Məhkəmə qərarları › İş №2-1(118)-2457/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2457/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2457/2025 23.01.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı, dövlət vəsaiti hesabına mənzillə təmin edilmə) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "İddiaçı 1990- 1994-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində hərbi kafedrada əyani təhsil alması səbəbindən sözügedən tədrisin 2 təqvim ili qüsursuz hərbi xidmət kimi hesablanaraq, ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində onun ailə üzvləri - arvadı Feyziyeva (Hüseynova) Gülbəniz Hüseyn qızı, övladları ilə birlikdə uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq qaydada hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı İddiaçı, ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində ailə üzvləri ilə birlikdə uçota alınmaq istəyir. İddia ərizəsi xx.xx.N4-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. Evlidir, üç övladı var. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinə Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzil təminatı ilə bağlı müraciət ərizəsi göndərmişdir. Sözügedən müraciətə xx.xx.N4-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının social müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanın ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən, Azərbaycan Ordusunun sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Eyni zamanda Azərbaycan Ordusuna 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.2001-xx.xx.2003; xx.xx.2006-xx.xx.N4; 19 il 05 ay 09 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı iddiaçıya şamil edilməmişdir. Şəxsi heyətin uçot bölməsi tərəfindən təqdim olunan Arayışa əsasən, sözügedən arayış İddiaçı o səbəbdən verilir ki, o, Sumqayıt şəhəri Kristal ünvan 1 ünvanında qeydiyyatdadır və aşağıdakı adları qeyd edilən ailə üzvləri vardır. Arvadı - Feyziyeva (Hüseynova) Gülbəniz Hüseyn qızı 1977; qızı - Elmira 1997; qızı-Türkan 1998; oğlu - Feyzi 2001 Həmin arayışa əsasən, iddiaçı həqiqətən 1990-1994-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində hərbi kafedrada əyani təhsil almışdır, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-ci il tarixədək AR SQ-da zabit, gizir və ya MAHHXHQ qismində müddətli həqiqi hərbi xidmət keçmişdir, xx.xx.2006-ci il tarixdən xx.xx.N4-cü il tarixədək AR SQ -də ümumi həqiqi xidmət keçmişdir. N nömrəli hərbi hissənin komandirinin xx.xx.N4-cu il tarixli 146 nömrəli göndərişi ilə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş xx.xx.N4-cu il tarixli “Xəstəlik haqqında Şəhadətnamə”-yə əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Əsaslı Tikinti İdarəsinin cavab məktubunda Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyi üçün (xx.xx.2001-xx.xx.2003; xx.xx.2006-xx.xx.N4; 19 il 05 ay 09 gün), Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ona şamil edilməməsi həqiqəti əks etdirmir. Belə ki arayışda qeyd edildiyi kimi 1990-1994-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində hərbi kafedrada əyani təhsil almağı sözügedən orqan tərəfindən nəzərə alınmayıb, hesab edir ki, bu müddətin ən azı 2 ili nəzər alınmalıdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin xx.xx.N4-cü il tarixli arayışına əsasən iddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçı “Hərbi qulluqçuların statusu haqqında” qanunun 5-ci, 12-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-51.7-ci, 52-ci, 53.1-ci, 53.3-cü maddəsinə, "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi hüquqi tənzimləmə qaydaları Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə tənzimlənir. Həmin Fərmanın birinci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə komissiya yaradılmışdır. Cavabdehin üzərinə düşən vəzifə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq və həmin siyahını komissiyaya təqdim etməkdir. Dövlət başçısı qəbul etdiyi normativ hüquqi aktda məhz “Azərbaycan Ordusu”nda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara münasibətdə dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazı müəyyən etmişdir. Göründüyü kimi Fərmanın məqsədinin məhz “Azərbaycan Ordusu”nda xidmət etmiş hərbi qulluqçularla bağlı olması aşkar surətdə müəyyən edilmişdir. Fərmana əsasən üç şərt daxilində hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmə hüququ yaranır: hərbi qulluqçu ən azı 20 (iyirmi) təqvim ili və daha çox xidmət etməli; “Azərbaycan Ordusu”nda xidmət etməli; hərbi xidmət qüsursuz olmalıdır. İddiaçı Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti (xx.xx.2001xx.xx.2003; xx.xx.2006-xx.xx.N4) 19 il 05 ay 09 gün təşkil edir. İddiaçının Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddəti 20 təqvim ili olmadığına görə Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 03 fevral N4-cü il tarixli, 1043 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı hərbi həkim komissiyasının qərarı ilə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar Xidmətinin xx.xx.N4-cü il tarixli, 399 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçı N №li hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli, 020 nömrəli əmri ilə “1ci məharət dərəcəsi” verilmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli, 174 saylı əmrindən çıxarışa əsasən Hərbi Xidmətkeçmə haqqında Əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə istifaya buraxıldığına görə işlərini və vəzifəsini vermiş hesab edilmiş, N iyun N4-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış, qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə göndərilmişdir. N №li hərbi hissə komandirinin arayış-təqdimatına əsasən İddiaçı Azərbaycan Texniki Universitetinin nəzdində hərbi kafedrada təhsil almışdır. Onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti 19 il 03 ay olaraq qeyd edilmişdir. Sumqayıt şəhəri, Kristal ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü və 2-ci dərəcəli medalla təltif edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı dövlət vəsaiti hesabına mənzillə təmin edilmək istəyir. Cavabdeh isə imtinasında iddiaçının Azərbaycan Ordusu sıralarında ümumi xidmət müddətinin 20 təqvim ili olmadığına görə Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməyəcəyini qeyd edir. Məhkəmə isə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə 28 dekabr 2011-ci il 569 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alınmışdır:

1. Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. ..

3. Komissiyaya tapşırılsın ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 3-1. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün “qüsursuz xidmət” müddəti dedikdə, bu Fərmanın 3-2-ci hissəsində nəzərdə tutulan müddət istisna olmaqla, hərbi qulluqçuların həqiqi hərbi xidmət müddəti nəzərdə tutulur. İddiaçı 1990-1994-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində hərbi kafedrada əyani təhsil almışdır. Cavabdeh tərəf iddiaçının həmin dövrlər nəzərə alınmamaqla Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ilindən az xidmət etdiyini qeyd edir. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmır. Məhkəmə sorğusu əsasında müəyyən edilmişdir ki, İddiaçı həqiqətən 177-(müx) nömrəli xx.xx.1990-cı il tarixli əmrə əsasən Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Metallurgiya” fakültəsinə qəbul olunmuş, 168-T(s) nömrəli xx.xx.1995-ci il tarixli əmrə əsasən Azərbaycan Texniki Unversitetinin “Qaynaq istehsalının texnologiyası və avadanlığı” ixtisası üzrə əyani olaraq bitirmiş və ona mühəndis-metallurq diplomu verilmişdir (qeydiyyat nömrəsi 353). Təhsil aldığı müddətdə Azərbaycan Texniki Universitetində “Hərbi kafedra” fəaliyyət göstərmiş və “Hərbi hazırlıq” dərsindən 326 saat dərs keçmiş və 3 (üç) qiymət almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universitetinin Məhkəmə sorğusuna müvafiq olaraq xx.xx.N4-cü il tarixli 5840 saylı cavab məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ehtiyat zabit kadrlarının hazırlanması işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 425 nömrəli 25 may 2000-ci il tarixli Sərəncamı ilə mülki ali təhsil müəssisələrində hərbi kafedralar ləğv edilmişdir. Əlavə olaraq bildirmişdirlər ki, mülki ali təhsil müəssisələrinin hərbi kafedralarında təhsil alan şəxslər hərbi qulluqçu statusuna malik olmamış və həmin kafedralar hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələri hesab edilməmişdirlər. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 28.3-cü maddəsinə əsasən hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər.Göründüyü kimi, Azərbaycan Texniki Universitetinin tələbələri kursant statusuna malik olmamaqla yanaşı, onlar həqiqi hərbi xidmətdə olmamışdırlar. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərmiş hərbi kafedra xüsusi təyinatlı təhsil müəssisələrinə aid edilmir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. 28.2. Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. 28.3. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmuş vətəndaşlar kursantlar adlandırılırlar və onların həqiqi hərbi xidməti müddətli həqiqi hərbi xidmətə bərabər tutulur. Kursantlar və onların ailə üzvləri müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edir, müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələrinə uyğun olan vəzifələr yerinə yetirirlər. 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.3. kursantlar üçün – hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi gündən ləğv edilmişdir) görə: Maddə 5. Ali tədris müəssisələri tələbələrinin (kursantların) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı Gündüz (əyani) ali tədris müəssisələri tələbələrinin (kursantlarının) zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı ali məktəblərin struktur bölmələri olan hərbi (hərbi-dəniz) kafedralarda təşkil edilir və aparılır. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı səhhətinə görə hərbi xidmətə yarayan 35 yaşınadək kişi tələbələr, hərbi tibbi hazırlığı isə həm də orta ixtisas və ali tibb məktəblərinin qadın tələbələri keçirlər. Hərbi (hərbi-dəniz) kafedralarda zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığın aparıldığı hərbi ixtisasların siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. Tam hərbi hazırlıq kursu keçib zabit rütbəsi almış və hərbi qulluqda olan şəxslərə ali məktəbdə hərbi hazırlıq keçdiyi dövr müddətli həqiqi hərbi xidmətin hesabına daxil edilir. Ali məktəbə daxil olanadək müddətli həqiqi hərbi və ya alternativ xidmət, yaxud toplanış hazırlığı keçməmiş və ali məktəbdə tədris nəticəsində zabit rütbəsi almamış şəxslər ali məktəbi bitirdikdən sonra bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə və ya toplanışda hazırlığa çağırılırlar. Tələbələrin (kursantların) hərbi hazırlığına ümumi rəhbərliyi Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə birlikdə lazımi tədris-material bazasını yaradır, hərbi kafedraların müəllim heyətinin seçilməsini və hazırlanmasını təmin edir, bunun həyata keçirilməsinə nəzarət edir. Hərbi hazırlıq ali məktəblərin dərs planlarına müstəqil tədris fənni kimi daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 26 nömrəli qərarı ilə təsdiq edilmiş Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı haqqında Əsasnaməyə (29 yanvar 2019-cu il tarixli 28 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə ləğv edilmişdir) əsasən:

1. Mülki ali təhsil müəssisələri tələbələrinin ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ehtiyat zabitlərinin hazırlanması məqsədi ilə keçirilir.

2. Hərbi hazırlıq Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada respublikanın ərazisində fəaliyyət göstərən, qeydiyyatdan keçmiş təhsil müəssisələrinin əyani şöbələrində təşkil edilir.

3. Hərbi hazırlıq müstəqil fənn kimi təhsil müəssisələrinin tədris proqramlarına daxil edilir və onun keçirilməsi üçün hərbi kafedra (silsilə) yaradılır.... Nəzdində hərbi kafedra təşkil olunan təhsil müəssisələrində mülki müdafiə proqramı üzrə dərslərin tədrisi hərbi kafedralara həvalə olunur.

6. Hərbi hazırlıq Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış proqram və təlimatlar əsasında təşkil edilir və keçirilir. İİİ. Tədris prosesinin təşkili

1. Təhsil müəssisələrində: 1.1. Hərbi hazırlıq və mülki müdafiə dərslərinin tədrisi üçün ümumi həcmi 170 (o cümlədən 50 saat mülki müdafiə dərsləri üçün) saatdan çox olmayaraq vaxt ayrılır. Təhsil müəssisələrinin tipindən, tələblərin aldıqları mülki ixtisaslardan asılı olaraq hərbi hazırlıq saatlarının konkret həcmi və hərbi fənnlər üzrə bölgüsü hərbi hazırlıq proqramları ilə müəyyən edilir. Hərbi hazırlıq dərsləri "hərbi gün" metodu ilə həftədə bir dəfə keçirilir. 2.2. Ehtiyat zabitləri proqramı üzrə hərbi hazırlıq dərsləri başa çatdıqdan sonra məzunlar buraxılış imtahanları verirlər. Buraxılış imtahanlarını müvəffəqiyyətlə vermiş şəxslər ehtiyat zabitləri heyətinə attestasiya olunur və onlara müəyyən edilmiş qaydada "ehtiyatda olan leytenant" hərbi rütbəsi verilir. İV. Vəzifələr

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi: q) buraxılış imtahanını müvəffəqiyyətlə vermiş məzunlara ilkin ehtiyat zabiti rütbəsi verir. Qeyd edilənlərə münasibətdə məhkəmə hesab edir ki, iddiaçının hərbi kafedrada təhsil dövrlərinin 20 təqvim ilinə hesablanmalı olması şərti mütləq xarakter daşıyır. Lakin dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddəti ilə bağlı tələbə cavab verməsi kifayət deyildir. “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il 569 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanında Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət şərtləri ilə yanaşı döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraitinin nəzərə alınması şərtləri də mövcuddur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.N4-cü il tarixli, 2-1(102)-1142/N4 saylı qərarında qeyd edilmişdir: “26. Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə“ Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanının (Azərbaycan Respublikası Prezidentinin 15 noyabr N1-ci il tarixli, 1476 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişiklik edilmişdir) 1-ci hissəsində Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması da nəzərdə tutulmuşdur və Komissiyaya tapşırılmışdır ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın və hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

27. Dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı yalnız hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti deyil, habelə, onların döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti də nəzərə alınmalıdır. Yəni, adının həmin siyahıya salınmasını tələb edən şəxsin qüsursuz hərbi xidmət müddəti ilə bağlı tələbə cavab verməsi yetərli sayıla bilməz, ona münasibətdə həm də həmin normada təsbit edilmiş digər (döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraiti) tələblər də ödənilmiş olmalıdır.

28. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı nəzərə alınmalı olan tələblərdən biri də hərbi qulluqçunun yaşayış (mənzil) şəraiti ilə bağlıdır (...) Başqa sözlə, iddiaçı xüsusi mülkiyyət hüququ əsasında fərdi yaşayış evinə və eyni zamanda, fərdi yaşayış evinin tikilməsi təyinatına uyğun torpaq sahələrinə malik olmuşdur. Bu mənada, iddiaçı yuxarıda istinad olunan Fərmanda nəzərdə tutulmuş anlamda yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməz.” Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı adına ünvan 3 ünvanında yerləşən 55 nömrəli mənzil (yeni qaydalarla: AZ5011, Sumqayıt şəhəri, Məzahir Abdullayev küçəsi, 82A, M6, m3) qeydiyyata alınmışdır. Əmlak "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklüdür. Mənzilə dair seriya RX №1374384, reyestr nömrəsi **********09- 05304-093001, xx.xx.2019-cu il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz əmlakın ümumi sahəsi 98.0 kv. metr, hüquq sahibinin payı tam olaraq göstərilmişdir. Dövlət vəsaiti hesabına mənzillə təmin olunan hərbi qulluqçuların siyahısının hazırlanması zamanı nəzərə alınmalı olan tələblərdən biri də hərbi qulluqçunun yaşayış (mənzil) şəraiti ilə bağlıdır. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 noyabr 2019-cu il tarixli 459 saylı qərarında sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan mənzil 98 kv.m olmaqla adambaşına düşən sahəsi 16 kv.m dən çox olduğuna görə məhkəmə hesab edir ki, bu mənada, iddiaçı yuxarıda istinad olunan Fərmanda nəzərdə tutulmuş anlamda yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməz. Tələbin – mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq qaydada hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Müdafiə Nazirliyinin üzərinə qoyulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, qanunvericilikdə belə bir tənzimlənmə nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar