Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2486/2022 01.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən əvvəlki 06 il üçün ödənməyən əmək pensiyasının təkrar hesablanmaqla iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Şamaxı şəhər Əhalinin Sosial Müdafiəsi Fondu ilə iddiaçının qaldırdığı iddianın təmin edilməsinə”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən əvvəlki 06 il üçün ödənməyən əmək pensiyasının təkrar hesablanmaqla iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1949-cu ildə Şamaxı şəhərində anada olmuşdur. 1995-ci ildə Rusiya Federasiyasına işləməyə getmişdir. Bir neçə ildən sonra, yəni 2018-ci ildə Rusiya Federasiyası tərəfindən deportasiya olunaraq Azərbaycana göndərilmişdir. Qanuni olaraq 2018-ci il tarixə qədər qocalıq pensiyasından 9 ildir ki, ötürdür. O, Şamaxı şəhər Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxınlaşaraq qocalığı haqqında müraciət etmiş, bir neçə gündən sonra adına kart gəlmişdir. Oktyabr ayından ona 268.62 manat qocalıq pensiyası kəsilmişdir. O sonradan başa düşmüşdür ki, onun 9 ili arxada qalır. O yenidən Sosial Müdafiə Fonduna müraciət etmişdir. O bilir ki, ona qarşı qanunsuzluq edirlər, onun 9 ilinin 3 ilini veirirlər. Yenə də 6 ili qalır. Onlar heç bir təqsirlərini boyunlarına almırlar. Sosial Müdafiə Nazirliyi yalnız bildirir ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən belədir. Bilsə ki, onun yerdə qalan 6 ili dövlətin bücəsinə keçir, heçnə deməz. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1-ci bəndinə əsasən, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Belə ki, iddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Vətəndaşa pensiya təyin olunan zaman 2006-cı il 1 yanvar tarixədək 25 il 19 gün sığorta stajı nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 26.1-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qanunun 26.2-ci maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza hissəsinə əlavələr dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə əlavələr kimi nəzərə alınır. Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Həmçinin vətəndaşa verilən 23 may 2022 tarixli **********1 №li cavab məktubunda İddiaçı pensiya ödənişləri həyata keçirilərkən keçmiş dövr üçün yaranmış fərq məbləğinin ödənişi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq aylıq pensiya məbləğinin üzərinə əlavə edilməklə ödənildiyi qeyd olunmuşdur. Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddia tələbindən görünür ki, İddiaçı 6 il müddəti üçün ona ödənilməmiş pensiya məbləğinin 2009-cu il tarixdən ödənilməsini xahiş edir. Lakin qanunvericiliyin tələblərinə müvafiq olaraq müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər, həmçinin ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Beləliklə qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “əvvəlki 6 il üçün ödənilməyən pensiya məbləğinin təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - AZE seryalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1949-cu il təvəllüdlüdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı 23 may 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanladığı 10 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. - Məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 300 nömrəli, 26 oktyabr 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı 10 oktyabr 2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin olunmasından əvvəlki 6 il üçün, yəni 2009-cu ildən 2015-ci il tarixədək olan dövr üçün ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdehin 3 may 2022ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, idiaçı ona yaşa görə əmək pensiyası təyin edilməzdən əvvəlki 6 ili, yəni 2009-cu il tarixdən 2015-cu ilədək olan dövrü üçün əmək pensiyasının ödənilməsini istəyir. Lakin iş materialları ilə müəyyən olunur ki, iddiaçı inzibati orqana ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı 10 oktyabr 2018-ci ildə müraciət etmişdir. Belə olan halda iddiaçıya əmək pensiyasının ödənilməsi üçün hansı dövrdə qüvvədə olan qanunvericiliyin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Belə ki, məhkəmə Əmək pensiyaları haqqında Qanunun əvəllər, yəni iddiaçının pensiya hüququnun yarandığı 2015-ci il tarixdə qüvvədə olan normalarının tətbiqinə münasibət bildirilməsini vacib sayır. Əmək pensiyaları haqqında Qanunun 32.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərdilər. Qeyd edilən maddəyə 2017-ci ilin 10 mart tarixli Azərbaycan Respublikası Qanunu (01 iyul 2017-ci il tarixindən qüvvəyə minmişdir) ilə edilmiş dəyişikliyə əsasən, bu maddədən “heç bir müddət məhdudiyyəti” olmadan sözləri ilə çıxarılmış, yeni məzmunlu 32.1-1-ci maddə əlavə edilmişdir. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərdə təyin edilir. Qeyd olunan normanın 01 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərə tətbiqinə dair məsələyə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və həmin qərarda mövqe ondan ibarət olmuşdur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci ilin 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr tərəfindən pensiya təminatı ilə bağlı işlərə baxılarkən hər işin konkret hallarını araşdırmadan, yalnız Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020-ci il tarixli qərardadına istinadən qərarın qəbul edilməsi Konstitusiyanın 60-cı maddəsinin tələblərinin pozulmasına gətirib çıxara bilər. Hazırki işdə iddiaçı 0.10.2018-ci ildən əvvəl inzibati orqana müraciət etməsi ilə bağlı və ya müraciət etməməsinin səbəbinin üzrlü olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə iddiaçının ona əmək pensiyası təyin edilməzdən əvvəlki 6 ili, yəni 2009-cu il tarixdən 2015-cu ilədək olan dövrü üçün pensiyanın ödənilməsi ilə bağlı 10 oktyabr 2018ci il tarixədək inzibati orqana müraciət etməsi və ya müraciət etməsinin səbəbinin üzrlü olması müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən əvvəlki 06 il üçün ödənməyən əmək pensiyasının təkrar hesablanmaqla iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının xx.xx.2015-ci il tarixdən əvvəlki 06 il üçün ödənməyən əmək pensiyasının təkrar hesablanmaqla iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2486/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2486/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver