Məhkəmə qərarları › İş №2-1(118)-2456/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2456/2022

14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2456/2022 14.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Leytenant” ilk hərbi rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “ona “Leytenant” ilk hərbi rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə uyğun olaraq iddiaçıya hüquqi yardım edilmiş və məhkəmədə iddia qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinin iddianın mümkünsüzlüyünə səbəb olması bildirilmiş, eyni zamanda məhkəməyə buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmək hüquqları izah edilmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, tərəfindən müddətin ötürülmədiyini hesab etdiyindən, iddiaya mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, 1993-cü ildən 1998-ci ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Gəminin elektroenerji sistemləri” ixtisası üzrə təhsil almış və 1998-ci ildə keçirilən buraxılış imtahanlarında qeyri-kafi qiymətlər adığına görə qeyri-müvəffəq hesab xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. 1999-cu ilin iyun ayınadək qeyd etdiyi hərbi nömrəli hərbi hissədə xidmət etmiş, daha sonra hərbi məktəbə ezam olunmuşdur. Hərbi məktəbdə imtahanlara buraxılaraq nəticədə məqbul hesab edilib məktəbdən buraxılmış və yenidən N nömrəli hərbi hissəyə yollanmışdır. Ali təhsil haqqında müvafiq diplom ona təqdim olunmuş, lakin “leytenant” hərbi rütbəsi verilməmişdir. 2000-ci ilin yanvar ayınadək o, hərbi hissədə xidmətini davam etdirmiş və çavuş rütbəsi ilə tərxis olunmuşdur. Tərxis olunduqdan sonra uzun müddət ölkənin hüdudlarından kənarda yaşayıb işləmiş və hərbi rütbənin hansı səbəblərdən ona verilməməsi haqqında düşünməmişdir. Daha sonra ölkəyə qayıtmış və öyrənmişdir ki, onunla təhsil alan şəxslər “leytenant” ilk hərbi rütbəsini almışlar. Həmin şəxslərdən birinin (X1) hərbi biletində “leytenant” olduğu qeyd edilmişdir (hərbi biletin surəti əlavə olunur). 09 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının müdafiə nazirinə yazılı müraciət ünvanlayaraq ona “leytenant" ilk hərbi rütbəsinin verilməməsinin səbəblərinin araşdırılması və rütbənin verilməsini xahiş etmişdir. 10 iyun 2022-ci il tarixdə müraciəti cavablandırılmış, lakin məktubda (surəti əlavə olunur) sadəcə məlum məsələlər sadalanmış, mahiyyəti üzrə müraciəti cavablandırılmamışdır. Bununla da qaldırdığı məsələ öz həllini tapmamış, rütbənin hansı səbəblərdən ona verilməməsi müəyyən edilməmişdir. Beləliklə o hesab edir ki, hərbi təhsil müəssisəsini bitirməsi ilə əlaqədar ona “leytenant” ilk hərbi rütbəsinin verilməməsinin heç bir hüquqi əsası yoxdur və cavabdeh rütbəni ona müvafiq qaydada verməli idi. Bu səbəbdən o, inzibati qaydada məhkəməyə müraciət etməli olur və cavabdeh tərəfindən ona “leytenant" ilk hərbi rütbəsinin verilməsi vəzifəsi barədə iddia tələbi irəli sürür. Cavabdehin iddiaya qarşı yazılı etirazında bildirilmişdir ki, iddiaçı 1993-1998-ci illərdə Bakı Ali Hərbi Dənizçilik Məktəbində oxumuş, 1998-ci il tarixdə qeyri-kafi qiymət aldığı üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 01 avqust 1998-ci il tarixli sərəncamına əsasən məktəb rəisinin 03 avqust 1998-ci il tarixli əmri ilə N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmiş, məktəb rəisinin əmrinə əsasən 1999cu ildə təkrarən dövlət imtahanına buraxılmış, "Mühəndis elektirk” diplomu verilərək məktəb rəisinin 25 iyun 1999-cu il tarixli əmri ilə N nömrəli hərbi hissəyə göndərilmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin iddiaçı bunu etməmiş, 23 il vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirmişdir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərardan məlumatlı olması mübahisə doğurmayan haldır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətinə qaldırıla bilər. Qeyd olunana əsasən iddiaçı inzibati-prosessual qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1.-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. iddia müddətinin üzrlü səbəblər olmadan buraxılması iddianın rədd edilməsi üçün əsasdır və Müdafiə Nazirliyi hesab edir ki, məhkəmə, ilk növbədə, iddianın mümkünlüyü məsələsinə yuxarıda qeyd edilən prosessual-hüquq normalarına əsasən qiymət verməlidir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni, məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı ona “Leytenant” ilk hərbi rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb edir. O, hesab edir ki, 2000-ci ildə tərxis olunarkən “çavuş” rütbəsi ilə deyil, “leytenant” rütbəsi ilə tərxis olunmalı idi. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi mahiyyəti etibarilə ona 2000-ci ildə verilmiş hərbi rütbənin dəyişdirilməsi, yəni “çavuş” deyil, “Leytenant” hərbi rütbəsinin verilməsi ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının həmin rütbənin dəyişdirilməsi ilə bağlı hüququ 2011-ci ilə qədər, yəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi qanuni qüvvəyə minənə qədər yaranmışdır, o zaman isə sözügedən məsələlərin həlli Mülki Prosessual Məcəllənin 27 fəsli ilə tənzimlənirdi ki, orada da iddia müddəti 1(bir) ay müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Leytenant” ilk hərbi rütbəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar