Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2469/2025 27.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh X1 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh X1 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli Çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Bakı şəhəri, Binəqədi rayonu Xocasən qəsəbəsi ərazisində vətəndaşlara torpaq sahələrinin ayrılması ilə bağlı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2201 saylı Sərəncamına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsindən təyinatına uyğun istifadə etməklə fərdi yaşayış evi inşa etmişdir. Sonradan həmin ərazi Abşeron rayon inzibati ərazi dairəsinə verilmiş, hazırda Abşeron rayonu, Xırdalan şəhəri ərazisi hesab olunur. Torpaq sahəsinin koordinatları müəyyən edilmiş, sərhədlər qoyulmuş, 23 ildir ki, torpaqdan istifadə edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-403/0224 saylı Qərarı ilə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyataına alınması və çıxarışın verilməsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə qərarı icra olunmuş və 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, xx.xx.2024-cü il tarixli ********** nömrəli çıxarış verilmişdir. Bundan sonra cavabdeh orqana müraciət edərək mülkiyyətimdə olan torpaq sahəsi üzərində inşa etdiyi ev üzərində mülkiyyət hşüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etmiş, lakin cavabdeh imtina edərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, torpaq sahəsindən qaz kəməri keçdiyi üçün və ləğv edilmiş neft quyusunun 15 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyi üçün ev üzərində hüquqların dövlət qeydiyyatından imtina edilir. Bu imtinanın hüquqi əsası yoxdur.Torpaq sahəsinin fərdi yaşayış evi tikintisi məqsədi ilə ayrılması barədə sərəncam qüvvədədir, ləğv edilməmişdir. Həmin torpaq sahəsi üzərində artıq mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və çıxarış da verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 20 may 2024-cü il tarixli müraciəti olmuşdur. Bildiririk ki, müayinə zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaxınlığından yüksək təyziqli qaz kəmərinin keçdiyi aşkar edilmişdir. Odur ki, əlavə edilmiş koordinat sxeminə münasibətdə sözügedən fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zolağına düşübdüşməməsi və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qediyyatının aparılması məsələsinə rəsmi münasibət bildirilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən daxil olmuş 08 avqust 2024-cü il tarixli, 14-2/2-3784/2024 saylı cavab məktubunda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X2” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 162101 nömrəli ləğv olunmuş neft quyusunun 15 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyi və sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edildiyi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2201 saylı Sərəncamına əsasən Xocasən qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-403/0224 saylı Qərarı ilə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyataına alınması və çıxarışın verilməsi cavabdehin üzərinə qoyulmuşdur. Reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Fərdi yaşayış evinin eskiz layihəsinin surəti, Abşeron rayon İcra Hakimiyyətinin fərdi yaşayış evinin inşa edilməsinə dair məlumatlandırılması barədə ərizənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin 30 iyun 2025-ci il tarixli məktubu ilə torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələrinə məxsus hüquqmüəyyənedici sənədlərinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin 25 iyun 2025-ci il tarixli iddia tələbinə münasibətdə qeyd etmişdir ki, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X2” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 162101 nömrəli ləğv olunmuş neft quyusunun 15 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 2201 saylı Sərəncamına əsasən Xocasən qəsəbəsi ərazisində fərdi yaşayış evinin tikintisi məqsədilə iddiaçıya 0.06 ha torpaq sahəsi ayrılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-403/0224 saylı Qərarı ilə torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyataına alınması və çıxarışın verilməsi cavabdehin üzərinə qoyulmuşdur. Reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. İddiaçı torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh qeyd edir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 20 may 2024-cü il tarixli müraciəti olmuşdur. Bildiririk ki, müayinə zamanı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yaxınlığından yüksək təyziqli qaz kəmərinin keçdiyi aşkar edilmişdir. Odur ki, əlavə edilmiş koordinat sxeminə münasibətdə sözügedən fərdi yaşayış evinin qaz kəmərinin mühafizə zolağına düşüb-düşməməsi və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qediyyatının aparılması məsələsinə rəsmi münasibət bildirilməsi məqsədilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən daxil olmuş 08 avqust 2024-cü il tarixli, 14-2/2-3784/2024 saylı cavab məktubunda həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X2” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları, eləcə də 162101 nömrəli ləğv olunmuş neft quyusunun 15 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşdiyi və sözügedən fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınmasına etiraz edildiyi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.10-2. təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə - həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə; İşin hallarından görünür ki, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qeydə alınıb. Reyestr nömrəsi **********14, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid edilməklə İddiaçı xüsusi mülkiyyətindədir. Fərdi yaşayış evinin eskiz layihəsi, icra hakimiyyətinin məlumatlandırılması barədə ərizə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınmasının hüquqi əsası vardır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı qonşu torpaq sahələrinin ətrafında yerləşən fərdi yaşayış evlərinin çıxarışları məhkəməyə təqdim edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə ziddir. “İnzibati icraat haqqında” Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Göründüyü kimi fərdi yaşayış evi üzərində hüququn qeydə alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. **********14 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.06 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-2469/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2469/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver