Məhkəmə qərarları › İş №2-1(118)-2415/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2415/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2415/2023 24.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “09 avqust 2008-ci il tarixdə doğulmuş Jasmin adlı uşağa doğum haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qusar rayonu Cağar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, 07 fevral 2004-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, nikahı Qusar rayon İHB-nm Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən qeydiyyata alınmışdır. 09 avqust 2008-ci il tarixdə onların Jasmin adlı uşağı olmuş, həmin uşaq ev şəraitində doğulmuşdur. 06 oktyabr 2008-ci il tarixdə Qusar rayon İHB-nm Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən həmin uşağın doğumu akt qeydləri kitabında 27 nömrə ilə qeydə alınmış və AZ-İİ 121751 saylı doğum haqqında Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Sonradan həmin doğum haqqında şəhadətnamə əsasında uşağın adına şəxsiyyət vəsiqəsi də alınmışdır. Halhazırda həmin uşaq tam sağlamdır, yaşadığı ünvanda qeydiyyatdadır.Bu yaxınlarda Jasmin adlı uşağın adına yeni şəxsiyyət vəsiqəsinin alınması üçün Cavabdehndən doğum haqqında arayışın alınması zərurəti yaranmış, bununla bağlı həmin şöbəyə müraciət olunmuşdur. Həmin şöbə tərəfindən bildirilmişdir ki, “rayon qeydiyyat şöbəsində Jasmin adlı uşağın doğumu haqqında akt qeydi mövcud deyildir, doğumun qeyd edilməsi isə mümkün deyildir”. Orada uşağın doğum haqqında şəhadətnaməsini göstərdikdə isə həmin şəhadətnamənin düzgün verilmədiyi bildirilmişdir. Beləliklə, cavabdeh orqan doğum haqqında arayışı verməkdən əsassız olaraq imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək, 09 avqust 2008-ci il tarixdə doğulmuş Jasmin adlı uşağın doğumu qeyd edilməklə, doğum haqqında akt qeydinin bərpası öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05-Q-22/15 saylı imtina məktubu, imtina arayışı, Qusar rayon İHB-nın Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışlar, Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ-121751 nömrəli doğum haqqında şəhadətnamənin surəti, şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı övladı 09 avqust 2008-ci il tarixdə doğulmuş X2 üçün doğum haqqında şəhadətnamənin bərpa edilməsi məqsədilə Cavabdehnə müraciət etmişdir. Lakin uşağın doğumu haqqında tibbi şəhadətnamə olmadığı üçün Cavabdeh ona doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir.İşin araşdırılan hallarından məlum olmuşdur ki, mübahisənin predmeti doğum qeydi ilə bağlı deyil, mövcud olmuş doğum qeydinin əks olunduğu doğum haqqında şəhadətnamənin bərpa edilməsindən ibarətdir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarının 2.5.3-cü maddəsinə əsasən doğumun qeydə alınması üçün doğum faktını, vaxtını və yerini təsdiq edən sənəd təqdim edilməlidir. İş materiallarından göründüyü kimi iddiaçının övladına Qusar rayon İcra Hakimiyyəti başçısının Zindan Muruq kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ-121751 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, onun övladına qeydiyyat orqanı funksiyasını həyata keçirən müvafiq icra hakimiyyəti tərəfindən doğum haqqında şəhadətnamə verilmişdir. Lakin cavabdeh təşkilatın həmin akt qeydinin düzgün verilməməsini əsaslandıra bilməmişdir. Əksinə məhkəmə tərəfindən Qusar rayin Qeydiyyat şöbəsinə ünvanlanan cavab məktubundan bəlli olmuşdur ki, Jasmin Bağırovanın adına verilmiş AZ-İİ 121751 seriya nömrəli doğum haqqında şəhadətnamə Zindan Muruq kənd İƏD nümayəndəliyinə təqdim edilmişdir. Bu isə bir daha ona dəlalət edir ki, Jasmin Bağırovanın doğum qeydi qeydiyyata alınmış lakin bu barədə Qusar qeydiyyat şöbəsinə məlumat verilməmişdir. Ona görədə cavabdeh inzibati orqan kənd icra nümayəndəliyi tərəfindən verilmiş akt qeydini bərpa edərək, müvafiq avtomatlaşdırılmış informasiya sisteminə daxil etməlidir. Belə ki, icra nümayəndəliyi tərəfindən verilmiş doğum haqqında akt qeydi cavabdeh inzibati orqan tərəfindən verilmiş sənədə bərabər tutulur. Ona görə də Cavabdeh irəli sürdüyü imtina əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 09 avqust 2008-ci il tarixdə doğulmuş Jasmin adlı uşağın doğumu qeyd edilməklə, doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi Cavabdehnə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar