Məhkəmə qərarları › İş №2-1(118)-2442/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2442/2024

09.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2442/2024 09.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakları, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, vətəndaş Maraqlı şəxs İsrafil oğlu 10-cu mikrorayon ərazisində, Babək küçəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün 300 kv.m torpaq sahəsinin adına rəsmiləşdirilməsi barədə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət etmiş, onun müraciətinə bələdiyyədə baxılmış, torpaq sahəsinə baxış keçirilmiş, yerində ilkin ölçmə işləri aparılmış və sənədlər hazırlanaraq müvafiq rəyin alınması üçün Memarlıq və Şəhərsalma idarəsinə göndərilmişdir. Memarlıq və Şəhərsalma idarəsi tərəfindən 24 avqust 2015-ci il tarixdə 192 saylı rəy verilərək qeyd olunan torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Həmin torpaq sahəsinin icarəyə verilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə Sumqayıt Bələdiyyəsinin iclası 12 yanvar 2018-ci il tarixdə qərar qəbul etmiş və Əmlak Məsələləri Dövlət Komitəsinin "xxxx" MMC Bakı Layihə-Tədqiqat İdarəsindən 1:1000 miqyasında torpaq sahəsinin plan və coğrafi kordinatları, sonra isə həmin təşkilatdan torpaq sahəsinin yerquruluşu planı Sumqayıt Bələdiyyəsinə daxil olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən də rəy tələb edildiyi səbəbindən 300 kvadrat metr torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin alınması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunmuş, lakin cavabdeh təşkilat tərəfindən rəyin verilməsindən imtina edilmişdir. İmtina məktubunda bildirilmişdir ki, 300 kvadrat metr torpaq sahəsi çoxmərtəbəli və çoxmənzilli yaşayış binaları sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən həmin sahədə həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi mümkün deyildir.Halbuki, cavabdeh təşkilat qeyd olunan torpaq sahəsinin çoxmərtəbəli binanın arxa tərəfində və binadan 20 metr aralıda yerləşməsinə, ümumiyyətlə həmin torpaq sahəsinin ümumi istifadədə olan torpaq sahəsi olmadığına əhəmiyyət verməmişdir. Bundan əlavə qeyd olunan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsi olsa belə yenə də cavabdeh təşkilatın rəy verilməsindən imtina etməsi əsassızdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4-cü maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət, ictimai-iaşə, məişət və digər obyektlər istisna olunmaqla, başqa məqsədlər daşıyan obyektlərin tikintisinə yol verilmir.Qeyd olunan qanunun normasından da göründüyü kimi ümumi istifadədə olan torpaq sahələrində vətəndaşların ictimai tələbatlarının ödənilməsi məqsədi ilə və bu kimi məqsədlərə xidmət edən obyektlərin tikintisinə icazə verilir.Bu səbəbdən hesab edilir ki, cavabdehin mübahisələndirilən torpaq sahəsinə dair müvafiq hüquqmüəyyənedici sənədləri verməkdən imtinası üçün göstərdiyi dəlillərin hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, məhkəmə araşdırılması zamanı iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərə və şifahi izahatına əsasən müəyyən edilmişdir ki, 300 m2 torpaq sahəsində tikili mövcuddur və həmin ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli 37 nömrəli Sərəncamı vardır. Ayrılmış və tikili mövcud olan torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması ilə bağlı bələdiyyə tərəfindən prosedurlara başlanılması və həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməsi absurd və qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, qanunvericilikdə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. Cavabdeh 300 m2 torpaq sahəsinin çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan ərazidə yerləşdiyindən tikinti niyyətinin ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsini məqsədəuyğun hesab etməmişdir. Halbuki Qanunun 13.4-cü maddəsində isə qeyd edilir ki, yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən ticarət obyekti tikilə bilər. Yəni cavabdeh yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarında yox, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində ticarət obyektinin tikintisini məqsədəuyğun hesab etmir. Bunlar isə bir-birindən fərqli anlayışlardır. Belə ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsində yaşayış məntəqəsi dedikdə - əhalinin yığcam məskunlaşdığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu (bundan sonra - daimi yaşadığı), onların həyat fəaliyyətinin təmin edilməsi üçün zəruri olan yaşayış və digər bina və qurğulara, xüsusi ada və qanunvericiliklə müəyyən olunmuş ərazi hüduduna malik olan Azərbaycan Respublikası ərazisinin hissəsi (şəhər, qəsəbə, kənd) başa düşülür. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Hesab edilir ki, torpaq ayrılması prosedurlarına başlamaqla iddiaçı tərəfindən qanunun bu maddəsinin tələbi pozulmuşdur. Belə ki, Sumqayıt şəhərinin təsdiq edilmiş baş planına əsasən həmin torpaq sahəsi çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının məhəllə ərazilərinə aiddir və həmin ərazi yaşayış məntəqəsinin ümumi istifadədə olan torpaq sahəsi kimi yox, çoxmərtəbəli və çoxmənzilli yaşayış binalarının sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsi kimi təsdiq edilmişdir. Az DTN 2.6-1 Dövlət Şəhərsalma Norma və Qaydalarının 4.6-cı bəndinə əsasən yaşayış tikililəri layihələndirilərkən, bir qayda olaraq, məskunlaşma ərazisinin struktur təşkilinin iki səviyyəsi: mikrorayon (məhəllə) və yaşayış rayonu əsas götürülür. Mikrorayon (məhəllə) məskunlaşma sahəsi, bir qayda olaraq, 10 - 30 ha olan, magistral küçə və yollarla tərkib hissələrə bölünməyən, daxilində xidmət radiusu 500m-dən çox olmayan gündəlik istifadə olunan müəssisə və təşkilatların yerləşdiyi (xidmət radiusu bu normaların 5-ci cədvəli ilə müəyyənləşdirilən ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrindən başqa), sərhədləri magistral və yaşayış küçələrindən, keçidlərdən və piyada yollarından, təbii hüdudlardan ibarət olan yaşayış zonasının struktur elementidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli Qərarına əsasən məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir. Şəhərsalma və tikinti Məcəlləsinin 3-cü maddəsinə əsasən qırmızı xətlər şəhərsalma sənədləri ilə müəyyənləşdirilmiş və mikrorayonların, məhəllələrin, habelə digər planlaşdırma strukturlarının ərazilərini küçə və meydanlardan ayıran sərhədlərdir. Yəni qanunvericiliyin mahiyyətindən tam aydın olur ki, məhəllə əraziləri layihələndirilərkən müəyyən edilmiş məqsədlər üçün istifadə olunmalıdır. Qeyd olunanalara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 2.1.2-2-2022-1662 nömrəli, 06 aprel 2022-ci il tarixli imtina məktubu, etirazı, vətəndaşın bələdiyyəyə müraciətinin surəti , bələdiyyə qərarının, rəyinin surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Komitə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, torpaq sahəsinin memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluq rəyinin verilməsi Komitənin səlahiyyətinə aiddir. Belə olduğu tədqirdə Komitənin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Komitəyə müraciət etmiş və inzibati orqanın 2.1.2-2-2022-1662 nömrəli, 06 aprel 2022-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Sumqayıt yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi 300 m2 torpaq sahəsində tikili mövcuddur və həmin ayrılmış torpaq sahəsində obyektin tikintisinə icazə verilməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 31 yanvar 2006-cı il tarixli 37 nömrəli Sərəncamı da vardır. İddiaçı ayrılmış və tikili mövcud olan torpaq sahəsinin tikinti məqsədləri üçün ayrılması ilə bağlı bələdiyyə tərəfindən prosedurlara başlanılması və həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsini cavabdehdən tələb edir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanuni olmuşdur. Belə ki, qanunvericilikdə tikinti məqsədləri üçün ayrılmış torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəyin verilməsi prosedurları müəyyən olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanına əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy verdikdə həmin rəy qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğun olmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən, o cümlədən iddiaçının nümayəndəsinin məhkəmədə verdiyi izahatından məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli 274 nömrəli Fərmanında nəzərdə tutulmuş müfəssəl plan iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilməmiş və onun Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etdiyi sənəd Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəyindən, Sumqayıt Bələdiyyəsinin 12 yanvar 2018-ci il tarixli qərarından və yerquruluşu plandan çıxarışdan ibarət olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə təstiq edilmiş “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların” siyahısının 1.4-cü bəndinə əsasən müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir. Həmin Siyahının 1.5-ci bəndinə əsasən müfəssəl plan yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil X2 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonra – müvafiq orqanın (qurumun) və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. Siyahının 1.7-cı bəndinə əsasən müfəssəl plan sifarişçi və lisenziyası olan layihəçi arasında bağlanılmış müqavilə əsasında hazırlanır. Müfəssəl planın sərhədləri müqavilənin ayrılmaz hissəsi olan layihə tapşırığı ilə müəyyən edilir. Layihə tapşırığına olan tələblər bu Qaydalara Əlavə 1-də, layihə tapşırığının tövsiyə edilən forması isə Əlavə 2-də verilmişdir. Qeyd olunanlardan məlum olur ki, müfəssəl planın hazırlanması həmçinin bələdiyyənin sifarişi əsasında da hazırlanır. Lakin bələdiyyə qeyd olunan müfəssəl planın sifariş əsasında hazırlanaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim etmək əvəzinə bunu etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində yerləşən sahəsi 300 kvadrat metr olan torpaq sahəsinə dair Sumqayıt Bələdiyyəsinin adına memarlıq-planlaşdırma və şəhərsalma sənədlərinə uyğunluğu barədə müsbət rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar