Məhkəmə qərarları › İş №2-1(118)-2464/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2464/2022

22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2464/2022 22.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Sumqayıt İnzibati Məhkəməsinin icraatına İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi daxil olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1049/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-360/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 1049/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilərək işə yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonu Aşağı-Ləgər kəndində yerləşən 5.17 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh X2na və onun ailə üzvlərinə məxsus olmuşdur. Həmin torpaq sahəsi KOD 30100018 JN-463 saylı 16 iyun 1998-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə həmin şəxslərin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmaqla rəsmiləşdirilmişdir. Qeyd edilən torpaq sahəsinin 2.04 hektar hissəsi Qusar rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 30 dekabr 2004-cü il tarixli,4Ə-9-1316 nömrəli reyestirdə qeyd edilmiş alqı-satqı müqaviləsinə əsasən X2 tərəfindən ona satılmışdır. Hal-hazırda həmin müqavilə qüvvədədir və qeyd edilən torpaq sahəsi alındığı vaxtdan onun istifadəsindədir. Bu yaxınlarda ona məlum olmuşdur ki, torpaq sahəsini satan X2 satdığı həmin torpaq sahəsinə xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Bununla cavabdehə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək, qeyd olunan torpaq sahəsinə X1 və ailə üzvlərinin adına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən “Çıxarışam ləğv edilməsini və xx.xx.2004-cü il tarixli, 4-Ə-9-1316 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən satın aldığı 2.04 ha torpaq sahəsini dövlət reyestrində onun adına qeydiyyata alaraq çıxarışın verilməsini xahiş etmiş, lakin DƏDRX xx.xx.2022-ci il tarixli, **********10 nömrəli məktubla cavab müraciəti təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Qusar rayonu, Nəcəfkənd kəndində yerləşən 2.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubla cavab olaraq bildirilmişdir. Belə ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ərizənizə əlavə edilmiş Qusar rayonu Dövlət Notariat Kontorunun 30 dekabr 2004-cü il tarixli 4Ə-9- 1316 saylı alqı-satqı müqaviləsinin qüvvədə olması barədə Dövlət Notariat Arxivindən məlumat və müqavilənin təsdiq olunmuş surəti ərizənizə əlavə olunmamışdır. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, Qusar rayon Notariat kontorunun 30 dekabr 2004-cü il tarixli 4Ə-9-1316 saylı alqı-satqı müqaviləsi əsasında 2.04 ha torpaq sahəsi ilə bağlı tərəflər arasında razılaşdırılmış və notarial qaydada təstiq olunmuş bölgü sxemi təqdim edilməmişdir. Torpaq sahəsinin müayinəsi zamanı 2.04 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən digər şəxsin adına 3.647 ha torpaq sahəsi kimi dövlət reyestrindən çıxarış verilmişdir. X1 və ailə üzvlərinin adlarına verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd olan torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hazırlanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********75 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, cavabdehin etiraz ərizəsi, JN-463 KOD 30100018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, 30 dekabr 2004-cü il tarixli notariat işinin təsdiqlənmiş surəti, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzr ə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə dair 30 dekabr 2004-cü il tarixli torpağın alqısatqısı müqaviləsinin bağlanması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********75 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli torpaq sahəsinin Qusar rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, “Torpağın mülkiyyət hüququna” dair JN 463 KOD 30100018 nömrəli Dövlət Aktına əsasən X2 və ailə üzvlərinə Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/7 nömrəli qərarı ilə 5.17 ha torpaq sahəsi ayrılmışdır. X2 həmin torpaq sahəsinin 2.04 ha hissəsini İddiaçı xx.xx.2004-cü il tarixdə Qusar rayon Dövlət Notariat Ofisində 4ə-9-1316 nömrəli alğı-satqı müqaviləsi əsasında satmışdır. X2 həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə satsa da DƏDKR tərəfindən çıxarış almamışdır. İddiaçı qeyd edilən 2.04 ha torpaq sahəsi üçün çıxarış almaq məqsədi ilə DƏDKR -in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh imtina edərək bildirmişdir ki, göstərilən 2.04 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına, yəni X2 və ailə üzvlərinin adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bu səbəbdən də iddiaçının tələbi təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı hesab olunur ki, həmin sənədlərdən notarial qaydada təstiq edilmiş alqı-satqı müqaviləsi iddiaçı tərəfindən cavabdeh təşkilata təqdim edilmişdir. Lakin cavabdeh təşkilat həmin alqı-satqı müqaviləsindən xəbərsiz olmasına istinad edərək İsmi Rəmiyevin adına verilmiş dövlət aktı əsasında sonuncuya həmin torpaq sahənin dair mülkiyyət hüququna dair xx.xx.2021ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış vermişdir. Qeyd olunan hərəkət X1 ona Qanunla verilmiş hüququndan istifadə etməsi nəticəsində yerinə yetirilmədiyindən əlavə cavabdeh təşkilatın “Daşınmaz Əmlakın Dövlət Reyesteri” haqqında Qanunun 23.1-ci maddəsinin tələblərinin pozulması ilə müşayət olunur. Nəzərə alınmalıdır ki, hüquqdan sui-istifadənin qadağan edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560-cı maddəsində göstərilib. Belə ki, Mülki Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.1 və 560.3.2-ci maddələrinin tələblərinə əsasən qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi və şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirilməsi hüquqdan sui istifadə sayılır. Göründüyü kimi X2 iddiaçı ilə bağladığı alqı satqı müqaviləsi üzrə əmlak üzərində olan hüquqlarını başqa şəxsə ötürməsini dərk etmiş, lakin İddiaçı həmin alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinə dair əldə etdiyi hüququnun qeydə aldırılması üçün DƏDKR-nə müraciət etməməsindən istifadə edərək öz adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bu isə X1 hərəkətlərinin qeyri-qanuni olmasına və onun alqı-satqı müqaviləsinin tərəfi kimi üzərinə düşən vəzifələrin kobudcasına pozulmasına dəlalət edir. Belə olan halda hesab olunur ki, “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası Qanunun 67.3-cü maddəsinə əsasən həmin dövlət aktı əsasında 3-cü şəxs X2 və ailə üzvlərinin mülkiyyət hüquqlarının qeydiyyata alındığı xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X2 və ailə üzvlərinin adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar