Məhkəmə qərarları › İş №2-1(118)-241/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-241/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-241/2023 16.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayon Saray Bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli 13 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə ona ayrılmış torpaq sahəsi və onun üzərində tikdirdiyi fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək cavabadehin üzərinə Abşeron rayon Saray Bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli 13 nömrəli qərarı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı hazırda Sumqayıt şəhəri Xüsusi tipli internat məktəbində idman müəllimi və Xüsusi Olimpiya Komitəsində məşqçi kimi fəaliyyət göstərir. Maddi imkanlarının aşağı olması, yaşayış yerinin olmaması səbəbindən, Azərbaycan Respublikasının İ Vitse-Prezidenti Mehriban xanım Əliyevaya ərizə yazmış və Mehriban xanım vətənini və xalqını sevən məmur kimi iddiaçının müraciətinə biganə qalmamış və onun göstərişi ilə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 2007-ci ildə ona Saray ərazisində fərdi mənzil tikilməsi üçün torpaq sahəsi verilmişdir. Torpaq sahəsini aldıqdan sonra o, bəzi sənədləşdirmə işləri aparmış, lakin müəyyən səbəblərdən sənədləşdirmə işlərini tamamlaya bilməmişdir. Daha sonra iddiaçı dostların, qohumların köməyi ilə həmin torpaq sahəsində fərdi ev inşa etmiş, kommunal təchizat sistemlərini quraşdırmışdır. Hazırda reyestrdən çıxarış alınması ilə bağlı bir neçə dəfə 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etməyinə baxmayaq, müəmmalı səbəblərdən ona reyestrdən çıxarışın verilməsindən imtina olunmuşdur. Həmin idarədə bir neçə dəfə ondan müəyyən sənədlər tələb olunmuş və iddiaçı həmin sənədləri təqdim etməyinə baxmayaraq, hələ də reyestrdən çıxarış verilməsindən boyun qaçırılır. Müraciətlərinə rəsmi cavab verilməsini tələb edən də 25 aprel 2022-ci tarixli imtina məktubu verilmişdir. Hesab edir ki, məktubda qeyd edilən əsaslar ilə mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsindən imtina edilməsi tam qanunsuzdur. Hesab edir ki, bu onun mülkiyyət hüquqlarının kobud surətdə pozulması deməkdir. Belə ki, iddiaçının mülkiyyəti ilə bağlı bir sıra hüquqları məhdudlaşır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ, İİ və İİİ bəndlərində göstərilmişdir ki, İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan göstərilən əsaslardan və Azərbaycan Respublikasının Konstitusiyasının müddəalarından da göründüyü istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıdakı hərəkətlərdən məlum olur ki, cavabdeh şəxslərin hərəkətləri nəticəsində iddiaçının bir sıra mülkiyyət hüquqları pozulur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı bildirmişdir ki, qonşu torpaqlara mülkiyyət sənədi verilsədə ona əsassız olaraq imtina olunur. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 14 mart 2022-ci il tarixli, ********** daxilolma nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, Saray Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin 13 iyul 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının 10 iyun 2019-cu il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin təqdim edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub- olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid edildiyi aşkar edilmişdir. Həmçinin müvafiq bələdiyyənin 13 saylı qərarı 13 iyul 2007-ci il tarixdə verilsə də, təhkim aktının 11 iyul 2007-ci il tarixdə verildiyi müəyyən edilmişdir Eləcə də müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002- ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanlan”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. O zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydalan”na Əlavədə Torpaqların alqı-satqısına dair Aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə Torpaqların alqı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alqı-satqısına dair Akt” çıxarılmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 23 oktyabr 2007-ci il tarixli, 466-İİİQD saylı Azərbaycan Respublikası Qanununa əsasən “X1 edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi yeni redaksiyada verilərək bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir sözü ilə əvəz olunmuşdur. Həmin Məcəlləsinin 67 və 68-ci maddələrinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə müvafiq olaraq, ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır. Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.14-cü bəndinə əsasən ehtiyat fondu torpaqlarının bu Qaydalarla müəyyən edilmiş əsaslar üzrə istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nüamyəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı cavabdehin üzərinə ona ayrılmış torpaq sahəsi və onun üzərində tikdirdiyi fərdi yaşayış evinə dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə etirazında qeyd edir ki, Saray Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin 13 iyul 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının 10 iyun 2019-cu il tarixdə verildiyi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin təqdim edilmədiyi müəyyən edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Bundan başqa, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid edildiyi aşkar edilmişdir. Həmçinin müvafiq bələdiyyənin 13 saylı qərarı 13 iyul 2007-ci il tarixdə verilsə də, təhkim aktının 11 iyul 2007-ci il tarixdə verildiyi müəyyən edilmişdir Eləcə də müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin möhürü ilə) təsdiq edilmədiyi müəyyən edilmişdir. Məhkəmə cavabdeh inzibati orqanın dəlillərini iddianın təmin edilməməsi üçün əsas hesab etmir . Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon Saray Bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli, 13 saylı Qərarı ilə İddiaçı bələdiyyə torpaqlarının baş planına əsasən fərdi ev tikmək üçün 0.06 ha torpaq sahəsi satılmışdır. 05 saylı alqı-satqı aktı xx.xx.2019-cu il tarixdə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Məhkəmə hesab edir ki, Saray Bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin 13 iyul 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının 10 iyun 2019-cu il tarixdə verilməsi, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin təqdim edilməməsi müraciətin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, İddiaçı verilən sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumununun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Cavabdehin dəlillərində biri də ondan ibarətdir ki, daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün torpaq sahəsinə müayinə baxışı keçirilərkən, torpaq sahəsinin kəndin perspektiv inkişafı üçün nəzərdə tutulmuş ərazidən kənarda, yaşayış məntəqələrinin torpaqları üçün nəzərdə tutulmamış təyinatına və hüquqi rejiminə görə bələdiyyənin ehtiyat fondunun torpaqlarına aid edildiyi aşkar edilmişdir. “X1 Edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 6.3. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı nəzərə alınaraq inzibati orqan tərəfindən müayinə aktı və ortofoto baza xəritəsindən, habelə qonşu torpaq sahələrinin təyinatları göstərilməklə ortofoto baza xəritəsindən çıxarış məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddən görsənir ki iddiaçının torpaq sahəsinin ətrafındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyatdan keçmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayon Saray Bələdiyyəsinin 13 iyul 2007-ci il tarixli 13 nömrəli qərarı ilə ayrılmış 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar