Məhkəmə qərarları › İş №2-1(118)-242/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-242/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-242/2024 15.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Balakişiyeva (Pirməmmədova) Sona Əlayəddin qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Balakişiyeva (Pirməmmədova) Sona Əlayəddin qızına Qusar Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 10/4-78 saylı Qərarı ilə məxsus olan Qusar şəhəri, S.Salahov küçəsində, ticarət mərkəzinin yerləşdiyi kvartalda, 50,0 kv. metr torpaq sahəsinin (1,26 kv.m üst üstə düşə sahə çıxılmaqla) üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Balakişiyeva(Pirməmmədova) Sona Əlayəddin qızı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “iddiaçı Balakişiyeva (Pirməmmədova) Sona Əlayəddin qızına Qusar Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 10/4-78 saylı Qərarı ilə məxsus olan Qusar şəhəri, S.Salahov küçəsində, ticarət mərkəzinin yerləşdiyi kvartalda, 50,0 kv. metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, xx.xx.2004-cü il tarixdə iddiaçıya Qusar şəhəri S.Salahov küçəsində, ticarət mərkəzinin yerləşdiyi kvartalda, əvvəllər ticarət köşklərinin quraşdırıldığı, istifadəsiz qalmış yerdən ticarət obyektinin tikintisi üçün 50,0 kv. metr torpaq sahəsinin ayrılması barədə Akt tərtib edilmişdir. Qusar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10/4-78 saylı Qərara əsasən ticarət obyektinin tikintisi üçün qeyd olunan torpaq sahəsi ona satılmışdır. Qeyd olunan torpaq sahəsinin alqısı üçün tərəfindən Qusar Bələdiyyəsinin hesabına pul köçürülmüşdür. Qusar şəhərinin Baş Planından çıxarışda da həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması göstərilmişdir. Qusar Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli məktubda həmin torpaq sahəsinin reyestr xidmətində adına rəsmiləşdirilməsi üçün razılıq verilmişdir. xx.xx.2022-ci il tarixdə qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanırıda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri pubiik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, “... Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki. mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında ' Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizə əlavə edilmiş Qusar rayonu, Qusar Bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.0050 ha torpaq sahəsinə dair alqı-satqı aktı əlavə edilməmişdir. Cavabdeh formal mülahizələrə əsasən müraciətimi təmin etməmişdir. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh mülkiyyət hüququnun qeydə alınmasından imtina edərkən həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Həmçinin, Qusar Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 10/4-78 saylı Qərar qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunmamış və ya ləğv edilməmişdir. Göründüyü kimi, cavabdehin tələbinin təmin olunmasından imtinası əsassız olmuşdur. Daha sonra iddiaçı iddiasını dəqiqləşdirərək Balakişiyeva (Pirməmmədova) Sona Əlayəddin qızına Qusar Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 10/4-78 saylı Qərarı ilə məxsus olan Qusar şəhəri, S.Salahov küçəsində, ticarət mərkəzinin yerləşdiyi kvartalda, 50,0 kv. metr torpaq sahəsinin (1,26 kv.m üst üstə düşə sahə çıxılmaqla) üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Balakişiyeva (Pirməmmədova) X3 şəhəri ərazisində yerləşən sahibkarlıq məqsədli 0.005 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********73 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: ‘‘Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizə əlavə edilmiş Qusar rayonu, Qusar bələdiyyəsi tərəfindən sahibkarlıq məqsədi üçün ayrılması nəzərdə tutulan 0.0050 ha torpaq sahəsinə dair alqısatqı aktı əlavə olunmamışdır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-1İQ saylı Qanunu ilə təstiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən "Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir”. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları”nda bələdiyyənin ehtiyat fondundan torpaq sahəsi satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilərək müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təstiqlənir. Qeyd olunan səbəblərdən ərizənizin İcrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə edilmiş sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı Qusar Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 10/4-78 saylı Qərarı ilə məxsus olan Qusar şəhəri, S.Salahov küçəsində, ticarət mərkəzinin yerləşdiyi kvartalda, 50,0 kv. metr torpaq sahəsinin (1,26 kv.m üst üstə düşə sahə çıxılmaqla) üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, Qusar Bələdiyyəsinin 09 noyabr 2004-cü il tarixli 10/4-78 saylı Qərarı ilə Pirməmmədova(Balakişiyeva) Sona Əlayəddin qızına Qusar şəhərinin baş planına uyğun olaraq ticarət obyektinin tikintisi üçün şəhərin Salahov küçəsində Ticarət mərkəzinin yerləşdiyi kvartalda əvvəllər ticarət köşklərinin quraşdırıldığı hal-hazırda istifadəsiz boş qalmış yerdən 50.0 kv.m torpaq sahəsi satılmışdır. BYB seriyalı, 135908 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Qusar Bələdiyyəsinin 24 may 2022-ci il tarixli S-41 saylı məktubunda torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Dövlət X4 04 avqust 2023-cü il tarixli məktubu ilə Qusar bələdiyyəsinin 09 noyabr 2004-cü il tarixli, 10/4-78 saylı qərarı və ona əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hal mövcud deyildir. Torpaq sahəsi ayrıldığı vaxtdan iddiaçının istifadəsinə verilmiş, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Torpaq sahəsinə bələdiyyə tərəfindən hər hansı bir iddia irəli sürülməmiş, iddiaçıya verilən sənədlər mübahisələndirilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1204/2023 saylı Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 07 iyun 2023-cü il tarixli, 3-21-3-34/2-7586/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmiş, rəydə tədqiqatın nəticəsi olaraq qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları təyin olunmuşdur, (sxematik xəritə və ortofoto görüntülər əlavə olunmuşdur) İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Qusar bələdiyyəsinin 09 noyabr 2004-cü il tarixli, 10/4-78 saylı Qərarı ilə Balakişiyeva (Pirməmmədova) Sona Əlayəddin qızına ayrılmış torpaq sahəsinə uyğundur. (Qusar şəhərinin Baş Planından çıxarışa uyğundur). Torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən iddiaçının faktiki iddia elədiyi torpaq sahəsinin təyinatı, kateqoriyası “yaşayış məntəqələrinin torpaqlarına, uqodiyası isə “şərti yararsız torpaqları”na aiddir. Qeyd: Torpaq sahəsinin faktiki koordinatlarını elektron xəritə məlumatlarında dəqiqləşdirildikdə torpaq sahəsinin 1.26 kv.m hissəsi digər şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Göründüyü kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsinin mütəxəssis rəyində qeyd olunan 1.26 kv.m üst-üstə düşən hissəsi üzərində X1 mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı iddia tələbini dəqiqləşdirərək üst-üstə düşən hissədə iddia tələbini azaltmışdır. Göründüyü kimi üst-üstə düşən 1.26 kv.m hissə istisna olmaqla torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri iddianın əsassız hesab olması və təmin edilməməsi üçün əsas təşkil edə bilməz. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd olunan normanın mənasından göründüyü kimi bələdiyyə orqanları tərəfindən müvafiq olaraq bələdiyyələrə mülkiyyət hüququ ilə məxsus daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. İddiaçıya səlahiyyətli orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən normalar iddiaçının hüquqlarını qoruyan normalar kimi hazırkı işə tətbiq edilməli və iddianın təmini üçün əsas təşkil etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Balakişiyeva (Pirməmmədova) Sona Əlayəddin qızına Qusar Bələdiyyəsinin xx.xx.2004- cü il tarixli 10/4-78 saylı Qərarı ilə məxsus olan Qusar şəhəri, S.Salahov küçəsində, ticarət mərkəzinin yerləşdiyi kvartalda, 50,0 kv. metr torpaq sahəsinin (1,26 kv.m üst üstə düşə sahə çıxılmaqla) üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar