Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2440/2025 30.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li protokoluna əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li protokoluna əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsini istəyir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2024-cü ildə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Siyəzən rayonu, Siyəzən şəhəri ərazisində yerləşən ümumi sahəsi 0.05 ha torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubla xahişini təmin etməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Siyəzən XDS İcraiyyə Komitəsi iclasının 15 avqust 1978-ci il tarixli. 12 saylı iclas Protokoluna görə Siyəzən şəhərində yaşayan İddiaçı son iki ildə fərdi evi olmadığını nəzərə alaraq Siyəzən şəhəri, Sabir küçəsində 0,04 ha torpaq ayrılmışdır (18.12.202.3-cü il tarixli Arxiv çıxarışı). Siyəzən rayon İH başçısının xx.xx.2006-cı il tarixli, 93 saylı sərəncamı ilə Siyəzən şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı sahələr onların xüsusi mülkiyyətinə verilir. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Siyəzən rayon İHB-nın 2 1.04.2006-cı il tarixli, 93 saylı sərəncamı ilə 499,64 kv.m həyətyanı torpaq sahəsinin plan və ölçüsü xx.xx.2012-ci ildə tərtib olunmuşdur. Bütün bunlar göstərir ki, torpaq sahəsi qanuni əsaslarla verilmişdir və 40 ildən artıqdır ki, istifadəsindədir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Siyəzən rayonu, Siyəzən şəhəri ərazisində yerləşən, ümumi sahəsi 0.05 ha torpaq sahəsinə dair vətəndaş İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması, reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi barədə 22 may 2024-cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə əlavə edilmiş ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 12 yanvar 2012-ci il tarixdə 591 nömrə ilə qeydiyyata alınmış **********0001 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanmasına əsas olmuş Siyəzən Rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 nömrəli Sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun” daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar barədə 8-ci maddəsinin tələblərinə uyğun olmadığı üçün müraciətin icrasını təmin etmək mümkün olmamışdır. Bundan əlavə faktiki torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda qeyd edilən torpaq sahəsindən 36.0 metr kənarda yerləşir. Ərizəyə Siyəzən şəhərinin Sabir küçəsi ərazisində 0.04 ha torpaq sahəsinin ayrılması barədə Siyəzən şəhər X4 İcraiyyə Komitəsinin 15 avqust 1978-ci il tarixli, 12 nömrəli iclasının qərarı əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2.-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü və ya torpaq sahəsinin yerini müəyyən edən ayrıc aktı əlavə olunmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li qərarı ilə iddiaçıya 0.04 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin A №383105 saylı plan-ölçüsü iş materiallarına əlavə edilmişdir. Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı Sərəncamı ilə Siyəzən şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin xx.xx.2024-cü il tarixli, 4389/2024 saylı məktubu ilə torpaq sahəsinin müayinə aktı və ortofoto görüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı Siyəzən rayon Dövlət Arxivinin 22 noyabr 2024-cü il tarixli, 3-48-40/RA/2-İ-xx-xx/2024 saylı məktubu ilə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı Sərəncamı və Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li iclas protokolunun təsdiq olunmuş arxiv surətləri məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li protokoluna əsasən iddiaçıya ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsini istəyir. Cavabdeh etirazında qeyd edir ki, faktiki torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda qeyd edilən torpaq sahəsindən 36.0 metr kənarda yerləşir. Ərizəyə Siyəzən şəhərinin Sabir küçəsi ərazisində 0.04 ha torpaq sahəsinin ayrılması barədə Siyəzən şəhər X4 İcraiyyə Komitəsinin 15 avqust 1978-ci il tarixli, 12 nömrəli iclasının qərarı əlavə edilsə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.2.2.-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsü və ya torpaq sahəsinin yerini müəyyən edən ayrıc aktı əlavə olunmamışdır. Məhkəmə araşdırması zamanı Siyəzən rayon Dövlət Arxivinin 22 noyabr 2024-cü il tarixli, 3-48-40/RA/2-İ-xx-xx/2024 saylı məktubu ilə Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı Sərəncamı və Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li iclas protokolunun təsdiq olunmuş arxiv surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li qərarı ilə iddiaçıya 0.04 ha torpaq sahəsi ayrılmışdır. Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 21 aprel 2006-cı il tarixli 93 saylı Sərəncamı ilə Siyəzən şəhər sakinlərinin qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına - 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar aid edilmişdir. Göründüyü kimi, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcuddur. Belə ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatını alınmasını istisna edən hal mövcud deyildir. Cavabdeh imtinasında qeyd edir ki, faktiki torpaq sahəsi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarda qeyd edilən torpaq sahəsindən 36.0 metr kənarda yerləşir. Torpaq sahəsinin müayinə aktında torpaq sahəsi ilə bağlı mübahisə halının olmadığı, faktiki koordinatlarının **********0001 kadastr nömrəli plan və ölçüdə olan koordinatlardan 36.7 metr məsafədə fərqli olduğu, cüzi konfiqurasiya fərqinin olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilməklə faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsini istəmişdir. Göründüyü kimi həmin hissədə də mübahisəli hal qalmadığına görə torpaq sahəsi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 12 №li protokoluna əsasən İddiaçı ayrılmış 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2440/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2440/2025
30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver