Məhkəmə qərarları › İş №2-1(118)-2484/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2484/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2484/2023 28.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1983-cü ildən 1986-cı il tarixədək SSRİ Silahlı Qüvvələrində, 1991-ci ildən 2006-cı il tarixinə Bakıda həqiqi hərbi xidmətini və Azərbaycan Respublikasının Silahlı Qüvvələri ordusunda problemsiz, nöqsansız, qüsursuz hərbi xidmətini nəzərə almaqla onun mənzillə təmin edilmə öhdəliyinin Azərbaycan Respublikası Müdafiyə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı dövlət hesabına mənzillə təmin edilməsi üçün cavabdeh orqana müracit etmiş, cavabdehin 09 fevral 2023-cü il tarixli, 540 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının Azərbaycan Ordusu sıralarında 20 ildən az xidmət etmiş olması qeyd edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 540 saylı imtina məktubunda iddiaçının mənzil tələbi üzrə müraciətindən aşağıdakı məzmunda imtina edilmişdir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən xx.xx.2023- cü il tarixli 540 saylı arayışda qeyd olunmuşdur: "Azərbaycan Respublikası Prezidentinin "Azerbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanına uyğun olaraq, Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatına baxılır. Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ilindən az xidmət elmiş hərbi qulluqçuların mənzil təminatı "Hərbi qulluqçuların statusu haqqında " Azərbaycan Respublikası Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Odur ki, mənzil təminatı itə bağlı qeydiyyatda olduğunuz Rayon İcra Hakimiyyətinə və ya ərazi aidiyyəti üzrə yerli bələdiyyə orqanına müraciət etməyiniz məqsədəuyğundur" İddiaçı ehtiyatda olan baş gizir kimi 1993-cü il tarixindən 2006-cı il tarixinədək Azərbaycan Ordusunda xidmət etmişdir. Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 201 1-ci tarixli Fərmanına edilmiş dəyişiklərə əsasən adının dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək hərbi qulluqçuların siyahılarına əlavə edilməsinə dair hazırki iddia tələbi ilə müraciət etmişdir. İddiaçı Ukraynada gizirlər məktəbini bilirdikdən sonra 1983-cü ildən 1986-cı il tarixədək SRRİ Silahlı Qüvvələrində Bakıda hərbi həqiqi xidmət etmişdir. Ukraynaya göndərişlə getmişdir. Xidmətin ilk 5 (beş) il müddətində mənzillə təmin edirdilər. Ancaq 1986-cı ildə iddiaçı Almaniyaya göndəriləndə mənzil almamışdır. 1991-ci ildə Almaniyadan Azərbaycana qayıtmışdır. O zaman baş verən hadisələri eşidəndə komandanlıqdan onu Vətənə göndərmələrini xahiş etmişdir. Çünki əmrlə Rusiya Federasiyasının Novosibirk şəhərinə getməli idi. Heç bir izahat tələb etmədən xahişini yerinə yetirmişdirlər. Bakıya qayıtmışdır. Ordu Qərargahında onu Qusar rayonunda yerləşən hərbi hissəyə göndərmişdirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1993-cü ildə Beyləqan-Fizııli bölgəsində göndərilmişdir. 1995-ci il tarixindən 2006-cı il tarixinə kimi 888, 308, n240 (mərkəzi ərzaq anbarı) nömrəli hərbi hissələrində xidmət etmişdir. Sonuncu hərbi hissə (MƏA-dan) mühafizə tağımının komandiri baş gizir rütbəsində yaşa görə təxris olunmuşdur. 25 il ərzində hərbi xidmətində heç bir problem, nöqsan, çatışmazlıq olmamışdır. Hal-hazırda qeydiyyatda olduğu Qusar Rayonu Vaqif küçəsi, ev 8, mənzil 2 bağlı hərbi şəhərçikdir. O mənzildə 1992-ci il tarixindən 1993-cü il aprel ayına kimi yaşamışdır. Ondan sonra yaşayışı ancaq çadırlar, kladovkalar, son vaxta kimi Biləcəridə kirayədə qaldığı mənzil olmuşdur. Azərbaycan Respublikasinin “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12 maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərilə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci tarixli fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 2-ci bəndində qeyd olunmuşdur ki, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılsın. Həmin Fərmanın 3.1-ci bəndində qeyd olunmuşdur ki, komissiyaya tapşırılsın ki, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın. Göründüyü kimi qanunverici Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xidmət etmiş hərbi qulluqçuların mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən etmişdir. Bu şərtlərə hərbi qulluqçunun 20 təqvim ili və daha çox xidmət etməsi və bu xidmətin qüsursuz olması daxildir. Lakin hazırki işdə iddiaçının Azərbaycan Respublikası Silahlı qüvvələrində xidməti 20 ildən az təşkil edir. Belə ki iş materialları ilə müəyyən olunur ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1982-cı il tarixdən 14.05 1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində “Gizir KBO” hazırlığı kursunda kursant qismində, xx.xx.1983-cü il tarixdən 02.04 1993-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində və 02 04.1993-cü il tarixdən 04 09.2006-cı il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində gizir kimi həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0126gm saylı xx.xx.2006-ci il tarixli əmri ilə xx.xx.2006-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında Əsasnaməmin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2011ci il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon Şöbəsinin 06 yanvar 2023-cü il tarixli, 01 saylı arayışı) Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən ehtiyatda olan baş gizir İddiaçı xx.xx.1993-cü İl tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissədə tağım komandiri, xx.xx.1993- cü il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək N nömrəli hərbi hissə komandirinin sərəncamında, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə baş çavuş, xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək N nömrəli hərbi hissədə taqım komandiri, xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək X2 taqım komandiri vəzifələrində xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2006-cı il tarixli müvafiq əmrinə əsasən yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri Quba rayon Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı iddia ərizəsində Ukraynaya göndərişlə göndərildiyini, 1983-cü ildən 1986- cı ilədək SSRİ Silahlı Qüvvələrində Bakıda xidmət etdiyini, təkrarən göndərişlə 1986-cı ildən 1991-ci ilədək Almaniyaya göndərildiyini, 1993-cü ildə Beyləqan Füzuli bölgəsində, 1995ci il tarixdən 2006-cı il tarixinə kimi 888, 308, 240 (mərkəzi ərzaq anbarı) nömrəli hərbi hissələrdə xidmət etdiyini, sonnuncu hərbi hissə (MƏA- dan) mühafizə tağımının komandiri baş gizir rütbəsində yaşa görə tərxis olunduğunu qeyd etmişdir. Bununla bağlı məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Ordusu sıralarında xidmət müddəti (xx.xx.1993-xx.xx.2006) 13 (on üç) il 5 (beş) ay 2 (iki) gün təşkil edir. Ehtiyatda ola hərbi qulluqçu İddiaçı Azərbaycan ordusu sıralarında 20 təqvim xidmət ili olmadığına görə onun dövlət vəsaiti hesabına mənzil təminatı qeyd olunan Fərmanın təsiri xaricindədir. (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin 16 iyun 2023-cü il tarixli, 2534 saylı məktubu) Göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Silahlı qüvvələrində xidməti 20 ildən azdır. İddiaçının mənzillə təmin edilməsinə hüquqi əsas yarada biləcək normativ tənzimləmə isə Azərbaycan Respublikası Silahlı qüvvələrində 20 ildən artıq qusursuz xidməti şərt olaraq müəyyən etmişdir. Beləliklə iddianın təmini üçün hüquqi əsas mövcud deyil, qeyd olunanlar inzibati orqanın imtinasının əsaslı olduğunu göstərir, buna görədə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar