Məhkəmə qərarları › İş №2-1(118)-245/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-245/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-245/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X2 təyin edilməli olan əmək pensiyasının ailə başçısını itirməyə görə ona təyin edilməsi, mərhum həyat yoldaşının pensiya hüqunun yarandığı tarixdən bu günədək olan fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, mərhum həyat yoldaşı X3 ilə 03.07.1973-cü il tarixdə nikaha daxil olmuşdur. X3 23.04.1948-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuşdur. Mərhum həyat yoldaşı X3 07.10.2018-ci il tarixdə ölmüşdür. 06.09.1966-cı il tarixdən 18.09.1967-ci il tarixədək Elmlər Akademiyasında, daha sonra 1967-1969-cü il tarixədək sovet ordusunda xidmət etmiş, 11.10.1978-29.11.1978-ci il tarixədək “Azərittifaq”-da, 1979-1994-cü il tarixədək Quba rayonu Kirov adına meyvəçilik Sovxozunda müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin başqa vəzifələrdə və yerlərdə 1994cü ildən 2017-ci ıl tarixədək əmək fəaliyyətini davam etdirmişdir. Mərhum həyat yoldaşının pensiya hüququ yaransa da, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Cavabdeh orqana mərhum həyat yoldaşının əmək pensiyasının ona təyin edilməsi üçün müraciət etsə də, cavabdeh 07.07.2020-ci il tarixli, **********4 N-li məktubla əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina etmişdir. Belə ki, imtina məktubunda mərhum həyat yoldaşının tələb olunan sosial sığorta stajının kifayət qədər olmadığı qeyd edilmişdir. Lakin, mərhum həyat yoldaşının əmək fəaliyyətini təsdiq edən müvafiq arxiv arayışı və əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Sonradan iddia tələbinə dəqiqləşdirmə verərək mərhum əri X2 23.04.2011-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiya əsasında ona 07.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Halbuki, İddiaçı ailə başçına görə əmək pensiyası ilə bağlı müraciət etdiyi zaman mərhum həyat yoldaşının əmək kitabçasında iddia etdiyi illər qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 07.07.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubu, etiraz ərizəsi, ИT-İ ******* nömrəli əmək kitabçasının surəti, X8 filialı tərəfindən verilmiş 12.11.2020-ci il tarixli, 1498 nömrəli və 23.07.2020-ci il tarixli, 775 nömrəli arxiv arayışları, DSMF tərəfindən verilmiş 14.04.2021-ci il tarixli, **********0 nömrəli məktubu, Quba rayonu İHBnin 2-ci Nügədi İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 22.08.2008-ci il tarixli, 435108 nömrəli Təkrar Nikah haqqında şəhadətnamənin surəti, 07.11.2018-ci il tarixli, 974272 nömrəli Ölüm haqqında şəhadətnamə və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 07.07.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubundan görünür ki, iddiaçının mərhum həyat toldaşının tələb olunan sosial sığorta stajı olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmamışdır. Nəzərə alınmalıdır ki, Qurbanəli Fətəliyevin pensiya almaq hüququ 23.04.2011-ci il tarixində yaranmışdır. Belə olduğu tədqirdə Q.Fətəliyevin pensiya hüquqlarını həyata keçirilməsi məqsədi ilə “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci ilin iyul ayınadək olan redaksiyasında nəzərdə tutulmuş müddəalara istinad olunmalıdır. Belə ki, Qurbanəli Fətəliyevin əmək kitabçası və arxiv arayışlarına əsasən onun əmək stajı 14 ildən çox təşkil edir və həmin müddət cavabdeh təşkilat tərəfindən mübahisələndirilmir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 01.07.2017-ci ilədək qüvvədə olan redaksiyasında 7-ci maddənin tələblərinə əsasən kişilərin yaşa görə əmək pensiyasını almaq hüququ üçün sosial sığorta stajı 12 il yaş həddi isə 62 yaş təşkil edirdi. Göründüyü kimi Qurbanəli Fətəliyevin 23.04.2011-ci ildə 62 yaşı tamam olmasına baxmayarq o, qanunla nəzərədə tutulmuş pensiya hüququndan yaralanmadan 07.10.2018ci ildə vəfat etmişdir. 28.03.2019-cu ildə onun arvadı olan hazır ki, iddia tələbi üzrə iddiaçı notariat kontoruna müraciət edərək, mərhumun vərəsəsi hesab edilmişdir. Hal- hazırda İddiaçı mərhum ərinə düşəcək pensiya hüququndan yaralanmaq niyyətindədir. Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən ailə başçısının itiriməsinə görə arvadın özünün pensiya yaşına çatdığı tədqirdə mərhum ərinə çatacaq pensiyanı almaq hüququ var. 1955-ci il təvəllüldlü İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün tələb edilən 57 yaşı 2012-ci ildə, yəni 01.07.2017-ci ildən qabaq yaranmışdır. Bu isə bir daha məhkəmə tərəfindən hazırki mübahisəyə baxılarkən “Əmək pensiyaları haqqında” Qanunun 2012-ci idə qüvvədə olan müəddəalarının tətbiq edilməsinə dəlalət edir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər (maddə 3.1). Bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir (maddə 4.1). Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: vəfat etmiş və ya həlak olmuş şəxslərin 18 yaşına çatmamış, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan (lakin ən çoxu 23 yaşına çatanadək) övladları; ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə (maddə 14.1). Həmçinin məhkəmə onu zəruri hesab edir ki, iddiaçının 13.05.2012-ci il tarixindən pensiya almaq hüququ yaranmasına baxmayaraq, ona həmin tarixdə deyil, pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi tarixdən son üç il üçün pensiya təyin edilə bilər. Belə ki, iddiaçı pensiya təyin edilməsi üçün müraciət etdiyi 07.07.2020-ci il tarixdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu səbəbdən də iddiaçının övladına pensiya təyin edilməsi üçün müraciət etdiyi 07.07.2020-ci tarixdən 3 il əvvəlki tarixdən, yəni 07.07.2017-ci il tarixdən pensiyası təyin edilərək ödənilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia təmin edilərək iddiaçının mərhum əri X2 23.04.2011-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiya əsasında iddiaçıya 07.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mərhum əri X2 23.04.2011-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiya əsasında iddiaçıya 07.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar