Məhkəmə qərarları › İş №2-1(118)-247/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-247/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-247/2025 30.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Məmmədli kəndi yaxınlığında yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsinin 0.05 ha hissəsi üzərində onun adına dövlət reyestrində qeyd aparılmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin texniki göstəricilərini təsdiq edən sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Məmmədli kəndi yaxınlığında yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsinin 0.05 ha hissəsini alqısatqı müqaviləsi əsasında əldə etmişdir. X6 ilə arasında xx.xx.2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Məhz xx.xx.2018-ci il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ümumi sahəsi 0.15 ha olan torpaq sahəsinin 0.05 ha hissəsi tam mülkiyyət hüququ ilə onun mülkiyyətinə keçmişdir.Sözügedən müqavilə Abşeron rayonu 2 saylı notariat kontorunda bağlanmışdır, müqavilənin ümumi məbləği isə 5000 (beş min) manat məbləğində müəyyən edilmişdir.Həmçinin, X6 ilə aramızda xx.xx.2018-ci il tarixində torpaq bölgüsü haqqında saziş də bağlanmışdır. Abşeron rayonu, Məmmədli kəndi yaxınlığında yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsində sxematik bölgünün aparılması barədə xx.xx.2021-ci il tarixində 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət olunmuşdur. Sözügedən orqan tərəfindən ona ünvanlanan cavabda bildirilmişdir ki, “torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında uyğunsuzluq mövcuddur. Bu səbəbdən sözügedən torpaq sahəsinin sxematik bölgüsünün tərtib edilməsi mümkün olmamışdır”. Həmçinin, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı tərəfindən ünvanlanan müraciətə yalnız notariat qaydada təsdiqlənmiş bölgü planının olacağı təqdirdə baxılacağı barədə xx.xx.2022-ci il tarixli rəsmi cavab verilmişdir. Bu isə onun konstitusion hüquqlarını kobud şəkildə pozur.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdirildiyi, faktiki torpaq sahəsinin bir hissəsinin **********69 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Notarial qaydada təsdiq olunmuş bölgü planı təqdim ediləcəyi təqdirdə iddiaçının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi X5 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur.Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********29 nömrəli imtina məktubu, etiraz ərizəsi, xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti, torpaq sahəsinin plan və ölçü sənədinin surəti, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin alqı-satqısı müqaviləsinin surəti, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında saziş, cavabdehin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRXin 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********29 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonu ərazisində yerləşir. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı alqı-satqı müqaviləsi əsasında X6 oğlundan Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsinin 0.05 ha hissəsini satın almışdır. Lakin, iddiaçı həmin ərəfədə sözügedən torpaq sahəsinə dair çıxarış və plan və ölçü sənədi almamışdır. İş materiallarından görünür ki, X6 oğlunun adına verilmiş çıxarış, plan və ölçü sənədi də əlavə edilmişdir. İddiaçı həmin torpaq sahəsinə çıxarış, plan və ölçü sənədinin verilməsi üçün cavabdehə müraciət etmiş lakin, cavabdeh təşkilat həmin sənədin verilməsindən imtina edir. Cavabdeh təşkilatın etirazında gətirdiyi arqumentlər aşağıdakılardan ibarət olmuşdur. 1) Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.05 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu, yerinin dəyişdirildiyi, 2) faktiki torpaq sahəsinin bir hissəsinin **********69 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus sənəd üzrə torpaq sahəsi ilə üst-üstə düşdüyü, 3) torpaq sahəsinə dair notarial qaydada təsdiq olunmuş bölgü planının təqdim edilməməsi, Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi qismən təmin edilməlidir. Belə ki, alqı-satqı aktı notariat orqanlarında rəsmiləşərək qeydiyyata alınmışdır. Nəzərə alınmalıdır ki, notariat kontorunda rəsmiləşdirilən alqı-satqı müqaviləsi mübahisə predmeti deyil, yəni həmin müqavilənin preyudisiallığı mövcuddur. Belə ki, iddiaçı 2018-ci ildən həmin torpaq sahəsinin istifadəsiçidir və bu günə qədər mübahisə predmeti olan torpaq sahəsinə dair tərəflər arasında hər hansı mübahisə mövcud olmamışdır. Cavabdeh təşkilatın etirazında göstərdiyi 1-ci arqument əsassızdır. Belə ki, mövcud mübahisənin ədalətli araşdırılması məqsədilə, iş üzrə mütəxəssis rəyi alınmışdır. Təqdim edilən mütəxəsis rəyindən görünür ki, İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin (3 tərəfi daş hasar digər tərəfi şərti) koordinatları sxemdə göstərilmişdir.Alqısatqı etdiyi torpaq sahəsinə dair bölgü eskizi tərtib edilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0036 ha hissəsi **********69 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Elektron məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsi 0.05 ha təşkil edir, 0.15 ha torpaq sahəsinin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq aparılmış dürüstləşmə işləri əsasında **********92 və **********95 reyestr nömrəli torpaq sahəsinin yerdə qalan hissəsinin Necas baza məlumatlarına əsasən yerləşməsi göstərilmişdir. Göründüyü kimi mütəxəssir rəyinə əlavə edilmiş sxemdən məlum olur ki, iddiaçının naturada tanıdılan torpaq sahəsinə faktiki vəziyyətə uyğun çıxarış və plan ölçü sənədinin verilməsində heç bir maneə mövcud deyildir. Yəni torpaq sahəsinin yerinin dəyişdirilməsi arqumenti öz əhəmiyyətini itirmiş olur. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, naturada tanıdılan torpaq sahəsinin 0.0036 ha hissəsi **********69 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşməsinə münasibətdə bildirilir ki, məhkəmə iddianı qismən təmin edərək, həmin üst-üstə düşən hissəyə toxunulmamışdır. Yəni iddiaçıya satılmış 0.05 ha-dan üst-üstə düşən 0.0036 ha hissə çıxmalqa onun mülkiyyət hüququ tanınmışdır.Bu səbəbdən həmin arqument də əsasszıdır. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni Torpaq sahəsinin notarial qaydada təsdiqlənmiş bölgü planın İdarəyə təqdim edilməməsinə münahibətdə bildirilir ki, iddiaçının tələbi üzrə torpaq sahəsinə dair mütəxəssis rəyi alınmış və torpaq sahəsinin faktiki koordinatları cavabdeh təşkilat tərəfindən təsdiqlənmişdir. Həmçinin, iddiaçı ilə keçmiş mülkiyyətiçi tərəfindən xx.xx.2018-ci il tarixli torpaq sahəsinin bölgüsü haqqında sazişdə imzalanmışdır. Başqa sözlə desək, iddiaçının faktiki naturadan tanıtdığı torpaq sahəsi, yüklu deyildir, digər şəxslərin torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmə halının mövcud olması məhkəmə araşdırması zamanı aradan qalmışdır. Belə olan halda iddiaçının qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququ tanınmalıdır. Məhkəmə qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Göründüyü kimi torpaq sahəsinə, çıxarış, plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Ona görə də, sözügedən torpaq sahəsinə dair çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçının xx.xx.2018-ci il tarixli, 4Ə-223 reyestr nömrəli torpaq sahəsinin alqı-satqısı müqaviləsi əsasında X3 aldığı Abşeron rayonu, Məmmədli kəndi yaxınlığında yerləşən, sahəsi 0.05 ha olan torpaq sahəsinin 0.0464 ha (digər şəxslərlə üst-üstə düşməyən) hissəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar