Məhkəmə qərarları › İş №2-1(118)-2474/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2474/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2474/2022 21.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X18 Mövlətxan oğlunun katibliyi ilə İsmayılova (Allahverdiyeva) Bəsti Davud qızının Cavabdehnə qarşı “iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun -xx.xx.1957-ci il tarixdə anadan olmuş Allahverdiyeva (nikahdan sonrakı soyadı İsmayılova) Bəsti Davud qızının doğum faktının Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İsmayılova (Allahverdiyeva) Bəsti Davud qızı, Rusiya Federasiyasının müvafiq qurumundan doğum haqqında təkrar şəhadətnamənin verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 14 iyun 2022-ci il tarixli, 105/15 saylı məktubu ilə müraciətin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın iddiaçıya ünvanlanmış 14 iyun 2022-ci il tarixli, 105/15 saylı imtina məktubunda imitinanın əsası kimi qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 1.-7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi mümkün olmamışdır. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Allahverdiyeva (nikahdan sonrakı soyadı: İsmayılova) Bəsti Davud qızı xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Onun doğumu xx.xx.1957-ci il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayon VVAQ şöbəsi tərəfindən qeydiyyata alınmış və iddiaçı həmin tarixdə BVQ seriyalı, 020814 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Sonradan doğum haqqında şəhadətnaməsi və digər sənədləri yanmışdır. Anası Xurşudova (qızlıq soyadı: Allahverdiyeva) Zərniyar Əziz qızı xx.xx.1910-cu il tarixdə anadan olmuşdur. Anasının doğum yeri barədə məlumatı yoxdur. Sadəcə anasının əslən Rusiya Federasiyasının Dağıstan Respublikasından olduğunu bilir. Anası xx.xx.1995-ci il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat etmişdir. X4 xx.xx.1900-cü il tarixdə anadan olmuşdur. Atasının doğum yeri barədə məlumatı yoxdur. Sadəcə atasının əslən Rusiya Federasiyasının Dağıstan Respublikasından olduğunu bilir. Atası xx.xx.1980-ci il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat etmişdir. Valideynlərinin verdiyi məlumata görə onlar əvvəllər Azərbaycanın Oğuz rayonunda yaşamışdırlar, anası Oğuz rayonunda sovxozda sağıcı işləmişdir. İddiaçının təxminən iki yaşı olanda valideynləri və bacı-qardaşları ilə birlikdə Oğuz rayonundan “Muğan düzünə köçmüşdürlər və indiki Saatlı rayonunun ərazisində məskunlaşmışdırlar. Atası orada çobanlıqla məşğul olurdu. Onların yaşadığı kəndə yaxın türklərin yaşadığı kənd olmuşdur. Dağıstanın Axtı rayonunun İcraiyyə Komitəsi Dağıstandan gəlmiş şəxslər üçün həmin kəndin yaxınlığında yaşayış məntəqəsi yaratmışdır. İddiaçı Fiy kənd orta məktəbinin həmin məntəqədəki filialında təhsil almışdır. O, 1964-cü ildə həmin məktəbin birinci sinfinə getmiş, 1972-ci ildə isə səkkizinci sinfi bitirmişdir. 1976-cı ildə onlar (bacı-qardaşları) valideynləri ilə birlikdə Qusar rayonunun Cağarqışlaq kəndinə köçmüşdürlər. 1978-ci ildə X10 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olarkən onun SSRİ nümunəli pasportu olmadığı üçün doğum haqqında şəhadətnamə əsasında nikaha daxil olmuşdur. Onların nikahı Qusar rayonunun Kuzunqışlaq kənd icra nümayəndəliyi tərəfindən xx.xx.1978-ci il tarixdə 17 nömrəli aktla qeydə alınmışdır. Nikaha daxil olduqdan sonra ərinin soyadına uyğun olaraq ona “İsmayilova” soyadı verilmişdir. Həmin nikahdan onların üç uşağı doğulmuşdur. X3 xx.xx.1956-cı il tarixdə Azərbaycan SSR-nin Vartaşen şəhərinin Vardanlı kəndində (indiki Oğuz rayonun Kərimli kəndi) anadan olmuşdur. Əri Azərbaycan Respublikasının vətəndaşı olmuş, xx.xx.2019-cu il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat etmişdir. X8 xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR-nin Qusar rayonunun Cağarqışlaq kəndində anadan olmuşdur. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayır, fərdi əməklə məşğuldur. Qızı Cəmiyeva (qızlıq soyadı: İsmayilova) Mətanət Rövşənovna xx.xx.1981-ci il tarixdə Azərbaycan SSR-nin Qusar rayonunun Cağarqışlaq kəndində anadan olmuşdur. Qızı Rusiya Federasiyasının vətəndaşıdır, hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. X5 xx.xx.1982-ci il tarixdə Azərbaycan SSR-nin Qusar rayonunun Cağarqışlaq kəndində anadan olmuşdur. Oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Qusar rayonunun Cağarqışlaq kəndində yaşayır, “Man Agro” şirkətində suvarmaçı işləyir. X1 xx.xx.1935-ci il tarixdə Azərbaycan SSR- nin Vartaşen şəhərinin Vardanlı kəndində (indiki Oğuz rayonunun Kərimli kəndi) anadan olmuşdur. Qardaşı Azərbaycan SSR-nin vətəndaşı olmuş, xx.xx.1999-cu il tarixdə Qusar rayonunun Cağarqışlaq kəndində vəfat etmişdir. X2 hansı tarixdə və harada doğulmağı barədə məlumatı yoxdur. Qardaşı onlar “Muğan düzü”ndə yaşadığı zaman vəfat etmişdir (vəfat etdiyi tarix yadında deyil ). X9 xx.xx.1942-ci il tarixdə Azərbaycan SSR-nin Vartaşen şəhərinin Vardanlı kəndində (indiki Oğuz rayonunun Kərimli kəndi) anadan olmuşdur. Qardaşı Rusiya Federasiyasının vətəndaşı olmuş, xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasında vəfat etmişdir. Bacısı Cəmiyeva (Allahverdiyeva) Niyar Davud qızı xx.xx.1947-ci il tarixdə anadan olmuşdur. Bacısının doğum yeri barədə məlumatı yoxdur. Bacısı Rusiya Federasiyasının vətəndaşı olmuş, xx.xx.2006-cı il tarixdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayonunun Fiy kəndində vəfat etmişdir. Bacısı Süleymanova (Allahverdiyeva) Nazifə Davut(d) qızı xx.xx.1950-ci il tarixdə Azərbaycan SSR-nin Vartaşen şəhərinin Vardanlı kəndində (indiki Oğuz rayonunun Kərimli kəndi) anadan olmuşdur. Bacısı Azərbaycan Respublikasının vətəndaşı olmuş, 2021-ci ildə Oğuz rayonunun Tayıflı kəndində vəfat etmişdir. Hazırda onun 64 yaşı var. Lakin doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Hazırda o, heç bir dövlətin himayəsindən effektiv istifadə edə, şəxsi və sosial münasibətlərə daxil ola və vətəndaş kimi hüquqlarımdan yararlana bilmir. Yuxarıda da qeyd etdiyi kimi onun doğum haqqında şəhadətnaməsi yanmışdır və o, doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməmişdir. Onun doğum haqqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə də təmin oluna bilmir. Bu səbəbdən də onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin olunmağı zərurəti yaranmışdır. O, hazırda Qusar rayonu Cağarqışlaq kəndində yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Buna görə də o, xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1957-ci il tarixdə anadan olmuş Allahverdiyeva (nikahdan sonrakı soyadı: İsmayilova) Bəsti Davud qızının - doğum faktının Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini təmin etmələrini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli. 105/15 nömrəli cavab məktubu (həmin cavab məktubu rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir) ilə müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: "Sizin Rusiya Federasiyasının müvafiq qrumlannclan doğum haqqında təkrar şəhadətnamənin istənilməsi ilə bağlı Cavabdehnə daxil olmuş ərizənizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 1.7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır.” İddiaçı hesab edir ki, Cavabdeh bu cavabı tamamilə əsassızdır. Cavabdeh ərizəni təmin etməkdən imtina edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci bəndinə istinad edib. Cavabdehin qanunvericiliyin yuxarıda qeyd edilən müddəasına hansı səbəbdən istinad etməsi ona aydın deyil. Belə ki, həmin müddəa vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı məsələləri tənzimləyir. İddiaçının işinin hallarından görünür ki, onun müraciəti doğumunun qeydiyyatı ilə bağlı deyil, doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. Yəni, iddiaçı cavabdehdən doğumunun qeydiyyata alınmasını deyil, doğumunun qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini təmin etmələrini xahiş etmişdir. Buna görə də cavabdeh “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci bəndinə deyil, 9.7-ci bəndinə istinad etməli idi. Həmin Qaydanın 9.7-ci bəndinə əsasən, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Ancaq hesab edir ki, həmin müddəa ona münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsiylə təmin olunmuş şəxslərə aiddir. İddiaçının işinin hallarından görünür ki, onun şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Bu, müstəsna haldır, lakin bu vəziyyət iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Ailə Məcəlləsinin 158.1-ci maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Bu halda onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün Rusiya Federasiyasının müvafiq qurumlarına sorğunun göndərilməsindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu, iddiaçının şəxsi və əmlak hüquqlarınn pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması Rusiya Federasiyasının müvafiq qurumlarına onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməyi üçün sorğunun göndərilməsindən imtina üçün legitim səbəb təşkil edə bilməz. İşin yuxarıda qeyd edilən hallarından bəllidir ki, əslində doğum haqqında təkrar şəhadətnamə ona elə şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün lazımdır. Belə ki, iddiaçı heç vaxt SSRİ nümunəli pasportla təmin edilməmişdir. Məhz bu səbəbdən də yuxarıda da qeyd etdiyi kimi, doğum haqqında şəhadətnamə əsasında nikaha daxil olmuşdur. Həmin nikahdan doğulan uşaqlarının doğumunun qeydiyyatı da iddiaçının doğum haqqında şəhadətnaməsi əsasında aparılmışdır. Lakin sonradan doğum haqqında şəhadətnaməsi diğər sənədlərlə birlikdə yanmışdır. Həmin vaxtdan da iddiaçı Azərbaycanda sənədsiz yaşamışdır. Bu səbəbdən də heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmiş və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün də Azərbaycan Respublikasının ərazisində qeydiyyatsız yaşamışdır. Hazırda onun şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi üçün ilk öncə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması lazımdır. Bunun üçün isə iddiaçı Dövlət Miqrasiya Xidmətinə doğum haqqında şəhadətnaməni təqdim etməlidir ki, DMX “onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi” ilə əlaqədar icraat apara bilsin. Belə ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci bəndinə görə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün tələb olunan sənədlərdən biri də, doğum haqqında şəhadətnamədir. İddiaçı isə yuxarıda qeyd etdiyi səbəbdən doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə əlaqədar icraatın aparılması mümkün olmur. Göründüyü kimi, ona sənədləşdirilməyi üçün doğum haqqında şəhadətnamə lazımdır. Şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün iddiaçı vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT QAK-ın himayəsindədir və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında DMX tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün BMT QAK tərəfindən verilmiş himayə sənədini və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən DMX tərəfindən verilmiş arayışı əlavə etmişdir. Bundan başqa, onun şəxsiyyəti, yəni iddiaçının kim olmağı artıq dövlət qurumları tərəfindən tanınmışdır. Belə ki, BMT QAK-m verdiyi himayə sənədi əsasında iddiaçı DMX tərəfindən Qusar rayonu, Cağarqışlaq kəndində olduğum yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının şəxsiyyəti BMT QAK-m verdiyi himayə sənədindən müəyyən edilir. Belə ki, DMX iddiaçının şəxsiyyətini ona BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında müəyyən edib, əks təqdirdə iddiaçını həmin sənəd əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almazdı. Bununla əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Nümayəndəliyin məlumatları (himayə sənədi) əsasında aparılır. Qeyd edir ki, BMT QAK-ın verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla DMX həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatım aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, DMX iddiaçını olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən etmişdir. Yuxarıda göstərilənlərdən də görünür ki, iddiaçının şəxsiyyəti artıq bir rəsmi dövlət qurumu tərəfindən müəyyənləşdirilmişdir. Bununla əlaqədar olaraq digər dövlət qurumunun iddiaçının müəyyən edilmiş şəxsiyyətini mübahisələndirməyə əsası yoxdur. Cavabdeh himayə sənədi əsasında Rusiya Federasiyasından onun üçün doğum haqqında təkrar şəhadətnamə alınması məqsədilə sənədləri üzrə uyğun prosedur aparmaqdan imtina etməsi dövlət hakimiyyət orqanlarının hərəkətlərində ziddiyyət təşkil edir, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində göstərilən etimad hüququnun qorunması prinsipini pozur. Bundan başqa, BMT QAK tərəfindən verilən himayə sənədi artıq bir çox dövlət orqanları tərəfindən şəxsiyyəti təsdiq edən sənədə bərabər sənəd kimi qəbul edilir. Misal üçün, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da mümkün olmazdı. Həmçinin, X22 (DİM (keçmiş Tələb Qəbulu üzrə Dövlət Komissiyası)) imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-m himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. Bundan başqa, yetkinlik yaşına çatmış, lakin heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmayan, yaxud bu cür sənədlə təmin olunması mümkün olmayan şəxslərin şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən verilmiş himayə sənədi və olduğu yer üzrə qeydiyyata alındıqlarını təsdiq edən DMX tərəfindən verilmiş arayış əsasında doğum akt qeydlərinin bərpa edilməsi, doğum faktlarının qeydiyyatı və onların doğum haqqında (ilkin, yeni və təkrar) şəhadətnamə ilə təmin edilmələri ilə əlaqədar aşağıdakı məhkəmə aktlarını qeyd etmişdir: 1....................... (iddiaçı 23 məhkəmə aktına istinad edir) .........

23. Azərbaycan Respublikası Ali Məhkəməsi özünün xx.xx.2019-cu il tarixli, 2- 1(102)- 1006/2019 saylı qərarı ilə X13 “ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən ona himayə sənədi əsasında doğum haqqında təkrar şəhadətnamə verilməsi vəzifəsinin Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair’'* kassasiya şikayətini təmin edərkən BMT QAK-ın verdiyi himayə sənədinə istinad etmişdir. Belə ki, Ali Məhkəmə öz qərarında qeyd etmişdir ki: “Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş ‘'şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş 786- 11C07050 saylı himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır”. Göründüyü kimi, müxtəlif dövlət orqanları BMT QAK-ın himayəsində olan şəxslərə verdiyi himayə sənədini onların şəxsiyyətini təsdiq edən sənədə bərabər tutur. DMX iddiaçını himayə sənədi əsasında Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata almaqla həmin sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul etmişdir. Odur ki, hesab edir ki, onun şəxsiyyəti bəlli olduğu üçün və doğum haqqında təkrar şəhadətnamə ona şəxsiyyəti təsdiq edən sənəd ilə təmin edilməyi üçün lazım olduğundan cavabdeh BMT QAK tərəfindən verilmiş himayə sənədi və iddiaçının Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1957-ci il tarixdə anadan olmuş X7 - doğum faktının Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Rusiya Federasiyasının müvafiq qurumlarına sorğunun göndərilməsini təmin etməli idi. Hazırda iddiaçının doğum haqında şəhadətnaməsi olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyi mümkün deyil. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması onun (xüsusən “fin kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasma səbəb olur, nəticədə iddiaçı hüquqlara çatımlılığı itirir - hüquq subyekti kimi qəbul edilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində işə mahiyyəti üzrə baxılmasına heç bir etirazlarının olmadığını, qanuni qərarın qəbul edilməsini məhkəmənini mülahizəsinə buraxdıqlarını və işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bildirmişdir ki, qanunvericiliyin tələbinə görə məhkəmə qətnaməsi aidiyyəti üzrə qeydiyyat şöbəsi tərəfindən icra edildiyindən və qeyd edilən məsələ Ədliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmadığından Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunacaqdır. Bu barədə qeydiyyat şöbəsinə müvafiq tapşırıq verilmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçı Qusar rayonu Cağarqışlaq kəndində yaşayır və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Buna görə də o, xx.xx.2022-ci il tarixdə Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb etmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun - xx.xx.1957-ci il tarixdə anadan olmuş Allahverdiyeva (nikahdan sonrakı soyadı: İsmayilova) Bəsti Davud qızının doğum faktının Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini istəmişdir. Cavabdeh isə imtinasında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 1.-7-ci maddəsinə əsasən qeydiyyat şöbəsi, konsulluq idarəsi, icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.1957-ci il təvəllüdlü İsmayılova (Allahverdiyeva) Bəsti Davud qızı vətəndaşlığı olmayan şəxsdir. O, xx.xx.2022-ci il tarixində Dövlət Miqrasiya Xidmətində ünvan 1i ünvanında olduğu yer üzrə qeydiyyata düşmüşdür. Onun, Miqrasiya Məcəlləsinin 21.6-cı maddəsinə əsasən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasında yaşamaq hüququ var. Bununla bağlı iddiaçıya Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyi tərəfindən 05 may 2022-ci il tarixdə himayə sənədi verilmişdir. Sənəd 05 aprel 2023-cü il tarixədək qüvvədədir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: Maddə 69. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları İ. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. İİ. Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən: 3.0.2. vətəndaşlığı olmayan şəxs – heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxs; 21.1. Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar (bu barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhədinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir). 21.2. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra – “qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatı, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. 21.3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün bu Məcəllənin 21.2-ci maddəsində müəyyən olunmuş qaydada müraciət edə bilərlər. 21.4. Ərizə daxil olduqdan sonra müvafiq icra hakimiyyəti orqanı dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları X25 Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir. 21.6. BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. 74.1. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilərlər. 74.2. Azərbaycan Respublikası ərazisində yaşayan və ya müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. 74.4. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növündən və xarakterindən və digər hallardan asılı olmayaraq, Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Maddə 7. Əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verilərkən, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddəti uzadılarkən onlar eyni zamanda müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınırlar. Şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması haqqında məlumat ona verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsində, qaçqın vəsiqəsində, habelə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda öz əksini tapır. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının digər qanunları və Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq müqavilələri ilə digər qaydalar müəyyən edilməyibsə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası vətəndaşları ilə bərabər bütün hüquqlardan və azadlıqlardan istifadə edirlər və bütün vəzifələri yerinə yetirirlər. Əcnəbilərin və vətəndaşlığı otmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının- milli mənafeyinə zidd olmamalıdır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının və diger qanunvericilik aktlarının tələblərinə riayət etməli, Azərbaycan xalqının adət və ənənələrinə hörmət etməlidirlər. Xarici dövlət onun ərazisində Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının həyata keçirilməsinə məhdudiyyət qoyduqda Azərbaycan Respublikasının qanunu ilə Azərbaycan Respublikasının ərazisində eyni məhdudiyyətlər həmin dövlətin vətəndaşları üçün müəyyən edilə bilər. Belə qanun onun qəbul edilməsinə əsas olan hallar aradan qaldırıldıqda ləğv olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onların sosial və əmlak vəziyyəti, irqi və milli mənsubiyyəti, cinsi, dili, dinə münasibəti, fəaliyyətinin növü və xarakterindən və digər hallardan asılı olmayaraq Azərbaycan Respublikasında qanun və məhkəmə qarşısında bərabərdirlər. Azərbaycan Respublikası ərazisindəki əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin ikinci hissəsində müəyyən edilmiş qaydada məhdudlaşdırıla bilər. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Konvensiyanın 5-ci maddəsinin birinci bəndinə əsasən hüquqi yardımın göstərilməsi zamanı Razılığa gələn Tərəflərin ədliyyə müəssisələri bir-biri ilə əlaqələri, əgər bu Konvensiyada digər ünsiyyət qaydaları nəzərdə tutulmamışdırsa, öz mərkəzi, ərazi və digər orqanları vasitəsilə həyata keçirirlər. Razılığa gələn Tərəflər, bilavasitə əlaqələrin həyata keçirilməsinə səlahiyyəti olan öz mərkəzi, ərazi və digər orqanlarının siyahısını müəyyən edirlər və öz ratifikasiya fərmanlarım və ya qoşulma haqqında sənədlərini saxlanca verən zaman bu barədə depozitarini məlumatlandırırlar. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən isə Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı sorğu alan Razılığa gələn Tərəfin qanunvericiliyində nəzərdə tutulan prosessual və digər hərəkətlərin yerinə yetirilməsi, xüsusilə də sənədlərin tərtib edilməsi, onların öz sahibinə ötürülməsi və təqdim edilməsi, baxışın, axtarışın, götürmənin həyata keçirilməsi, maddi sübutların ötürülməsi, ekspertizanın keçirilməsi, tərəflərin, üçüncü şəxslərin, şübhəli şəxslərin, təqsiriəndirilənlərin, zərərçəkmişlərin, şahidlərin, mülki iddiaçıların, mülki cavabdehlərin, onların nümayəndələrinin, müqəssirlərin qanuni nümayəndələrinin, ekspertlərin dindirilməsi, tanınmaya təqdimetmə, o cümlədən videorabitə, videoçəkiliş və digər texniki vasitələrdən istifadə etməklə şəxslərin axtarışı, istintaqı aparılan cinayət işində əməliyyat-axtarış tədbirlərinin, cinayət təqibinin həyata keçirilməsi, cinayət məsuliyyətinə cəlb etmək və ya hökmün icrasını təmin etmək üçün şəxslərin verilməsi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və əmlakın, habelə cinayətdən əldə edilən gəlirlərin axtarışı və həbsi (götürülməsi), mülki işlər, kommersiya və digər mübahisələr üzrə qərarların icra edilməsi üçün mülki cavabdehlerin əmlak və pul vəsaitlərinin axtarışı, icra qeydlərinin, mülki işlər və hökmlər üzrə məhkəmə qərarlarının tanınması və icrası yolu ilə həyata keçirirlər. Razılığa gələn Tərəflər qarşılıqlı hüquqi yardımı, eyni zamanda, ədalət mühakiməsindən və ümumilikdə cəmiyyətin maraqlarından və işin hallarından irəli gələn və Razılığa gələn Tərəflərin daxili qanunvericiliyinə uyğun olan digər qayda və üsullarla həyata keçirə bilərlər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik aktlarında vətəndaşlığı olmayan şəxslərin hüquqlarının qorunması təminat altına alınmış, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilmiş himayə sənədi Azərbaycan Respublikası Miqrasiya Məcəlləsində şəxsin şəxsiyyətini müəyyən edilməklə yaşadığı yer üzrə qeydə alınması üçün əsas hesab olunmuş və iddiaçıya verilmiş himayə sənədi Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanı tərəfindən qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası qanunvericiliyində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə, Azərbaycan Respublikası vətəndaşları arasında heç birr ayrı-seçkilik qoyulmamış, Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırılması müəyyənləşdirilmişdir. Hazırkı işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında əsasında şəxsin müraciəti təmin edilməlidir. Qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin.

İddiaçı İsmayılova (Allahverdiyeva) Bəsti Davud qızından şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən ona verilmiş himayə sənədi və onun Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun xx.xx.1957-ci il tarixdə anadan olmuş Allahverdiyeva (nikahdan sonrakı soyadı İsmayılova) Bəsti Davud qızının - doğum faktının Rusiya Federasiyasının Dağıstan Respublikasının Axtı rayon VVAQ Şöbəsi tərəfindən xx.xx.1957-ci il tarixdə qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Rusiya Federasiyasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar