Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2471/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpaq sahəsinə dair çıxarışın veriməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli, 01 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ilin ortalarında Sumqayıt bələdiyyəsi tərəfindən Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınan Yeni yaşayış məntəqəsinin 6-cı məhəlləsinin ərazisində sahəsi 600 kv m olan 176 saylı həyətyanı torpaq sahəsi fərdi ev tikintisi məqsədilə mülkiyyətinə ayrılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Komitəsi tərəfindən torpağın sənədləşdirilməsinə dair müvafiq rəylər verilmiş və torpaq sahəsinin mülkiyyətinə alqı-satqı qaydasında sənədləşdirilməsinin mümkün olduğu bildirilmişdir. Həmin rəylər bələdiyyəyə daxil olduqdan sonra bələdiyyənin iddiaçıya verdiyi hesab-faktura sənədi əsasında mülkiyyətinə verilməsi nəzərdə tutulan torpağın alqı-satqı haqqı olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitini Sumqayıt bələdiyyəsinin hesabına ödəmişdir. Eyni zamanda həmin torpaq sahəsinin ayrılmasına dair “İnşaat Pasportu” Sumqayıt bələdiyyəsi tərəfindən hazırlanaraq verilmiş, habelə torpağın yerində iddiaçıya təhvil verilməsi barədə təhkim aktı tərtib edilərək təqdim olunmuşdur. Lakin iddiaçı göstərilən sənədlər əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatından keçirə bilməyərək torpağın müvafiq hüquqi sənədlərini əldə edə bilmir. Belə ki, o, Sumqayıt şəhəri Samur-Abşeron kanalının şimalında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ərizə ilə “Sumqayıt-Asan” Xidmətə müraciət etmiş və 22 noyabr 2023-cü il tarixdə ərizəsinə imtina cavabı verilmişdir. Əsas olaraq bildirilmişdir ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 01 dekabr 2007-ci ildən sonra bələdiyyə qərarları ilə verilmiş torpaqlar üzərində hüquqlar dövlət qeydiyyatından keçirilmir və həmin qərarlar qüvvədən düşmüşdür. Halbuki, ona verilən torpaq sahəsi 2007-ci ilin payız aylarında verilmiş, sənədləşmə işləri ləng aparılmışdır. İddiaçının Sumqayıt İnzibati Məhkəməyə müraciəti əsasında Sumqayıt bələdiyyəsinə qarşı “Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 14 saylı qərarının mənim mülkiyyətimə torpaq sahəsinin verilməsi haqqında Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008ci il tarixli, 01 saylı protokolu qərarının ləğv edilməsi hissəsində ləğv olunması barədə qərar çıxarılması” barədə iddia tələbinə müsbət cavab verilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(118)-3033/2023 saylı qərarı ilə Sumqayıt Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 14 saylı qərarının ona aid olan hissəsinin ləğv edilməsinə dair qərar verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək izah etdi ki, Sumqayıt şəhəri, Samur- Abşeron kanalının şimalında yerləşən ümumi sahəsi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə 21 09.2023-cü il tarixli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edilmiş və həmin müraciət 3-21 -3-31/1- E-0010-8/2023 nömrəsi ilə qeydiyyata alınmışdır. Təqdim edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, 2008-ci ildə bələdiyyə tərəfindən iddiaçıya fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmamışdır. Bununla bağlı iddiaçıya imtina bildirişi verilmişdir. İş materiallarında olan: -Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 01 saylı qərarından görünür ki, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında salınacaq Yeni yaşayış məntəqəsində, mövqe sxemi əsasında fərdi ev tikintisi üçün 6-cı məhəllə ərazisində sahəsi 600 (altı yüz) kv m olan 176 saylı həyətyanı torpaq sahəsi vətəndaş İddiaçı satılması qərara alınmışdır. - Sumqayıt bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli 14 saylı qərarından görünür ki, Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı qərarı ləğv edilmişdir. -Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3033/2023 saylı qərarından görünür ki, Sumqayıt şəhər bələdiyyəsinin 27 iyun 2008-ci il tarixli, 14 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsi qərara alınmışdır. - DT və XK-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında 6-cı məhəllə ərazisində 176 saylı fərdi yaşayış evinin tikintisi üçün 600 kv m torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı adına sənədəşdirilməsinə etiraz etmir. - Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş rəydən görünür ki, Sumqayıt şəhərinin cənubunda, “Samur-Abşeron” kanalının şimalında, 6cı məhəllə ərazisində 176 saylı fərdi yaşayış evinin tikintisi üçün 600 kv m torpaq sahəsinin alqı-satqı qaydasından İddiaçı adına sənədəşdirilməsinə etiraz etmir. - xx.xx.2008-ci il tarixli aktdan görüünr ki, Sumqayıt şəhərinin cənubunda, “Samur- Abşeron” kanalının şimalında 6-cı məhəllə ərazisində 176 saylı İddiaçı təhvil verilmişdir. - Torpaq sahəsinin planından görünür ki, həmin sənəd İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinə dair tərtib edilmişdir. - 30 dekabr 2007-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Sumqayıt bələdiyyəsinin hesabına 301,0 manat torpağın dəyəri ödənilmişdir. - xx.xx.2023-cü il tarixli İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsinin müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşma işləri aparılmış, torpaq sahəsi üzərində yüksək gərginlikli elektrik xətti keçmir, torpaq sahəsində yarımçıq tikilmiş yaşayış evi mövcuddur. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 01 saylı qərarı və ona əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. - Məhkəmənin sorğusuna əsasən Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2024-cü məktubundan görünür ki, Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 14 saylı iclas protokolunda İddiaçı adı aşkar edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Həmin Qanunun 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” İş materiallarından müəyyən edildi ki, Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı 0.06 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi həmin vaxtdan iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qydə alınması üçün müraciət etdikdə həmin bələdiyyə qərarının Sumqayıt bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 14 saylı qərarı ilə ləğv edilmişdir. Bununla bağlı o, Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək həmin qərarın ina aid hissədə ləğv edilməsini xahiş etmişdir və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiası təmin edilmişdir. Həmin məhkəmə qərarının əsaslandırıcı hissəsind qeyd edilmişdir ki, “Sumqayıt bələdiyyəsi özünün xx.xx.2008-ci il tarixli 01 saylı qərarını ləğv etməkdə haqlı olmamışdır. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndində bələdiyyələrə öz qərarlarını ləöv etmək səlahiyyəti verilsə də, hazırki iş üzrə iddiaçının hüquqlarınının pozulmasına gətirib çıxaran qərar qəbl etməkdə haqlı olmamış və qanunsuz inzibati akt qəbul etmişdir”. Beləliklə, bələdiyyənin iddiaçıya 0.06 ha torpaq sahəsini satması barədə qərarı hazırda qüvvədədir. Hazırda cavabdehin iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqununn qeydə alınmasına dair müraciətinə imtina cavabı verməsi əsassız hesab edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0,06 üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt bələdiyyəsinin 23 yanvar 2008-ci il tarixli 01 saylı qərarı ilə ayrılmış 0,06 üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2471/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2471/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver