Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2434/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdeh Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin səlahiyyətli nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdehlər Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 yanvar 2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində VAZ 2107 markalı, ** BT *** qeydiyyat nişanlı iddiaçının şəxsi avtomobilinə dəymiş 2.000 manat məbləğində ziyanın cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13 yanvar 2023-cü il tarixdə Xaçmaz- Xudat yolundan Nərəcan kəndini keçərək, Ağtala kəndində VAZ 2107 markalı, ** BT *** qeydiyyat nişanlı şəxsi avtomobili ilə hərəkət edərkən, yolun kənarından ağac aşaraq avtomobilinin üstünə düşmüşdür. Hadisə yerinə DYP əməkdaşları və ATA Sığorta Şirkətinin nümayəndəsi gəlmişdir. ATA Sığorta şirkətinin nümayəndəsi iddiaçıya bildirmişdir ki, KASKO Sığorta olunmadığı üçün, bu kimi hallara görə sığorta pul ayrılmır. Hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, “Ata” Sığorta şirkətinə, X4 Agentliyinə, Xaçmaz Rayon İcra Hakimiyyətinə, Xaçmaz Şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə aidiyyəti üzrə şikayətlər etsə də, nəticəsi olmamışdır. Hesab edir ki, əgər yol kənarlarında ağaclar təhlükəli haldadırsa, bununla bağlı Mənzil Kommunal Təsərrüfatı İdarəsi dərhal aidiyyəti qurumlara məlumat verməli və bu təhlükəni aradan qaldırmalıdırlar. Bu hadisənin baş verməsində səbəb hər hansı bir təbiət hadisəsi, külək deyil, Mənzil Kommunal Təsərrüfatı İdarəsinin ağacları vaxtlıvaxtında budamaması olmuşdur. Hadisə nəticəsində şəxsi avtomobilinə 2.000 manat dəyərində ziyan dəymiş, avtomobilinin bir çox hissələri sıradan çıxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı iddia tələbini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsinin səlahiyyətli nümayəndəsi X5 iddianın mümkün sayılamasını xahiş edərək bildirmişdir ki, Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsinin 3.1-ci bəndində qeyd olunmuşdur ki, İdarənin məqsədi Xaçmaz şəhərində təmizliyə və sanitariya abadlıq qaydalarına əməl olunması, balansında olan dövlət mənzil fondunun texniki istismarı və mənzil fondundan istifadəsinə nəzarət, park, küçə və xiyabanlarda, o cümlədən inzibati binaların fasad hissəsində quraşdırılmış bütün işıqlanma sistemlərinə xidmət göstərilməsi və müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir. Məhkəmə tərəflərin izahatlarını, qanunvericiliyin müddəalarını iddia ərizəsi və digər sənədlərlə birlikdə nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə qeyd edir ki, İPM-in inzibati orqanlarının qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. (2.3-cü bənd) ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. İş materialında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 may 2023-cü il tarixli, 56 saylı məktubdan görünür ki, 13 yanvar 2023-cü il tarixdə Xaçmaz rayonu Nərəcan-Ağtala kənd avtomobil yolunda idarə etdiyi VAZ 2107 markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə yolun kənarında olan ağacın düşməsi ilə əlaqədar və dəymiş maddi ziyanla bağlı sizə hər hansı maddi yardım göstərilməsi idarənin səlahiyyəti xaricindədir. Belə ki, Xaçmaz MKTİ Xaçmaz şəhər ərazisində fəaliyyət göstərir. Baş vermiş hadisə ilə əlaqədar Xaçmaz rayon kənd yollarına baxan aidiyyəti orqana müraciət edilməsi hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 28 fevral 2023-cü il tarixli məktubdan görünür ki, yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətlərinə aid deyil. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 9 mart 2023-cü il tarixli məktubdan görünür ki, avtonəqliyyat vasitəsinin üzərinə ağacın aşaraq maddi ziyan dəyməsi, zərərin ödənilməsi və köməklik göstərilməsi barədə müraciətə cavab olaraq dəymiş zərərin qarşılanması üçün müvafiq sığorta şirkətinə müraciət edilməli olması bildirilmişdir. Ağtala kənd sakinləri tərəfindən tərtib edilmiş 9 fevral 2023-cü il tarixli aktın məzmunundan görünür ki, 13 yanvar 2023-cü il tarixində Xaçmaz rayon Ağtala kəndində Ağtala-Uzunoba kənd yolunun sağ tərəfində bir ədəd qovaq cinsinə mənsub olan ağac güclü külək nəticəsində kökündən qoparaq Ağtala kənd sakini olan iddiaçıya məxsus 7 markalı avtomobilin üzərinə düşərək avtomobildə olan sərnişin X1 ağır xəsarət yetirmiş və avtomobili yararsız hala salmışdır. “Azərbaycan X4 Agentliyi 4№li Yol İstismarı” MMC tərəfindən iddiaçıya ünvanlanmış 27 aprel 2023-cü il tarixli məktubdan görünür ki, ərizədə göstərilən 13 yanvar 2023-cü il tarixində qeydə alınmış qəza yerli əhəmiyyətii Y-216 U-1 (36 km)-Uzunoba-Tikanoba (11 Km) avtomobil yolunun 3-cü kilometrliyində Nərəcan və Ağtala kəndləri arasında baş vermişdir. Həmin bu yol "xxxx" MMC-nin balansındadır və bu yola istismar xidməti tərəfindən həyata keçirilir. Lakin bu yolun kənarındakı ağaclar MMC-nin balansında deyildir. Baş vermiş hadisədə "xxxx" MMC heç bir məsuliyyət daşımır. Bu hadisə ilə əlqədar "xxxx" MMC-yə və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Xaçmaz rayon Polis Şöbəsinin 28 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, 13 yanvar 2023-cü il tarixində Vaz-2107 markalı **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə Xaçmaz-Xudat yolunda baş vermiş YNH-si qeydə alınmamışdır. Xaçmaz-Xudat yolu, Xaçmaz RPŞ-i DYPB-nin dislokasiya üzrə xidməti ərazisi olmadığına görə, DİN-in BDYPİ-nin YPXA-na müraciət edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 12 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, yaşıllıq ərazilərdə ağac və kol bitkilərinin budanması, yaşıllıqlara qulluğun göstərilməsi və götürülməsi “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, “Vaz 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə məxsus olması və 13 yanvar 2023-cü il tarixdə həmin nəqliyyat vasitəsinin iştirakı ilə hər hansı hadisənin baş verib-verməməsi, həmçinin baş vermişdirsə araşdırmanın nəticəsi ilə bağlı sənədlərin surətinin məhkəməyə təqdim olunması barədə müracitə baxılmışdır. Bildirilir ki, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində, 3 avqust 2018-ci il tarixdən iddiaçının mülkiyyətində olan “Vaz 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin törədilməsinə dair məlumat qeydə alınmamışdır. Qeyd olunmalıdır ki, inzibati orqanlarının məsuliyyətinin əsasları Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Belə ki, Konstitusiyanın 68-ci maddəsində göstərilir ki, hər kəsin dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. İnzibati orqanların məsuliyyəti ilə bağlı normalarda da konstitusion yanaşma əsas kimi götürülmüşdür. Normanın konkretləşmiş formaları öz əksini müxtəlif qanunlarda tapır. Bu baxımdan mülki qanunvericilikdə də maraqlı şəxslərin dövlət orqanları tərəfindən vurulmuş ziyanın ödənilməsi zamanı hansı tələblərə malik olması üçün tərkib nəzərdə tutur. Vurulmuş ziyanın ödənilməsi zamanı ziyanın təyin edilməsi üçün həlledici meyar kimi inzibati orqanların inzibati aktı qəbul etmədiyi və ya həmin hərəkət və ya hərəkətsizliyi həyata keçirməyəcəyi halda maraqlı şəxsin əmlak vəziyyətinin hansı vəziyyətdə inkişaf edəcəyi meyarıdır. Yəni, heç bir müdaxilə olmasaydı, maraqlı şəxsin malik olacağı gəlirlər də daxil olmaqla əmlak vəziyyətidir. Hazırki iş üzrə mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən edilməsi üçün iddia tələbinin faktiki əsasının nədən ibarət olmasının aydınlaşdırılması zəruridir. İddiaçının iddia ərizəsindən və məhkəmə iclasında izahatından məlum olur ki, iddiaçının etirazı, narazılığı və şikayəti 13 yanvar 2023-cü il tarixdə Xaçmaz-Xudat yolundan Nərəcan kəndini keçərək, Ağtala kəndində VAZ 2107 markalı, ** BT *** qeydiyyat nişanlı şəxsi avtomobili ilə hərəkət edərkən, yolun kənarından ağac aşaraq avtomobilinin üstünə düşməsi nəticəsində şəxsi avtomobilinə 2.000 manat dəyərində ziyan dəyməsi və avtomobilinin bir çox hissələrinin sıradan çıxması ilə bağlıdır. Hüquq münasibətinin mahiyyəti ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı “əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə cavabdehlərə qarşı iddia irəli sürsə də, cavabdehlər ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranması işin materialı ilə müəyyən olunmur. Belə ki, cavabdeh Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin Əsasnaməsinin 3.1-ci bəndində qeyd olunmuşdur ki, İdarənin məqsədi Xaçmaz şəhərində təmizliyə və sanitariya abadlıq qaydalarına əməl olunması, balansında olan dövlət mənzil fondunun texniki istismarı və mənzil fondundan istifadəsinə nəzarət, park, küçə və xiyabanlarda, o cümlədən inzibati binaların fasad hissəsində quraşdırılmış bütün işıqlanma sistemlərinə xidmət göstərilməsi və müvafiq infrastrukturun inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsinin təmin edilməsindən ibarətdir. Qeyd olunan Əsasnamə ilə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin yurisdiksiyası Xaçmaz şəhəri ilə məhdudlaşmışdır. Cavabdehin səlahiyyətli nümayəndəsi də bu halı məhkəmə iclasında bir daha təsdiq etmişdir. Digər cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə münasibətdə isə məhkəmə bildirir ki, İdarə tərəfindən verilmiş məktubdan görünür ki, yaşıllıq ərazilərindəki ağac və kol bitkilərinin budanması, yaşıllıqlara aqrotexniki qulluğun təşkili onun səlahiyyətlərinə aid deyildir. Məhkəmənin sorğusuna cavab olaraq bildirilmişdir ki, yaşıllıq ərazilərdə ağac və kol bitkilərinin budanması, yaşıllıqlara qulluğun göstərilməsi və götürülməsi “Yaşıllıqların götürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli, 321 saylı Qərarı və “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası qanunu ilə tənzimlənir. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasinin Qanununun müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 1.0.12. yaşıllıqların götürülməsi - bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərti ilə kəsilməsinə yönəlmiş tədbir. 4.2. Yaşıllıqların mühafizəsi sahəsində hüquq münasibətlərinin subyektləri dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir. 12.3. Müvafiq icra hakimiyyəti orqanı və bələdiyyələr tərəfindən yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatlar yaşıllıqların kadastrını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilir və həmin orqanın rəsmi internet səhifəsində yerləşdirilir. Maddə 13. Yaşıllıqların götürülməsi 13.1. Yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: (-) 13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda; (-) 13.4. Yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır. (-) Maddə 24. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası”nın müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 1.1. Bu Qayda “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-İVQ nömrəli Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. 1.2. Yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir.
2. Yaşıllıqların götürülməsi qaydası 2.1. Yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. (-) 2.7. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün bu Qaydanın 2.5-ci bəndində göstərilən sənədlər əlavə olmaqla, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur. (-) 2.9. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.10. Bu Qaydanın 2.2.5-ci və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan hallarla bağlı yaşıllığın götürülməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyinin verilməsi müddəti də daxil olmaqla, 3 (üç) təqvim günü ərzində yaşıllığın götürülməsi haqqında qərar qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. 2.11. İstifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanı, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən yaşıllığın götürülməsi haqqında qərarının və yaşıllığın götürülməsi vərəqinin surəti 2(iki) gün müddətində məlumat üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilir. Göründüyü kimi, hazırki iddia tələbi üzrə istər Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi, istərsə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi cavabdeh orqan deyildirlər. Eyni zamanda, hazırda mübahisə predmetinin mövcud olması da iş materialı ilə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X7 İdarəsi tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli cavab məktubundan görünür ki, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin mərkəzi informasiya sistemində, 3 avqust 2018-ci il tarixdən iddiaçının mülkiyyətində olan “Vaz 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin törədilməsinə dair məlumat qeydə alınmamışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə istinad edərək qeyd edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə həmçinin vurğulayır ki, hazırkı iddia mümkün sayılmadığından iddianın digər ümumi və xüsusi mümkünlük şərtlərinin yoxlanılması üçün əlavə araşdırılma aparılmasına zərurət görmür və özünün bu mövqeyini “prosessual qənaət” prinsipinə uyğun hesab edir. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdehlər Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı “əmlaka dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim: Könül Həbibova