Məhkəmə qərarları › İş №2-1(118)-24/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-24/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-24/2023 08.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “mənə dəymiş ziyana görə cavabdehdən 142500 manat kompensasiyanın tutularaq ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı yaşlı valideyinlərini, ailə və uşaqlarını dolandırmaq məqsədi ilə Abşeron RİH-nə müraciət edərək biznes fəaliyyəti göstərmək üçün yer almaq istəmişdir. Abşeron RİH-nin 204 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə ona mağaza tikintisi məqsədi ilə torpaq sahəsi ayrılması üçün komissiya yaradılmışdır. Komissiya, Xırdalan qəsəbəsinin 27-ci məhəlləsində, H.Aslanov və 1269-cu keçidin kəsişdiyi ərazidə 2a saylı beşmərtəbə binının qabağında boş, istifadəsiz, ağac olmayan sahədə, cizgiyə uyğun 6x5 m ölçüdə torpaq ayrılması aktla təsdiq etmişdir. İH-nin 214 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə həmin torpaq sahəsi ona ayrılmışdır. İH-nin 279 saylı, xx.xx.2003-cü il tarixli sərəncamı ilə ayrılan 30 m2 sahə, daha 27 m2 genişləndirilmişdir, yəni cəmi 57 m2 ayrılmışdır. İddiaçı həmin sahədə “Abşeron Şirniyyat" adlı istehsal və satış mağazası tikib, fəaliyyət göstərməyə başlamışdır. 2007-ci ilin dekabr ayının 16-da Abşeron RİH-nin göstərişi ilə fəhlələr gələrək texnika və canlı işçi qüvvəsinin köməyi ilə, heç bir səbəb göstərmədən, xəbərdarlıq etmədən kompensasiya ödəmədən, avadanlıqları çıxarmağa imkan vermədən obyekti yerlə yeksan etmişlər. Sonradan ona şifahi olaraq bildirdilər ki, kompensasiya ödəniləcək. Lakin, nə o vaxt, nə də sonralar ona heç bir kompensasiya ödənilməyib, fəaliyyət üçün başqa ərazi təklif edilməyib. Ən son olaraq etdiyi müraciətə İH-nin cavabında bildirilir ki, (2348 saylı, xx.xx.2020-ci tarixli məktub əlavə olunur), obyektin sökülməsi barədə İH-də məlumat yoxdur. Halbuki, Abşeron Rayon İH-nin vəzifəli şəxsləri ANS telekanalının 2008-ci il, 14 fevral tarixli xəbərlər buraxılışında bildirmişdir ki, obyekti İH-i sökülmüşdür. Obyektin sökülməsi və avadanlıqların dağıdılması nəticəsində ona 142 500 manat ziyan dəymişdir. Mövcud tikintilərin sökülməsi nəticəsində mülkiyyətçilərə dəymiş ziyanın hesablanmasına dair ekspert rəyinə əsaslanaraq ona məxsus obyektin hər 1 m2-nin əvəzinə 2500 manat kompensasiya ödənilməlidir. Ümumi sahəsi 57 m2 olan obyektə görə mənə 142 500 manat pul ödəməli olan İH-i illərdir müxtəlif bəhanələrlə ödənişi yubadır, onu get-gələ salır. Nəhayət, son cavabda bildirilir ki, ümumiyyətlə xəbərləri yoxdur. İH-i həmin söküntü ilə ona ziyan vurmuş, kompensasiya ödəməmişdir. Belə ki, qeyd olunan tikintinin sökülməsi nəticəsində onun hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, o Cavabdehnə qarşı kompensasiya tələbi ilə məhkəməyə müraciət etmiş, lakin işin məhkəmədən kənar həlli məqsədilə cavabdehə müraciət edərək əvəzində Xırdalan şəhərində yerləşən Misir parkının qarşısında iddiaçı tərəfindən köşk qoyulmasına razılıq verilməsini xahiş etmiş, lakin cavabdeh bu tələbinə də imtina ilə cavab vermişdir. Ona görə də Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirmək niyyətindədir və Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan ilkin iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının rayon İcra Hakimiyyətinə müraciətinə cavab olaraq da bildirilmişdir ki, adı çəkilən obyektin söküntüsü barədə rayon İH-də məlumat yoxdur, yəni birmənalı şəkildə qeyd edilri ki, həmin söküntü Cavabdeh tərəfindən aparılmamış və iddiaçıya heç bir maddi ziyan vurulmamışdır. Lakin iddiaçı iddia tələbini doğruldacaq sübut və faktların mövcud olmadığı halda söküntünün məhz Abşeron rayon İH-ti tərəfindən icra olunduğunu iddia edərək, ona dəymiş maddi ziyana görə rayon İH-dən 142500 (yüz qırx iki min beş yüz) manat kompensasiya tələb edir. İş materiallarindan da aydın olur ki, iddiaçının iddia tələbinin əsası yoxdur və heç bir mötəbər fakta əsaslanmır. Daha sonra cavabdeh təşkilat dəqiqləşdirilmiş iddia tələbinə etiraz edərək bildirmişdir ki, 2007-ci il tarixdə RİH tərəfindən Xırdalan şəhəri ərazisində iddiaçıya məxsus qeyriyaşayış obyektinin qanunsuz olaraq söküldüyünü, əvəzində heç bir kompensasiya ödənişi həyata keçirilmədiyindən məhkəmədə iddia qaldırdığı bildirilir, lakin mübahisənin məhkəmədən kənar həlli məqsədilə Xırdalan şəhəri ərazisində Misir parkının qarşısında köşk qoyulmasına icazə verilməsini xahiş edir. İddiaçının qeyd etdiyi qeyri-yaşayış obyektinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd və həmin obyektin RİH tərəfindən sökülməsinə dair sübutlar ərizəyə əlavə edilmədiyindən müraciətin təmin olunması mümkün deyildir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdeh başçısının 214 saylı, xx.xx.2003-cü il tarixli, 279 saylı, xx.xx.2003-cü il tarixli sərəncamların surəti, sökülmüş tikinti obyektinə dair video və fotoşəkillər, cavabdehin xx.xx.2020-ci il tarixli, 2348 nömrəli imtina məktubu, xx.xx.2023-cü il tarixli, 5- 29/2-İ-11-007/2023 nömrəli imtina məktubu, etirazları və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan qeyri-yaşayış obyektinə istifadə hüququnun yaranması vaxtdan yaranmış olur. Cavabdeh iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Cavabdeh hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən söküldüyünə görə və qeyd olunan ərazi üzrə müvafiq ticarət köşklərinin quraşdırılması səlahiyyəti Cavabdehnə aiddir. Belə olduğu tədqirdə Cavabdeh hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı ilkin olaraq cavabdehin qanunsuz hərəkətlərinə görə məhkəməyə kompensasiya tələbi ilə müraciət etmişdir. Lakin sonralar məhkəmə icraatı ərəfəsində iddia tələbini dəyişdirərək, ona köşk qoyulmasına icazə verilməsi üüçn iddiaçı Cavabdehnə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 5-29/2-İ-11-007/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat ümumilikdə iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonunun idarəçiliyi hüdudları daxilində yerləşdiyinə görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27ci məhəlləsində, H.Aslanov və 1269-cu keçidin kəsişdiyi ərazidə 2a saylı beşmərtəbə binanın qarşısında Cavabdeh başçısının 214 saylı, xx.xx.2003-cü il tarixli, 279 saylı, xx.xx.2003-cü il tarixli sərəncamları ilə İddiaçı qeyri-yaşayış obyekti tikilməsinə icazə verilmişdir. 2007-ci ildə Cavabdeh vəzifəli şəxslərinin göstərişi əsasında Abşeron rayonunda aparılan yenidənqurulma işləri ilə əlaqədar həmin qeyri-yaşayış obyekti sökülmüşdür. (müvafiq fakt məhkəməyə təqdim edilən video materialları ilə təsdiq olunur). İddiaçı istifadəsində olmuş qeyri-yaşayış sahəsinin sökülməsi nəticəsində ona dəymiş ziyanın kompensasiya edilməsi üçün cavabdehə müraciət etmiş lakin onun müraciəti müsbət həll edilməmişdir. Daha sonra iddiaçı mübahisənin həll edilməsi məqsədilə cavabdehə sökülmüş qeyri-yaşayış obyektinin sökülməsinin əvəzi kimi Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında ona köşk qoyulmasına icazə verilməsi üçün müraciət etmiş, lakin cavabdeh təşkilat onun müraciətini təmin etməkdən imtina edir. Cavabdeh təşkilat tərəfindən gətirilən yeganə arqument söküntü işlərinin inzibati orqan tərəfindən aparılmamasıdır. Cavabdeh təşkilatın iddia tələbinə dair gətirdiyi arqumentə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.2-ci bəndinə əsasən “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir. Əsasnamənin 3.11.9-cu bəndinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 35-ci, 74.2-ci, 75-ci, 80-ci və 102-ci maddələrində nəzərdə tutulmuş müvafiq məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edir. Qeyd olunan Məcəllənin 74.2-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan qeyri yaşayış binalarının söküntüsünə də icazə tələb olunur. Göründüyü kimi “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb edilən obyektələrin söküntüsünə rayon icra hakimiyyətinin icazəsi tələb edilir və bu məqsədlə yerli icra hakimiyyətlərinin üzərinə monitorinqlərin aparılaraq təmir-tikinti və memarlıq işləri ilə bağlı məlumatların Dövlət şəhərsalma kadastırına daxil edilməsi öhdəliyi qoyulmuşdur. Lakin yerli icra hakimiyyətinin üzərinə qeyd olunan öhdəliyin qoyulmasına baxmayaraq Cavabdeh qeyd olunan söküntü işlərinin onun tərəfindən həyata keçirilmədiyini bildirir və bu barədə məhkəməyə hər hansı bir arqument təqdim etmir. Halbuki, “İnzibati İcraat haqqında” Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. İddiaçının məhkəməyə təqdim etdiyi video çəkilişdən məlum olur ki, qeyd olunan ərazidə söküntü işləri kütləvi şəkildə aparılır, yəni ərazidə işləyən texnikanın birbaşa rayon icra hakimiyyətinin balansında olmasını birbaşa müəyyən etmək mümkün olmasa da cavabdehin kütləvi söküntülər barədə məlumatsız olması inandırıcı deyil. Belə ki, söküntü işləri gündüz vaxtı Xırdalan şəhərinin mərkəzində həyata keçirilmişdir. Qeyd olunanlar bir daha ona dəlalət edir ki, rayon ərazisində abadlıq işlərinin aparılması məqsədi ilə şəhərin arxitektura üslubuna uyğun gəlməyən tikililərin söküntüsü Cavabdeh tərəfindən həyata keçirilmişdir. Lakin həmin söküntünün qanuna uyğun qaydada həyata kerilməməsi nəticəsində əmlak sahiblərinə maddi ziyan vurulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, qanunsuz söküntülərin nəticəsində əmlak sahibinə dəymiş ziyan aradan qaldırılmaıldır. Belə ki, “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddia tələbinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirilmiş və mövcud olmuş tikilinin Xırdalan şəhərinin mərkəzində, 5 mərtəbəli yaşayış binasının qarşısında və ictimai parkla üzbəüz yerləşdiyi məlum olmuşdur. İddiaçı tərəfindən köşk qoyulması tələb edilən ərazi köhnə tikilidən 50 metr məsafədə küçənin əks istiqamətində Misir parkının qarşında yerləşir və həmin köşk qoyulacağı tədqirdə vətəndaşların, o cümlədən nəqliyyat vasitələrinin hərəkətinə məhdiyyət yaranmır. Qeyd olunanlar məhkəmə baxışı zamanı müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən Misir Parkının qarşısında İddiaçı köşk qoyulmasına icazə verilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar