Məhkəmə qərarları › İş №2-1(118)-2464/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2464/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2464/2025 04.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: “Əmək pensiyasının yenidən hesablanması” haqqında qərarın ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, yaranmış fərq məbləğinin qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı, 0******* nömrəli “Azərbaycan Respublikası vətəndaşın şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 12 avqust 2024-cü il tarixli, 3-17-1/2-B-191911/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 29 iyun 2022-ci il tarixdən əvvəl pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkan, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq 89 aya (36.434,82 : 89 ay (65 il - 63 il 7 ay =17 ay + (144 ay - 72 ay))) bölünməli olduğu halda, 72 aya bölünmüşdür. Göstərilənlərlə əlaqədar, əmək pensiyanın cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1.237,17 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar mülahizələrinin dinlənilməsi üçün 26 avqust 2024-cü il tarixədək Mərkəzi Filialın Bakı şəhəri, Nərimanov rayonu, X5 60 ünvanına gəlməyi xahiş olunmuşdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

3. İddiaçı məxsus 10 avqust 1978-ci il tarixli, ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçası”nın surəti.

4. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı dair tərtib edilmiş 18 fevral 2010-cu il tarixli, 065806 nömrəli “Pensiyaçının uçot vərəqi”.

5. Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəsi Sumqayıt 10 nömrəli Peşə Liseyinin 15 dekabr 2011-ci il tarixli, 436 nömrəli arayışından görünür ki, İddiaçı 1 sentyabr 1975-ci il tarixdə 35 nömrəli X4 məktəbinə (hal-hazırda Sumqayıt 10 nömrəli peşə liseyi adlanır) qəbul olunmuş və 30 iyun 1978-ci il tarixdə əyani şöbənin tam kursunu bitirərək, 3-cü dərəcəli “Təmirçi çilingər” ixtisası üzrə A 787128 nömrəli diplom almışdır.

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 28 iyul 2023-cü il, 10 oktyabr 2023-cü il və 2 sentyabr 2024-cü il tarixli “Müraciət vərəqəsi”.

7. Sumqayıt İnzibati Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2-1(118)-5299/2023 nömrəli qərarı ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/3-3-10374/2023 nömrəli, 12 may 2023-cü il tarixli “Əmək Pensiyasının yenidən hesablanması” haqqında qərarı ləğv edilmiş, eyni zamanda Qanunvericiliklə təyin edilmiş pensiya məbləğindən 2023cü ilin iyun ayından hər ay tutulan 67,77 manat pulun tutulmasının qanunsuz hesab edilərək 2023-cü noyabr ayınadək tutulmuş pul məbləğinin geri qaytarılaraq İddiaçı ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 1 mart 2021-ci il tarixli, **********9 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 573,15 manat pensiya məbləği yenidən hesablanaraq, 576,79 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “diplom əlavəsi” olaraq göstərilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 6 noyabr 2023-cü il tarixli, 3-17-1/3-3- 62310/2023 nömrəli qərarından görünür ki, 18 fevral 2012-ci il tarixdə təyin edilmiş, hazırkı 677,67 manat pensiya məbləği yenidən hesablanaraq, 1.192,15 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “37.3.1 6 illik” olaraq göstərilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 9 yanvar 2024-cü il tarixli, 3-17-1/3-3- 226/2024 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.192,15 manat pensiya məbləği yenidən hesablanaraq, 1.242,34 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “37.3.1 Məhkəmə qərarına əsasən 50 yaşa yenidən hesablandı” olaraq göstərilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 3-17-1/3- 3-12972/2024 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.381,49 manat pensiya məbləği yenidən hesablanaraq, 1.237,17 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir. b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi İddia tələbinin dəlilləri:

12. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.381,49 manat təşkil edən pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə qərarın ləğv edilməsi, 2024-cü ilin avqust ayından tutulan 144,32 manat pulun tutulmasının qanunsuz hesab edilərək, tutulan pul məbləğinin geri qaytarılaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbinin dəlilləri işin hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1960-cı il təvəllüdlü iddiaçı 1 sentyabr 1975-ci ildən 27 iyul 1978-ci ilədək 35 nömrəli Sumqayıt şəhər Texniki Peşə məktəbində təhsil almış, 1 avqust 1978-ci ildə Sumqayıt Səthi Aktiv Maddələr zavodunda texnoloji avadanlıqların təmiri üzrə çilingər vəzifəsində çalışmağa başlamış, 22 oktyabr 1979-cu ildə iş yeri saxlanılmaqla hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra 24 noyabr 1981-ci il tarixdə yenidən zavoda əvvəlki iş yerinə qayıtmış, 24 noyabr 1981-ci il tarixdən yenidən Sumqayıt Səthi Aktiv Maddələr zavodunda əmək fəaliyyətini davam etdirməyə başlamış və 24 sentyabr 1991-ci il tarixədək həmin zavodda əsas və texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri üzrə çilingər, usta vəzifələrində işləmişdir. Hal-hazırda ARDNFŞ-nin X1 nəzdində fəaliyyət göstərən Etilen Politilen zavodunda əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinə heç ara verməmiş və ümumi iş stajı 48 ildən çoxdur. xx xxxxxx 1960-cı il təvəllüdlü iddiaçı 1 sentyabr 1975-ci ildən 27 iyul 1978-ci ilədək 35 nömrəli Sumqayıt şəhər Texniki Peşə məktəbində təhsil almış, 1 avqust 1978-ci ildə Sumqayıt Səthi Aktiv Maddələr zavodunda texnoloji avadanlıqların təmiri üzrə çilingər vəzifəsində çalışmağa başlamış, 22 oktyabr 1979-cu ildə iş yeri saxlanılmaqla hərbi xidmətə çağırılmışdır. Hərbi xidməti başa vurduqdan sonra 24 noyabr 1981-ci il tarixdə yenidən zavoda əvvəlki iş yerinə qayıtmış, 24 noyabr 1981-ci il tarixdən yenidən Sumqayıt Səthi Aktiv Maddələr zavodunda əmək fəaliyyətimi davam etdirməyə başlamış və 24 sentyabr 1991-ci il tarixədək həmin zavodda əsas və texnoloji sexlərdə texnoloji avadanlıqların təmiri üzrə çilingər, usta vəzifələrində işləmişdir. Hal-hazırda ARDNFŞ-nin X1 nəzdində fəaliyyət göstərən Etilen Politilen zavodunda əmək fəaliyyətini davam etdirir. Əmək fəaliyyətinə heç ara verməməş və ümumi iş stajı 48 ildən çoxdur. 6 aprel 2010-cu il tarixli ərizə ilə (tələb olunan bütün sənədlər ilə birlikdə) Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ona əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya təyin edilməsi ilə bağlı müraciət etmiş və əmək şəraitinə görə güzəştli şərtlərlə 50 yaşında pensiya hüququ verən iş stajını 13 iyun 1997-ci il tarixli, 321-1QD saylı Qanun qüvvəyə minənədək qazanmış və 50 yaşından pensiya təyin edilməsi tam qanuni olmuşdur. Pensiya təyinatı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında həyata keçirilmişdir. Belə ki, 18 fevral 2010-cu il tarixdən 50 yaşında pensiya təyin edilməsi tələbi Sumqayıt şəhər Məhkəməsinin 29 mart 2011-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. Qətnamədən Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin verdiyi apellyasiya şikayətinə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasında 7 sentyabr 2011-ci il tarixdə baxılmış və Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. 2024-cü ilin avqust ayında cavabdehdən inzibati icraatın təzələnməsi və mülahizələrin öyrənilməsi haqqında iddiaçı məktub almışdır. Bundan sonra məlum olmuşdur ki, 2023-cü ilin oktyabr ayından artırılaraq 1.381,49 manat təşkil edən pensiyası azaldılaraq 1.237,17 manata endirilmişdir. İnzibati orqanın bu qərarı iddiaçı tərəfindən qəbul edilməzdir. Hesab edir ki, inzibati orqan tərəfindən həyata keçirilən bu qanunsuz hesablamanın və tutulmanın heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, inzibati orqan özünün məktubunda da qeyd etdiyi kimi, artıq qüvvədən düşmüş normaya istinad etmişdir. Hüquqi müəyyənlik prinsipinə görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq olunur. İndiki vəziyyətdə görünən odur ki, inzibati orqan bu gün qüvvədə olmayan normaya istinad edərək məlum olmayan qərar əsasında pensiyanın yenidən özünəməxsus qaydada hesablanmasını həyata keçirmişdir. 3 sentyabr 2024-cü il tarixdə teleqramla inzibati orqanın rəhbər şəxsinə pensiyasının yenidən hesablanmasına dair inzibati qərarın surətinin, eyni zamanda yeni araşdırmanı zəruri edən varsa kollegial qərarın və ya monitorinq qrupunun qərarının təqdim olunması üçün aidiyyəti struktur bölməyə göstəriş verilməsi, qərarın və digər sənədlərin poçt vasitəsilə göndərilməsi barədə iddiaçının müraciəti olmuşdur. Lakin iddia ərizəsi tərtib olunan günə qədər bu qərarlar təqdim olunmamışdır.

14. İddia tələbinin maddi hüquqi əsası kimi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.2, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 37.3.1, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 8.1.2, 38.2-ci maddələrinə istinad olunmuşdur.

15. İddiaçının nümayəndəsi daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1.381,49 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə cavabdehin 3-17-1/3-3-12972/2024 saylı, 27 avqust 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, eyni zamanda 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğinin geri qaytarılaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 4 aprel 2025-ci il tarixli protokol qərardadı ilə icraata qəbul edilmişdir.

16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir. İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının əmək pensiyası 1 oktyabr 2023-cü il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 1.242,34 manat məbləğində müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsasdır. Bununla əlaqədar olaraq, iddiaçı barəsində inzibati icraat başlamışdır. Həmin inzibati icraatın gedişində Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 1 oktyabr 2023-cü il tarixdən əmək pensiyası yenidən hesablanaraq 1.112,56 manat (1 yanvar 2024-cü il tarixə indeksləşdirilməklə 1.237,17 manat) məbləğində müəyyən edilməli olduğu halda, 1.242,34 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni 18 fevral 2010-cu il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 89 aya (36.434,82 : 89 ay (65 il - 63 il 7 ay = 17 ay+(144 ay - 72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, iddiaçıya təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 24 iyun 2024-cü il tarixli, 3-17-1/3-3- 8631/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 1.237,17 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında" Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçının mülahizələrinin dinlənilməsi üçün 26 avqust 2024-cü il tarixədək mülahizələrin və eyni zamanda artıq ödənilmiş vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim edilməsi xahiş olunmuşdur.

20. Etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9, 37.3.1, 39.1, 45, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 28.1.2, Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 1.11-ci maddələrinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 6.1-ci bəndinə, Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010-cu il tarixli, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” 27 mart 2014cü il tarixli Qərarlarına, prosessual hüquqi əsası kimi isə 47-ci maddəsinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

21. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək (§12-15), iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, iddia tələbinin olduğu kimi, yəni 1.381,49 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə cavabdehin 3-17-1/3-3-12972/2024 saylı, 27 avqust 2024-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, eyni zamanda 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğinin geri qaytarılaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək (§18-20), iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş iddia tələbinə dair dəqiqləşmə ərizəsinə dair heç bir etirazının olmadığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü:

23. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

24. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

25. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

26. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

27. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

29. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-) Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları (-) 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır; (-)

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-) 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; (-) 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (-)

31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

32. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

33. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

34. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, inzibati orqan hazırda qüvvədə olmayan normaya istinad edərək mübahisələndirilən qərar əsasında pensiyanın yenidən hesablanmasını həyata keçirdiyi üçün, həmin qərar ləğv edilməli və cavavbdeh tərəfindən 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğin geri qaytarılaraq iddiaçıya ödənilməlidir.

35. Cavabdeh tərəfin mövqeyinə görə isə iddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl, yəni 18 fevral 2010-cu il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası yenidən hesablanarkən fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 89 aya (36.434,82 : 89 ay (65 il - 63 il 7 ay = 17 ay+(144 ay - 72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüş və nəticədə iddiaçıya artıq pul vəsaiti ödənilmişdir.

36. Hazırki işdə məhkəmənin sorğusu əsasında cavabdeh orqan tərəfindən təqdim edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 3- 17-1/3-3-12972/2024 nömrəli qərarından görünür ki, 18 fevral 2010-cu il tarixdə təyin edilmiş, hazırkı 1.381,49 manat pensiya məbləği yenidən hesablanaraq, 1.237,17 manat məbləğində təyin edilmiş, yenidən hesablamanın səbəbi “yenidən hesablama (m.45 tətbiq edilməklə)” olaraq göstərilmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2025ci il tarixli, 2-1(102)-53/2025 saylı qərarında da göstərilmişdir ki, “iddiaçının pensiya çıxdıqdan sonra işləməsi və onun pensiya kapitalında müvafiq məbləğin toplanması işin mübahisəsiz halıdır və həmin kapital əsasında onun pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablandıqda pensiya məbləği artacaqdır. Bu səbəbdən iddiaçının əmək pensiyası 45-ci maddənin tələbinə əsasən deyil, 37.3.1-ci maddənin tələbinə istinad olunmaqla yenidən hesablanmalıdır.”

38. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi.

39. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən).

40. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2 fevral 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunverici “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsində pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.

41. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

42. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazının dəlillərini yuxarıda qeyd olunan hallara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 avqust 2024-cü il tarixli, 3-17-1/3-3- 12972/2024 saylı qərarı (1.381,49 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 1.237,17 manata endirilməsi barədə olan) ləğv edilsin. İddiaçı barəsində 2024-cü ilin avqust ayından pensiya məbləğinin hər ay üçün azaldılmaqla ödənilməyən fərq məbləğinin geri qaytarılaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar