Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2437/2023 04.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/2 saylı qərarı əsasında şəhərin “Dəvədabanı” yaşayış massivindən iddiaçıya satılmış 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/2 saylı qərarı əsasında şəhərin “Dəvədabanı” yaşayış massivindən iddiaçıya satılmış 500 kv.metr torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçıya məkhəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/2 saylı qərarı əsasında şəhərin “Dəvədabanı” yaşayış massivindən iddiaçıya satılmış 500 kv.metr torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli, 12/2 saylı qərarı ilə bələdiyyənin ehtiyat torpaq fondundan, şəhərin “Dəvədabanı" yaşayış massivindən 500 (beş yüz) kv.metr torpaq sahəsi satın almışdır. Bununla əlaqədar müvafiq sənədləşmə işləri aparılmış, bələdiyyə iclası keçirilmiş, ödəniş edilmiş, aidiyyəti dövlət qurumlarından razılıq alınmışdır. Faktiki olaraq torpaq sahisi həmin dövrdən onun istifadəsindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə hüquqlarının Dövlət qeydiyyatına alınması, Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün xx.xx.2022-ci il tarixdə müraciət etdikdə, qanunla müəyyən edilmiş 5 günlük müddət ötürülərək 2 ay sonra oradan bildirmişlər ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 03 saylı protokolundan çıxarışın 12/2 nömrəli qərarı ilə satılmış torpaqların alqı-satqısına dair akt X5 filialına təhvil verilməmişdir. Buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.6-cı maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Göründüyü kimi o zamankı qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə ilə sənədləşmə işi apararaq torpaq sahəsi satın almışdır. Bununla əlaqədar ona müvafiq sənədlər təqdim edilmiş və onları özündə saxlamışdır. Bələdiyyə tərəfindən sənədlərin arxivə təhvil verilməməsi onun təqsiri ola bilməz. Bunun üçün müvafiq vəzifəli şəxslər məsuliyyət daşıyır. Ona verilmiş sənədlər həmin sahədən məsul şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də, ona təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə iddiaçıya aid məsələ deyildir. Cavabdeh idarənin məsələyə bu formada yanaşması onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. İmtina üçün qeyd olunan hallar formallıqdan başqa bir şey deyildir. Göstərilənlərə əsasən, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İşlə bağlı təyin edilmiş şifahi məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı Quba şəhəri ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, 0.05 ha torpaq sahəsi üçün tərəfinizdən Quba rayonu Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı protokolundan çıxarışın 12/2 nömrəli qərarın Dövlət Arxiv İdarəsinin Quba filialı tərəfindən təsdiq edilmiş nüsxəsi əlavə olunmuşdur. Lakin, ləğv olunmuş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaqların alqısatqısına dair aktın Dövlət Arxiv idarəsinin Quba filialı tərəfindən təsdiq edilmiş nüsxəsi ərizənizə əlavə edilməmişdir. Bu, səbəbdən də, Quba rayonu Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 03 saylı protokolundan çıxarışın 12/2 nömrəli qərarı ilə satılmış torpaqların alqı-satqısına dair aktın Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən Quba rayon Dövlət Arxivinə təqdim edilib-edilməməsi barədə məlumatın verilməsini və təqdim edildiyi halda həmin sənədlərin arxiv surətlərini Ərazi İdarəsinə göndərilməsi məqsədi ilə sorğu göndərilərək ərizənizin icrası bir ay müddətinə dayandırılmışdır. Sorğuya verilmiş cavab məktubunda bildirilmişdir ki, Quba bələdiyyəsinin xx.xx.2005- ci il tarixli, 03 saylı protokolundan çıxarışın 12/2 nömrəli qərarı ilə satılmış torpaqların alqı- satqısına dair aktı X5 filialına təhvil verilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.6-cı maddəsinə əsasən ərizənin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-931/2023 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.2 torpaq sahəsinin planı və ölçüsü. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər.
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli 12/2 nömrəli qərarından görünür ki, X1 fərdi yaşayış evinin tikintisi üçün “Dəvədabanı” yaşayış massivindən 500 kvadrat metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. - 01 saylı, 30 dekabr 2004-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən Quba rayonu Quba bələdiyyəsinin hesabına 560.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin rəyindən görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 500 kv.metr torpaq sahəsinin satılması qanunamüvafiqdir. - “Torpaqların alqı-satqısı”na dair 19 may 2006-cı il tarixli, 516 saylı aktdan görünür ki, İddiaçı tərəfindən Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli, 12/2 nömrəli qərarı ilə ona ayrılmış torpaq sahəsi Quba rayonu Quba bələdiyyəsinin hesabına 560.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - Quba rayonu İcra Hakimiyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin tərtib etdiyi 25 saylı, 27 iyun 2020-ci il tarixli rəydən görünür ki, iddiaçıya fərdi yaşayış evinin tikintisi üçün 500 kv.metr torpaq sahəsinin satılması qanunamüvafiqdir. - Quba rayonu Quba bələdiyyəsinin tərtib etdiyi 808 saylı, 27 oktyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, Quba bələdiyyə iclasının 28 mart 2005-ci il tarixli 03 saylı protokolundan çıxarışın 12/2 saylı qərarındakı X2 yox, İddiaçı kimi tanınmalıdır. - Quba rayonu Quba bələdiyyəsinin tərtib etdiyi 887 saylı, 03 noyabr 2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, İddiaçı 0.05 ha torpaq sahəsinin verilməsi barədə 03 nömrəli protokolun 12/2 saylı qərarı qüvvədədir, çıxarışın verilməsinə etiraz edilmir. - Mübahisə predmeti olan torpaq sahəsinə dair Quba rayonu Quba bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, iddiaçının Quba rayonu Quba bələdiyyəsinin 12/2 nömrəli, 28 mart 2005-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərtləri təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli, 12/2 nömrəli qərarı ilə İddiaçı Quba rayonu Quba bələdiyyəsinin alqısatqı predmeti olan “Dəvədabanı” yaşayış massivindən yerləşən torpaq sahəsindən fərdi yaşayış evi tikmək məqsədilə 500 kv.metr torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin və Quba rayonu İcra Hakimiyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyləri ilə iddiaçıya torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. İddiaçı tərəfindən 30 dekabr 2004-cü il tarixdə, mübahisəli torpaq sahəsinin ona satılması müqabilində 560.000 manat məbləğində pul Quba rayonu Quba bələdiyyəsinin hesabına ödənilmişdir. İddiaçıya torpaq sahəsinin satılması “Torpaqların alqı-satqısı”na dair 19 may 2006-cı il tarixli, 516 saylı aktla da rəsmiləşdirilmişdir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan və yuxarıda sadalanan torpaq sahəsinin satılması barədə qərar, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin və Quba rayonu İcra Hakimiyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyləri, torpaqların alqı-satqısına dair akt, o cümlədən ödəniş qəbzi ilə də təsdiq edilir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 27 yanvar 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsası kimi ləğv olunmuş DT və XK-nin Quba rayon Şöbəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair aktın Dövlət Arxiv İdarəsinin Quba filialı tərəfindən təsdiq edilmiş nüxsəsinin ərizəyə əlavə olunmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız və formal olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Quba rayonu Quba bələdiyyəsinin 12/2 nömrəli, 28 mart 2005-ci il tarixli qərarı və torpaqların alqı-satqısına dair akta əsasən satılmış və həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin və Quba rayonu İcra Hakimiyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsinin rəyləri ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 28 mart 2005-ci ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Sözügedən torpaq sahəsi iddiaçıya ayrılmamışdan öncə bununla bağlı müvafiq orqanların rəyi alınmışdır. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, eyni zamanda iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin müqabilində bələdiyyənin hesabına 560.000 (beş yüz altmış min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Quba rayonu Quba bələdiyyəsinin 28 mart 2005-ci il tarixli, 12/2 nömrəli qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. İddiaçıya səlahiyyətli orqanın rəyi əsasında torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/2 saylı qərarı əsasında şəhərin “Dəvədabanı” yaşayış massivindən İddiaçı satılmış 500 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 12/2 saylı qərarı əsasında şəhərin “Dəvədabanı” yaşayış massivindən İddiaçı satılmış 500 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva