Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-243/2022 31.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsinə” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “X4 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini ünvan 1 ünvanında yerləşən evin yerləşdiyi 504.5 kv metr torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınmasını, həmin hüquqa dair ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan-ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək X4 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X10 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının anası Balaca Məmməd qızının mülkiyyətində olmuşdur. Bu barədə Anasının adına qeydiyyat vəsiqəsi və texniki pasport olmuşdur. Texniki parportda torpaq sahəsi 504,5 kv metr göstərilmişdir. Anası rəhmətə gedəndən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 504,5 kv metr torpaq sahəsində 1838-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22.5 kv metr olan 2 otaqdan ibarət olan ev vərəsəlik üzrə iddiaçıya keçmişdir. İddiaçı həmin evi (ümüumi sahəsi 97,4 kvadrat metr olan 2 otaqdan ibarət fərdi yaşayış evi) oğlu X6 bağışlamışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı hazırda torpaq sahəsində olan qeydiyata alınmamış tikilidə yaşayır. Azərbaycan Respublikası Prezidentinin 439 saylı Fərmanına əsasən təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə 2.4cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) göstərilmişdir. ünvan 3 ünvanında olan 0, 0504 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun tanınmasında Ərizə ilə müraciət edərkən ona cavab verilmişdir ki, həmin torpaq sahə si 19 may 2021-ci il tarixli çıxarış ilə X4 adına qeydiyyata alındığı müəyyən edilmişdir. İddiaçıya göndərilən cavab məktubunda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsinə istinad edilmişdir. Həmin Məcəllənin 88.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi Orqan hazırki məsələni tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsinin tələblərinə fikir vermədən yanlış olaraq 88.1-ci maddəyə istinad etmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahələri üzrə hüquqların keçməsini tənzimləyən Torpaq Məcəlləsinin 88.3-cü maddəsi torpaq üzrə hüquqların keçməsi üçün tərəflərin razılığını, razılıq olmadığı halda isə yalnız fərdi yaşayış evinin yerləşdiyi və həmin evdən istifadə üçün zəruri olan torpaq sahəsini nəzərdə tutur. Odur ki, iddiaçı hesab edir ki, qanunsuz və əsassız olaraq ona məxsus olan torpaq sahəsi üzərində mülkiyyət hüququ X4 adına qeydiyyata alınmışdır. İddiaçı ona məxsus olan torpaq sahəsinin X4 adına qeydə alınması barədə ərizə ilə müraciət etsə də xahişinin təmin edilməsindən imtina edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X7 və iddiaçının nümayəndəsi və vəkili X8 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, Torpaq sahəsinin plan və ölçüsünün və çıxarışın qeydə alınmasına əsas olmuş 19.05.2021-ci il tarixli, **********60- 10301 reyestr nömrəli qeydiyyatın ləğv edilməsi barədə 03.08.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ünvan 5cü il tarixli 4Ə-2560 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X4 adına özqəninkiləşdirilmiş, 0,0505 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi X4 adına 19 may 2021-ci il tarixdə **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü ilə rəsmiləşdirildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmələrin mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiyanın 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlarbu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq üzərində hüquqları qeydə alarkən iddiaçı ilə üçüncü şəxs arasında mübahisənin olmasından iddiaçının torpaq sahəsində mövcud olan tikilidə yaşamasında xəbərləri olmamışdır. Üçüncü şəxs X10 iddiaya etiraz edərək, qeyd etmişdir ki, İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən ona verilmiş 19 may 2021-ci il tarixli, **********60-10301 reyest, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləgv edilməsini xahiş etmişdir. Hələ 2013-cü ildə bu ünvanda qeydiyyatda olan ailə üzvlərinin razılığı ilə qeyrişərtsiz bağışlanma müqaviləsi asasında notarial qaydada mülk və 504 5kv.metirlik torpaq sahəsi ona bağışlanmışdır (notarus sənədlərini məhkəməyə təqdim etmişdir) İddiaçı nə üçün 13 iyul 2013-cü il tarixli 30801200 7646-10301 reyestr, 1613017-ni deyil, məhz 2021ci ildə dövlət qeydiyyatından çıxartdığı sənədlərin ləğvini istəyir? 10 (on) ilə yaxın xüsusi mülkiyyətində olan mülki və torpaq sahəsini dövlət qeydiyyatından çıxarmaq haçandan qanunazidd və cinayət olub? Üçüncü şəxs bildirir ki, atası İddiaçı qardaşı Xanlar Qubad oğlunun təkidi ilə bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması iddiası ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 11 mart 2019 cu il tarixli, 2(0120-599) 2019 nomrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bu qətnamədən apellyasiya şikayət vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2019-cu il tarixli, 2(105) 26891 2019 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Kassasiya şikayəti vermiş, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli 2(102) 2020 nömrəli qərarı ilə Kassasiya şikayəti təmin edilməmişdir. Son aylarda isə eyni müraciətlə qardaşı X7 da bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv olunması iddiası ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, Abşeron rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2 (012)-6341/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Abşeron rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli qətnamədan Apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 dekabr 2021-ci tarixli 2(105)- 3292/2021 nömrəli qətnaməsi ilə Apellyasiya şikayəti də təmin edilməmişdir . O, baxmayaraq ki, bu günə qədər heç vaxt vəkil xidmətindən istifadə etməmişdir və etmək fikri də yoxdur. Göründüyü kimi bağışlanma müqaviləsində heç bir saxtakarlığa yol verilmədiyi üçün məhkəmələr tərəfindən yuxarıda adları çəkilən iddiaçıların heç bir iddiaları təmin edilməmişdir. Üçüncü şəxs bildirir ki, ünvan 6 ünvanda yerləşən ümumi sahəsi 97.4 kv metr olan, 2 otaqdan ibarat fərdi yaşayış evini və 504.5 kv.m torpaq sahəsini atası X11 tərəfindən Abşeron rayon 1 saylı notariat Kontorunda 23 iyun 2013-cü il tarixli ******* reyestr nömrə ilə qeyda alınmış “ev bağışlanma müqaviləsi" nə əsasən bağışlamışdır. Həmin ev bağışlanma müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət edərək sözü gedən mülk və torpaq sahəsinə çıxarış almışdır. Azərbaycan Respublikasının Prezidentinin 439 nömrəli fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə siyahının 2.4-cü bəndinə əsasən 2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş, yaşayış evinin altında yerləşən 504.5 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən sənədlər ətraflı araşdırıldıqdan sonra Prezidentin Fərmanına müvafiq olaraq sözü gedən 504.5 kv.m. torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış, ona çıxarış verilmişdir. Qeyd edir ki, Xüsusi mülkiyyətində olan əmlak sahəsinin altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ əldə edilməsi onun hüququdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X10 iştirak etmiş, iddiaya etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, məhkəmənin sullarına cavab olaraq bildirmişdir ki, iddiaçı torpaq sahəsində olan tikilidə yaşasada, o iddiaçıya mövcud tikiliyə gedib-gəlmək üçün yol verir, lakin iddiaçı isə bununla razılaşmır, torpaq sahəsinin yarısını istəyir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır və ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həmdə qismən əsaslıdır. Belə ki, iddiaçı X4 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsini istəyir. İddiaçı qeyd edir ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının anası Balaca Məmməd qızının mülkiyyətində olmuşdur. Bu barədə Anasının adına qeydiyyat vəsiqəsi və texniki pasport olmuşdur. Texniki parportda torpaq sahəsi 504,5 kv metr göstərilmişdir. Anası rəhmətə gedəndən sonra qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 2 ünvanında yerləşən 504,5 kv metr torpaq sahəsində 1838-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22.5 kv metr olan 2 otaqdan ibarət olan ev vərəsəlik üzrə iddiaçıya keçmişdir. İddiaçı həmin evi (ümüumi sahəsi 97,4 kvadrat metr olan 2 otaqdan ibarət fərdi yaşayış evi) oğlu X6 bağışlamışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. İddiaçı hazırda torpaq sahəsində olan qeydiyata alınmamış tikilidə yaşayır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında məhkəmə mübahisələri olmuşdur. Abşeron rayon Məhkəməsinin 11 mart 2019cu il tarixli, 2(012)-599/2019 saylı Qətnaməsinə ilə İddiaçı cavabdehlər X6 və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı ev bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair iddi tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, ******* saylı çıxarışdan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 97.4 kv.m olan, iki otaqlı, iki mərtəbəli fərdi yaşayış evi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 62 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində **********46-10301 reyestr nömrəsi ilə 13.07.2013-cü il tarixdə qeydiyyata alınmışdır və fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı iddianı sübut edən hərhansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Abşeron rayon Məhkəməsinin qərarı qanuni qüvvəsini almışdır. Tərəflər arasında mövcud olan digər məhkəmə mübahisəsinə ilə Abşeron rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(012)-634/2021 saylı qətnaməsinə əsasən iddiaçı X2 cavabdeh Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna, İddiaçı və X6 qarşı ev bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 01.12.2021-ci il tarixli 2(105)-3292/2021 saylı Qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(012)-634/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi və 0.05045 ha torpaq sahəsi X4 adına dövlət qeydiyyatına alınmış, çıxarış əsasında torpaq sahəsinin plan-ölçü sənədi tərtib edilmişdir. Məhkəmə tərəfindən müvafiq araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq cavabdeh tərəfinbdən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evin yerləşdiyi 504.5 kv.m torpaq sahəsinin ortofotogörüntüləri və müayinə aktının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üçüncü şəxs X6 mülkiyyət hüququ ilə məxsusdur. Bununla bağlı məhkəmə mübahisələri olmuş və üçüncü şəxs X4 fərdi yaşayış evi üzərində hüquqlarının qanuniliyi məhkəmələr tərəfindəndə tanınmışdır. Ona görədə məhkəmə hesab edir ki, iddiaçının tələbi fərdi yaşayış evi ilə bağlı hissədə əsaslı hesab edilə bilməz. İnzibati orqan həmin fərdi yaşayış evi üzərində mülikyyət hüququnun qeydə alınması hissəsində qanun pozuntusuna yol verməmişdir. Lakin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnu qeydə alarkən zəruri araşdırma aparmadan qeydiyyat aparmışdır. Məhkəmə araşdırması zamanı tərflərin izahatları ilə müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində yerləşən üçüncü şəxsin mülkiyyətində olan fərdi yaşayış evindən başqa bir tikilədə mövcuddur və iddiaçı həmin tikildə yaşayır. Məhkəmə proseslərində üçüncü şəxs X10 bildirmişdir ki, iddiaçı torpaq sahəsində olan tikilidə yaşasada, o iddiaçıya mövcud tikiliyə gedib-gəlmək üçün yol verir, lakin iddiaçı isə bununla razılaşmır, torpaq sahəsinin yarısını istəyir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar üçüncü şəxsin torpaq sahəsi üzərində hüquqlarını istisna etmir, lakin iddiaçının mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsində yaşadığı halda cavabdeh inzibati orqan bu halı araşdırmadan üçüncü şəxs X4 adına fərdi yaşayış evi ilə birlikdə torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alması əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı mübahisə mülki məhkəmə icraatı qaydasında müəyyən edilə biləcək haldır. İddiaçının torpaq sahəsindən qanunsuz istifadə etdiyi halda, mülki məhkəmə icraatı qaydasında olan hüquq müdafiə vasitələrindən istifadə edilərək, torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüququnun yaranması müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə üçüncü şəxs arasında müvafiq razılıq olmadığı halda, torpaq sahəsinindən istifadə hüququ və torpaq sahəsinin hüquqi statusu mülki məhkəmə icraatı qaydasında müəyyən edilmədən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması əsaslı hesab edilə bilməz və iddia torpaq sahəsi ilə bağlı hissədə əsaslı hesab edilməlidir. Tərəflərə izah edilsin ki, iddiaçı ilə üçüncü şəxs arasında müvafiq razılaşma olmadığı halda, 0.05045 ha torpaq sahəsinə münasibətdə mülki hüquq müdafiə vasitələrinə uyğun olaraq, aralarındakı mübahisəni mülki məhkəmə icraatı qaysında müəyyən etdikdən sonra, həmin nəticəyə uyğun olaraq yenidən inzibati orqana müraciət edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X4 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsü 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. X4 adına verilmiş 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsü 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-243/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-243/2022
31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver