Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2445/2021 22.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “M.Cavabdeh1 və M.Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq “M.Cavabdeh1 və M.Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsi” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli Çıxarışa əsasən sözü gedən mənzil 05.10.2021-ci il tarixdən tam payda iddiaçının mülkiyyətindədir. Həmin mənzildə qeydiyyatda olan M.Cavabdeh2 və M.Cavabdeh1 tanımır, güman edir ki, evin keçmiş sahiblərindəndir. Qeyd olunanlara əsasən hesab edir ki, onların həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır və bu isə, öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Bununla bağlı tərəflərindən Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edilmişdir. Həmin müraciətə əsasən göndərilmiş cavab məktubunda qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq, cavabdehlərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçı hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi- ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil e\ ləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 2-ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yem yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı M.Cavabdeh1 və M.Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildən yaşayış istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, mübahisənin yaranma əsası iddiaçı ilə üçüncü şəxslər arasında olan mülki hüquq münasibətləridir. Mülki hüquq münasibətlərinin müəyyən olunması ilə bağlı iddia növü isə inzibati məhkəmə icraatında nəzərdə tutulmamışdır. Bundan əlavə məhkəmə iddia ərizəsində tələbin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı irəli sürülməsi ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin iddiaçı fiziki şəxsləri cavabdeh olaraq göstərmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilə biməməlidir. İddiaçıya izah edilsin ki, hazırki iddia tələbi ilə ümumi məhkəməyə müraciət edə bilər. Məhkəmə qətnaməsi əsasında üçüncü şəxslərin istifadə hüququ itirilmiş hesab edilərsə bu halda iddiaçı həmin şəxslərin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı inzibati qaydada hüquqlarının müdafiəsini tələb edə bilər. Eyni zamanda qeydiyyatda olan şəxslərin istifadə hüququnun olmaması və həmin mənzildə yaşamamaları halında Sumqayıt Şəhər Polis İdarəsini cavabdeh, qeydiyyatdan çıxarılmasını istədikləri şəxsləri üçüncü şəxs kimi göstərərək, inzibati orqanın üzərinə həmin şəxsləri qeydiyyatdan çıxarılması vəzifəsi qoyulması iddiası ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2445/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2445/2021
22.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver