Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2459/2022 09.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinə qarşı “Mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın İddiaçı ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası ƏƏSMN Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın İddiaçı ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən 28 iyun 2022-ci il tarixli, **********3 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1962-ci il təvəllüdlüdür. 2012-ci ildən tənəffüz orqanlarının vərəmi diaqnozu ilə xəstəlikdən əziyyət çəkir və həmin vaxtdan ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. 2016-cı keçirilən növbəti müayinədə əlillik təkrar təyin edilmiş, yeni qanunvericiliyə əsasən yeni müayinə tarixi 5 il sonraya təyin edilmişdir. Bu müddətdə X1 daxil olmaqla, və Sumqayıt şəhərlərində bir sıra xəstəxanalarda stasionar müalicələr almışdır. Həkimlərin rəyinə əsasən xəstəliyinin sağalma ehtimalı yoxdur. 2021-ci ilin mart ayında növbəti müayinədən keçəndə TSEK «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur»bəhanəsi ilə əlillik təyin edilməsindən imtina etmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə TSEK «Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur»bəhanəsi ilə ona əlillik təyin edilməsindən imtina etmişdir. Səhhətində heç bir dəyişiklik olmadığı halda ona əlillik dərəcəsi təyin edilməmişdir. xx.xx.2022-ci il tarixə kimi bütün göndərişlərə eyni cavablar verilmişdir. xx.xx.2022-ci il tarixdə ona müddətsiz 2ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Onun əmək qabilıyyəti yoxdur,işləyə bilmir. 2-ci qrup əlil kimi başqa gəlir mənbəyi yoxdur. Lakin ondan asılı olmayan səbəbdən əlillik təyin edilməsindən imtina edilmiş, nəhayət şikayətindən sonra təyin edilmişdir. Həmin dövrdə o, borc almaqla özünü müalicə etdirmiş və yaşamışdır. Dəfələrlə cavabdehə rəsmi qaydada müraciətlər etsə də ərizəsinə cavab verilməmişdir. Ona görə də hesab edir ki, mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi cavabdeh tərəfindən pensiyası ona ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı 2012-ci il tarixdə 2-dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı ildə keçirilən növbəti müayinədə əlillik 5 il müddətinə yenidən qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə ildə iddiaçının əlillik müddətinin bitdiyinə görə Tibbi Sosial Ekspert Kommisiyası tərəfindən keçirilən növbəti müayinədə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən İddiaçı əlillik təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Bununla belə İddiaçı xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fonduna Müraciət edərək ona mart 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir, iddiaçıya ünvanlanan cavab məktubunda bildirilmişdir ki, onun pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa edilmiş və müraciətində qeyd etdiyi dövrdə əlillik dərəcəsi mövcud olmadığından eyni zamanda təkrar əlillik dərəcəsi əlillik müddətinin bitdiyi tarixdən sonra 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlər üzrə pensiya ödənişinin edilməsi qanunvericiliklə mümkün deyildir. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə “mart 2021-ci il tarixdən yanvar 2022ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyqun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3- cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 1.3-cü bəndinə əsasən TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət) tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu (bundan sonra - əlillik) qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların (bundan sonra - əlilliyi olan şəxs) sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmçinin qeyd olunan Əsasnamənin 4.26-cı bəndində göstərilmişdir ki, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Eyni zamanda bildirirlər ki, xx.xx.2021-ci il tarixli 356 nömrəli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş bu dəyişiklik 25 iyul 2021ci il tarixindən qüvvəyə minmişdir. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır. Bununla belə İddiaçı əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021 -xx.xx.2022) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən İddiaçı mart 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsi üzrə iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üçün 2-ci qrup əlil kimi pensiyanın İddiaçı ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə dayandırılmış və xx.xx.2022-ci il tarixdə bərpa edilmişdir. Bu baxımdan “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli 3.3-1-ci maddəsinə əsasən şəxsin əlilliyi 6 ay ərzində bərpa edilərsə, bu zaman ona əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin dayandırıldığı tarixdən həyata keçirilərək əlillik dayandırıldığı tarixdən bərpa olunmuş sayılır.Bununla belə İddiaçı əlilliyinin dayandırıldıqdan sonra bərpa edilənədək keçən dövr (xx.xx.2021 -xx.xx.2022) qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddəti keçdiyindən ona ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Qeyd olunanlara əsasən İddiaçı mart 2021-ci il tarixdən yanvar 2022-ci il tarixədək olan dövr üçün dayandırılmış 2-ci dərəcə əlilliyə görə əmək pensiyasının ödənilməsi üzrə iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 27. Layiqli həyat səviyyəsi və sosial müdafiə 27.0. Dövlət əlilliyi olan şəxslərin və onların ailələrinin qidalanma, geyim və yaşayış yeri daxil edilməklə layiqli həyat səviyyəsinin, həyat şəraitinin yaxşılaşdırılmasının təmin və təşviq edilməsi üçün aşağıdakı tədbirləri həyata keçirir: 27.0.1. əlilliyi olan şəxslərin əlilliklə bağlı ehtiyaclarının ödənilməsi üçün köməklik göstərir; 27.0.2. əlilliyi olan şəxslərin sosial müdafiə və yoxsulluğun azaldılması üzrə dövlət proqramlarından istifadə etmək imkanlarını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. İş materillarından görünür ki, iddiaçının 2.2. ikinci dərəcəli əlillik-2.2.5. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, intoksikasiya meyarları ilə əlilliyi müəyyən edilmiş, ona 2012-ci il tarixdə 2-dərəcə əlillik səbəbi ilə əmək pensiyası təyin edilmiş və xx.xx.2016-cı ildə keçirilən növbəti müayinədə əlillik 5 il müddətinə yenidən qüvvədə saxlanılmışdır. xx.xx.2021-ci ildə iddiaçının əlillik müddətinin bitdiyinə görə Tibbi Sosial Ekspert Kommisiyası tərəfindən keçirilən növbəti müayinədə dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması səbəbindən İddiaçı əlillik təyin olunmasından imtina edildiyi bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə keçirilən müayinədə iddiaçıya müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi əlilliyi orqanların öz vəzifə öhdəliklərini natamam yerinə yetirməsi nəticəsində təyin edilməmiş, göndərişin natamam doldurulması əsas gətirilərək iddiaçıya həmin müddət üzrə pensiya təyinatı olmadığından pensiya ödənişi də aparılmamışdır. Lakin iddiaçının 2-ci dərəcə əlil olması işin mübahisə olunmayan halıdır. Ötürülmüş müddət ərzində də onda hərhansı yaxşılaşma olmamış, formal səbəblərə görə əlilliyin təyinatı gecikmiş, yekun olaraq xx.xx.2022-ci il tarixdən isə əlilliyi bərpa edilmişdir. Cavabdeh inzibati orqan hesab edir ki, qanunvericiliklə nəzərdə tutulmuş 6 ay müddət keçdiyindən iddiaçıya ötən dövrlər üzrə ödənişin həyata keçirilməsi mümkün deyildir. Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən qanun normasında qanunvericinin iradəsi, əlill şəxsə 6 ay ötürülmüş müddətin güzəşt edilməsi kimi başa düşülməlidir. Əlilliklə bağlı təyinat 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla həyata keçirildiyinə görə, 6 aylıq müddətin keçirilməsi inzibati orqanların imtina əsası o zaman ola bilər ki, əlillik müddəti bitmiş olan şəxsin təkrar əlillik qiymətləndirilməsi ilə bağlı müraciəti 6 ayı keçmiş olsun. Lakin hazırkı halda iddiaçı tərəfindən hər hansı bir müddətin ötürülməsindən söhbət gedə bilməz. İddiaçı onun əlillik müddəti bitəndən sonra səlahiyyətli orqanlara müraciət etmiş, nəticədə onun əlilliyinin davam etməsi onun iradəsindən və hərəkətlərindən asılı olmadan inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində öz təsdiqini geç tapmışdır. Nəzərə alanda ki, hazırkı iş üzrə cavabdeh və üçüncü şəxs eyni yuxarı orqana tabe olan qurumlardır, onlar arasında koordinasiya və işin halları ilə bağlı daha rahat əlaqə yaradılmalı, vətəndaşların hüquqları pozulmamalı, eyni yuxarı orqana tabe olan qurumlar məsuliyyəti bir-birinin üzərinə ataraq vətəndaşların hüquqlarının əldə edilməsi mexanizmlərini çətinləşdirməmlidirlər. Məhkəmə hesab edir ki, əlil olan şəxsin məsuliyyət daşımadığı halda inzibati orqanların düzgün olmayan fəaliyyəti nəticəsində hüquqlarının pozulması yolverilməzdir və qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Mart 2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyi (əllik müddətinin bitdiyi vaxtdan əllik müddətinin bərpa edildiyi vaxtadək ödənilməmiş olan dövrlər nəzərə alınaraq hesablama və ödəmə aparılmalıdır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin üzərinə qoyulmalsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2459/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2459/2022
09.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver