. Şahid qismində dindirilən Azərbaycan Respublikaıs Vergilər Nazirliyi Səyyar vergi yoxlaması idarəsində böyük vergi müfəttişi vəzifəsində işləyən X6 şahid R.R.Həşimovun ifadəsinə uyğun ifadə verdi. İş materiallarına əlavə edilmiş : -2 saylı Ərazi Vergilər Departamenti tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan görünür ki, xxxx MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən iyul 2015-iyun 2018-ci illəri əhatə edən dövr üzrə səyyar vergi yoxlaması təyin edilmişdir. -xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, vergi yoxlamasının keçirilməsi üçün xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr əhatə edilməklə ilkin mühasibatlıq sənədləri, uçot registrləri, dövriyyə cədvəlləri, gəlir və xərcləin təsdiqedici sənədləri, qaimələr, vergi hesab fakturaları, təhvil-təslim aktları, bank, kassa sənədləri, ödəniş sənədləri və əmək haqqı cədvəlləri, aparılmış qarşılıqlı əməliyyatlara dair sənədlər forma 2-lər (aktlar), müqavilələr (əmək müqavilələri, iş, xidmət müqavilələri və s.), nəzarət kitabı, nəqliyyat və digər xərc sənədləri, vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin 15 iş günü müddətində təqdim olunması xxxx MMC-dən tələb edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən aparılan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, xxxx MMC-də növbəti səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərar reyestrdə qeydiyyata alınmışdır. -X5 Auditi Departamentinin böyük dövlət vergi müfəttişi X18e və VN yanında Bakı şəhəri X16 Departamentinin əməkdaşları böyük dövlət vergi müfəttişi X9, böyük dövlət vergi müfəttişi X7, dövlət vergi müfəttişi X14 və xxxx MMC-nin direktoru X13 tərəfindən tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, həmin akt tərtib edilmişdir ondan ötrü ki, xx xxxx 2019-cu il tarixli **********0881 saylı qərara əsasən Sumqayıt şəhəri, Çerkassı küçəsi 488 ünvanında yerləşən xxxx MMC-yə məxsus ofis-anbardan götürülmüş aşağıda qeyd olunan siyahı üzrə sənədlər və nümunə kimi əşyalar xxxx MMC-nin rəhbəri X10 təhvil verilmişdir : prosessor Compas (1 ədəd), prosessor İnn Pover (1 ədəd), prosessor Stiker (1 ədəd), göy qovluq (26 fayl) 154 vərəq, göy qovluq (22 fayl) 52 vərəq hesab-faktura, göy qovluq (56 fayl) 318 vərəq müqavilə, çəhrayı qovluq (7 fayl) 611 vərəq qaimə faktura, göy qovluq (7 fayl) 716 vərəq,göy qovluq (5 fayl) 84 vərəq, göy qovluq (18 fayl) kassa məxaric orderləri 208 vərəq, çəhrayı qovluq (24 fayl) 122 vərəq müqavilə, çəhrayı qovluq (16 fayl) 155 vərəq müqavilə, material hesabatı kitabı 6 vərəq, kassa hesabatı kitabı – 5 vərəq, göy qovluq (4 fayl) 202 vərəq qaimə-faktura, mavi qovluq (1 fayl) 19 qaimə, göy qovluq (60 fayl) 325 vərəq müqavilə, göy qovluq (15 fayl) 397 vərəq anbar xərc sənədləri, göy qovluq (8 fayl) 38 vərəq, qara qovluq (21 fayl) 132 vərəq müqavilə, çəhrayı qovluq (42 fayl) 183 vərəq müqavilə, mavi qovluq (2 fayl) 145 vərəq qaimələr, 5 bağlama qaimə (karton qutuda) 1944 vərəq, “RAGF patriot” markalı yaddaş kartı 866, 4 vərəq bloknot vərəqi (ödənişlər). Aktın sonunda götürülən və təhvil verilən sənədlərin xxxx MMC-yə məxsus olması qeyd edilmiş və akt iştirakçılar tərəfindən imzalanmışdır. -2 saylı Ərazi Vergilər Departamenti tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli **********161557 saylı səyyar vergi yoxlaması aktından görünür ki, müəssisədə 2015-2017ci illər üzrə mənfəət vergisi, iyul 2015-iyun 2018-ci illər üzrə əlavə dəyər vergisi, 3-cü rüb 2015-2-cü rüb 2018-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi və 2015-2017-ci illər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə başa çatmışdır. -2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli **********185923 saylı qərarından görünür ki, «xxxx” MMC tərəfindən 2016-cı il üzrə mənfəət vergisinin 88551,15 manat, ƏDV-nin 79461,56 manat, 2017-ci il üzrə mənfəət vergisinin 211784,88 manat, ƏDV-nin 305869,76 manat, ödəmə mənbəyində tutulan verginin 26059,xx xxxxx 2018-ci il üzrə ƏDV-nin 178417,48 manat, ödəmə mənbəyində tutulan verginin 16743,66 manat azaldıldığı, 2015-ci il üzrə ƏDV-nin 25092,99 manat və 2016-cı il üzrə ƏDV-nin 3784,82 manat artıq hesablandığı müəyyən edilmiş və nəticədə xxxxya 900108,68 manat əlavə vergi borcu hesablanmış və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 2.577.455,72 manat maliyyə sanskiyası tətbiq edilmişdir. -2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2019-cu il tarixli **********442100 saylı qərarından görünür ki, vergi orqanı tərəfindən 409234,17 manat vergi borcuna görə borcun 105 faizi həcmində vergi ödəyicisi «xxxx” MMC-nin ƏDV sub-uçot hesabında olan pul vəsaiti dondurulmuşdur. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekpsertizası təyin edilmişdir. Ekspertizanın xx.xx.2021-ci il tarixli 9/1733 saylı rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli **********161557 nömrəli səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində vergilər (ƏDV, mənfəət və ÖMV-nin) üzrə yoxlama ilə aparılmış əlavə hesablamaların düzgünlüyü müəyyən olunmamışdır. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları arasında fərq olmadığı üçün hazırki ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəssisə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin Vergi Məcəlləsinin 36.1-ci maddəsinə görə vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsinin 36.6-cı maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən həyata keçirilən vergi yoxlamaları üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Göstərilən Məcəllənin 38.2-ci maddəsinə görə vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması ildə bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 2 saylı Ərazi Vergilər Departamentinin xx.xx.2018-ci il tarixli qərarına əsasən xxxx MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən iyul 2015 - iyun 2018-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlamanın nəticəsi xx.xx.2019-cu il tarixli «Səyyar vergi yoxlaması аktı” ilə rəsmiləşdirilmişdir. Qeyd edilən akt əsasında xx.xx.2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» Qərar qəbul edilmiş və 2016-cı il üzrə mənfəət vergisinin 88551,15 manat, ƏDV-nin 79461,56 manat, 2017-ci il üzrə mənfəət vergisinin 211784,88 manat, ƏDV-nin 305869,76 manat, ödəmə mənbəyində tutulan verginin 26059,xx xxxxx 2018-ci il üzrə ƏDV-nin 178417,48 manat, ödəmə mənbəyində tutulan verginin 16743,66 manat azaldıldığı, 2015-ci il üzrə ƏDV-nin 25092,99 manat və 2016-cı il üzrə ƏDV-nin 3784,82 manat artıq hesablandığı müəyyən edilmiş və nəticədə xxxxya 900108,68 manat əlavə vergi borcu hesablanmış və Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən 2.577.455,72 manat maliyyə sanskiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli aktda xxxx MMC-nin direktoru R.Hacıyev aktda göstərilən sənədlərin və əşyaların xxxx MMC-yə məxsus olmasını öz imzası ilə təsdiq etmişdir. Həmin sənələrin müəssisəyə məxsus olmaması və ya başqa bir qeyd akta əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, bu hal həmin sənədlərdə aşkar edilmiş məlumatların vergi orqanı tərəfindən mənbəyi bəlli olan məlumatlara aid edilməsi üçün əsasdlr. İş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası təqdim edilmiş sənədlər əsasında vergi ödəyicisi tərəfindən hər hansı yayınmanın müəyyən edilməməsi qənaətinə gəlmişdir. Bununla bağlı ekspert rəyində qeyd etmişdir ki, səyyar vergi yoxlaması ilə əlavə hesablanmış vergilərin hansı vergitutma obyektinə və vergitutma bazasına əsasən aparıldığı müəyyən olunmadı. Məhkəmə hesab edir ki, yoxlama zamanı müəssisədə aşkar edilmiş və sonradan müəssisənin direktoru tərəfindən qəbul edilən sənədlərin həmin müəssisəyə aid olması faktını təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 saylı Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarla mənfəətin hesablanması” Qaydaları ilə müəyyən edilir. Belə ki, xxxxya 2016-cı il və 2017-ci illər üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu Qaydaların 6.1.1-ci bəndinə əsasən aşağıdakı düsturla hesablanmışdır : 2016-cı il mənfəət vergisi üzrə (2846428.77/6 = 474404,808*20 % 944xx.xx- 6329.81=88551,15); 2017-ci il mənfəət vergisi üzrə (6786462.17/6 = 1131077.02*20 % 2262xx.xx- 14430.53=211784.88). Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlər və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 23.1.2.-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanının hüquqlarına aid edilmişdir. Vergi orqanları Vergi Məcəlləsinin 50.1.12-ci maddəsinə əsasən pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına, eyni zamanda həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllə ilə müəyyən edilən qaimə-faktura və ya elektron qaimə faktura və ya elektron vergi hesab-faktura əsasında alınmasına nəzarət edir. Göstərilən Məcəllənin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. xx xxxxxx 2012-ci il tarixli 509-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavə edilmiş 16.1.11-2-ci maddəyə görə isə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4- cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Göründüyü kimi vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, xxxx «xxxx” MMC-nin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx xxxx 2019-cu il tarixli **********185923 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarın ləğv edilməsi, xx xxxx 2019-cu il tarixli **********442100 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarın ləğv edilməsi və qərarı qəbul etmiş və verginin hesablanmasında iştirak edən vəzifəli şəxslər barəsində xüsusi qərardad çıxarılaraq araşdırma üçün Baş Prokurorluğa göndərilməsi tələbinə dair iddiası rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Ekspertizanın keçirilməsi üçün sərf edilmiş 145 manat xxxx MMC-dən tutularaq Az.MEM, VÖEN**********, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41 NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** saylı hesaba ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar