Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-242/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanmış 16 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya, Çubuqlu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə satılmış 0,93 ha (9300 kvadrat metr) torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “sair sahələr” kimi uçota alınaraq verilmiş və X7 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə qeydiyyata alınmış A 055989 nömrəli “Torpaq sahəsinin planı və ölüçüsü”ndə göstərilən koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli, 04 nömrəli qərarı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin 02 mart 2007-ci il tarixli rəyi və torpaq sahəsinin yerquruluşupPlanı nəzərə alınaraq, Çubuqlu Bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0,93 ha torpaq sahəsinin Bakı şəhər sakini İddiaçı, yəni iddiaçıya satılması qərara alınmış, sonra da 16 mart 2007-ci il tarixdə tərəflər arasında torpaqların alqı-satqısına dair akt tərtib olunaraq Qusar rayon Torpaq şöbəsində 19 mart 2007-ci il tarixdə 352 nömrə ilə qeydiyyata alınmışdır. Daha sonra həmin 9300 kvadrat metr torpaq sahəsi DT və XK-nin Qusar rayon şöbəsinin A 055989 №-li Torpaq sahəsinin Planı və ölçüsü əsasında X7 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə “Sair sahələr" kimi uçota alınmışdır. Torpaq sahəsinin ayrılmasına dair sənədlərdən görünür ki, həmin sahə ümumi örüş sahəsində yerləşməklə Azərbaycan SSR Meyvə-Tərəvəz Təsərrüfatı Nazirliyinin xx.xx.1982-ci il tarixli 504 №-li əmri ilə Qusar rayonu ərazisində (Çubuqlu kəndi) yaradılmış Mal-qara kökəltmə kompleksinin istifadəsinə verilərək orada Kompleksin idarə və digər yardımçı binaları yerləşməklə torpağın uqodiyası kəndaltı torpaqlara aid olmuşdur. Çubuqlu Bələdiyyəsinin hüquqi varisi olan Qusar rayonun Quxuroba Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışı ilə də təsdiq edilir ki, Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-cü il tarixli 04 №-İİ qərarı ilə İddiaçı mülkiyyətinə yerilmiş 0,93 ha torpaq sahəsi 1994-cü ilədək ictimai tikili (ferma ərazisi) binalarının ərazisi olmuşdur. Sonra Respublikada aparılmış torpaq islahatı ilə əlaqədar həmin mal-qara kökəltmə kompleksi də özəlləşməyə çıxarılmış, Kompleksin idarə və digər yardımçı binalarının yerləşdiyi həmin 0,93 ha ərazi də kənd təsərrüfatına azyararlı torpaq sahəsi kimi Çubuqlu Bələdiyyəsinə verilmiş və yuxarıda qeyd olunduğu kimi bələdiyyə qərarı ilə qanunvericiliyə uyğun qaydada iddiaçıya satılmışdır. Və təbii ki, həmin vaxtdan etibarən də torpaq sahəsi üzərində iddiaçının sahiblik və istifadə hüquqları formasında mülkiyyət hüququ yaranmış və tərəfindən torpaq sahəsi yararlı vəziyyətə gətirilərək təyinatı üzrə, yəni kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Ona görə də iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının (xüsusilə da sərəncam vermə hüququnun) dövlət qeydiyyatına alınması məqsədilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və cavabdeh tərəfindən bundan imtina olunduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayonu Çubuqlu kənd bələdiyyəsinin 04 mart 2007-ci il tarixli qərarı əsasında torpağın alqısatqısına dair 16 mart 2007-ci il tarixli aktı və əlavə edilmiş sənədləri nəzərə alaraq iddiaçıya ayrılmış torpaq sahəsinə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzlərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(105)-550/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 nömrəli, 25 may 2021-ci il tarixli qərarı ləğv olunmuş, iddia ərizəsi geri götürülmüş hesab edilmiş və bu əsasla da iş üzrə icraata xitam verilmişdir. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2019-cu il tarixli **********21 nömrəli imtina məktubunda, eləcə də məhkəməyə təqdim etdiyi etirazda göstərilir ki, Qusar rayonu Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-cü il tarixli 04 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə ayrılmış 0,93 ha torpaq sahəsi 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsidir və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Ona görə də “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrinə əsasən hüquqların qeydiyyata alınmasından imtina edilmiş və həmin Qanunun 11.1-ci maddəsinə görə də hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İmtina məktubu və etirazda Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.3cü maddələrinə istinad edən cavabdeh, həmin Məcəllə və Qanunun digər tələblərini (yəqin ki qəsdən) unudur. Belə ki, Torpaq Məcəlləsinin torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsaslarını müəyyən edən 56-cı maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə görə də Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. DƏDRX-in 5 saylı Ərazi İdarəsinin elektron məlumat bazası və həmin bazada qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi kimi göstərilməsi özlüyündə iddianın təmin olunmaması üçün hüquqi əsas sayıla bilməz və təbii ki, həmin məlumat bazası hüquq müəyyənedici sənədlərə uyğun olmalıdır. Eləcə də, qeyd olunan kənd təsərrüfatına az yararlı olan torpaq sahəsinin örüş torpaqlarına aid olması təbii haldır və kənd təsərrüfatına az yararlı torpaqlar da kənd təsərrüfı təyinatı torpaqlarına aiddir. Həmçinin qeyd olunan torpaq sahəsi iddiaçıya satılarkən qanunvericiliyin tələblərinə uyğun qaydada DT və XK Qusar rayon şöbəsinin müvafiq rəyi alınmış və topağın satılması faktı da həmin şöbədə qeydə alınaraq, sonradan həmin şöbə tərəfindən də torpaq sahəsinin Planı və Ölçüsü tərtib olunub uçota götürülmüşdür. Cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi də DT və XK-nin Qusar rayon şöbəsinin hüquqi varisidir və bu hal da onu göstərir ki, torpaq sahəsi bir növ cavabdehin öz razılığı ilə satılaraq vaxtında qeydiyyata alınmışdır. DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquqi varisi olduğu DT və XK Qusar rayon şöbəsinin mövqeyinə zidd hərəkət etməsi isə qanuna uyğun deyildir. Birinci instansiya məhkəməsinin qərarında iddia tələbinin təmin olunmaması üçün cavabdehin imtina məktubu və iddiaya etirazından başqa əsasən məhkəmənin 09 fevral 2021-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilərək ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli C-38 nömrəli mütəxəssis rəyinin bir hissəsinə istinad olunur. Həmin rəydə də göstərilir ki, “...İddiaçı Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0,93 ha torpaq sahəsi faktiki olaraq elektron baza məlumatlarındakı DWJ xəritələrinə əsasən 0,48 ha hissəsi ictimai tikinti altı sahəyə, 0,45 ha hissəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə üst-üstə düşür və iddia olunan torpaq sahəsi keçmiş kökəltmə məntəqəsinin binaları altındakı torpaqlar kimi istifadə olunmuşdur. İddiaçıya Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0,93 ha torpaq sahəsinə əsasən verilmiş A № 055983 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsi JN-11, 12, 13 saylı dövlət aktları ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri üst-üstə düşür. İddiaçı tərəfindən iddia olunan torpaq sahəsi faktiki naturada JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri ilə üst-üstə düşmür. İddia olunan torpaq sahəsi ilə JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri arasında yol vardır..." Yəni, həmin mütəxəssis rəyində göstərilir ki, Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı ayrılmış 0,93 ha torpaq sahəsinə verilmiş A № 055983 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsi JN-11, 12, 13 saylı dövlət aktları ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşür. Lakin həmin torpaq sahəsi faktiki olaraq haturada JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri ilə üst-üstə düşmür və həmin torpaq sahəsi ilə JN-11, 12, 13 saylı dövlət aktları ilə digər vətəndaşlara verilmiş pay torpaq sahələri arasında yol vardır. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, JN-0011 KOD ********* №-li Torpağa mülkiyyət hüququna dair Dövlət X2 və ailə üzvlərinə 4,33 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli, JN-0012 KOD ********* №-li Torpağa mülkiyyət hüququna dair Dövlət X1 1,15 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli, JN-0013 KOD ********* №-li Torpağa mülkiyyət hüququna dair Dövlət aktı da X5 və ailə üzvlərinə 4,19 hektar torpaq sahəsinin verilməsi barədə xx.xx.1998-ci il tarixli aktlardır. Torpaq sahələri ilə bağlı həmin şəxslərlə aralarında heç bir mübahisə yoxdur və torpaq sahələri də faktiki olaraq bir-birindən aralı yerləşməklə sərhədləri kəsişmir. Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinə verilmiş A № 0559S3 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədində qeyd olunan koordinatların, X4 və ailə üzvlərinə, X3 və X6 və ailə üzvlərinə məxsus torpaq sahələrinə dair JN-11, 12 13 saylı dövlət aktların koordinatları ilə üst-üstə düşməsinin göstərilməsi isə bilavasitə həmin Plan və Ölçünü tərtib etmiş, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi əməkdaşlarının təqsiri üzündən baş vermişdir. Həmin səhvin düzəldilməsi və koordinatların faktiki vəziyyətə uyğunlaşdırılması isə, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qusar rayon şöbəsinin hüquqi varisi olan DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidməti vəzifə borcudur. Bununla əlaqədar DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə edilməli olan sorğunun, gələcəkdə də lazım gələrsə ona qarşı iddia tələbinin məzmununun dəyişdirilməsi zərurəti yaranmış və iddia ərizəsi məhkəmədən geri götürülmüşdür. Cavabehə ərizənin təmin olunması barədə müraciət olunsa da, 40 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir məlumat verilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək onunla əsaslandırmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı Qusar rayonu, Çubuqlu bələdiyyəsinin xx.xx.2007ci il tarixli 4 saylı qərarı əsasında kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə ayrılmış 0.93 ha torpaq sahəsinin 5 saylı Ərazi İdarəsinin elektron kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması aşkar olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə istifadəyə və icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2019-cu il tarixli, **********21 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1 -ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parklarının, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin malqarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsörrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahölərinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmu qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən cavabdeh təşkilat iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İşdə olan Qusar rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarına əsasən iddiaçıya Çubuqlu bələdiyyə fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə 0,93 ha torpaq sahəsi satılmışdır. • 19 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akta əsasən iddiaçı tərəfindən xx.xx.2007-ci il tarixdə bələdiyyə orqanına torpaq sahəsinin alınması barədə müraciət edilmiş və Çubuqlu bələdiyyəsinin hesabına müvafiq ödəniş edildikdən (xx.xx.2007, qəbz № 12) sonra torpaq sahəsi iddiaçıya ayrılmış, Qusar rayon torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir. • Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, iddiaçıya satılması nəzərdə tutulan torpaq sahəsi 0,93 ha olmaqla alqı-satqı predmetidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına az yararlı olmaqla satılması qanuna müvafiqdir. • İş materiallarında olan mübahisəli torpaq sahəsinin yer quruluşu planından çıxarışa əsasən plan DT və XK tərəfindən razılaşdırılmışdır. • İddiaçıya Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 saylı qərarı ilə ayrılmış 9300 kvadrat metr torpaq sahəsinin planı və ölçüsü X7 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə uçota alınmışdır (A № 055989). • İddiaçı tərəfindən cavabdeh orqana ünvanlanmış ərizə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada əldə edilməsinə baxmayaraq hər hansı bir cavab əldə edilməmişdir. • Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkməsinin İnzibati Kollegiyasının 2-1(105)- 550/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-74/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia ərizəsi geri götürülmüş hesab edildiyindən iş üzrə icraata xitam verilmişdir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür (heç bir hissədə) və mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aiddir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan hərəkətsizlik edərək iddiaçının müraciətini cavablandırmamışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010cu il tarixli Qərar). Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçıya Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 saylı qərarına əsasən 0,93 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu haqqında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi 02 mart 2007-ci il tarixdə verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin müdirinin iştirakı ilə qeyd olunan torpaq sahəsi iddiaçıya təhvil verilmiş və yerquruluşu planı razılaşdırılmışdır. Torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına köçürülmüş (qəbzin surəti əlavə edilib) və alqı-satqı aktı tərtib olunmuşdur. Hal-hazırda həmin torpaq sahəsi İddiaçı faktiki istifadəsindədir. İddiaçı ona ayrılmış torpaq sahəsi üzrə koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququna dair yaranmış mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinası mübahisəli torpaq sahəsinin elektron kadastr xəritə materiallarında kənd təsərrüfatı təyinatlı (örüş) torpaq sahəsi olması ilə bağlı olmuşdur. Torpaq sahəsinin hüquqi statusu Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4cü maddəsinin 3-cü bəndində müəyyən edilir. Həmin normaya görə, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vahid torpaq fondu məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin torpaqları, xüsusi qorunan ərazilərin torpaqları, meşə və su fondu torpaqları, ehtiyat fondu torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Məcəllənin 11-ci maddəsində torpaq sahəsinin məhdudiyyətli istifadəsi onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadəsi kimi müəyyən olunub. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən, torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının (NK) qərarı ilə yol verilir. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. İşdən göründüyü kimi Qusar rayon Çubuqlu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarında və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinin xx.xx.2007-ci il tarixli rəyində iddiaçıya ayrılmış 0,93 ha torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması və alqı-satqı predmeti olaraq satılmasının qanuna müvafiq olması qeyd edilmişdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə görə də bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Yəni, qanunvericiliyə əsasən kənd təsərrüfatına az yararlı və yararsız torpaq sahəsi alqı-satqı predmeti hesab olunur. Bundan əlavə məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyinə əsasən iddiaçıya satılmış 0,93 ha torpaq sahəsinin faktiki yerləşdiyi hissəsi hər hansı bir fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahələri ilə heç bir hissədə üst-üstə düşmür. Əvvəllər məhkəmə araşdırması nəticəsində əldə edilmiş mütəxəssis rəyində iddiaçıya Çubuqlu kənd Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış 0,93 ha torpaq sahəsinə əsasən verilmiş A № 055983 nömrəli Torpaq sahəsinin Planı və Ölçüsü sənədindəki koordinatlara əsasən həmin torpaq sahəsinin JN- 11, 12, 13 saylı dövlət aktları ilə başqa şəxslərin mülkiyyətinə verilmiş torpaq sahələri ilə üst-üstə düşməsi qeyd olunsa da, yenidən əldə edilmiş mütəxəssis rəyində torpaq sahələrinin faktiki olaraq bir-birindən aralı yerləşməklə sərhədlərinin kəsişmədiyi müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırılması zamanı qeyd olunan sahənin elektron məlumat bazasına əsasən örüş torpağı olduğu qeyd edilsə də, həmin sahədə X4 və ailə üzvlərinə, X6 və ailə üzvlərinin xüsusi mülkiyyətinə torpaq sahəsinin ayrıldığı müəyyən edilmiş, həmçinin sonuncu məhkəmə sorğusu nəticəsində əldə olunmuş xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-1191/2023 saylı mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması, habelə Qusar rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 04 nömrəli qərarı və 19 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktda torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olması qeyd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanmış 16 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya, Çubuqlu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə satılmış 0,93 ha (9300 kvadrat metr) torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “sair sahələr” kimi uçota alınaraq verilmiş və X7 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə qeydiyyata alınmış A 055989 nömrəli “Torpaq sahəsinin planı və ölüçüsü”ndə göstərilən koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Qusar rayon Çubuqlu Bələdiyyəsinin 04 mart 2007-ci il tarixli 04 nömrəli qərarı və tərəflər arasında bağlanmış 16 mart 2007-ci il tarixli torpaqların alqı-satqısına dair akt əsasında iddiaçıya, Çubuqlu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatı məqsədilə satılmış 0,93 ha (9300 kvadrat metr) torpaq sahəsinə dair Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən “sair sahələr” kimi uçota alınaraq verilmiş və X7 kitabında xx.xx.2008-ci il tarixdə 353 nömrə ilə qeydiyyata alınmış A 055989 nömrəli “Torpaq sahəsinin planı və ölüçüsü”ndə göstərilən koordinatların dəqiqləşdirilərək faktiki vəziyyətə uyğunlaşdırılması və həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququna dair çıxarış verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-242/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-242/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver