Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-241/2025 24.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxs X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 29 iyun 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-051011-093034 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən mənzil paylı mülkiyyət olaraq İddiaçı və X8 mülkiyyətindədir.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 13 may 2022-ci il tarixli, **********51 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, yaşadığı mənzilin özəlləşdirilməsi zamanı ailə üzvləri qeyd olunan mənzilin adına özəlləşdirilməsinə razılıq versələr də, həmin mənzildə onların payları əvvəlcədən müəyyən olunmamışdır. Ona görə də, qeyd olunan mənzil ümumibirgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda nəzərə çatdırılmışdır ki, qeydiyyata alınmış əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yalnız məhkəmə qərarı əsasında ləğv edilə bilər.
3. Azərbaycan Respublikası Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı şəhər Mənzil İstismar sahəsinin 14 mart 2011-ci il tarixli, 24 nömrəli arayışı.
4. Şamaxı Rayon Məhkəməsinin 6 fevral 2017-ci il tarixli, 2(074)-74/2017 nömrəli qətnaməsi ilə iddiaçı X8 cavabdeh İddiaçı qarşı “onun ünvan 4 ünvanında yerləşən evə məcburi köçürülməklə, evdən payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X8 ünvan 4 ünvanında yerləşən evə köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin 14 mart 2025-ci il tarixli, 3-21-3-41/2-812/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlər qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 29 iyun 2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-051011-093034 reyestr nömrəli çıxarış (§1); - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, **********10-051011-093034 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən əmlak 29 iyun 2016-cı il tarixli, ********** nömrəli qeydə əsasən İddiaçı və 24 sentyabr 2016-cı il tarixli, ********** nömrəli qeydə əsasən X8 paylı mülkiyyətindədir; - Şamaxı Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(074)-38/2022 nömrəli “İcra vərəqəsi”ndən görünür ki, ünvan 3-nın açıq hərracdan satılması və mənzilin satışından əldə edilən vəsait X14 və İddiaçı arasında bərabər paylarda bölünməsi 27 iyul 2022-ci il tarixli, 2(074)-38/2022 nömrəli qətnamə ilə qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır; - “X2” "xxxx" MMC-nin 15 avqust 2023-cü il tarixli, 201/23 nömrəli “Hərrac yekunları barədə protokol”dan görünür ki, ünvan 3 ünvanda yerləşən əmlaka dair keçirilmiş hərracın qalibi X10r; - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən 30 avqust 2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********10-051011-093034 reyestr nömrəli çıxarıdan görünür ki, ünvan 3 ünavnda yerləşən əmlak X8 xüsusi mülkiyyətindədir və o, həmin əmlakın tam payının sahibidir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
6. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmiş 29 iyun 2016-cı il tarixli, **********10-05101-093034 reyestr nömrəli çıxarışın ləğv edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin hallarına istinad edərək onunla əsaslandırılmışdır ki, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilinin icarədarı iddiaçının mərhum anası X6muşdur. Həmin mənzildə anası X12, atası İddiaçı Əlisahab oğlu, bacıları X15, X11, qardaşları X20, X19 və iddiaçı yaşayırdılar. 1990-cı ildə qardaşı X4 Yavər Əlikram qızı ilə evlənib həmin mənzildə yaşamışlar. Maislə Yavərin birgə nikahından 1992-ci ildə oğlu Rauf, 1995-ci ildə isə qızı Aydan doğulmuşdur. Aydan doğulduqdan sonra Mais Şamaxı şəhərində 1 otaqlı mənzil alıb, onların evindən daimi olaraq həmin mənzilə köçərək, orada yaşamağa başlamışlar və bir daha yaşadığı ünvan 5 ünvana qayıdıb, orada yaşamamışlar və bununla da həmin mənzildən istifadə hüquqlarını itirmişlər. 1997ci ildə qardaşı Mais vəfat etmişdir. Maisin vəfatından sonra Yavər həmin evi satıb, uşaqları ilə birlikdə Bakı şəhərinə köçərək iddiaçı ilə əlaqəsini tamamilə kəsmişdir. 10 dekabr 2001-ci il tarixdə isə atası İddiaçı vəfat etmişdir. Mənzilin özəlləşdirilməsi ilə əlaqədar 24 iyun 2016-cı il tarixdə cavabdehə müraciət edilmişdir. Cavabdehə müraciət edərkən Şamaxı rayon KTÇİM-nin təqdim etdyi 7 iyun 2016-cı il tarixli, 20 nömrəli arayışda (2 №-li formada) mənzilə hüququ olan şəxslərin sırasında anası X5, bacıları X9, X3, qardaşı X16, iddiaçının, eyni zamanda X8 adı göstərilmişdir. X1 hələ əri Əliyev Maisin vəfatından əvvəl yaşayış yerini dəyişərək, həmin vaxtdan bir daha iddiaçıya məxsus mənzildə yaşamadığından mənzildən istifadə hüququnu itirmişdi və icarədarın ailə üzvü hesab edilmirdi. Odur ki, mənzil özəlləşdirilən zaman anası X12, bacıları X15, X11, qardaşı X19 cavabdehə ərizə verib öz paylarından iddiaçının xeyrinə imtina edərək, mənzilin iddiaçının adına özəlləşdirilməsini xahiş etmişlər. Lakin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən iddiaçının adına 29 iyun 2016-cı il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışda X8 da adı qeyd edilmişdir. Bununla belə, Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 19 nömrəli evin 16 saylı mənzilinin özəlləşdirilməsindən əvvəl X13 həmin mənzildə qeydiyyatda olmaması Şamaxı şəhər Mənzil İstismar sahəsinin 14 mart 2011-ci il tarixli, 24 nömrəli, 2 saylı forma arayışı ilə təsdiq edilmişdir. Belə ki, Şamaxı şəhər Mənzil İstismar sahəsi tərəfindən 14 mart 2011-ci il tarixdə X7 adına verilmiş 24 nömrəli, 2 saylı forma arayışında mübahisəli mənzildə daimi və müvəqqəti qeydiyyatda olan şəxslərin adları göstərilmişdir. Həmin arayışa əsasən mənzilin icarədarı qismində X12, onun ailə üzvləri, 2001-ci ildə vəfat etmiş həyat yoldaşı İddiaçı Əlisabah oğlu, 1997-ci ildə vəfat etmiş oğlu X20, qızları X15, X11, oğlanları X19 və İddiaçı mənzilin qeydiyyatındadırlar. Lakin istinad edilən arayışda mənzildə qeydiyyatda olan şəxslərin sırasında X8 adı olmamışdır. Göründüyü kimi, işin yuxarıda istinad edilən hallardan ilə müəyyən olunur ki, X14 mübahisəli mənzilin özəlləşdirilməsində qanuni əsas olmadan iştirak etmiş və qanunsuz olaraq onun mübahisəli mənzil üzərində ½ pay hüququ qeydiyyata alınmışdır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasında “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 33.1-ci maddələrinə istinad olunmuşdur.
9. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. Məhkəmənin 30 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3423/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “çıxarışın ləğvi” tələbinə dair iş üzrə X14 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) məhkəmə icraatına cəlb edilmişdir.
11. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı cavabdehin etirazın dəlilləri:
12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim etmiş, imtina məktubunun əsaslarına istinad edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinə istinad edilmişdir.
İddia ərizəsinə qarşı üçüncü şəxsin etirazın dəlilləri:
14. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, mövcud olan əvvəlki məhkəmə mübahisəsinin hallarına isinad edərək bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən keçirilmiş hərracda mübahisə predmeti olan mənzili əldə etmiş, hazırda da həmin əmlak tam payı üzrə onun xüsusi mülkiyyətindədir.
c) Tərəflərin iştirakı və izahatları:
15. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdeh tərəfindən verilən, hazırda mübahisələndirilən çıxarışda mülkiyyətçilərin payları səhv göstərilmiş, ümumiyyətlə onların payların müəyyən edilməsi, mənzilin özəlləşdirilməsi düzgün həyata keçirilməmişdir. Ali Məhkəmə tərəfindən qəbul edilmiş qərarını tərəfindən mübahisələndirmədiyini qeyd etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsi ilə təmsil olunmamışdır.
17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs iddia tələbi ilə razılaşmadığını bildirmiş, tərəfindən təqdim edilən etirazın dəlillərinə (§15) əsaslanaraq, iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. b) Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”
“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ...
“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi ... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. ...” “Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...” “Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...” Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası] Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). ...
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakı müddəalar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
32. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını nəzərə alaraq, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara mövcud olan qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
33. İddiaçı tələbinin əsası kimi qeyd olunmuşdur ki, 29 iyun 2016-cı il qeydiyyat tarixli, **********10-051011-093034 reyestr nömrəli çıxarışa əsasən mübahisə predmeti olan mənzil üzərində mülkiyyətçilərin payları düzgün bölünməmiş, mülkiyyət hüquqların qeydiyyatı səhv aparılmışdır.
34. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edərək, mübahisələndirilən mənzilin özəlləşdirilməsi zamanı iddiaçının ailə üzvləri qeyd olunan mənzilin adına özəlləşdirilməsinə razılıq versələr də, həmin mənzildə onların payları əvvəlcədən müəyyən olunmamışdır.
35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
36. Hazırkı iddia tələbi “çıxarışın ləğv edilməsi” olaraq qaldırılmışdırsa da, işin müəyyən olunmuş hallarından, tədqiq edilən materiallarından və iddiaçı tərəfinin verilmiş izahatlarından müəyyən edilir ki, iddia tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən ibarətdir.
37. Məhkəmə araşdırılması zamanı hazırkı mübahisə predmeti ilə bağlı digər məhkəmə mübahisəsinin və qüvvədə olan qətnamənin mövcudluğu müəyyən edilmişdir.
38. İddiaçı cavabdeh tərəfindən mülkiyyət hüquqlarının qeydiyyatını düzgün aparılmamasını bildirsə də, işin hallarından müəyyən edilir ki, həmin qeydiyyat qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aparılmış, həmçinin mənzil üzərində mülkiyyətçilərin payları müəyyənləşdirilmiş, kassasiya instansiyasının qərarı ilə qüvvədə saxlanılmış və iddiaçı tərəfindən artıq mübahisələndirilmir.
39. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(102)-1323/2023 nömrəli qərarından müəyyən edilir ki, iddiaçı X14 (hazırkı üçüncü şəxs) cavabdeh İddiaçı (hazırkı iddiaçı) qarşı “şərikli mülkiyyətdə olan evin qiymətləndirilməsi və açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş 24 sentyabr 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarış əsasında mülkiyyətində olan ünvan 6 ünvanındakı evin məcburi qaydada açıq hərracdan satışa çıxarılaraq əldə olunmuş vəsaitin yarısının ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
40. Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(074)-38/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(105)-2219/2022 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
41. Cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2023-cü il tarixli, 2(102)-1323/2023 nömrəli qərarı ilə təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 noyabr 2022-ci il tarixli, 2(105)-2219/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Beləliklə, Şamaxı Rayon Məhkəməsinin 27 iyul 2022-ci il tarixli, 2(074)- 38/2022 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş, 19 aprel 2023-cü il tarixdə icra edilməsi üçün göndərilmiş və müvafiq qurum tərəfindən icra olunmuşdur.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir. Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”
44. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
45. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
46. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı ““Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən verilmiş 29 iyun 2016-cı il tarixli, **********10-05101-093034 reyestr nömrəli çıxarışın ləğv edilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova