Məhkəmə qərarları › İş №2-1(118)-2453/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2453/2023

14.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2453/2023 14.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı “cavabdehin 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində qərar təqdim etmiş və həmin vaxtdan icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Azərenerji ASC "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsinə 30 noyabr 2007-ci il tarixli 377 nömrəli torpaq icarə müqaviləsinə əsasən 3000 kv.m torpaq sahəsinə illik 3000 manat, 21 yanvar 2008-ci il tarixli, 05 nömrəli icarə müqaviləsinə əsasən 070 ha torpaq icarəsinə 7000 manat, o cümlədən 06 fevral 2013-cü il tarixli , 06A nömrəli icarə müqaviləsinə əsasən 300 kv.m toıpaq sahəsinə görə isə 300 manat, icarə müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilmiş hər gün üçün dayanıqsız olaraq 0,2% hesablanmaqla faiz üzrə 45114 manat, ümumilikdə isə 106914 manat ümumi borcun ödənilməsi xx.xx.2022-ci il tarixli 01/06-802 saylı qərarla qəbul edilmişdir. Qəbul edilmiş qərar qanunsuz və əsassızdır. Qərar qəbul edilənə qədər, yəni 14 ildən sonra Xırdalan Bələdiyyəsi "xxxx" MMC-yə 30 avqust 2021-ci il tarixli 882 saylı məktubla müqavilələrin surətlərini göndərərək yuxarıda göstərilən borc tələblərini ödənilməsi tövsiyə etmişdir. 06 fevral 2013-cü il tarixli 06A nömrəli bir tərəfli qaydada bağlanılmış icarə müqaviləsinin surəti məktubla onalra göndərilmişdir. xx.xx.2021-ci il tarixində "xxxx" MMC tərəfindən məktub cavablandırılaraq bildirilmişdir ki, “sizin bağlayacağınız müqavilə "xxxx" ASC ilə olmuş və onların öhdəliyi üçün "xxxx" MMC cavabdehlik daşımır və onun hüquqi varisi deyildir. Abşeron rayonunun Masazır qəsəbəsində salınmış Gənclər şəhərciyinin elektrik təchizatı və qəsəbənin elektrik enerjisi təchizatındakı etibarlılığını daha da artırmaq məqsədi ilə 110/10 KV-luq Masazır YS-sı tikilib, ” Azərenerji” ASC-nin AÜ/202 saylı xx.xx.2011 -ci il tarixli əmrinə əsasən "xxxx" MMC-nin istismarına verilmişdir. ƏMDKdən xx.xx.2016-ci il tarixli 17044 qeydiyyat nömrəli Reyestrdən Çıxarış əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən 110/10 KV-luq Masazır YS- nın 10 inventar nömrəli, xx.xx.2016-cı il tarixli Texniki pasportu tərtib olunmuşdur. Müvafiq sənədlər qarşı tərəfə göndərilmişdir. Xırdalan bələdiyyəsinin 15 sentyabr 2021ci il tarixli 985 saylı xəbərdarlıq məktubunda "xxxx" ASC-nin hüquqi varisinin "xxxx" ASCnin "xxxx" MMC olduğu iddia edilmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 459 saylı sərəncamı ilə müstəqil hüquqi şəxs, səhmləri 100% dövlətə məxsus (İqtisadiyyat və Sənaye Nazirliyi) olan, "xxxx" X3 Cəmiyyəti yaradılmış və idarəetməyə verilmişdir. Sumqayıt Şəhər Elektrik Təchizatı Müəssisəsi həmin vaxt Sumqayıt İcra Hakimiyyətinin tabeliyində olmuşdur. "xxxx" ASC-nin tərkibində olmamışdır. 01.07.200-ci il tarixli 459 saylı sərəncam ilə Elektrik təchizatı müəssisəsi ləğv edilmişdir. Sumqayıt Şəhər Elektrik Təchizatı müəssisəsinin bazasında yaradılmış və Azərbaycan Respublikası Prezidentinin digər xx.xx.2001-ci il tarixli 676 saylı sərəncamının 2-ci bəndinə əsasən "xxxx" ACS tərkibində hüquqi şəxs olmayan Sumqayıt, Xırdalan, Xaçmaz, Dəvəçi, Siyəzən , Quba, Qusar paylayıcı elektrik şəbəkələri və Xızı paylayıcı elektrik şəbəkə rayonları "xxxx" ATSC-nin tərkibinə daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin digər xx.xx.2009-cu il tarixli 522 saylı Sərəncamının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 676 saylı sərəncamının 2-ci bəndinə müvafiq olaraq "xxxx" ASC-nin və 4-cü bəndinin 2-ci və 3-cü abzasından "xxxx" ASC sözünün və 4-cü abzasının çıxarılması və xx.xx.2000-ci il tarixli 459 saylı sərəncamın 3 və 4 bəndinin qüvvədən düşməsi ilə əlaqədar Xırdalan, Mərəzə, Xaçmaz, Dəvəçi, Siyəzən, Quba, Qusar paylayıcı elektrik şəbəkə rayonu "xxxx" ATSC-nin tərkibindən çıxarılaraq yenidən "xxxx" ASC-nin tərkibinə daxil edilmiş və bununla əlaqədar həmin PEŞ-lərin emerji təchizatlarına aid aktiv və passivləri "xxxx" ASC tərəfindən qəbul edilmişdir. Göründüyü kimi "xxxx" ASC müstəqil hüquqi şəxs olaraq qanunvericiliyə əsasən ayrıca əmlaka və müstəqil balansa malik olmaqla öz adından mülki hüquqlar əldə edərək mülki vəzifələr daşıdığından və hazırda mövcudluğunu davam etdirdiyindən yuxarıda adları sadalanmış hüquqi şəxs olmayan PEŞ-lərin “Azərenerji “ ASC-nin təsis etdiyi MMC-yə qaytarılması ilə əlaqədar Azərbaycan Respublikası mülki məcəlləsinin 43 və 63-cü maddələrinin tələblərinə əsasən "xxxx" ASC və onun təsis etdiyi MMC-lər "xxxx" ASC-nin öhdəlikləri üzrə cavabdehlik daşımır. "xxxx" ASC-nin yaradılması barədə Azərbaycan Respublikası Prezidentinin 439 saylı sərəncamının 2,5 və 6-cı bəndləri hal-hazırda qüvvədədir və həmin cəmiyyət hal-hazırda ləğv edilməmiş və Azərbaycan Respublikası mülki məcəlləsinin 55-ci maddəsinə əsasən hər hansı formada yenidən təşkil edilməmişdir. Xırdalan Bələdiyyəsinin 30 noyabr 2001-ci il tarixli 377 saylı müqaviləsi birtərəfli qaydada bağlanılmış və qarşı tərəf, yəni "xxxx" ASC qəbul etməmişdir. 6 fevral 2013-cü il tarixində 06A saylı müqavilə isə "xxxx" ASC "xxxx" MMC ilə bağlanılmış müqavilə REŞ tərəfindən qəbul edilməyb. 21 yanvar 2008-ci il tarixli 05 saylı müqavilə "xxxx" ATSC ilə bağlanılmış həmin müqavilədə düzəlişlər olunmuşdur ki, bu da reallığa şübhə yaradır. xx.xx.2011 -ci il tarixində "xxxx" MMC tərəfindən 110/10 kV “Masazır” YS-sı tikintisi başa çatmayan obyekt kimi "xxxx" MMC-yə təhvil verilmişdir. 110/10 kV Masazır YS-nm xx.xx.2011-xx.xx.2011-ci il dövrü üzrə əsaslı vəsait üzrə hesabatı tərtib edilmişdir və hesabat ərizəyə qoşmada əlavə olunub. Azərbaycan Respublikası "xxxx" ASC-nin Vitse Prezidentinin imzası ilə xx.xx.2009-cu il tarixli AÜ/202 saylı əmri əsasında 110/10 kV-luq “ Masazır” YS-nın istismara verilməsi və 110 kV-luq 2-ci “Xırdalan” Hava xəttinin yarımstansiyaya giriş-çıxışı ilə əlaqədar balans mənsubiyyətində bəzi dəyişikliklərin edilməsi barədə” Abşeron rayonun Masazır qəsəbəsində salınmış Gənclər şəhərciyinin elektrik təchizatı məqsədi ilə inşa olunan gücü 2x25 MVA , 110/10 kV-luq “Masazır” YS-nın tikintisi başa çatdırılmış və "xxxx" MMC-nin balansına verilmişdir xx.xx.2016-cı il tarixdə Dövlət təsisatı (hüquqi şəxs haqqında Daşınmaz Dövlət Əmlakının Qeydiyyat vərəqəsi verilmişdir.110/10 kV Masazır YS-nın istismara verildiyi 2011-ci il tarixindən indiki vaxta qədər hər il müntəzəm olaraq torpaq vergisi Vergilər Nazirliyinə ödənilmişdir. Torpaq vergisinin ödənilməsi haqqında bildirişlər iddia ərizəsinə əlavə edilmişdir.Qəbul edilmiş qərar qanunsuz olduğundan, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə prosesində eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz təqdim etməmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi etiraz edərək bildirmişdir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, icarə haqqı tələb edilən torpaq sahəsi iddiaçının faktiki sahibliyindədir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan məhkəmənin sonuncu iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarın surəti, cavabdehin etirazı, icarə müqavilsəinin surəti, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində bələdiyyə tərəfindən 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Abşeron rayonu Xırdalan Bələdiyyəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Xırdalan Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib-etməməsi ilə bağlıdır. Belə ki, Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edilmiş 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı icra və probasiya şöbəsindən xx.xx.2022-ci ildə qəbul edilməklə, xx.xx.2023-cü ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir. Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Xırdalan Bələdiyyəsi tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mövcud mübahisənin ədalətli şəkildə öz həllini tapması məqsədilə məhkəmə araşdırması aparılmış və müəyyən edilmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 2010-cu ildə yaradılmışdır. Cavabdeh təşkilat isə iddiaçının "xxxx" ASC-nın varisi olması qənaətinə gələrək, həmin ASC ilə bağlanmış 05 nömrəli, xx.xx.2008-ci il tarixli icarə müqaviləsinin tələblərinin pozulması kimi icarə haqqının məhz iddiaçı "xxxx" MMC-dən tələb edilməsinin nəticəsi kimi 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı qəbul etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin qəbul etdiyi 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı qanunsuz inzibati aktdır. Belə ki, iş materiallarına əlavə edilmiş aktlardan, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının surətindən görünür ki, "xxxx" MMC müstəqil hüquqi şəxsdir və icarə müqaviləsi onun xələfi ilə bağlanmamışdır. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, icarə haqqının ödənilməsi ilə əlaqədar müqavilədən gələn öhdəliyə əsasən inzibati orqan ayrıca qərar qəbul etmək səlahiyyətində deyildir. Çünki, müqavilədən gələn öhdəliyin yerinə yetirilməməsi ilə bağlı mülki qanunvericiliyə əsasən tərəflərin məhkəməyə müraciət etmək hüquqları olmasına baxmayaraq, Xırdalan bələdiyyəsi qanunsuz qərarın qəbul edilməsini seçmişdir. Belə olan halda cavabdeh Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən iddiaçı barəsində tərtib etdiyi 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarının heç bir hüquqi əsası qalmamış olur ki, bu da iddiaçının konstitusion hüquqlarının əsassız yerə pozulması deməkdir. Ona görə də Abşeron rayon Xırdalan Bələdiyyəsinin 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri tətbiq edilmədən qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 51 -ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Bildiriş inzibati icraatda iştirak edən şəxs tərəfindən göstərilən ünvana göndərilir. Bildiriş işdə iştirak edən şəxsə və ya onun nümayəndəsinə, habelə vətəndaşın onunla birgə yaşayan yaxın qohumlarına verilir. İnzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə hu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində qəbul edilmiş Abşeron rayon Xırdalan Bələdiyyəsinin 01/06/-802 nömrəli, 26 dekabr 2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar