Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2411/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçnın nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi İ qrup əlil övladı X2 qulluq etməsi müddətinin onun sığorta stajına hesablanması və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi və iş stajının bərpası”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum oğlu X4 xx.xx.1983-cü il tarixində anadan olmuşdur. O, uşaqlıqdan İ qrup əlill olmuşdur. Həyat yoldaşı X5 da ağır xəstəlikdən əziyyət çəkdiyi üçün oğluna o, qulluq etməli olmuşdur. Belə ki, 2003-cü ildən həyat yoldaşı Şahbikə İsmayılova özü hərəkət etmək qabiliyyətini itirdiyi üçün həm mərhum həyat yoldaşına, həm də oğluna o, qulluq etmişdir. Bununla əlaqədar Qobustan rayonu Qurbançı kənd icra nümayəndəsi tərəfindən müvafiq arayış da verilmişdir. Yəni həmin arayışdan da görünür ki, xx.xx.2003-cü ildən xx.xx.2015-ci ilə qədər, yəni vəfat edənə qədər oğlu İsmayılov İsmayıla o, qulluq etmişdir. Buna görə də o, həmin müddətin sığorta stajına hesablanması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan tərəfindən onun ərizəsinin təmin olunmasından imtina olunmuşdur və ona xx.xx.2020-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinətin təyin edilməsini, xx.xx.2022-ci il tarixindən isə həmin sosial müavinətin 180 manat məbləğində olduğunu bildirmişlər. Eyni zamanda sığorta stajı az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunduğu bildirilmişdir. Hesab edir ki, bu hal onun hüquqlarımın pozulmasına gətirib çıxarır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Belə ki "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə 28 aprel 2022-ci il tarixli qərarının orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə qulluqetmə müddəti üzrə 4.1.6-cı maddəsinin müddəalarına əsasən; 1.qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluq edənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2.Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MElS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3.Qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən. İddiaçı iddia ərizəsində oğlu İsmayıl İsmayılova xx.xx.2003-cü il tarixdən xx.xx.2015ci il tarixədək qulluqetmə faktının Qobustan rayon Qurbançı kənd icra nümayəndəsi tərəfindən verilmiş arayış əsasında təsdiq edilməsini tələb edir. Lakin qeyd etməyi zəruri hesab edirik ki, qulluqetmə faktının arayış əsasında təsdiq edilməsi qanunvericiliyin tələblərinə ziddir. Yuxarıda qeyd olunan qanunvericilik normasının tələblərinə əsasən qulluqetmə faktı qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən müəyyən olunur. Həmçinin bildiririk ki, xx.xx.1983-cü il təvəllüdlü X4 xx.xx.2015- ci il tarixdə vəfat etmişdir. Bu halda müvafiq iş üzrə qulluqolunan tərəfindən ərizə təqdim olunması halı mümkünsüzdür. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. - İX-ЖГ № 320710 saylı, 06 may 1983-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 20 fevral 1983-cü il tarixdə anadan olmuşdur, atası İddiaçı, anası X1r. - 158263 saylı, 14 oktyabr 2003-cü il tarixli DSMF Qobusran rayon şöbəsi tərəfindən verilmiş vəsiqəsinin surətindən görünür ki, X4 uşaqlıqdan birinci qup əlil olmuşdur və ona ömürlük birinci qrup əlillik təyin edilmişdir. - AZ-İİ № 190976 saylı, 30 noyabr 2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. - AZ-İ № 511086 saylı, 01 iyun 2012-ci il tarixli X3 xx.xx.2012-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti təmin edilməmişdir. - Qobustan rayon İcra Hakimiyyətinin Qurbançı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 203 saylı, 16 dekabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı arvadı X3 xx.xx.2003-cü il tarixdə Qobustan rayon Ərəbşahverdi kəndində baş beynin xəstəliyi əlaqədar yataq xəstəsi kimi qeydə alınmışdır, ona görə də onun oğlu İ (birinci) qrup əlil X2 onun atası İddiaçı xx.xx.2003-cü ildən xx.xx.2015-ci il tarixədək baxmışdır.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı onun xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi İ qrup əlil övladı X2 qulluq etməsi müddətinin onun sığorta stajına hesablanaraq, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının iddiaçıya ünvanladığı 02 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtinasının əsası kimi iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi İ qrup əlil övladı X2 qulluq etməsi ilə bağlı arayışla tanınanaraq, ona yaşa görə əmək pensiyası təyin edilməsinin qanunvericiliyin tələblərinə zidd olmasını göstərmişdir. Hal-hazırda iddiaçının məhkəmədən tələbi xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi İ qrup əlil övladı X2 qulluq etdiyi müddətin onun sığorta stajına hesablanaraq, ona yaşa görə əmək pensiyası təyin edilməsindən ibarətdir. Məhkəmə iş materiallarını hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina əsaslı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yaşa görə əmək pensiyasının təyin edilməsi şərtlərini müəyyən edən 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt müəyyən edilmişdir: qanunla müəyyən olunmuş yaş həddinə çatmaq və zəruri pensiya kapitalına və ya 25 il sığorta stajına malik olmaq. Qeyd edilən şərtlərdən hər hansının mövcud olmaması, şəxsin yaşa görə pensiya hüququnun olmadığı barədə nəticəyə gəlməyə əsas verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İnzibati iş materiallarında olan Qobustan rayon İcra Hakimiyyətinin Qurbançı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 203 saylı, 16 dekabr 2022-ci il tarixli arayışdan və iddiaçının nümayəndəsi həmçinin vəkilinin izahatından müəyyən edilir ki, iddiaçı oğlu İ (birinci) qrup əlil X2 xx.xx.2003-cü ildən xx.xx.2015-ci il tarixədək qulluq etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.8ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan ahıllara qulluqetmə müddəti üzrə sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 1.patronajın təyin edilməsi barədə qərara əsasən; 2.qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 3.qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən; Yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi qulluqolunan şəxs vəfat etmişdirsə, ona qulluq edilmə müddətinin qulluqedənin sığorta stajına daxil edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının qulluq etdiyi birinci qrup əlillik oğlu 20 fevral 1983-cü il təvəllüdlü X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İddiaçının oğlu vəfat etdikdən sonra onun oğluna xx.xx.2003-cü ildən xx.xx.2015-ci il tarixədək qulluq etməsinə dair istinad etdiyi arayış Qobustan rayon İcra Hakimiyyətinin Qurbançı kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən 203 saylı, 16 dekabr 2022-ci il tarixdə tərtib edilmişdir. Lakin qanunvericiliyin tələblərindən göründüyü kimi, qulluqolunan şəxs vəfat etmişdirsə, ona qulluq edilmə müddətinin qulluqedənin sığorta stajına daxil edilməsi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qərarı tələb olunur. Göründüyü kimi iddiaçının mərhum oğluna qulluq edilməsi faktı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, belə olan halda qulluq müddəti iddiaçının sığorta stajına daxil edilə bilməz. Beləliklə, azı 25 il sığorta stajının yaxud fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi ilə bağlı ikinci şərt iddiaçıya münasibətdə ödənilməmişdir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi İ qrup əlil övladı X2 qulluq etməsi müddətinin onun sığorta stajına hesablanması və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi İ qrup əlil övladı X2 qulluq etməsi müddətinin onun sığorta stajına hesablanması və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva