Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-245/2023 26.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdehin üzərinə Quba rayonun Afurca kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsü hazırlanması öhdəliyinin qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba rayonun Afurca kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsü hazırlanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 06 aprel 2022-ci il tarixli, **********58 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonunun Afurca kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun Dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixli rəsmi ərizə ilə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********58 saylı müraciətə baxılması barədə məktubla ərizənin icrasından imtina olunmuşdur. Qeyd olunan cavabda göstərilir ki, Quba rayonunun Afurca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı alqı-satqı müqaviləsi əsasında istirahət zonası yaratmaq məqsədilə satılmış 0.50 ha torpaq sahəsi üçün ləğv edilmiş DT və XK -nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş JN 0310 nömrəli (kod ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarının qeydiyyat kitabında qeydiyyata alınmamışdır. Dövlət Aktında və elektron məlumat bazasında əks olunan torpaq sahəsinin cizgisi ilə naturada istifadə olunan torpaq sahəsi istifadə vəziyyəti fərqlidir. Dövlət Aktının cizgisi elektron bazasında xəritə üzərində çaylar ərzisi kimi göstərilmiş və bir hissəsi isə Quba- Qonaqkənd yolunun üzərinə yoluna düşür. Torpaq sahəsi həmin dövlət aktının qaiməsinə və torpaq sahəsinin faktiki istifadə yerinin xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən cavabdehin imtinası əsassız hesab edilməklə cavabdehin üzərinə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınıın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması öhdəliyi qoyulmalıdır. Quba rayonunun Afurca bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı və torpaqların alqı-satqısına dair akta müvafiq olaraq istirahət zonası yaratmaq məqsədilə 0.50 ha torpaq sahəsi almışdır. Torpaq sahəsi ona satılarkən ləğv edilmiş DT və XK-nin Quba rayon Şöbəsinin müdirinin rəyi alınmış, torpaq sahəsinin normativ qiyməti barədə ləğv edilmiş DT və XK-nin sədrinə müvafiq sorğu göndərilərək müvafiq arayış alınmış arayışa uyğun olaraq torpaq sahəsinin dəyəri xx.xx.2005-ci il tarixli 05 nömrəli qəbzlə bələdiyyənin hesabına köçürülmüşdür. Müvafiq qaydada ərazinin 10000-lik xəritəsi çəkilərək təsdiqlənmişdir. Qeyd olunan sənədlərə uyğun olaraq qanuna müvafiq qaydada aldığı 0.50 ha torpaq sahəsinə iddiaçının adına JN 0310 nömrəli (kod ********) seriyalı dövlət aktı verilmişdir. Dövlət aktında xüsusi olaraq göstərilir ki, dövlət aktı qeydiyyat kitabında 789 nömrə ilə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Adına işlənmiş dövlət aktının cavabdehdə saxlanılan qeydiyyat kitabında qeydiyyata alınıb-alınmaması iddiaçının günahı deyildir. Təbii ki, onun qeyd olunan kitabları yoxlamaq səlahiyyəti olmamışdır. İddiaçıya təqdim edilən dövlət aktında dövlət aktının yuxarıda göstərildiyi kimi qeydiyyata alınması göstərilmişdir. Torpaq sahəsi ona satılarkən bələdiyyənin və ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsinin əməkdaşları yerində ərazini ona göstərmişlər və göstərilən ərazidən istifadə edir. Cavabdehin imtinasında göstərildiyi kimi iddiaçıya göstərilmiş və istifadə etydiyi 0.50 ha torpaq sahəsi Quba-Qonaqkənd yolunun üzərinə və çay üzərinə düşmür. Dövlət aktında göstərilən torpaq sahəsinin planı (cizgisi) hissəsində də ərazinin yolun və çayın üzərinə düşməsi müəyyən edilməmiş və edilə də bilməzdi. Belə ki, torpaq sahəsi satılarkən həmin vaxt ona səlahiyyət olunmuş ləğv edilmiş DT və XK-nin vəzifəli şəxsləri akta imza etməklə təsdiqləməz və ona verməzdilər. Yuxarıda göstərildiyi kimi adına işlənmiş Dövlət aktında xüsusi olaraq göstərilir ki, dövlət aktı qeydiyyat kitabında 789 nömrə ilə xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgənınkiləşdirənin adma qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeytrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyetrdə daxil edildiyi və ya əldə edildiyi şəxsin qeyri bilditi hallar istisna olunmaqla, həqiqi hesab edilir. Göründüyü kimi torpaq sahəsini tam qanuni əsaslarla əldə etmişəm və həmin torpaq sahəsinə adıma işlənmiş Dövlət aktı qüvvədədir. Bu səbəbdən də cavabdehin imtinası əsasız hesab edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddia ərizəsini müdafiə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 Afurca kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və tofpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı iddiaçının müraciət etdiyi Quba rayon Afurca Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı alqı-satqı müqaviləsi əsasında istirahət zonası yaratmaq məqsədi ilə satılmış 0.50 ha torpaq sahəsi üçün ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0310 nömrəli (KOD ********) nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmamışdır. JN-0310 nömrəli dövlət aktında və elektron məlumat bazasında əks olunan torpaq sahəsinin cizgisi ilə naturada faktiki istifadə olunan torpaq sahəsinin istifadə vəziyyəti tam fərqlidir. Dövlət aktının cizgisi elektron məlumat bazasında olan xəritə üzərində çaylar ərazisi kimi göstərilmiş və bir hissəsi isə Quba-Qonaqkənd yolunun üzərinə düşür. Bundan əlavə, torpaq sahəsi həmin dövlət aktının qaiməsinə və torpaq sahəsinin faktiki istifadə yerinə əsasən elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxi edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2022-ci il tarixli, **********39 nömrəli məktubla imtina olunmuşdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Həmin məcəllənin 16-cı maddəsinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, d gər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2. maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Həmin kateqoriyaya aid torpaq sahələrinin sahibkarlıq məqsədilə ayrılması və istifadə edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Mövcud qanunvericiliyə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində ı nəzərdə tutulmuş qaydada həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddia öhdəliyin icrası haqqında iddiadır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı Quba rayonun Afurca kəndi ərazisində yerləşən 0.50 ha torpaq sahəsinin mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsü hazırlanmasını istəyir. Cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. İmtinanın əsası kimi göstərilir : - JN-0310 nömrəli (KOD ********) nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” dövlət aktlarının qeydiyyat kitabında qeydə alınmamışdır. - JN-0310 nömrəli dövlət aktında və elektron məlumat bazasında əks olunan torpaq sahəsinin cizgisi ilə naturada faktiki istifadə olunan torpaq sahəsinin istifadə vəziyyəti tam fərqlidir: - Dövlət aktının cizgisi elektron məlumat bazasında olan xəritə üzərində çaylar ərazisi kimi göstərilmiş və bir hissəsi isə Quba-Qonaqkənd yolunun üzərinə düşür. - torpaq sahəsi həmin dövlət aktının qaiməsinə və torpaq sahəsinin faktiki istifadə yerinə əsasən elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinasın əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müvafiq sorğular edilmiş müəyyən edilmişdir ki, 0.50 ha torpaq sahəsinin Quba rayon Afurca Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı X2 qeydə alınmamışdır. Həmçinin Quba rayon Afurca Bələdiyyəsinin heç bir il üçün sənədləri Azərbaycan Respublikası Dövlət X6 təhvil verilməmişdir. (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16- 9/2-3-63-10895/2023 saylı məktubu, Azərbaycan Respublikası Dövlət X5 28 iyun 2022-ci il tarixli, 629 saylı Arxiv arayışı ) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 sentyabr 2022-ci il tarixli, **********80 saylı məktubu ilə təqdim edilmiş ortofoto görüntüdən və 0.50 ha torpaq sahəsinin müayinə aktı ilə inzibati orqan müəyyən etmişdir ki, torpaq sahəsi faktiki vəziyyətdə Quba-Qonaqkənd yolu ilə Vəlvələ çay arasında qalan ərazidə yerləşir. Torpaq sahəsinin faktiki istifadə vəziyyəti və ölçüləri dövlət aktında göstərilmiş sxemdən fərqlidir. Məhkəmənin 2-1(118)-1793/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmış, mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Quba rayon Afurca Bələdiyyəsinin 05 may 2005-ci il tarixli 10 saylı Qərarı əsasında alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış, hazırda iddiaçının faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsinin koordinatları nədən ibarətdir? 2. İddiaçı faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsinin koordinatları JN: 0310, KOD 30312078 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına uyğundurmu? Uyğun deyilsə hansı hissələrdə uyğun deyil? (sxematik xəritə, ortofoto görüntülər təqdim edilməklə) 3. İddiaçı faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsinin təyinatı, kateqoriyası uqodiyası, yararlılığı nədən ibarətdir? Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-976/2023 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş mütəxəssis rəyində araşdırmanın nəticəsi olaraq qeyd edilmişdir: 1. Quba rayon Afurca bələdiyyəsinin 05.may 2005-ci il tarixli 10 saylı qərarı əsasında alqı-satqı müqaviləsi ilə İddiaçı satılmış hazırda iddiaçının faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsinin koordinatları işə əlavə olunan sxemdə də göstərilmişdir. 2. İddiaçı faktiki istifadəsində olan 0.50 ha torpaq sahəsinin koordinatları JN-310 kod 30312078 torpağa mülkiyyət hüququna dair dövlət aktında olan cizqiləri qismən uyğundur. 3.İddiaçı faktiki istifadəsində olan 0.5 ha torpaq sahəsi yeni elektron xəritədə göstərilən məlumata əsasən kənd təsərrüfatı təyinatlıdır, uqodiyası isə 0.35ha hissəsi tikinti altında olan torpaqlar, 0.15 ha hissəsi isə kolluq kimi göstərilən torpaqlara aiddir. Məhkəmə hesab edir ki, qeyd edilənlər 0.50 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatına alınmasından cavabdeh orqanın imtinası əsaslı olduğunu göstərir. Belə ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə təqdim edilmiş Dövlət Aktında müəyyən edilmiş koordinatlarının uyğunsuzluğu, torpaq sahəsinin təyinatı ilə bağlı uyğunsuzluq öz təsdiqini tapmış, eyni zamanda dövlət aktının verilməsinə əsas olmuş sənədləri əldə etmək mümkün olmamışdır. Bu isə torpaq sahəsi ayrılan zaman qanunvericiliyin tələblərinin pozulduğunu göstərir və məhkəmə hesab edir ki, bu hal iddianın rədd olunması üçün əsasdır. Belə ki, Torpaq Məcəlləsinin 12-ci maddəsinin 1-ci bəndinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Məcəllənin 12-ci maddəsinin 2-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Torpaq Məcəlləsinin 13-cü maddəsinin 1-ci bəndinə əsasən Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Bu halda cavabdeh inzibati orqanın hərəkətləri və imtinası əsaslı olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın mülkiyyət hüququna dair reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətləri və imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görədə iddia rədd edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-245/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-245/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver