Məhkəmə qərarları › İş №2-1(118)-2486/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2486/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2486/2025 11.04.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin verilmiş sorğulara cavab olaraq təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı (bundan sonra – “iddiaçı”) məxsus 10 mart 2016-cı il tarixli, 051833 saylı əlillik vəqisəsinin surəti.

2. İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin surəti.

3. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – “cavabdeh”) Katibliyinin 9 iyul 2024-cü il tarixli, 3-25-2/2-N-7519-20h024 saylı məktubundan görünür ki, təqdim olunan sənədlərə və Mərkəzi Arxivin arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N və N nömrəli hərbi hissələrin tərkibində 1991-1993-cü illərdə hərbi xidmətinə, qanuni əsaslarla ehtiyata buraxılmağına dair məlumat olmadığına və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 18 may 2009-cu il tarixli qətnaməsində Nazirliyin üzərinə hazırki tələblə bağlı öhdəlik qoyulmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

4. Cavabdehin Mərkəzi Arxivinin 25 aprel 2024-cü il tarixli, 1234 saylı məktubundan görünür ki, N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri daxil olmadığı üçün, iddiaçının xidməti barəsində araşdırma aparılması mümkün olmamışdır.

5. Mərkəzi Hərbi Həkim Komissiyasının 20 iyul 2009-cu il tarixli qərarının surətindən görünür ki, Ağdam RHK tərəfindən 1991-ci ildə hərbi xidmətə çağırılmış, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 31 yanvar 1992-ci ildə aldığı 1 fevral 1992-ci ildən 5 fevral 1992-pci ilə kimi Yevlax rayonu mərkəzi xəstəxanasında müavinə və müalicə olunduğu travma - diaqnoz: “Hər iki əlin və sifətin (qulaq seyvanının) İİ dərəcəli termiki yanığı” və 5 fevral 1992-ci ildən 25 fevral 1992-ci ilə kimi Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Üzün, qulaq seyvanlarının və hər iki əlin İİ-İİİ dərəcəli termiki yanığı” (Ağdam RHK-nın 29 iyun 2009-cu il tarixli 4/601 nömrəli göndərişi, 29 iyun 2009-cu il tarixli, 494 nömrəli arayışı, Yevlax rayonu mərkəzi xəstəxanasından verilmiş 5 fevral 1992-ci il tarixli çıxarış epikrizi. Sumqayıt şəhər xəstəxanasından verilmiş 25 fevral 1992-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.”

6. Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İB tərəfindən göndərilmiş 21 oktyabr 2024-cü il tarixli, 5-6-7/2-1032/2024 saylı məktubdan görünür ki, iddiaçının yaşadığı bina qaçqın şəhərciyində yerləşir.

7. İddiaçıya məxsus AA seriyalı, 430091 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, onun hazırda müvəqqəti məskunlaşdığı ünvan “ünvan 3r ki, sonuncu dəfə 31 dekabr 2023-cü il tarixdə qeydiyyatdan keçmiş və ünvan kimi Sumqayıt şəhəri qeyd edilmişdir.

8. Səbail Rayon Məhkəməsinin 18 may 2009-cu il tarixli, 2(009)-467/2009 saylı qətnaməsinin surəti.

Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

9. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Qarabağ şahinləri” N saylı könüllü özünümüdafiə dətəsinin və N saylı hərbi hissənin tərkibində 1993-cü ildə döyüşlərdə iştirak etmişdir. Cavabdehin imtinası tam əsassız və qanunsuzdur. Çünki, döyüş əməliyyatlarında iştirak etmə faktı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə (§8) öz təsdiqini tapmışdır. Həmin qətnamə ilə cavabdehin üzərinə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qət edilmişdir.

11. İddiaçı tələbinin maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3, 7-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müvafiq normalarına istinad olunmuşdur.

12. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

13. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və proses iştirakçıları mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia tələbinə qarşı etirazın dəlilləri

14. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iddiaçının iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Mərkəzi Arxivin 15 oktyabr 2024-cü il tarixli, 2935 nömrəli arxiv sənədinə əsasən döyüş əməliyyatları aparılan dövrdə iddiaçının hərbi xidmətinə dair məlumatlar aşkar olunmamışdır. İddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz.

Tərəflərin iştirakı və izahatları:

16. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsində qeyd etdiyi hallara bir daha istinad edərək, tələbinin təmin edilməssini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında təmsil olunmamışdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... 42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

19. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

20. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

21. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdeh orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İDDİA TƏLƏBİNİN MÜMKÜNLÜYÜNƏ DAİR MƏHKƏMƏNİN MÖVQEYİ: İddianın növü və mümkünlüyü

22. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

23. Hazırki iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

25. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

26. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

27. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər.

28. Nəzərə alınmalıdır ki, iddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir.

29. İş materialına əlavə edilmiş Səbail Rayon Məhkəməsinin 18 may 2009-cu il tarixli, 2(009)-467/2009 saylı qətnaməsi ilə ərizəçinin (iddiaçının) onun “Qarabağ şahinləri” N saylı könüllü özünümüdafiə dəstəsinin və N saylı hərbi hissənin tərkibində 1993-cü ildə döyüşlərdə iştirak etməsinə dair “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilmişdir. Qətnamə ilə ərizəçinin 1991-1993-cü illər dövründə N və 708-ci saylı hərbi hissələrin tərkibində Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda iştirak etməsi faktı müəyən edilmiş, müharibə veteranı adı və vəqisəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müfadiə Nazirliyinin üzərinə qoyulmuşdur.

30. Qeyd olunan qətnamə ilə məhkəmə hesab etmişdir ki, ... ərizəçi məhz döyüşən hərbi birləşmələrin tərkibində döyüşlərdə iştirak etmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-1993-cü illər dövründə müxtəlif tarixlərdə döyüş zonasında əməliyyatlarında iştirak etmiş və yaralanmışdır.

31. İPM-in 1.2-ci maddəsinə əsasən, həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və həmin Məcəllədə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) müddəaları tətbiq oluna bilər.

32. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

35. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd olunmuşdur ki, “15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.”

36. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2(102)-4022/2023 saylı qərarında yuxarıda qeyd edilən məsələ ilə bağlı birbaşa mövqe bildirilmişdir. Məhkəmə hesab edir ki, Qərarda qeyd edilənlər hazırki işə də tətbiq edilə bilər. Belə ki, adıçəkilən Qərarda göstərilmişdir ki, “... Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. 46. İddianın əsasını isə irəli sürülən tələblərin əsaslandırıldığı faktlar (iddianın faktiki əsası), eləcə də istinad olunan hüquq normaları (iddianın hüquqi əsası) təşkil edir. İddiaçı ərizəsində tələbinin faktiki əsasını qeyd etməyə borcludur (MPM, m. 149.2.3), hüquqi əsasını isə göstərməkdə isə sərbəstdir. 47. Çünki, tələbin qanuni əsasını yoxlamaq, onun haqlı bir hüquqi əsasa söykənibsöykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıdığı üçün tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. 48. Baxılan işin materiallarından görünür ki, eyni tərəflər arasında, eyni əsaslarla və eyni predmetə (13 noyabr 2019-cu il tarixli, ********** nömrəli reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə) dair iddia Zaqatala Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə həll edilmişdir. 49. Buna baxmayaraq aşağı instansiya məhkəmələri hazırkı iş üzrə icaata MPM-in 261.0.2-ci maddəsinə əsasən xitam verməli olduqları halda iddiaya mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışlar. 50. Kollegiya bildirir ki, belə yanaşma hüquqi müəyyənlik və preyudisiallıq prinsiplərinə ziddir. Həmin prinsiplərə görə, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Əks yanaşma hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, yəni artıq həll olunmuş məsələ üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirməklə yanaşı, ədalət mühakiməsinə olan inamın azalmasına səbəb olardı. 51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.”

37. Beləliklə, yuxarıda qeyd olunan əsalara istinadən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

38. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

39. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar