Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-244/2023 02.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 saylı protokola əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 2,0 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1275/2017 saylı qətnaməsi ilə Quba rayon Digah-Xucbala bələdiyyəsindən 21.500 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icra işi açılaraq, borcun ödənilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Bələdiyyə borcunu könüllü olaraq icra etmədiyi üçün məhkəmənin qərardadına əsasən ona məxsus olan 2 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada hərraca çıxarılmış və o həmin hərracda iştirak etmişdir. Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 saylı protokola əsasən o, hərracın qalibi olmuş və torpaq sahəsi 15000 manata iddiaçıya satılmışdır. Bununla əlaqədar Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Həmin Qanunun 61.1 -ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş bütün prosesləri vicdanlı şəkildə yerinə yetirərək, qanunvericiliklə nəzərdə tutulmuş hərrac prosesində iştirak etmiş və qalib elan edilmişdir. Bundan sonra o, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən hərracla satın aldığı həmin torpaq sahəsinin adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsi cavab məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bildirirlir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisinin rəyinin alınasına dair məhkəmə tərəfindən dəfələrlə yerli baxışın keçirilməsi və müvafiq rəyin alınması üçün iddiaçıya şərait yaradılmış, lakin iddiaçı həmin müəssisə tərəfindən rəyin alınmasına müsbət yanaşmamışdır. İddiaçı məhkəməyə teleqram vasitəsilə müraciət edərək, səhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və bu səbəbdən məhkəmə iclasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmiş, ona görə də məhkəmə iclasın başqa vaxta təxirə salınmasını məqsədəmüvafiq hesab etmədi. Məhkəmə həmçinin, müvafiq inzibati işin uzun müddət məhkəmənin icraatında olamasını nəzərə alaraq, işə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar iddiaçıya aşağıdakı məzmunda bildirilmiş ki, “ərizənizə əlavə edilmiş hərracın yekunları barədə protokolu əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz 2.0 ha torpaq sahəsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir.....” Yuxarıda qeyd olunanları nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2020-ci il tarixli, **********39 nömrəli məktubla imtina olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********80 nömrəli imtina məktubu, etiraz ərizəsi, Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 saylı protokolun surəti, alqı-satqı müqaviləsinin surəti, Digah-Xucbala Bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu plandan çıxarışın surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən verilmiş 3-21-3-60/2-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********80 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(027)-1275/2017 saylı qətnaməsi ilə Quba rayon Digah-Xucbala bələdiyyəsindən 21.500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və probasiya şöbəsinə göndərilmiş və icra sənədi üzrə icra işi açılaraq, borcun ödənilməsi üçün müvafiq tədbirlər görülmüşdür. Bələdiyyə borcunu könüllü olaraq icra etmədiyi üçün məhkəmənin qərardadına əsasən ona məxsus olan 2 hektar torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada hərraca çıxarılmış və iddiaçı həmin hərracda iştirak etmişdir. Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 saylı protokola əsasən İddiaçı hərracın qalibi olmuş və Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli müqavilə imzalanmışdır. İddiaçı həmin müqavilə əsasında əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ barədə çıxarışın verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat həmin daşınmaz əmlakın bələdiyyənin ehtiyat fondu əkin sahəsi torpağı olmasını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən verilmiş 3-21-3-60/2-619/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan müəyyən olundu ki, iddiaçının istifadəsində olan torpaq sahəsi elektron məlumat bazasında olan məlumatlara əsasən bələdiyyənin ehtiyat fondu torpaqlarına aid olmaqla əkin torpaq sahəsidir və yararlılıq dərəcəsi (bonitet balı) 68-dir. Belə olan halda cavabdehin üzərinə hər hansı bir öhdəliyin qoyulması qanunvericiliyə əsasən mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 33.4-cü maddəsinə əsasən ehtiyat fondu torpaqlarının istifadəsinə onların müvafiq kateqoriyaya keçirilməsindən sonra yol verilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 56.3-cü maddəsinə və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, iddiaçının iş materiallarına əlavə etdiyi “Famepro” ekspertiza mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01/2023-239 saylı ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi, plan və ölçü sənədləri ilə bağlı koordinatların müəyyən edilməsi və ekpsertizanın aparılması üçün mütləq qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin mütəxəssisinin rəylərinə istinad olunmalıdır. Ona görə də həmin mütəxəssis rəyinə istinad olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 75 saylı protokola əsasən Quba rayonu, Digah kəndi ərazisində yerləşən 2,0 hektar torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-244/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-244/2023
02.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver