Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2452/2025 24.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X2 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, (qərarın elanında iştirak etməmişdir) İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “imtahanın və onun nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun imtahan nəticələrinin ləğv olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikası Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi ilə əvəz edilmiş, iddianın tələb hissəsi isə imtahanın və onun nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsi kimi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2002-2006-cı illər tarixlərdə Şuşa Mədəni-Maarif Texnikumunun ibtidai sinif müəllimi ixtisası üzrə təhsil almışdır. xx.xx.2006cı il tarixdən Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada tərbiyyəçi müəllim kimi fəaliyyət göstərirdi. Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 27 iyun 2024-cü il tarixli 68 №-li əmək müqaviləsinin ləğv edilməsi barədə əmri ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrəində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın ibtidai sinif müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İddiaçının əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçirilmiş təkrar sertifikatlaşdırmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Siyəzən şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın ibtidai sinif müəllimi təkrar settifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Bununla bağlı bildirilir ki, iddiaçı 8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanı zamanı 2 dəfə vəziyyəti pisləşmiş və onun üçün təcili yardım xidməti çağırılmışdır. İmtahan zamanı İddiaçı halı yaxşı olmamış imtahan verəcək vəziyyətdə olmamışdır. Vəziyyətinin yaxşı olmaması barədə nəzarətçiyə məlumat vermişdir. Bir daha qeyd edir ki, imtahanın gedişində İddiaçı üçün iki dəfə təcili yardım xidməti çağırılmışdır. İddiaçı imtahan nəticələri onun real peşəkarlıq səviyyəsini və peşə yararlılığını əks etdirmədiyi üçün onun imtahan nəticələri ləğv olunması ilə bağlı olaraq cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət olunmuşdur. Lakin müraciətinə bu günə qədər heç bir cavab verilməmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, iddiaçının imtahan nəticələri ləğv olunmalıdır.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən İddiaçı iddia ərizəsinə etiraz edilir. Belə ki, iddiaçı Siyəzən şəhəri inteqrasiya təlimli internat tipli gimnaziyanın sabiq ibtidai sinif müəllimi İddiaçı 31 avqust 2023-cü il tarixində keçirilmiş sertifikatlaşdırma və 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanlarından keçməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 3-29-69/3-2-13F/2024 saylı, 27 iyun 2024-cü il tarixli əmrinə əsaslanmaqla həmin məktəbin direktorunun 68 nömrəli əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. İddiaçı ərizəsində qeyd edir ki, “8 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırma imtahanı zamanı 2 dəfə vəziyyəti pisləşmiş və onun üçün təcili yardım xidməti çağırılmışdır. İmtahan zamanı İddiaçı halı yaxşı olmamış imtahan verəcək vəziyyətdə olmamışdır”. Bununla əlaqədar olaraq bildirilir ki, iddiaçının imtahan zamanı səhhətində yaranmış problemlərlə əlaqədar təcili tibbi yardım göstərilməsi faktı nəzərə alınmaqla, o, imtahanda faktiki iştirak etmiş sayılır və bu iştirak əsasında imtahan nəticəsi qeydə alınmışdır.Qanunvericilikdə işçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır.Qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur.İşçilərin üzrlü səbəblərdən təkrar sertifikatlaşdırmada iştirak etmədiyi hallar üçün isə sertifikatlaşdırmanı təxirə salmaq kimi bir qayda nəzərdə tutmamışdır. xx.xx.2024-cü il tarixdə təkrar sertifikatlaşdırma keçirilmiş, iddiaçı isə təkrar sertifikatlaşdırmada iştirak etmiş, lakin qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq keçid balını toplaya bilməmişdir......Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin etiraz ərizəsi, cavabdehin iddiaçı barəsində aparılmış inzibati icraat materiallarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ təhsil sənədinin aldığı vaxtından yaranmış olur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, respublika ərazisində ümumi təhsil müəssisələrində müvafiq təhsilverənlərə sertifikatlaşdırma imtahanlarının həyata keçrilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Agentlik hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyin üst qurumu olan Elm və Təhsil Nazirliyinə müraciət etmiş, inzibati orqan onun müraciətinə cavab verməmişdir.Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranmışdır. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Siyəzən şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddiaçının hüquqi marağı onun iştirak etdiyi müəllimlərin təkrar sertifikatlaşdırma imtahanı nəticələrinin ləğv edilməsindən ibarətdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2- ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 33.3.9-cu maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada attestasiyadan (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) sertifikatlaşdırmadan) keçmək hər bir təhsilverənin vəzifəsidir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28-cü maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər.Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydanın 5.3-cü bəndinə əsasən isə təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Göründüyü kimi, qanunvericilik təkrar sertifikatlaşdırmada bu qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən və iştirak edə bilməyən təhsilverənlər tərəfindən əmək müqaviləsinə xitam verilməsini konkret olaraq nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunduqlarından və həmin qərarın 5.4-cü maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi nəzərdə tutulduğundan, iddiaçının təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edilməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsi qanunauyğundur. Göründüyü kimi, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə qarşı “imtahanın və onun nəticələrinin iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X3
Məhkəmə qərarları › İş №2-1(118)-2452/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2452/2025
24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver