Məhkəmə qərarları › İş №2-1(118)-2400/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2400/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2400/2022 14.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 X1 filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və ona 2022-ci ilin aprel ayından işsizliyə görə sığortanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinin tabeliyində X2 X1 filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və ona 2022-ci ilin aprel ayından işsizliyə görə sığortanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7,14,24,26,35,38,57,71-ci maddələrinə əsasən Azərbaycan Respublikası hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rihafı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları, əmək, sosial təminat, müraciət etmək hüququ vardır, hüquqların müdafiəsinə dövlət təminat verir. Belə ki, o Azərbaycan Respublikasının MN-nin QQ-da 2011-2022-ci illərdə müqavilə əsasında gizir rütbəsində xidmət etmiş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmiş, xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuş, 29 mart 2022-ci il tarixində müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuş, lakin 5 aprel 2022-ci il tarixində ƏƏSMN-nın Qubadakı məşğulluq xidmətinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə onun sistemdə iş stayı olmadığı bildirildi və buna görə işsizliyə görə müavinətin düşmədiyi bildirildi, halbuki hərbi qulluqdan qayıdanda o işləyib və buna görə də ona kart verilib, bundan qabaq MN-dən müqavilə ilə çıxan hərbçilərə məşğulluq xidmətindən işsizliyə görə müavinət verilib. Hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinin tabeliyində X2 X1 filialı iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia əsassız olduğundan mümkün sayılmamalıdır. İddiaçı qeyd olunan məsələ ilə əlaqədar dəfələrlə Agentliyə və Filiala yazılı və şifahi müraciətlər ünvanlamış və vətəndaşın bütün müraciətləri qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılmışdır. İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində 10 iyun 2022-ci il tarixindən işaxtaran kimi qeydiyyatdadır. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən............... və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə (bu Məcəllə aşağıdakı şəxslərə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə) uyğun olaraq bu qanunvericilik aktlarının tələbləri hərbi qulluqçularla bağlı əmək münasibətlərinin tənzimlənməsinə şamil edilmir və bu əmək münasibətləri Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Göründüyü kimi qanunvericiliyin mövqeyinə əsasən iddiaçı işsizlikdən sığorta ödənişinin əldə edilməsi əsaslarından biri olan əmək münasibətlərinin xitamı tələbinə cavab verməməkdədir. Çünki iddiaçının daha əvvəlki fəaliyyəti əmək münasibəti hesab edilməməklə “İşsizlikdən sığorta haqqında” Qanunun da təsir dairəsinə düşməməkdədir. Belə olduğu təqdirdə də şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi qeyri-mümkün xarakter daşıyır. İddiaçının daha əvvəlki fəaliyyətinin əmək münasibəti olaraq qanunvericilik tərəfindən tanınmadığı nəzərə alınmaq qeyd edilməlidir ki, məhz bu əsasa görə şəxsin işsizlikdən sığorta ödənişi almaq üçün subyektiv hüququ da yoxdur. Ona görə də iddia tələbi mümkün sayılmaması barədə qərardad qəbul edilməsinin məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən eyni tələb digər cavabdeh kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı qoyulsa da məhkəmə Azərbaycan Respublikası Müdafiə Nazirliyini müvafiq tələb üzrə cavabdeh qismində qalmasını məqsədəmüvafiq hesab etmədi. Belə ki, işsizlikdən sığorta ödənişinin verilməsi hüququ Müdafi Nazirliyinin səlahiyyətlərinə aid edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə (bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanun ...... (Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, habelə hərbi qulluqçulara) və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 6-cı maddəsinə (bu Məcəllə aşağıdakı şəxslərə şamil edilmir: a) hərbi qulluqçulara; b) məhkəmə hakimlərinə; c) Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına və bələdiyyələrə seçilmiş şəxslərə; ç) xarici ölkənin hüquqi şəxsi ilə həmin ölkədə əmək müqaviləsi bağlayıb əmək funksiyasını Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisədə (filialda, nümayəndəlikdə) yerinə yetirən əcnəbilərə; d) podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə) uyğun olaraq bu qanunvericilik aktlarının tələbləri hərbi qulluqçularla bağlı əmək münasibətlərinin tənzimlənməsinə şamil edilmir və bu əmək münasibətləri Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə tənzimlənir. Göründüyü kimi qanunvericiliyə əsasən iddiaçı işsizlikdən sığorta ödənişinin əldə edilməsi əsaslarından biri olan əmək münasibətlərinin xitamı tələbinə cavab verməməkdədir. Belə ki, iddiaçının daha əvvəlki fəaliyyəti əmək münasibəti hesab edilməməklə “İşsizlikdən sığorta haqqında” Qanunun da təsir dairəsinə düşməməkdədir. Belə olduğu təqdirdə də iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi mümkün deyildir. İddiaçının daha əvvəlki fəaliyyətinin əmək münasibəti olaraq qanunvericilik tərəfindən tanınmadığı üçün onun bu əsaslara görə şəxsin işsizlikdən sığorta ödənişi almaq üçün subyektiv hüququ da yoxdur. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyinin tabeliyində X2 X1 filialı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması və ona 2022-ci ilin aprel ayından işsizliyə görə sığortanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar