Məhkəmə qərarları › İş №2-1(118)-248/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-248/2021

03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-248/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində Veteran Adlarının və Müvafiq Vəsiqələrinin verilməsi Komissiyasına qarşı “ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə” dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1967-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, erməni quldur birləşməsinə qarşı hərbi əməliyyatlarda N () N-İi hərbi hissə tərkibində xx.xx.1992-ci il tarixdən vuruşmuşdur. «Müharibə veteranı» adının və vəsiqəsinin alınması üçün müraciət etsə də, cavabdeh orqan bunu nəzərə almayaraq, ona imtina vermişdir. Düşünür ki, cavabdeh orqan ona imtina verməklə hüquqlarını pozmşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdaifəsinə təminat verilir. Konstitusiyasının 71-ci maddəsinə görə insan və vətəndaş hüquqlarını gözləmək və qorumaq, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 1992-ci ildə Veteranlar haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib. Bu qanuna görə X1 illərində döyüşən, orduda Vətənin müdaifəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin edilməlidir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi əsassızdır, aşağıdakı səbəblərə görə təmin oluna bilməz. İddiaçı iddia ərizəsində Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, arxiv arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən sonra xidməti və ehtiyata buraxılması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyil. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995ci il tarixli 216 N-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Azərbaycan Respublikası Milli Məclisin xx.xx.1997-ci il tarixli, 383-İ QR Qərarın 9-cu bəndinə əsasən: "... Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır.” Həmin Qərarda göstərilmişdir ki, ... törətdikləri cinayətlərə dair təhqiqat və istintaq edilən bütün işlərin və məhkəmələr tərəfindən baxılmamış işlərin icraatına xitam verilsin, materiallar üzrə isə cinayət işlərinin başlanması rədd edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 N-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin hərbi qulluqçulara 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara—müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idaretmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteran” adı verilir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştrakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2019cu il tarixli imtina məktubu, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2- 18748 nömrəli arayışı, Müdafiə Nazirliyinin etiraz ərizəsi, SX N-0310192 nömrəli təkrar Hərbi biletin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsassızdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respubilkası Nazirlər Kabinetinin xx xxxxxxxx 2018-ci il tarixli 422 saylı Qərara əsasən – “Müharibə veteranı" adı və vəsiqəsini verilməsi üçün zəruri olan hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları, döyüşİərdəki iştirakı sübut edən sənədlər təqdim olunmalıdır. Yuxarıda qeyd olunmuş Qərara dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 N–li Qərarına əsasən Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər" sözlərindən sonra “(hərbi xidmətkeçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda "sözləri və yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıları sözlərindən sonra döyüşlərdə itirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda sözləri əlavə edilmişdir. Məhkəmə prosesində iddiaçı qeyd etmişdir ki, 1992-ci ilin yanvarında könüllü hərbi xidmətə getmiş, həmin ildə hərbi hissə komandirinə sənədlərin ona qaytarılmasını istəmiş, lakin komandir ona evə getməyi və sonradan gəlib sənədlərini götürməyi demişdir. Ancaq sonradan iddiaçı həmin hərbi hissəyə qayıtmadığını bildirdi. İddiaçı hesab edir ki, onun tərxis olunmağı ilə bağlı sənədlərin olmaması səbəbindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməməsi qanunsuzdur. Hazırki işdə də iş materiallarında olan sənədlərdə iddiaçının N () nömrəli hərbi hissənin tərkibində döyüş bölgəsində olması öz əksini tapsa da, onun tərəfindən N saylı hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və məhkəmə araşdırması zamanı iddiaçının tərxis olunması ilə bağlı dəlil əldə edilə bilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxiv məlumatlarında İddiaçı N () N–li hərbi hissədən qanuni əsaslarla təxris olunması və döyüşlərdə iştrakı barədə məlumatlar aşkar olunmamışdır. İşdə olan materiallarda bu fakt öz təsdiqini tapmadı. Belə ki, xx xxxxxx 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Eyni zamanda, xx xxxx 1992-ci il tarixində qəbul edilmiş və zamana görə qüvvədə olmuş “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən, ümumi və ya qismən səfərbərlik Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunur. Azərbaycan Respublikasına hərbi basqın təhlükəsi olduqda və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası Prezidentinin hüququ var ki, səfərbərlik elan etmədən lazımi sayda hərbi vəzifəliləri üç ayadək müddətə ehtiyatdan hərbi xidmətə çağırsın. Azərbaycan Respublikası Prezidentinin müraciətinə əsasən Azərbaycan Respublikasının Ali Soveti bu müddəti daha 3 ay uzada bilər. Həmin qanunun 26-cı maddəsinə əsasən, səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul etməlidir. Habelə, belə fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti xx xxxxxxx 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dovrü xx xxx 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı xx xxxxxx 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı xx xxxx 1996- cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı xx xxxxxxxx 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996-cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Beləliklə iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar