Məhkəmə qərarları › İş №2-1(118)-2473/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2473/2022

20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2473/2022 20.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, yetkinlik yaşına çatmayan övladı X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “övladı X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə müraciət edərək, oğlu 01 avqust 2005-ci il təvəllüdlü X4 “məcburi köçkün” statusunun və onu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaları”nın 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Bildiririk ki, siz xx.xx.2055-ci il tarixdən xx.xx.2007-ci il tarixədək xx.xx.2001-ci ildən adınıza qeydiyyata alınmış ünvan 1 ünvanında qeydiyyatda olduğunuzdan istəyinizin müsbət həlli Komitənin imkan xaricindədir.” Cavabdehin imtinasını əsassız hesab edir, belə ki, o 1993-cü ilin oktyabr ayında Zəngilan rayonundan məcburi köçkün düşmüş və həmin vaxtdan ona məcburi köçkün statusu verilmişdir. Məcburi köçkünlərə aid olan bütün imtiyazlardan istifadə edir, Məmmədova Yeganə Nizami qızı ilə 06 dekabr 2003-cü il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 01 avqust 2005-ci il təvəllüdlü X5 və 25 sentyabr 2007-ci il təvəllüdlü X6 adlı övladları vardır. Cavabdeh qanunvericiliyin tələblərini pozmuş, onun tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək, 01 avqust 2005-ci il təvəllüdlü X1 qanuni nümayəndəsi olmasını nəzərə alaraq onun hüquqlarını məhkəmədə müdafiə edilməsi məqsədi ilə iddia tələbini müdafiə etdiyini bildirdi. Eyni zamanda 01 avqust 2005-ci il təvəllüdlü X5 atası tərəfindən qaldırılan iddianı müdafiə etdiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı X3 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir.X5 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, xx.xx.2005-ci il təvəllüdlü X5 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırki iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. Digər tərəfdəniİddiaçı “övladı xx.xx.2005-ci il təvəllüdlü X4 məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/1828 nömrəli xx.xx.2022-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş ‘Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) ‘‘məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndinin tələblərinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. Bildiririk ki, siz xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək xx.xx.2001-ci ildən adınıza qeydiyyata alınmış ünvan 1 ünvanında qeydiyyatda olduğunuzdan müraciətinizin müsbət həlli Komitənin imkanı xaricindədir.” Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Göründüyü kimi, Komitə tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ‘‘məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi qəbul edir.Qaydaların 3.1-ci bəndinə əsasən, ‘‘məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə ‘‘məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.2.6cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X3 valideynləri İddiaçı jlfüqar oğlu və Məmmədova Yeganə Nizami qızı xx.xx.2003-cü il tarixdə nikaha daxil olmuşlar. Əlavə olaraq qeyd edək ki, X3 valideynlərindən yalnız atası məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malikdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Komitənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022ci il tarixli **********61 nömrəli məktuba əsasən, ünvan 2 ünvanı xx.xx.2001- ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, lakin 16 saylı notariat kontorunun 4ə-4/685 reyestr nömrəli, xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, digər fiziki şəxsin adına özgəninkiləşdirilmişdir. ünvan 3 ünvanı İddiaçı adına qeydiyyata alınmışdır, lakin Sumqayıt “ASAN Xidmət” mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4ə-395 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli bağışlanma müqaviləsinə əsasən, həyat yoldaşı Məmmədova Yeganə Nizami qızının adına rəsmiləşdirilmişdir. Eyni zamanda xx.xx.2005-ci il təvəllüdlü X3 atası İddiaçı o doğulmamışdan əvvəl, yəni xx.xx.2005-ci il tarixdən - xx.xx.2007-ci il tarixinədək əvvəllər mülkiyyətində olmuş ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata düşmüşdür. Göründüyü kimi xx.xx.2005-ci il təvəllüdlü X3 anadan olmasından əvvəl atası İddiaçı xx.xx.2001-ci il tarixində ayrıca yaşayış sahəsi əldə edib, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixinədək həmin ünvanda yaşayış veri üzrə Qeydiyyata düşdüyündən, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki,“Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6cı bəndinə əsasən, “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir.“Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil Qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən əldə etdiyi yaşayış sahəsini sonradan başqa şəxsə satması və ya bağışlaması halı belə onun övladına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini istisna etmir. Odur ki, X4 Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 18 aprel 2022-ci il tarixli 01/1828 nömrəli imtina məktubu, etiraz ərizəsi, AA 134593 nömrəli məcburi köçkün vəsiqəsinin surəti, AZ-İ 013489 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surəti, AZ-İ 663120 nömrəli doğum haqqında şəhadətnamənin surəti, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun məcburi köçkün statusu aldığı vaxtdan, o cümlədən 01 avqust 2005-ci il təvəllüdlü X1 üzərində valideyinlik hüququnu həyata keçirdiyi gündən yaranmış olur. Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Komitə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin xidmət göstərdiyi (məcburi köçkünlərin bir qisminin məskunlaşdığı) ərazinin sakinidir və məcburi köçkün statusunun vətəndaşlara verilməsi Komitənin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmiş və cavabdehin 18 aprel 2022-ci il tarixli 01/1828 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Zəngilan rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. X3 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 7i ünvanına yaşayış yeri üzrə pasport qeydiyyatındadır. X3 anası Məmmədova Yeganə Nizami qızı Sumqayıt şəhərində doğulsa da Zəngilan rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçıya “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbini müsbət həll etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməməsi qənaətinə gələn cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görür. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər Qaydaların 4.1.6-cı bəndinin bütün tələblərinə cavab verdiyindən, cavabdehin bu səpkidə gətirdiyi arqumeni əsassız edir İşin araşdırılan hallarından məlum olur ki, Amin Məmmədovun atası İddiaçı məcburi köçkün statusuna malikdir və hər iki valideyinin qeydiyyat yeri işğaldan azad olunmuş ərazilərdədir. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan Qaydaların 4.1.6-cı maddəsinin tələbləri baxımından xx.xx.2005-ci il təvəllüdlü X4 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2005-ci il təvəllüdlü X4 “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar