Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2458/2023 31.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “iddiaçıya məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 83 №-li mənzildə qeydiyyatda olan X5 həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 83 №-li mənzildə qeydiyyatda olan X5 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 24 fevral 2023-cü il tarixli, 59/2-S- 10417/11 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. X7 zəruri cəlb etmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 83 №-li mənzil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Mənzili alğı-satqı müqaviləsi əsasında X4 almışdır. Həmin mənzil Abşeron rayon 2-ci DNK-nun 29 mart 2004-cü il tarixli 4ə3-337 reyestr №-li müqaviləsinə əsasən adına qeydə alınmış və ona qeydiyyat vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 17/23 nömrəli arayışdan göründüyü kimi həmin ünvanda X7 həmin ünvanda qeydiyyatdadır. Bu müddətdə o X4 mülkiyyətində olan ünvan 1 ünvanının qeydiyyatından çıxmasını tələb etməyinə baxamayaraq qeyd olunan şəxs iddiaçıya məxsus olan ünvandan qeydiyyatdan çıxmamışdır. Həmçinin Abşeron rayonu, 2 saylı notariat ofisində X7 ərizə verərək ona məxsus olan mənzilin satılmasına, ipotekaya (girov) qoyulmasına, bağışlanmasına və həmin ünvandan qeydiyyatdan çıxarılmağına etiraz etmədiyini bildirmişdir. İddiaçı X5 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə Abşeron Rayon Polis İdarəsinə müraciət etmişdir. Abşeron Rayon Polis İdarəsi isə qanunsuz və əsassız olaraq müraciəti təmin etməkdən imtina etmişdir. Abşeron Rayon Polis İdarəsi imtinanı onunla əsaslandırmışdır ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-in 550 saylı əmrinin 5-ci maddəsinin "a” bəndinə əsasən yaşa yış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxanla bilər. Şəxslərin evdən qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Odur ki, Abşeron Rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ünvan 4-də yaşayış sahəsi 28.9 kv.m, köməkçi sahə 18.7 kv.m 2 taqdan ibarət yaşayış evi Abşeron rayon 2-ci DNK-nun 29 mart 2004-cü il tarixli 4ə3-337 reyestr №li müqailəsinə əsasən İddiaçı İsrəfil qızının adına qeydə alınmışdır. (Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat Şöbəsi tərəfindən verilmiş reyestr № 3504 qeydiyyat vəsiqəsi) Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Sahəsi tərəfindən verilmiş 24 may 2023-cü il tarixli, 396 saylı arayışda X5 ünvan 4 ünvanda yerləşən mənzilin keçmiş sahibi olduğu, mənzildə qeydiyyatda olmasına baxmayaraq orada yaşamadığı qeyd edilmişdir. X7 **********707 saylı notarial qaydada təsdiq edilmiş razılıq ərizəsində qeydiyyatda olduğu ünvan 4 ünvanda yerləşən mənzildən qeydiyyatdan çıxarılmağa etiraz etmədiyini, gələcəkdə həmin əmlakla bağlı hərhansı tələbi olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da həmin evdə yaşamır və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 12 ünvanında yerləşən 83 №-li mənzildən X5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Abşeron rayon Polis İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev