Məhkəmə qərarları › İş №2-1(118)-2414/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2414/2023

27.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2414/2023 27.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “X2 məxsus olan və həyat yoldaşına vərəsəliklə verilməli olan Şamaxı rayon Məlhəm kəndindəki 3 otaqlı və 2 otaqlı fərdi yaşayış evlərinin hansı əsaslarla həyat yoldaşının əmisi X10 mülkiyyətinə verilməsinə dair sənədlərin təsdiq olunmuş nüsxələrinin, o cümlədən həmin fərdi yaşayış evlərnin mövcud sənədlərinin təsdiq olunmuş nüsxələrinin verilməsi və bu öhdəliyin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı qaynatası X9 məxsus torpaq sahəsində tikdiyi evə vərəsəlik qaydasında Çıxarış almaq istəyir. Belə ki, Şamaxı rayon Məlhəm kəndindəki bir mərtəbəli, 3-otaqlı fərdi yaşayış evi və həmin həyətdə tikilmiş digər əlavə bir mərtəbəli 2-otaqlı fərdi yaşayış evi qaynatası X9 məxsus olmuşdur. Həyat yoldaşı X14 7 yaşında olarkən onun valideynləri ağır avloqəza hadisəsi nəticəsində vəfat etmişlər. Bundan sonra 7 yaşlı uşaq olan X12 onun əmisi - X15 qəyyumluğa götürmüşdür. Lakin bu zaman Sabir Bədirovun əsas məqsədi heç də qardaşı uşağını saxlamaq yox, uşağın valideynlərinə məxsus daşınmaz əmlakları qeyri-qanuni yollarla mənimsəyib öz adına keçirmək olmuşdur. Belə ki, Sabir Bədirov, vəfat etmiş qardaşı oğlu Arif Bədirovu o vaxt 7 yaşında uşaq görüb vərəsəlik yolu ilə uşağın adına keçirilməli olan Şamaxı rayon Məlhəm kəndində tikilmiş 3- otaqlı və 2-otaqlı fərdi yaşayış evlərini dediklərinə görə özəlləşdirib öz adına keçirmiş və buna dair xüsusi mülkiyyət hüququ ilə Çıxarış almışdır. Halbuki, belə əməllər qanunsuzdur - həm Dövlət Notariat Kontoru, həm də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti buna imkan verməməli idi - lakin bu baş vermişdir. X3 2020-ci ilin ortalarında (iyul-avqust aylarında) bildirmişdi ki, mərhum qardaşı X9 məxsus evləri onun oğluna, yəni həyat yoldaşı X13 qaytaracaq və ən azından hər iki evdən ona düşəsi payları razılıqla verəcəkdir. Lakin həyat yoldaşının əmisi X3 sözünü tutmamış və o, 2020ci ilin dekabrında artıq vəfat etmişdir. Bu məsələni mərhum Sabir Bədirovun həyat yoldaşı X11 xatırlatdıqda, o hər iki fərdi yaşayış evinin özünə məxsus olduğunu bildirmiş və bundan X13 vərəsəliklə miras payı verilməsinin əleyhinə olmuşdur. Yuxarıda qeyd olunan məsələ ilə bağlı X19 Xidmət Mərkəzində Notariat ofısinə və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 aylı Şamaxı Ərazi İdarəsinə rəsmi müraciətlər edib Şamaxı rayon Məlhəm kəndində qaynatası X9 məxsus olan fərdi yaşayış evlərinin onun qardaşı X10 adına hansı əsaslarla xüsusi mülkiyyətə verilməsi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Həmin evlərin sənədlərinin və o cümlədən Çıxarışının heç olmazsa adi surətlərini göndərməklərini həmin Dövlət Orqanlarından xahiş etmişdir. X19 Xidmət Mərkəzində Notariat Ofisindən göndərilmiş 65 saylı, 13 yanvar 2023-cü il tarixli aktında mərhum X7 vərəsələri barədə məlumatın notariat sirri olduğu yazılmış və konkret məqsədli müraciətimə cavab verilməsindən imtina edilmişdir. Bu cavab məktubunu 24 yanvar 2023-cü il tarixdə almışdır və onun əsilini bu ərizəyə daxil etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsindən göndərilmiş **********14 saylı, 23 yanvar 2023-cü il tarixli imtina aktında isə yazılmışdır ki, onların başqa şəxsin əmlaklarına dair məlumatlara cavab vermələri mümkün deyildir. Bu aktın əsilini ərizəsinə daxil etmişdir. Bundan əvvəlki müraciətlərinə Şamaxı Rayon Polis Rəisindən və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsindən rəsmi cavab məktubları göndərilmişdir. Hər iki cavab məktubunda məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Şamaxı Rayon Polis Rəisindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsindən göndərilmiş uyğun olaraq 188-87588B saylı, xx.xx.2022- ci il tarixli və 013-39639-124 saylı, xx.xx.2022-ci il tarixli cavab məktublarının əsillərini də bu ərizəyə daxil etmişdir. Şamaxı rayon İHB-nm Məlhəm kənd İƏD-si üzrə nümayəndəliyindən verilmiş 23 yanvar 2023-cü il tarixli arayışların asillərindən görünür ki, iddiaçı və həyat yoldaşı X1 yaşayır. AZ-İ № 480926 nömrəli 25 avqust 2009-cu il tarixli nikah şəhadətnaməsinin notarial təsdiqli surətindən görünür ki, X16 ilə aralarında nikah müqaviləsi vardır. Bu sənədi ərizəyə daxil etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddia tələbi aydınlaşdırılmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı X2 məxsus olan və həyat yoldaşına vərəsəliklə verilməli olan Şamaxı rayon Məlhəm kəndindəki 3 otaqlı və 2 otaqlı fərdi yaşayış evlərinin hansı əsaslarla həyat yoldaşının əmisi X10 mülkiyyətinə verilməsinə dair sənədlərin təsdiq olunmuş nüsxələrinin, o cümlədən həmin fərdi yaşayış evlərinin mövcud sənədlərinin təsdiq olunmuş nüsxələrinin verilməsini istəyir. Cavabdeh tərəfindən 23 yanvar 2023-cü il tarixli, **********14 saylı məktubda da göstərilmişdir ki, “ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir Ona görə də, ərizənizdə qeyd olunan digər şəxslərin əmlaklarına dair məlumatların verilməsi mümkün olmamışdır.” Bununla bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən cavab verilmişdir. Lakin idddiaçının tələbi mahiyyəti etibarı ilə digər şəxsə aid istədiyi zəruri sənədlərin təqdim edilməsindən ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Göründüyü kimi qanunvericiliklə daşınmaz əmlakın dövlət reyestri haqqında məlumatların verilmə həddi müəyyən edilmişdir. Cavabdeh inzibati orqan qanunvericiliyə uyğun olaraq iddiaçının müraciətini cavablandırmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mərhum ərinin vərəsəsi olması ilə bağlı sənəddə məhkəməyə təqdim edilməmişdir. İddiaçıya izah edilsin ki, ilkin olaraq vərəsə olmasını qanunvericiliyə uyğun olaraq müəyyən edilməsinə nail olmalıdır. Bundan sonra isə əlverişli hüquq müdafiə vasitəsi seçilməsi istisna edilmir. Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar