Məhkəmə qərarları › İş №2-1(118)-2441/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2441/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2441/2023 12.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X3 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 1 saylı evin 20 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 1 saylı evin 20 nömrəli mənzil onun xüsusi mülkiyyətindədir. X5 xx.xx.2005-ci il tarixdə oğlu Mail İdrisovla ailə həyatı qurmuş və həmin evə pasport qeydiyyatına alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında onların nikahlarına xitam verilmişdir. Günay Səfərova uzun müddətdir ki, sözügedən evdə yaşamır, qeydiyyatı formal xarakter daşıyır. İddiaçı ilk əvvəl həmin şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 59/2-İ-5781/11 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********59-05101-093028 reyestr nömrəli çıxarışın surəti, daşınmaz əmlaka dair 040515 nömrəli orderin surəti, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3018/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi, nikahın pozulmasına dair şəhadətnamənin surəti, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, iddiaçı İdrisov X4 rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 1 saylı evin 20 nömrəli mənzilinin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X5 qeyd olunan evdə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3018/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsindən də müəyyən olunduğu kimi X6 ilə X5 arasında olan rəsmi nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X1 atası Mail İdrisovun yanında, xx.xx.2011-ci il təvəllüdlü X2 anası Günay Səfərovanın yanında qalmaları qət edilmişdir.Belə olduğu təqdirdə adıçəkilən şəxsin evdə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, həmin şəxsin evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Nəzərə alınmalıdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxsin sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil keçmiş qohumu olan İddiaçı mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxsin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Ona görə də məhkəmə hesab edir ki, X3 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən 1 saylı evin 20 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar