Məhkəmə qərarları › İş №2-1(118)-242/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-242/2020

02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-242/2020 02.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə qarşı “cavabdehin imtinasının əsassız sayılması və onun 1991-1994-cu illərdə Abşeron rayonu “Qobu” kənd təsərrüfatı istehsalı müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması və hüququ yaranan andan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı yaşa görə Əmək pensiyası hesablanması üçün sənədlərini Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsinə təqdim etmişdir. Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə onun 1991-1994-cü illərdə Abşeron rayon “Qobu” kənd təsərrüfatı istehsalı müəssisəsində işlədiyi dövrləri əmək kitabçasında qeydiyyatı olmasına baxmayaraq qarşılıqlı yoxlama zamanı yoxlamaq mümkün olmadığından və əmrlər kitabında işdən çıxma əmri olmadığından ona pensiya təyin olunmasından imtina etmişdir.O DSMF-nun Şamaxı rayon şöbəsinin bu imtinasını əsassız hesab edir və belə ki , o, xx xxxxxx 1954–cü il tarixdə Bakı şəhərində anadan olmuş, hal-hazırda Şamaxı şəhərində yaşayır. Əmək fəaliyyətinə 1969–cu ildə Qobu qoyunçuluq sovxozunda başlamış və 1994–cü ilə kimi həmin təsərrüfatda çoban olmuşdur. Bu onun əmək kitabçasında tamamilə öz əksini tapmışdır. Arxiv sənədlərində möhürün olmaması və ya işdənçıxma əmrimin əmr kitablarında olmaması onun günahım deyil. O həmin illərdə həmin təsərrüfatda işləmiş və sosial sığorta haqqları təsərrüfat tərəfindən ödənilmişdir. Belə hesab edirəm ki, bu ona pensiya təyin olunması üçün maneə olmamalıdır. Ona görə də, DSMF–nun Şamaxı rayon şöbəsinin ona pensiya təyin etməkdən imtinası əsassız hesab olunmalı, əmək kitabçasında göstərilən müddətin sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2019-cu il tarixli, **********9 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı təqdim etdiyi 1991-1994-cü illərə aid əmək haqqı arayışında təsərrüfatın möhürü olmadığı və qarşılıqlı yoxlama zamanı işdən çıxma əmri tapılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Göstərilənləri nəzərə alaraq İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflət məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nun Şamaxı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli imtina məktubu və xx.xx.2019-cu il tarixli, **********9 nömrəli etiraz ərizəsi, Əmək kitabçası, yaşayış yerinə dair arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaşın və sosial sığorta stajının olmaması, iddiaçıya yaşa görə pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. İddiaçı hazırda yuxarıda əmək stajının 1991- 1994-cü illəri daxil edildiyi təqdirdə pensiya yaşına çıxmaq hüququnu tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. İddiaçı qeyd olunan qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranacaqdır və cavabdeh iddiaçının 1991-1994-cü illərə aid əmək haqqı arayışında təsərrüfatın möhürü olmadığı və qarşılıqlı yoxlama zamanı işdən çıxma əmri tapılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmadığı üçün imtina edilməklə iddiaçının hüquqlarını pozmamışdır. Cavabdeh orqan qanunvericiliyin tələbini yerinə yetirmiş, ona görə də imtinası əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1991-1994-cü illərə aid əmək haqqı arayışında təsərrüfatın möhürü olmadığı və qarşılıqlı yoxlama zamanı işdən çıxma əmri tapılmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. 1991-1994-cü illər hesablanmadığı təqdirdə iddiaçının əmək stajı 20 il təşkil edir. Həmin müddətə onun 25 illik sığorta stajı yaranmamışdır . Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı əmək pensiyası hüququ yaşa görə yaransada sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia rədd edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə qarşı cavabdehin imtinasının əsassız sayılması və onun 1991-1994-cu illərdə Abşeron rayonu “Qobu” kənd təsərrüfatı istehsalı müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması və hüququ yaranan andan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassız olduğundan təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon Şöbəsinə qarşı “Cavabdehin imtinasının əsassız sayılması və onun 1991-1994-cu illərdə Abşeron rayonu “Qobu” kənd təsərrüfatı istehsalı müəssisəsində işlədiyi dövrləri sosial sığorta stajı kimi nəzərə alınması və hüququ yaranan andan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar