Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2456/2025 26.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsi üzərində mərhum şəxsin mülkiyyət hüququnun qeydiyyata alınmasına dair arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 6 mart 2006-cı il tarixli, 32059 reyestr nömrəli, 1513 inventar nömrəli “Qeydiyyat vəsiqəsi”ndən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış sahəsi İddiaçı adına Abşeron rayonu 1 saylı Dövlət Notariat Kontorunun 24 dekabr 2005-ci il tarixli, 2V-226 reyestr nömrəli şəhadətnamə əsasında qeydə alınmışdır.
2. 11 mart 2005-ci il tarixli, AZ-İ seriyalı, 130772 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X5 1 mart 2005-ci il tarixdə ölmüşdür.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 2 may 2024-cü il tarixli, 32/332/2-5567/24 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində təqdim edilmişdir: - “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, 1 mart 2005-ci il tarixdə vəfat etmiş X3 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi miras qismində İddiaçı verilmişdir. - Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamından görünür ki, X4 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış hissədə ona mənzil tikməyə icazə verilmişdir. - dekabr 2003-cü il tarixli, 32059 reyestr nömrəli, 1513 inventar nömrəli X3 adına Saray qəsəbəsində yerləşən mülkiyyətə dair “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”ndan görünür ki, torpaq sahəsinin sənəd üzrə və faktiki ölçüsü 600 kv.m olaraq göstərilmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 24 iyun 2024-cü il tarixli, 3-21-3-32/2-H-0141-8/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, aparılan araşdırma zamanı Abşeron Rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı müəyyən edilmişdir. Həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyətini təsdiq edən sənədin surətinin hazırkı ərizəyə əlavə olunmadığı aşkar edilmişdir. Nəzərə çatdırılmışdır ki, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə şərait yaradılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
5. Abşeron Rayon Dövlət Arxivinin 1 aprel 2025-ci il tarixli, 3-48-1RA/2-309/25 nömrəli məktubu ilə göndərilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamından görünür ki, X4 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və həmin ayrılmış hissədə ona mənzil tikməyə icazə verilmişdir.
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 15 aprel 2025-ci il tarixli, 3-21-3-32/2-5781/2025 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi ilə JN-091A nömrəli şəhadətnamə ilə uyğunluq təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, müayinə olunan torpaq sahəsi xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara aiddir. Elektron baza məlumatlarında mübahisə predmeti olan torpaq sahəsinə dair DWG və DBF məlumatları mövcuddur. Sözügedən torpaq sahəsinin müayinə aktına əsasən müayinə olunan torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto görüntüsü, baş plan və torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin təsdiq edilmiş surətləri qoşma şəklində göndərilmişdir. - 4 aprel 2025-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinin ölçüsü texniki göstəricilər üzrə 0,06 ha və faktiki 0,1290 ha olaraq göstərilmişdir.
7. "xxxx" ASC-nin 6 oktyabr 2025-ci il tarixli, 13-9/2-3031/15/25 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində X4 (İddiaçı) ayrılmış 0,06 ha torpaq sahəsinin yaxınlığından "xxxx" ASC-yə məxsus heç bir yüksək gərginlikli elektrik verilişi xətti keçmir.
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 4 dekabr 2025-ci il tarixli, 3-21-3-32/2-21819/2025 nömrəli məktubundan görünür ki, keçmiş DTXK tərəfindən təqdim edilmiş DBF elektron baza məlumatlarında X3 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən JN-091A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunan 0,06 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Hazırda mülkiyyətindədir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
9. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamına əsasən X3 adına ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin hallarına (§1-4) istinad edilərək onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamına əsasən X4 0,06 ha həyətyanı torpaq sahəsinin ayrılması və həmin ayrılmış sahədə ona mənzil tikməyə icazə verilməsi qərara alınmışdır. Həmin torpaq sahəsində təyinatına uyğun olaraq X5 tərəfindən fərdi yaşayış evi tikilmişdir. X5 1 mart 2005-ci il tarixdə vəfat etmiş, vəfatından sonra onun qanun üzrə vərəsəsi olaraq həmin torpaq sahəsində yerləşən fərdi evi vərəsəlik qaydasında iddiaçı qəbul etmiş və hazırda həmin ev onun mülkiyyətindədir. Hazırda iddiaçı həmin evin yerləşdiyi torpaq sahəsini də sənədləşdirmək istəyir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 156.1, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 1, 5, 6, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1, 13.2, prosessual hüquqi əsası kimi İPM-in 2, 14.3-cü maddələrinə istinad edilmişdir.
12. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, JN-091A nömrəli, KOD 30800086 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən, 0,06 ha torpaq sahəsinə dair mərhum X3 adına mülkiyyət hüquqlarının ona məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin 26 yanvar 2026-cı il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
14. Məhkəmənin 30 dekabr 2025-ci il tarixli, 2-1(118)-2456/2025 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi (bundan sonra - “cavabdeh”) ilə əvəz edilmişdir.
15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
17. Etiraz onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad olunmadığı, eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin müraciət ərizəsinə əlavə edilmədiyi, torpaq sahəsinin naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə şərait yaradılmadığı müəyyən edilmişdir.
18. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 146, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46, 68, ”Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2 “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 9, 11.1, 15, 23-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
19. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
21. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
22. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
23. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
25. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
26. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 55.Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; (-)
Maddə 66.Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Maddə 67.Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. (-)
Maddə 68.Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
27. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-)
Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-)
28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-)
Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-)
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.
Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; (-) Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. (-)
Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)
Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
c) Məhkəmənin mövqeyi
32. Məhkəmə iddiaçı tərəfin vermiş olduğu izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.
33. Belə ki, yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə olan əsaslardan biri əlavə edilməlidir. Cavabdeh orqan isə yalnız adıçəkilən Qanunun 15-ci maddəsindəki əsaslardan biri olduğu halda daşınmaz əmlak üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınmasından imtina edə bilər.
34. İddiaçı iddia tələbinin əsası kimi bildirir ki, mübahisələndirilən torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə mərhum X4 ayrılmış, müvafiq sənədlərin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən üzərində mülkiyyət hüququna dair arayışın verilməsindən əsassız olaraq imtina verilmişdir.
35. Cavabdeh orqanın mövqeyi isə ondan ibarətdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamından çıxarışda yerli icra hakimiyyəti başçısının torpaq sahəsinin ayrılması barədə müvafiq qərarına istinad edilməmişdir.
36. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 24 noyabr 1994-cü il tarixli, 48 nömrəli sərəncamı ilə mərhum X4 0,06 ha torpaq sahəsi ayrılmış və həmin ərazidə fərdi evin tikintisinə icazə verilmiş, həmçinin JN-091A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” də tərtib edilmişdir. Qeyd edilən sənədlərin həqiqiliyi iddiaçı tərəfə, həmçinin məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivinin və cavabdeh orqanın təqdim etdiyi arxiv sənədləri ilə öz təsdiqini tapmışdır.
37. Eyni zamanda, iş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən iddiaçının vəfat etmiş X3 vərəsəsi olduğu müəyyən edilmişdir.
38. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən təqdim edilmiş müayinə aktından müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi JN-091A nömrəli şəhadətnamədə əks olunmuş ərazi ilə uyğunluq təşkil edir, xüsusi mülkiyyətdə olan yaşayış məntəqələri kateqoriyalı torpaqlara aiddir.
39. Torpaq sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərin keçməsi ilə əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 6 iyul 2022-ci il tarixli, 2-1(102)-1240/2022 nömrəli qərarında qeyd edilmişdir: “...ayrılmış torpaq sahəsinin 145,0 kv.m hissəsinin yüksək gərginlikli elektrik xəttinin (110 kvt) mühafizə zolağında yerləşməsi ilə bağlı şikayətin dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 6-cı və 12-ci bəndlərinə görə, torpaq sahəsinin müəyyən hissəsinin (hazırkı halda 145,0 kv.m hissəsinin) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi təqdirdə belə, həmin hal şəxsin həmin torpaq sahəsi üzərində hüquqlarının qeydə alınmasından imtina üçün əsas kimi çıxış edə bilməz. Başqa sözlə, cavabdeh həmin hala istinad etməklə qeydiyyatdan imtina olunmasında haqlı sayıla bilməz. Belə ki, istinad olunan həmin qaydalara görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər.”
40. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlilləri məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir. Həmçinin, oxşar işlər üzrə Abşeron Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi məlumatlar əsasında müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəliyinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılmasına səlahiyyət verilmişdir.
41. Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
42. Göstərilənlərdən əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 2-1(102)-1533/2023 saylı qərarında qeyd olunmuşdur ki, “ ... 38. Bununla bağlı qeyd olunmalıdır ki, şəxsə torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq səlahiyyətli orqanların rəylərinin alınması və ya həmin orqanlarla razılaşdırmaların aparılması torpaq sahəsinin ayrılması üzrə icraatın tərkib hissəsini təşkil edir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin həmin dövrdə qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bu tənzimələməni nəzərdə tutmaqda qanunvericinin məqsədi ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul olunmasına xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmaq keyfiyyətinə malik deyildir və bu baxımdan inzibati akt kimi qiymətləndirilə bilməz. Nəzərə almaq lazımdır ki, torpaq sahəsinin ayrılması üzrə icraat, eləcə də həmin icraat çərçivəsində alınan rəylər və ya aparılan razılaşdırmalar yalnız torpaq sahəsinin ayrılması ilə bağlı suveren iradənin formalaşması və son nəticədə həmin iradəni ifadə edən inzibati aktın, yəni qərarın qəbul olunması məqsədlərinə xidmət edir. Bununla bağlı həm də nəzərə almaq lazımdır ki, məhz icraatın yekununda qəbul edilən həmin qərar şəxsə münasibətdə hüquqi təsirə malikdir və ona münasibətdə hüquqi nəticə yaradır, yəni ona torpaq sahəsinin ayrılması ilə bağlı məsələni tənzimləyir və həll edir. Başqa sözlə, şəxsə torpaq sahəsinin ayrıldığını, onun həmin sahəyə hüququnun yarandığını müəyyən edən konstitutiv və hüquqmüəyyənedici sənəd qismində məhz həmin qərar çıxış edir. Bu mənada hüququn yaranma anının da həmin qərara bağlı olduğu diqqətə alınmalıdır.
39. Torpaq sahəsinin ayrılması üzrə icraat zamanı qərar qəbul etməyə səlahiyyətli inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması inzibati aktın hüquqi qüvvəsinə hər hansı təsir göstərmir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinin tələbləri baxımından, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. ...
43. Nəzərə almaq lazımdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları qanunvericilikdə dəqiq təsbit edilmişdir və inzibati orqanlar yalnız həmin əsaslardan hər hansı birinin mövcud olduğu halda hüquqların dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı sayıla bilərlər. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir.
44. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək (§1-8), qanunvericiliyin normalarını (§26-31), həmçinin yuxarıda qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
45. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. JN-091A nömrəli, KOD 30800086 “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə əks olunmuş 0,06 ha torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Könül Həbibova