Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2431/2024 19.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülməsinin dayandırılması, mənzilə elektrik enerjisinin, təbii qazın, içməli suyun verilməsi və kanalizasiya xəttinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülməsinin dayandırılması, mənzilə elektrik enerjisinin, təbii qazın, içməli suyun verilməsi və kanalizasiya xəttinin bərpa edilməsi öhdəliyinin cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinə elektrik enerjisinin, təbii qazın, içməli suyun və kanalizasiya xəttinin verilməsi dayandırılmışdır. Ona görə də məişətdə problemlər yaranmış, bütün bunlar isə iddiaçının mənzil hüququnun pozulmasına səbəb olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli 770s nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 13 nömrəli yataqxana binasında yaşayan hər ailə başçısına daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31000 manat birdəfəlik maddi yardım verilməklə onların köçürülməsi və yataqxana binasının sökülməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır. Həmin yataqxana binasında elektrik enerjisinin, təbii qazın, içməli suyun və kanalizasiya xəttinin verilməsinn dayandırılması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyni məzmunda izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 35.1: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3: İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 80.1: Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1-ci bənd: İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqəsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bənd: İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bənd: İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinə elektrik enerjisinin, təbii qazın, içməli suyun və kanalizasiya xəttinin verilməsi dayandırılmış və həmin ünvanda yerləşən bina (yataqxana) artıq sökülmüşdür. Hazırkı işin hallarından görünür ki, cavabdehin – Sumqayıt Şəhər İcra Hakimiyyətinin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının hüququna aşkar müdaxilənin mövcudluğu müəyyən edilmir. Yəni, iddiaçının hüquqlarının pozulması cavabdehin hərəkətləri nəticəsində baş verməmişdir. Belə ki, yaşayış sahəsinin elektrik enerjisi, təbii qaz, içməli su ilə təchiz olunması və yaşayış sahəsinə kanalizasiya xəttinin çəkilməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri daxilində deyildir. Yataqxananın sökülməsinin dayandırılmasına münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 sentyabr 2023-cü il tarixli 770s nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində 13 nömrəli yataqxana binasında yaşayan hər ailə başçısına (1 nəfərdən 3 nəfərədək üzvü olan ailənin hər birinə) daşınma xərcləri və kirayə haqları ilə birlikdə 31000 manat birdəfəlik maddi yardım verilməklə köçürülməsi və yataqxana binasının sökülməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə vəsait ayrılmışdır. Yəni, müvafiq yataqxananın sökülməsi və birdəfəlik müavinətin ayrılması ilə bağlı qərar qəbul edilmişdir. Mübahisə predmeti olan yataqxana isə hazırda mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İnzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və cavabdehin həmin mübahisəni mahiyyəti üzrə həll edilməməsi mövcud olmalıdır. Yəni, hazırkı iddiada cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilmir. Bundan əlavə iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mənzilin bazar qiyməti müqabilində kompensasiyanın və əmlakından 6 aylıq müddətə məhrum olunduğu üçün dəymiş maddi ziyan məbləğinin hesablanaraq ödənilməsinin cavabdehin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. Həmin ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən ərizə ayrıca iddia predmeti olduğundan ilkin olaraq cavabdeh orqana müraciət olunduqdan və imtina cavabı alındıqdan sonra müvafiq qaydada inzibati məhkəməyə müraciət edilməsi iddiaçıya tövsiyə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 13 saylı yataqxananın 75 A saylı mənzilinin sökülməsinin dayandırılması, mənzilə elektrik enerjisinin, təbii qazın, içməli suyun verilməsi və kanalizasiya xəttinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-2431/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2431/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver