Məhkəmə qərarları › İş №2-1(118)-2445/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2445/2024

08.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2445/2024 08.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı X6 qızının iştirakı ilə İddiaçı X6 qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “onun Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1997-ci il tarixli 115 nömrəli orderi ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı X6 qızı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə qarşı “onun Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1997-ci il tarixli 115 nömrəli orderi ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Rayon Məhkəməsinin (bundan sonra - Birinci instansiya məhkəməsi) 17 may 2019-cu il tarixli 2(060)-3727/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən X1 adına verilmiş xx.xx.1986-cı il tarixli 317 saylı order və həmin order əsasında Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən, 14 saylı evin 10 saylı yaşayış sahəsinin özəlləşdirilməsi etibarsız hesab edilmiş, Sumqayıt şəhəri. 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinin özəlləşdirilməsi əsasında X1 adına verilmiş xx.xx.2017-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış ləğv olunmuş, cavabdehlər X3, X7, X8 və X2 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı mənzilindən çıxarılmaları, X6 qızının Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə köçürülməsi qət edilmişdir. Hazırda həmin mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı dəyişdirilməsi və bölüşdürülməsi şöbəsini 10.01. 1997-ci il tarixli 115 nömrəli orderlə iddiaçıya məxsusdur. Hazırda cavabdeh orqana müraciət edərək, iddiaçının həmin mənzilə qeydiyyata alınmağı ilə bağlı rəsmi qaydada ərizə ilə müraciət etsə də, cavabdeh orqan tərəfindən onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən də pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçı X6 qızı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.Həmin sənədlərə aiddir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı; cavabdeh orqanın iddiaçıya ünvanladığı 24 noyabr 2023-cü il tarixli imtina məktubu və digər sənədlər aiddir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. Məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsi xx.xx.1997-ci il tarixli, 115 nömrəli orderlə İddiaçıd Əbdülhəsən qızının mülkiyyətinə verilmişdir. İddiaçı həmin ünvana pasport qeydiyyatına alınması üçün aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1ci maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir (bundan sonra - şəxsiyyət vəsiqəsi). Bu sənəd sahibinə vətəndaşlıq hüququndan irəli gələn digər konstitusiya hüquqlarını həyata keçirmək üçün imkan verir. Həmin hüquqlardan istifadə etmək üçün hər bir vətəndaşın Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi olmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi hər bir şəxsin öz vətəndaşlıq hüquqlarını həyata keçirilməsi üçün ən zəruri sənəddir. Təsədüfi deyil ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əksetdirir. Bu məlumatların sənəddə göstərilməsi şəxsiyyət vəsiqəsi sahibinin eyniləşdirilməsinə və digər vətəndaşlardan dəqiq ayrılmasına xidmət edir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın müraciətindən ən geci 10 gün keçənədək verilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnaməsinin 2.1-ci bəndində əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.29-ci bəndində əsasən bu Əsasnamənin 2.18-ci bəndinə uyğun olaraq, şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında (çipdə) dəyişdirilə bilən məlumatlarda dəyişiklikləri vəsiqə təqdim edildikdən dərhal sonra müvafiq dövlət informasiya resursları vasitəsilə elektron qaydada aşağıdakı dövlət orqanları həyata keçirirlər: 2.29.1. vətəndaşın yaşadığı yer və boyu barədə məlumat — vəsiqə verən orqan; 2.29.2. vətəndaşın ailə vəziyyəti barədə məlumat, həmçinin bu Əsasnamənin 2.14.5-ci – 2.14.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatlar — vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqan; 2.29.3. vətəndaşın hərbi vəzifəsi barədə məlumat — Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və ya bölməsi; 2.29.4. vəsiqə sahibinin gücləndirilmiş elektron imzasını yoxlama məlumatları barəsində sertifikatlar, habelə elektron imza yaratma və yoxlama məlumatları – Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan qurumlar. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. Beləliklə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini qanunla müəyyən olunmuş qaydada almaq hər bir vətəndaşın hüququ kimi, bu sənədin qanunsuz verilməməsi isə vətəndaşlıq hüququnun və ondan irəli gələn digər konstitusiya hüquqlarının məhdudlaşdırılması kimi qəbul olunmalıdır. Lakin nəzərə alınmalıdır ki, yaşadığı yer üzrə müvafiq dövlət orqanına şəxsiyyət vəsiqəsinin alınması üçün müraciət etmək eyni zamanda vətəndaşın vəzifəsidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Qanunun 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1)bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2)bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Hazırkı tələblə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati iş materiallarından göründüyü kimi mübahisə predmeti olan mənzilin iddiaçının mülkiyyətinə ayrılmasına dair xx.xx.1997-ci il tarixli, 115 nömrəli order vardır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən təqdim edilmiş 06 sentyabr 2024-cü il tarixli məktuba əlavə edilmiş arayışda da qeyd edilmişdir ki, X6 qızı Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsiin ev sahibidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3846/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə X4 və X5 mübahisəli mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmuşdur. Belə olan halda mənzilin mülkiyyətçisinin həmin mənzilə qeydiyyata alınmasından imtina edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində sadalanan hallardan hər hansı biri mövcud olmadığından, onun müraciətindən imtina edilməsi əsassız olmuşdur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan ona iddiaçı tərəfindən təqdim edilmiş müraciəti və məlumatı əsasında qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmiş və iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X6 qızının Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1997-ci il tarixli 115 nömrəli orderi ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X6 qızının Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin qeydiyyatı, dəyişdirilməsi və bölüşdürülməsi şöbəsinin xx.xx.1997-ci il tarixli 115 nömrəli orderi ilə iddiaçıya məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən 14 saylı evin 10 saylı yaşayış sahəsinə qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar