Məhkəmə qərarları › İş №2-1(118)-242/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-242/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-242/2025 28.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçılar İddiaçı, X1, X6, X11, X12 və X2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “iddiaçı və onun ailə üzvlərinə JN-0041 KOD 30316038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 1,56 ha torpaq sahəsindən yerdə qalan (0,3499 ha, 0,1 ha və 0,76 ha hissəyə çıxarış verildiyindən) 0,3501 ha hissəyə faktiki yerləşdiyi yerə görə mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və ailə üzvlərinə JN-0041 KOD 30316038 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”na əsasən mülkiyyətlərinə verilmiş 1,56 ha torpağın 0,041 A planşetdə olan 1,11 ha torpağa çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayon Barlı kəndi ərazisində yerləşən 1,56 ha topraq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün iddiaçıya və onun ailə üzvlərinə Quba rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə ayrılmış və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-0041 KOD 30316038 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” verilmişdir. İddiaçı müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və topraq sahəsinin plan və ölçüsünün hazırlanması üçün cavabdeh orqana xx.xx.2022-ci il tarixdə müraciət etmiş və həmin daşınmaz əmlaka dair sənədləri təqdim etmiş, lakin cavabdeh “daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 11.1 və 15-ci maddələrinə istinad edərək iddianın təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Sumqayıt İnzibari Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli qərardadı ilə X1, X6, X11, X12 və X9 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişlər.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 22 yanvar 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq iddiaçı məhkəməyə təqdim etdiyi dəqiqləşdirmə barədə ərizə ilə JN-0041 KOD 30316038 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən onlara verilmiş 1,56 ha torpaq sahəsindən yerdə qalan (0,3499 ha, 0,1 ha və 0,76 ha hissəyə çıxarış verildiyindən) 0,3501 ha hissəyə faktiki yerləşdiyi yerə görə mülkiyyət hüquqlarının qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin iddia tələbinə yazılı münasibət bildirərək etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ona aid olan müvafiq torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və topraq sahəsinin plan və ölçüsünün hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, lakin iddiaçıya məxsus torpaq sahəsinin iddia tələbində əks olunun 0,35 ha hissəninin naturada faktiki istifadə yerinin torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən torpaq sahəsindən fərqli olması və həmin torpaq sahəsinin torpaqların elektron kadastr uçotu informasiya sistemində başqa nömrə ilə qeyd olunduğunu bildirmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.  İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli **********97 reyestr nömrəli torpaq sahəsinin çıxarışından; xx.xx.2023-cü il tarixli **********99 reyestr nömrəli torpaq sahəsinin çıxarışından; xx.xx.2023-cü il tarixli **********00 reyestr nömrəli torpaq sahəsinin çıxarışından göründüyü kimi müvafiq olaraq 0,3499 ha, 0,1 ha və 0,76 ha torpaq sahələri İddiaçı ilə yanaşı ümumi birgə mülkiyyət hüququ ilə digər mülkiyyətçilər olan ailə üzvlərinə - X3, X4, X7, X5 və X8 məxsusdur.  İşə Quba Rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli JN-0041 KOD 30316038 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” da əlavə edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçıların hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüquqları mövcuddur. Belə ki, torpaq sahəsi iddiaçıların birgə mülkiyyətinə Quba Rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli ilə verilmişdir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Quba rayonu olduğu üçün həmin orqanın səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdeh orqana müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Quba rayonu Barlı kəndi olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

“İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu 1-ci maddə: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük palatanın Broniovski Polşaya qarşı iş üzrə 22 iyun 2004-cü il tarixli Qərarı, §147-148, 150; Böyük palatanın Skordino İtaliyaya qarşı iş üzrə 29 mart 2006-cı il tarixli Qərarı, § 93).

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8.0.5-ci maddə: 2006-cı il iyulun 6-dəkmüvafiq icra hakimiyyəti orqanlarıtərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridaşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də qeyd olunmuşdur). 9.1-ci maddə: Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqındasənədinqəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarı

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba rayonu Barlı kəndi ərazisində yerləşən 1,56 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün İddiaçı və onun ailə üzvləri digər iddiaçılar X1 (arvadı), X6, X11, X12 və X5 (övladları) Quba rayon Aqrar İslahat Komissiyasının 1 fevral 1999-cu il tarixli 115 nömrəli qərarı ilə ayrılmış və torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-0041 KOD 30316038 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” verilmişdir. Həmin dövlət aktı Quba rayon torpaq şöbəsinin müdiri tərəfindən təsdiq edilmişdir. İddiaçıların birgə mülkiyyətində olan 1,56 ha torpaq sahəsinin 0,3499 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən **********97 reyestr nömrəli xx.xx.2023-cü il tarixli çıxarış və A № 992845 nömrəli plan-ölçü sənədi, 0,1 ha hissəsinə dair **********99 nömrəli xx.xx.2023-cü il tarixli çıxarış və A № 992585 nömrəli plan-ölçü sənədi, habelə 0,76 ha hissəyə dair **********00 nömrəli xx.xx.2023-cü il tarixli çıxarış və A № 992762 nömrəli plan-çıxarış sənədi təqdim edilmişdir. Göründüyü kimi 1,56 ha torpaq sahəsinin 0,3499 ha, 0,1 ha və 0,76 ha hissələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və plan-ölçü sənədləri işlənib hazırlanmışdır. Lakin yerdə qalan 0,3501 ha hissəyə aid torpaq sahəsinə dair hüquq isə qeydiyyata alınmamışdır. İddiaçılar isə həmin hissənin faktiki yerləşdiyi vəziyyətinə uyğun olaraq birgə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etsələr də cavabdeh orqan həmin torpaq sahəsinin naturada faktiki istifadə yerinin torpaqların elektron kadastr uçotu informasiya sistemində göstərilən torpaq sahəsindən fərqli olması səbəbindən hüququn qeydiyyata alınmasından imtina etmişdir. Yəni, hazırkı halda iddiaçının hüquqi marağı birgə mülkiyyətdə olan torpağa çıxarış almaq olduğu üçün məhkəmə tərəfindən sənəd üzrə torpaq sahəsinə dair müayinə aktının, iddiaçı və ailə üzvlərinin adına verilmiş JN-0041 KOD 30316038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının sənəd üzrə koordinatları ilə faktiki istifadədə olan torpağın müqayisəli orto fotogörüntüsü, habelə sənəd üzrə torpaq sahəsinin hər hansı bir şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsi və hər hansı bir şəxs tərəfindən istifadə edilib-edilməməsi, eləcə də həmin Dövlət Aktının 41A nömrəli planşetində göstərilən 0,35 ha hissəsinin kimə məxsus olması barədə məlumatların əldə edilməsi üçün sorğu göndərilmiş, İddiaçı tərəfindən müvafiq smeta xərci ödənildikdən sonra cavabdeh orqan tərəfindən sorğuya cavab məktubunun məhkəməyə təqdim edilməsi mümkün olmuşdur. Təqdim olunmuş müayinə aktında bildirilmişdir ki, torpaq sahəsi faktiki olaraq qonşu torpaq sahələri və yol ilə həmsərhəddir. Torpaq sahəsinin müayinəsi zamanı qonşu torpaq sahələri ilə heç bir mübahisəli hal qeydə alınmamışdır. Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 1,56 ha torpağın 0,041A planşetində torpaq sahəsi 1,11 ha deyil 0,3499 ha olaraq göstərilmiş və çıxarış verilmişdir. Həmçinin, 0,76 ha və 0,10 ha torpaq sahəsinə dair də çıxarışlar verilsə də, 0,35 ha torpaq sahəsinə dair çıxarış verilməmişdir. Dövlət Aktının 41B planşetində göstərilən 0,35 ha torpaq sahəsi baza məlumatlarında olan xəritə materialları üzərində öz əksini tapsa da iddiaçı və ailə üzvləri tərəfindən naturada istifadə olunmadığından çıxarış verilməmişdir. Həmin torpaq sahəsi qeyri-müəyyən şəxslər tərəfindən istifadə olunur. Beləliklə, məhkəmə qeyd edir ki, təqdim olunmuş müayinə aktında da 41B planşetində olan 0,35 ha torpaq sahəsinin baza məlumatlarında olan xəritədə öz əksini tapması işin mübahisələndirilməyən tərəfidir. Lakin iddiaçlar öz mülkiyyətlərinə verilən 1,56 ha torpaq sahəsinin 0,35 ha hissəsi istisna olmaqla digər hissələrinə dair çıxarış alsalar da, mübahisəli 0,35 ha hissəsinə dair hüquqlarını rəsmiləşdirə bilməmişlər. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin müvafiq bəndlərinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların daşınmaz əmlakın dövlət reyestrində, daşınmaz əmlakın vahid dövlət kadastrında, dövlət torpaq kadastrında və onun tərkib hissəsi olan torpaq reyestrində elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq, daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq, dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıların birgə mülkiyyətində olmasına, torpaq sahəsinin qanuni əsaslarla onlara ayrılaraq dövlət aktının mövcud olmasına və baza məlumatlarında əks olunmasına baxmayaraq naturada digər şəxslər tərəfindən istifadə olunması, habelə həmin halı təsdiq edəcək sübutların cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməməsi iddiaçıların gözlənilən mülkiyyət hüquqlarının pozulması ilə nəticələnər. Etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Belə ki, hüquqmüəyyənedici sənəd qismində dövlət aktı iş materialları ilə öz təsdiqini tapır və onun mötəbərliyini şübhə altına salan hala rast gəlinməmişdir. Yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırkı halda iddiaçılara məxsus 1,56 ha torpaq sahəsinin dair 0,3501 ha olan hissəsi istisna olmaqla digər hissələrinə dair çıxarış və plan-ölçülərinin olması, faktiki halın torpaq sahəsinin müayinə (baxış) aktı ilə öz təsdiqini tapması, həmçinin inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməli, Quba rayon Barlı kəndi ərazisində yerləşən iddiaçıya adi 1,56 ha torpaq sahəsinin çıxarış verilməmiş 0,3501 ha hissəsi üzərində faktiki vəziyyətinə uyğun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın və planölçü sənədlərinin hazırlanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçılar İddiaçı, X1, X6, X11, X12 və X5 birgə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayon Barlı kəndi ərazisində yerləşən 1,56 ha torpaq sahəsinin çıxarış verilməmiş 0,3501 ha hissəsi üzərində (faktiki vəziyyətinə uyğun) mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və çıxarışın, plan-ölçü sənədlərinin hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar