Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2421/2025 29.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva(Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “rəqamsal kadastr xəritəsində torpaq sahəsinin Dövlət Aktına uyğunlaşdırılması” tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızı Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqamsal kadastr xəritəsində mülkiyyətimiz olan 1.2189 ha torpaq sahəsinin 0.4584 ha əvəzlənərək saxtalaşdırılması ilə əlaqadər xəritənin bərpa edilərək Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli 15 nömrəli qərarı ilə Torpağa mülkiyyət hüququna dair JN0020 kod 30319028 nömrəli Dövlət Aktına uyğunlaşdırılmaqla 1.2189 ha torpaq sahəsi ilə əvəzləməsi, həmin məsul vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 18 noyabr tarixli 15 nömrəli qərarı ilə torpağa mülkiyyət hüququna dair JN0020 kod 30319028 nömrəli Dövlət Aktına əsasən 1.95 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi mülkiyyətinə verilmişdir. Keçən 20 (iyirmi il) ərzində mülkiyyət hüququ ilə istifadələrində olan torpaq sahəsindən kənd təsərrüfatı məhsulları istehsal etməklə istifadə etmişdirlər. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-ci il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqamsal kadastr xəritəsinə əsasən seriya RX ******* nömrəli Çıxarış və texniki pasport hazırlanmışdır. Torpaq sahəsi sonradan qonşu olmuş X3 tərəfindən 2018-ci ildən zəbt olunaraq müxtəlif növ meyvə ağacları əkilmiş və yolu işğal edərək qalan torpaq sahəsindən istifadə hüququndan da məhrum etmişdir. İddiaçılar mülkiyyətində olan torpaq sahəsindən həmin şəxsin qanunsuz istifadə etməsinə etiraz edərək torpaq sahəsindən çıxmasını tələb etmişdir. Buna baxmayaraq X3, zəbt etdiyi torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Bu səbəbdən 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və həmin mülkiyyətində olan pay torpaq sahəsinin sərhədləri müəyyən edilməklə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX ******* nömrəli çıxarışa, plan cizgi koordinatlarına (TEKUS) xəritəsinə əsasən yerində baxış keçirilməklə mərz nişanlarına əsasən AN 286780 nömrəli torpaq sahəsinin plan və ölçüsü ilə müəyyən olunmasını xahiş etmişdirlər. Lakin ərizənin baxılmasından imtina olunmuşdur. Bundan sonra Xaçmaz Ərazi İdarəsi məhkəmə qərarının icrası ilə bağlı rüsum ödəməli olduğunu, rüsum ödənildikdən sonra tələbin təmin ediləcəyi bildirilmişdir. Beləliklə 1.95 ha (1.21 ha bağ , 0.727 ha əkin sahasi olmaqla) 380 və 400 manat məbləğində rüsum ödəməklə torpaq sahələri xx.xx.2021-ci il tarixli akt ilə xəritəyə əsasən (TEKUİS) tanıdılmış, mərz nişanları ilə qonşu torpaq sahələrindən məftillərlə hasarlayaraq ayrmışdırlar. Sumqayıt İnzibati Məhkəməsinin qərarı olmasa belə torpaq sahələri NK-nin qərarı ilə təsdiq edilən əsasnaməyə uyğun rüsum ödənildikdən sonra da aktla tanıdılmalı idi. Bundan sonra X3 yenidən AKT-la tanıdılan və mərz nişanları ilə ayrılan Çıxarışla dövlət qeydiyyatına alınan mülkiyyətlərində olan 1.2189 ha torpaq sahəsinin bir hissəsini yenidən zəbt edərək mərz nişanlarını məftilləri çıxarıb atmışdır. Məcbur olub yenidən Quba rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdirlər. Quba rayon Polis Şöbəsinin qərarı ilə ekspert-mütəxəssis cəlb edilməklə onun rəyinə əsasən zəbt müəyyən olunaraq məhkəməyə müraciət etmək hüququ izah olunması barədə qərar qəbul etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı "cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin aradan qaldırılması, xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə Çıxarış və plan cizgiyə uyğun koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1.95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinin mahiyyətindən məlum olur ki, iddiaçılar məcburetmə barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. X3 cavabdeh AR İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin vəzifəli şəxsləri ilə əlaqə quraraq Azərbaycan Respublikası 07 mart 2016-ci il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqamsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrində dəyişiklik edilməsinə nail olmuş, həmin xəritəyə əsasən hazırlanan çıxarış və plan ölçülərin olmasına baxmayaraq zəbt etdiyi torpaq sahəsinin qanunsuz öz istifadəsində saxlamaq üçün mülkiyyətlərində 1.2189 ha olduğu halda həqiqi rəqəmi əvəzləyərək 0.4584 ha kimi göstərilməsinə nail olmuşdur (xəritədən çıxarış təqdim edilmədən) Bununla da 1998-ci ildən mülkiyyət hüququ ilə kənd təsərrüfatı məhsulları əkərək istifadə etdikləri 0.70 ha torpaq sahəsindən istifadə hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı2 hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. İşin hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin icraatında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Nəbiyeva (Müslümova) Gülbahar Yavər qızının cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh vəzifəli şəxslərin hüquqa zidd hərəkətlərinin (hərəkətsizliyinin) aradan qaldırılması, xx.xx.2020-ci il tarixli imtinasının qanunsuz hesab edilməsi və Dövlət Aktı ilə Şahadətnamədəki koordinatların arasındakı ziddiyyətlərin araşdırılıb 1.95 ha torpaq sahənin yerində naturada təhkim aktı ilə tanıdılması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” tələbinə dair 2-1(118)-216/2021 nömrəli inzibati iş olmuş, məhkəmənin 17 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Quba rayonunun Qaraçay kəndində yerləşən ümumi sahəsi 1,95 ha olan torpaq sahəsinin yerinin naturada təhkim aktı ilə tanıdılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Qərar qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********37 nömrəli məktubundan görünür ki, sözügedən qərar icra edilmiş, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli və ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışlarda göstərilən Quba rayonu, Qaraçay kəndində yerləşən 0.727 ha və 1.2189 ha ümumi sahəsi 1.95 ha olan torpaq sahəsinin yeri naturada təhkim aktı ilə tanıdılmışdır. X3 xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməklə, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci tarixli qərarını ləğv edib, məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-216/2021 nömrəli, 10 mart 2022-ci il tarixli qərardadı ilə maraqlı şəxsin vəsatəti təmin edilməmişdir. “Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat iddia tələbi üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahələrini dövlət qeydiyyatına almış və qeydə alınmış torpaq sahələrinin yerində təhkim aktı əsasında iddiaçılara tanıtmışdır. Hazırki, iddia tələbi üzrə özünü 3-cü şəxs qismində cəlb edilməsini tələb edən X2 qarşı İddiaçı2 və digərləri tərəfindən Quba Rayon Məhkəməsində qaldırılmış iddia tələbi X1 zəbt olunmuş torpaq sahəsindən çıxarılması ilə əlaqədar olmuşdur. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 mülkiyyətində olan torpaq sahəsi İddiaçı2 mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Buna görə də Quba Rayon Məhkəməsinin 2(057)-223/2019 saylı 08 may 2019-cu il tarixli qətnaməsi əsasında İddiaçı2 və digərlərinin iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələrinin qərarları əsasında Quba Rayon Məhkəməsinin 08 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan məhkəmə qətnamələri əsasında İddiaçı2 və digərlərinin adına verilmiş çıxarışların ləğv edilməsi ilə bağlı deyil. Hal-hazırda İddiaçı2 və digərlərinin adlarına verilmiş çıxarışlar qüvvədədir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsində iddia tələbi araşdırılan zaman keçirilmiş ekspertiza rəyinə əsasən X1 mülkiyyətində olan 0,6486 ha torpaq sahəsinin İddiaçı2 və digərlərinin mülkiyyətində olan 0,727 ha torpaq sahəsi ilə üstüstə düşməməsi öz təsdiqini tapmışdır. Bu isə bir daha ona dəlalət edir ki, İddiaçı2 və digərlərinin mülkiyyətində olan torpaq sahələrinə dair olan hüquqlar X1 maraqlarına toxunmur. Ona görə də məhkəmə hesab edir ki, X1 iddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə qarşı 1.95 ha torpaq sahəsinin yerində naturada təhkim aktı ilə tanıdılması barədə iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilməsinə dair vəsatəti təmin edilə bilməz. X1 nümayəndəsi və vəkillərinin vəsatəti əsasında iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-6414/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı1 və ailə üzvlərinə aid Quba rayonu, Qaraçay kəndində yerləşən ümumi sahəsi 0.95 hektar olan torpaq sahəsinin ilkin torpaqayırma sənədlərində(ilkin dövlət aktlarında) göstərilmiş plan və ölçü sənədlərinin koordinatları ilə DƏDRX-in iddiaçılara təqdim etdiyi çıxarş, plan və ölçü sənədlərinin koordinatları ilə eynilik təşkil edir. Eyni zamanda X2 aid Quba rayonu, Qaraçay kəndində yerləşən və DƏDRX tərəfindən təqdim edilmiş (5 ədəd) çıxarış, plan və ölçü sənədlərinin koordinatları ilə həmin çıxarışlara əsas olmuş torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində (dövlət aktlarında) göstərilmiş plan və ölçü sənədlərinin koordinatları eynilik təşkil edir. Belə olan halda iddia tələbi X1 hüquqlarının pozulmasına gətirib çıxarmamış və onun iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi məqsədəmüvafiq deyildir.” Göründüyü kimi mövcud mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbinin təmin edilməsini sözügedən məhkəmə qərarının icrası çərçivəsində tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, İnzibati məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir”. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İddiaçının məhkəmə qərarına nəzarət edən müvafiq məhkəməyə müraciət edərək həmin qərarın icrasının təmin edilmədiyini bildirərək, məhkəmə qərarının icrasına nəzarət formasında tələblər irəli sürmək kimi hüquq müdafiə vasitələri olsa da, düzgün hüquq müdafiə vasitəsi seçmədən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) Tələbin – “xəritənin saxtalaşdırılması, sorğunun cavablandırılması barədə 15 oktyabr 2024-cü il tarixli cavabı saxtalaşdıran məsul vəzifəli şəxsin məsuliyyətə cəlb edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qeyd edilən tələb inzibati hüquq münasibətlərinin predmeti deyil, sorğulara verilmiş cavablara isə yalnız işə mahiyyəti üzrə baxan məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2421/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2421/2025
29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver